Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda yeni iqtisadi şəraitdə qeyri-neft məhsullarının ixracı güclü şəkildə təşviq olunur

Azərbaycanda yeni iqtisadi şəraitdə qeyri-neft məhsullarının ixracı güclü şəkildə təşviq olunur

03.03.2016 [10:14]

Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Fərmana əsasən 2016-2020-ci illərdə ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub
Azərbaycanın qlobal iqtisadiyyata açıqlığı, tərəfdaş ölkələrlə inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir. 2014-cü ilin yayından etibarən dünya birjalarında neftin 3-4 dəfə ucuzlaşması fonunda iqtisadiyyatı neft amili ilə sıx bağlı olan respublikamızda da yeni iqtisadi şərait yaranıb. Yaranmış vəziyyət ölkənin zəngin potensialından bəhrələnməklə xarici iqtisadi şokların təsirini minimuma endirməyi və inkişafın ardıcıllığına nail olmaq üçün zəruri tədbirlərin həyata keçirilməsini zəruri edir.
Azərbaycan qlobal iqtisadi şokların təsirinə daha az məruz qalan ölkədir. Bu da, ilk növbədə, o amillə şərtlənir ki, son illərdə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və müəyyən dərəcədə neftdən asılılıq aradan qaldırılıb. Təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faiz artaraq 70 faizə yüksəlib. Ölkədə yaranmış hazırkı şərait isə neftdənkənar iqtisadiyyatın inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni nəsil islahatları daha çevik şəkildə həyata keçirməyi diktə edir. Dövlət başçısının qənaəti belədir ki, ölkədə neftdən asılılıq tamamilə aradan götürülməlidir.
Yaranmış vəziyyətdə ölkənin iqtisadi və intellektual potensialına uyğun olaraq konkret hədəflər müəyyənləşdirilib. Hədəflənən nəticələrin əldə olunması məqsədilə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən islahatlar qanunvericilik bazasının möhkəmləndirilməsindən, biznes mühitinin daha da optimallaşdırılmasından, investisiyaların təşviqi mexanizmlərinin möhkəmləndirilməsindən, vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılmasından, gömrük nəzarətinin sadələşdirilməsindən tutmuş struktur dəyişikliklərinə və institusional islahatlaradək müxtəlif istiqamətləri əhatə edir. Xüsusi olaraq vurğulayaq ki, dövlət başçısı manatın məlum devalvasiyasından sonra iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin edilməsinə hüquqi əsaslar yaradan bir sıra sənədlər imzalayıb.
Azərbaycan iqtisadi dayanıqlılığını təmin etmək üçün geniş potensiala malik ölkədir
Qlobal kataklizmlərin artdığı indiki dövrdə Azərbaycan daxili resurslarına əsaslanaraq iqtisadiyyatın bir sıra sahələrinin intensiv inkişafına nail olmaqla öz dayanıqlılığını təmin etməyə qadir ölkədir. İqtisadi inkişafın yeni paradiqmaları sırasında müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Artıq tarixə dönən 2015-ci ildə respublikamızda qeyri-neft sənayesində 8,4 faiz artıma nail olunub ki, bu da ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin təzahürüdür. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq qeyri-neft sektorunda yeni sənaye müəssisələrinin yaradılması həm siyasi qərarlarla, həm də hər cür texniki-maliyyə köməyi ilə dəstəklənir. Ötən il respublikamızda sənaye parklarının və məhəllələrinin təşkili işləri intensiv şəkildə davam etdirilib, bütövlükdə ölkədə 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr istifadəyə verilib, bir sıra yeni sənaye obyektlərinin təməli qoyulub. Eyni zamanda, respublikamızda sənayenin yeni regional strukturu formalaşdırılır.
İndiki şəraitdə Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasında geniş potensiala malik aqrar sektorda intensiv metodların tətbiqi yolu ilə məhsuldarlığın artırılması da vacib rol oynaya bilər. Son illərdə aqrar sektora güzəştli kreditlərin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artıb. “Kənd təsərrüfatı ili”ndə respublikamızda aqrar sektorda 7 faizədək artım qeydə alınıb ki, bu da ölkə üzrə ümumi inkişaf dinamikasını əhəmiyyətli dərəcədə üstələyir. Deyilənlərdən də göründüyü kimi, ölkəmizdə kənd təsərrüfatının intensiv metodlarla inkişaf etdirilməsi strateji hədəf kimi müəyyənləşdirilib. Aqrar sektorun intensiv inkişafına nail olmaqla, əslində, bir neçə məqsədə çatmaq - həm ölkənin ərzaq təminatını möhkəmlətmək, həm ixrac imkanlarını artırmaq, eləcə də əhalinin məşğulluğu kimi ciddi sosial məsələnin həllinə töhfə vermək mümkündür.
İxracın təşviq edilməsi sayəsində respublikada qeyri-neft məhsulları istehsalı artacaq
İndiki şəraitdə ölkənin inkişafının ardıcıllığının təmin olunmasında və daxili istehsalın genişlənməsində əsas faktorlardan biri də ixracın təşviq olunması ilə bağlıdır. Düzdür, son vaxtlarda müvafiq qurumlar tərəfindən bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Təkcə ötən il bu istiqamətdə AZPROMO tərəfindən 177-si Azərbaycanda, 84-ü isə xarici ölkələrdə olmaqla 261 tədbir təşkil olunub. Yerli və xarici iş adamlarının iştirak etdiyi tədbirlərdə ölkəmizin investisiya imkanları təqdim edilib, Azərbaycan istehsalı olan məhsulların ixracı təşviq edilib, xarici tərəfdaşlarla ixraca dair müqavilələr imzalanıb.
Məlum qlobal kataklizmlər fonunda ölkəmizdə yaranan yeni iqtisadi şərait isə Azərbaycanda buraxılan qeyri-neft məhsullarının ixracının daha geniş və səmərəli şəkildə təşviq edilməsi zərurətini gündəmə gətirib. İndiki şəraitdə respublikada istehsal olunan ümumi daxili məhsulun strukturunda qeyri-neft sektorunun payının 70 faizədək yüksəlməsinin müqabilində ölkənin ixracında bu sektorun məhsullarının xüsusi çəkisinin hələ də aşağı səviyyədə qalması heç cür məqbul sayıla bilməz. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında bu günlərdə imzaladığı Fərman qeyd olunan sahədə dönüş yaranmasına güclü stimul verəcək. Burada 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulur. Ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edəcək. 2016-cı il martın 1-dən qüvvəyə minən və 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ixrac təşviqinin ödənilməsi üçün cari ilin dövlət büdcəsində və 2017-2020-ci illərin dövlət büdcəsində zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
Prezident İlham Əliyevin imzaladığı Fərman ölkəmizdə yaranan yeni iqtisadi şəraitə uyğun atılan cəsarətli addımların, yeni nəsil iqtisadi islahatların davamıdır. Bu Fərman ölkədə daxili istehsalın artmasına və qeyri-neft məhsullarının ixracının genişlənməsinə yeni stimul verəcək. Dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə onu deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə xarici bazarlarda ölkəmizə şöhrət və maliyyə vəsaitləri gətirən yeni brendlərlə təmsil olunacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 800 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31