Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son 20 il Azərbaycanda inkişaf, sabitlik dövrü olmuşdur

Son 20 il Azərbaycanda inkişaf, sabitlik dövrü olmuşdur

03.02.2016 [09:40]

Prezident İlham Əliyev: Bu dövr ərzində Azərbaycan dünya miqyasında çox güclü dövlətə çevrilmişdir
Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması nəticəsində keçmiş ittifaqa daxil olan respublikalar özlərinin müstəqil dövlətlərini qurmaq üçün tarixi şans qazandılar. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan və bu amal uğrunda daim mübarizə aparan Azərbaycan xalqı da yaranmış şəraitdən bəhrələnərək XX yüzillikdə ikinci dəfə müstəqil dövlət qurmağa nail oldu. Əlbəttə, 1991-ci ildə müstəqilliyini bərpa etmək Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi. Ötən illərdə müstəqil Azərbaycan bütün sahələrdə böyük uğurlara imza ataraq qlobal məkanda nüfuzlu dövlətə çevrilib. Ancaq unutmaq olmaz ki, müstəqilliyi qorumaq və möhkəmlətmək üçün ölkəmiz bir sıra məhrumiyyətlərlə üzləşib və ağır sınaqlardan keçib, ələlxüsus da ötən əsrin 90-cı illərinin əvvəli respublikamız üçün ciddi sınaq illəri olub. Prezident İlham Əliyev Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündəki nitqində müstəqilliyimizin ilk illərində ölkənin qarşılaşdığı çətinlikləri bir daha gənclərə xatırladaraq bildirib ki, Azərbaycanın müstəqillik tarixinin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra çox ağır vəziyyətlə üzləşmişdi.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələrək ölkəni parçalanmadan xilas etdi
Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi. Ölkəni belə acınacaqlı durumdan 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev xilas etdi. Bəhs olunan tarixi dövrə ekskursiya edən Prezident İlham Əliyev vurğulayıb: “Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır”.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Ümummilli lider Heydər Əliyev iyunun 15-də parlamentin sədri seçildi. Onun siyasi iradəsi ilə respublikada ilk parlament seçkiləri keçirildi. Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün fundamental baza rolunu oynayır.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində 1993-1996-cı illərdə ölkədə dövlət idarəçiliyi institutları formalaşdırılmış, qanunsuzluğa və anarxiyaya son qoyulmuş, cəmiyyətin bütün sahələrində sabitlik təmin edilmiş, 1996-cı ildə isə iqtisadi artım dövrü başlamışdır. Prezident İlham Əliyev 1996-cı ili müstəqil tariximizin xüsusi ili kimi səciyyələndirərək deyib: “Ümumiyyətlə, 1996-cı il müstəqil tariximizin xüsusi ili idi. Çünki 1996-cı ildən sonra ölkəmizdə inkişaf dövrü başlamışdır”.
Gənclərin birinci forumunun keçirilməsi çox əlamətdar hadisə idi
Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsinin dövlətin və cəmiyyətin mühüm vəzifəsi olduğunu bəyan etdi. Ümummilli lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. Ümummilli lider 1997-ci ildə gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral ölkəmizdə Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı “Dövlət Gənclər Siyasəti haqqında” müvafiq Fərmanı isə gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, gənclərin hüquqlarının müdafiəsi, onların respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunması ilə bağlı məsələlərin geniş spektrini əhatə edir. Sözügedən Fərmana uyğun olaraq ölkəmizdə “Gənclər siyasəti haqqında” ayrıca Qanun qəbul edilib. Ulu öndərin 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürməsi də xüsusi əhəmiyyət kəsb edir. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Prezident İlham Əliyev gənclərin birinci forumunun keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirib: “1996-cı il fevralın 2-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə birinci Gənclər Forumu keçirilmişdir. Doğrudan da, çox əlamətdar hadisə idi. Məhz o vaxt Azərbaycanın gənclər siyasətinin əsas istiqamətləri müəyyən olundu”.
Qeyd edək ki, hazırda respublikamızda Ümummilli liderin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar, gənclərlə bağlı tədbirlərdə verdiyi tövsiyələr ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Ölkəmizdə Azərbaycan gəncliyi ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən və 2005-2009-cu illəri əhatə edən birinci Dövlət Proqramı uğurla reallaşdırılıb. Dövlət başçısının müvafiq Fərmanı əsasında Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən qurulub. Prezident İlham Əliyev gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə 2011-ci il 7 iyul tarixdə imzaladığı müvafiq Fərmanla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını təsdiqləyib. Sevindirici haldır ki, gənclər siyasəti üzrə ikinci Dövlət Proqramında nəzərdə tutulan bütün məsələlər uğurla öz həllini tapıb.
Bir sözlə, Azərbaycanın gənclər siyasəti ölkəmizin gələcəyinə ünvanlanıb. Gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi yüksək göstəricilər respublikamızın qürurudur.
Azərbaycan güclü, özünə güvənən dövlət qurur
Ötən əsrin əvvəllərində ölkəmizin müstəqilliyə nail olması tarixi bir şansdır. Azərbaycan öz dövlət müstəqilliyinin əbədi və möhkəm olması üçün hər şeyi edir və bundan sonra da edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, “biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır”.
Müstəqillik əldə etməsi Azərbaycanın bütün sahələrdə özünü yüksək səviyyədə təsdiqləməsi və böyük uğurlar qazanması üçün əlverişli platform qismində çıxış edib. Məhz müstəqillik illərində respublikamız istər siyasi müstəvidə, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlara imza atıb. Qısa müstəqillik tarixində respublikamız dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu gün əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında uğurla təmsil olunaraq beynəlxalq əməkdaşlığın dərinləşməsinə, müxtəlif sivilizasiyaların bir-birlərinə yaxınlaşmasına öz sanballı töhfələrini verir.
Son illər ərzində dünya miqyasında bütün parametrlər baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Azərbaycanın iqtisadi potensialının artmasının miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür.
Hazırda dünyada özünəməxsus inkişaf modeli ilə fərqlənən Azərbaycan, eyni zamanda, qlobal əhəmiyyət daşıyan bir sıra yeni layihələrin təşəbbüskarı və fəal iştirakçısı qismində çıxış edir. Getdikcə artan iqtisadi potensialı sayəsində bölgədə yeni reallıqları məhz respublikamız diqtə edir. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Azərbaycanın əsas moderator rolunda çıxış etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası da layihə çərçivəsində uğurla davam etdirilir.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunun artması da böyük məmnunluq doğurur. Hazırda Avropanın bir sıra ölkələri özlərinin neftə olan tələbatlarının nəzərəçarpacaq hissəsini məhz Azərbaycanın ixracı hesabına ödəyir. 2014-cü il sentyabrın 20-də Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracaq. Təxminən 45 milyard dollar həcmində sərmayə qoyuluşu tələb edən yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan məmnunluğunu ifadə edərək bildirib: “Ona görə son 20 il inkişaf, sabitlik dövrü olmuşdur. Bu dövr ərzində Azərbaycan dünya miqyasında, bir daha demək istəyirəm ki, çox güclü dövlətə çevrilmişdir. Təsadüfi deyil ki, 155 ölkə bizim namizədliyimizi BMT Təhlükəsizlik Şurasına seçilməyimiz zamanı dəstəkləmişdir. Güclü iqtisadiyyat yaratmışıq, güclü sosial siyasət aparılır, güclü ordu qurmuşuq. Hətta beynəlxalq hesablamalarda Azərbaycan Ordusu dünya miqyasında 40 ən qüdrətli ordu sırasındadır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31