Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir
27.02.2016 [11:35]
Prezident İlham Əliyev: Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var
Son 12 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq neft gəlirlərindən səmərəli şəkildə bəhrələnməklə iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunması strategiyasında qarşıya qoyulan mühüm hədəflərdən biri də qeyri-neft sənayesində yeni müəssisələrin yaradılması və bu sahədə istehsal imkanlarının daha da artırılması ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən, ölkəmiz üçün rəqabətqabiliyyətli ixrac imkanları yaradan yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna verilən böyük önəmi təsdiqləyir. Qeyd olunan Sərəncama uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Prezident İlham Əliyev ötən il Sumqayıtda etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində kollektivlə görüşündəki çıxışında qlobal risklər şəraitində ölkəmizin yeni iqtisadi inkişaf modelinin strateji hədəfini bir daha xatırladaraq vurğulayıb ki, biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Dövlət başçısı respublikada sənaye quruculuğu üçün güclü siyasi iradə olduğunu bir daha nəzərə çatdıraraq deyib: “... Ölkə iqtisadiyyatı isə, ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var”.
Ölkədə həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir
Son illərdə Azərbaycan respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə respublikamız təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2015-ci ildə 50 faizədək yüksəlib. 2004-2015-ci illərdə respublikamızda tikinti materialları istehsalı 2,5, elektrik avadanlıqları istehsalı 2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Bəhs olunan dövrdə respublikanın müxtəlif regionlarında 70 mindən çox müəssisə yaradılıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 100-dən artıq sənaye layihəsi maliyyələşdirilib.
Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. 2015-ci ildə respublikamızda 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iriqabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb. Bütövlükdə il ərzində sənaye məhsulu 2,4 faiz artıb.
Son illərdə sənayenin inkişaf etdirilməsi tədbirləri və müasir sənaye müəssisələrinin yaradılması nəticəsində ölkəmizin yeni ixrac imkanları yaranıb. Qeyd edək ki, ötən il respublikamızdan qeyri-neft məhsullarının ixracı 4 faizədək artaraq 1,5 milyard dolları ötüb. İl ərzində Azərbaycan ixrac etdiyi məhsulların çeşidini 2014-cü illə müqayisədə 15 faizədək artıraraq xarici ölkələrə 2391 adda məhsul satıb ki, bunların da sırasında sənaye malları xüsusi çəkiyə malikdir.
Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, son illərdə ölkəmizdə sənayeləşmə sahəsində böyük işlər görülüb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə sənayeləşmə sahəsində həyata keçirilən məqsədyönlü siyasətin artıq bəhrə verdiyini xüsusi olaraq vurğulayıb. Dövlət başçısı ötən il qeyri-neft sənayesində 8,4 faiz artıma nail olunmasını ölkəmizin əsas uğuru kimi səciyyələndirərək deyib: “Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artmışdır. Bax, budur, əsas göstərici. Çünki bu, onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir”.
Azərbaycan kosmik sənayeyə malik dövlətə çevrilib
Ölkə sənayesinin gələcəyi isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə cavab verən innovativ, elm tutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev respublikamızda İKT sektorunun, həmçinin kosmik sənayenin inkişafını prioritet hədəf kimi müəyyənləşdirib. Yuxarıda bəhs olunan konfransdakı nitqində bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı bildirib: “Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Təsəvvür edin, Azərbaycan kosmik dövlətə çevrilir. Kosmik sənayenin, informasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim üçün prioritet məsələlərdən biridir”.
Ölkəmizdə Prezident İlham Əliyevin yeni sənaye quruculuğu ilə bağlı müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq İKT sektorunun inkişafı yüksək səviyyədə dəstəklənir. Respublikamızda təkcə son 5 ildə İKT sektoruna yatırılan investisiyaların həcmi 2 milyard dolları ötüb.
Artıq respublikamızda Yüksək Texnologiyalar Parkının yaradılması haqqında dövlət başçısının 5 noyabr 2012-ci il tarixində imzaladığı Fərmana əsasən yüksək texnologiyalar parkının yaradılması istiqamətində əməli işlərə start verilib. Prezident İlham Əliyevin 2013-cü il 16 sentyabr tarixli müvafiq Fərmanına əsasən, Pirallahı rayonunda ayrılmış 50 hektar ərazidə Yüksək Texnologiyalar Parkı yaradılır. Yüksək Texnologiyalar Parkında nəzərdə tutulan fəaliyyət sahələrinə mobil texnologiyalar, informasiya texnologiyaları, elektron biznes, animasiya qrafikaları, proqram mühəndisliyi, telekommunikasiya və kosmos, robot və mexanika, LED texnologiyaları, biotexnologiyalar, tibbi proqram təminatları, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, alternativ enerji və digər innovativ texnologiyalar daxildir. Parkın idarə olunması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış “Yüksək Texnologiyalar Parkı” MMC-yə həvalə edilib. İndiyədək “Yüksək Texnologiyalar Parkı” MMC tərəfindən innovativ layihələrin dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə ilkin pilot layihə olaraq “PiCampus” Biznes İnkubasiya Mərkəzi yaradılıb və hazırda mərkəzdə 25 startapçı fəaliyyət göstərir.
Eyni zamanda, Azərbaycanın qısa müstəqillik tarixində kosmik sənayeyə malik dövlətə çevrilməsi və dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti ilə bağlı qarşısına qoyduğu hədəflər isə daha genişdir. “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2014-cü ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” yüksək ayırdetməli Yer səthini məsafədən müşahidə peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib.
2015-ci ildə Azərbaycan özünün növbəti “Azerspace-2” peykinin orbitə çıxarılması istiqamətində intensiv iş aparıb. “BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə imzalanan müqaviləyə əsasən, “Azerspace-2” peykinin 2017-ci ildə Fransanın “Ariane-5” raketi ilə Fransız Qvianasından orbitə çıxarılması nəzərdə tutulub.
Ölkədə sənayenin yeni regional strukturu formalaşdırılır
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Son illərdə ölkəmizdə dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.
Respublikamızda sənayenin yeni regional strukturunun formalaşdırılması baxımından dövlət başçısının 2 fevral 2015-ci il tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Artıq bəhs olunan Sərəncama uyğun olaraq Neftçalada respublikada ilk dəfə salınacaq Sənaye Məhəlləsinin tikintisinə başlanılıb. Sənaye Məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Yeni Sənaye Məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək. Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək. Prezident İlham Əliyev qarşıya respublikada sənaye məhəllələrinin xəritəsini daha da genişləndirməklə bağlı vəzifə qoyub. Bununla bağlı fikirlərini ifadə edən dövlət başçısı deyib: “... Bu il hər bir rayonda sənaye zonalarının yaradılması başlamalıdır”.
Texnoparkların yaradılması respublikada həyata keçirilən müasir sənaye quruculuğunun mühüm əlamətidir
Müasir dünya, ilk növbədə, yeni trendlərlə səciyyələnir. ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Çin, Cənubi Koreya kimi dövlətlərin təcrübəsi göstərir ki, həmin ölkələrin yüksək texnoloji inkişaf səviyyəsinə çatmasında texnoparkların yaradılması mühüm rol oynayıb. Hazırda ABŞ-da fəaliyyət göstərən “Silikon” vadisi, qardaş Türkiyənin “Arı Texno” kəndi, Rusiyanın “Skolkova” mərkəzi, İKT sektoru üzrə xüsusi iqtisadi zona olan Dubay internet şəhəri texnoparklar üzrə bir növ dünya brendinə çevrilib və öz ölkələrinin iqtisadiyyatına sanballı töhfələr verir.
Dinamik sosial-iqtisadi inkişafı ilə dünyanın qabaqcıl ölkələri sırasında yer tutmağı hədəfləyən Azərbaycan da məhz bu yolu tutub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə texnoparkların, sənaye klasterlərinin yaradılmasının zəruriliyinə diqqət çəkərək deyib: “Sənaye istehsalı istiqamətində çox ciddi iş aparılmalıdır. Texnoparklar, sənaye klasterləri yaradılmalıdır”.
Qeyd edək ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq texnoparkların yaradılması istiqamətində uğurlu addımlar atılıb və ilk texnoparklarda məhsul istehsalına start verilib. Sumqayıtda 167,66 hektar ərazidə yaradılan Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında və bu sahədə ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaq. Artıq burada fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanıb, həmçinin yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri həyata keçirilir. Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən isə tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb.
Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istiqamətlərin də uğurlu inkişafına daha bir nümunədir. Zəyəm Texnologiyalar Parkı ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyük qabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnika və avadanlıqlarının, müasir tipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir. Qeyd edək ki, ötən dövrdə Zəyəm Texnologiyalar Parkı ASC-də istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara - Türkiyə və Polşaya ixrac edilib. Hazırda isə Mingəçevirdə “Yüksək Texnologiyalar Parkı”nın yaradılması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsində “Yüksək Texnologiyalar Parkı”nın yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

