Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident İlham Əliyev: 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq

Prezident İlham Əliyev: 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq

19.01.2016 [10:04]

Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək
Dinamik inkişaf tempinə malik olan Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin paralel tərəqqisi təmin edilib. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır.
davamlı islahatlar müəyyən olunmuş hədəflərə çatmaq üçün etibarlı zəmin yaradır
Ümumiyyətlə, bu gün Azərbaycanın dinamik iqtisadi inkişafı, o cümlədən həyata keçirilən iqtisadi siyasət və formalaşdırılmış iqtisadi inkişaf modeli inkişaf etməkdə olan ölkələr üçün nümunə qismində çıxış edir. Həyata keçirilən davamlı islahatlar isə, müəyyən olunmuş hədəflərə çatmaq üçün strateji zəmin formalaşdırır. Bu kontekstdə ötən ilin yekunları da Azərbaycanın inkişaf və sabitliyinin davamlı olacağına dəlalət edir.
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə də bu məsələlər diqqət mərkəzində olub. Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyən Prezident İlham Əliyev bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini bildirib: “Son 10 il ərzində dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmamışdır. Bu, həqiqətdir, reallıqdır və bunu bütün göstəricilər təsdiqləyir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir”.
Dövlət başçısı, eyni zamanda, cari ildə də Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağına əminliyini ifadə edib.
Azərbaycanda sosial layihələr uğurla həyata keçirilir
Yeri gəlmişkən, həyata keçirilən uğurlu və düşünülmüş siyasət sosial sferada da mühüm nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunub. Ümumiyyətlə, Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcə vəsaitlərinin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Dövlətimizin başçısı sözügedən müşavirədə bu məsələ ilə bağlı deyib: “...Biz insanların sosial müdafiəsi məsələlərini daim diqqətdə saxlamalıyıq. Əslində bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanda çox genişmiqyaslı sosial siyasət aparılır. Dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq idi”.
O da qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev qarşıda duran vəzifələri müəyyənləşdirib və aidiyyəti strukturlara müvafiq tapşırıqlar verib. Yeri gəlmişkən, Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb, bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib.
Həyata keçirilən tədbirlər bank-maliyyə bazarında sabitliyin yaranmasını təmin edəcək, manat yenidən dəyər qazanacaq
Məlum olduğu kimi, müəyyən siyasi səbəblərdən dünya iqtisadiyyatında baş verən geriləmələr, o cümlədən qlobal maliyyə bazarında cərəyan edən neqativ tendensiyalar bir sıra ölkələr kimi, Azərbaycana da təsir edib. Xüsusilə də, ötən ilin sonunda neftin qiymətinin ucuzlaşmasının davam etməsi Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçidlə nəticələndi və bu, milli valyutamız olan manatın dollar və avroya nisbətdə ucuzlaşmasına gətirib çıxardı. Buna baxmayaraq, bank-maliyyə bazarında sabitliyin təmin olunması və manatın yenidən dəyər qazanması üçün müvafiq tədbirlər görülür, islahat xarakterli addımlar davam etdirilir. Dövlətimizin başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlətimizin başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.
Ekspertlərin qənaətinə görə isə, bu istiqamətdə görülməsi nəzərdə tutulan tədbirlər ümumilikdə Azərbaycan manatının valyuta bazarında öz dəyərini artırmasına şərait yaradacaq. Ümumi qənaət bundan ibarətdir ki, həyata keçirilən tədbirlər bank-maliyyə bazarında sabitliyin yaranmasını təmin edəcək.
Süni qiymət artımına qarşı mübarizə nəticə verir: bazarlarda qiymətlər sabitləşir
Bu kontekstdə onu da qeyd etmək lazımdır ki, manatın dollara qarşı ucuzlaşmasından sonra idxal məhsullar üzrə qiymət artımı gözlənilən idi, amma bahalaşma ölkədə istehsal olunan mallara da sirayət etdi. Daha dəqiq desək, bəzi işbazlar devalvasiyadan sonra xüsusilə də istehlak məhsulları üzərində süni qiymət artımına yol verməklə ajiotaj yaratmağa çalışdılar. Amma dövlət tərəfindən süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlər görüldü, eləcə də inhisarçılıq və bu kimi digər hallara qarşı mübarizə də bu prosesə yardımçı oldu. Hazırda istehlak mallarının qiymətlərinin süni şəkildə qaldırılması cəhdlərinə qarşı sistemli mübarizə aparılır, müvafiq tədbirlər görülür. Prezident İlham Əliyev bəhs olunan nitqində süni bahalaşmaya da münasibət bildirib, bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb: “Süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır. Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu da sosial təşəbbüsdür”.
Bəli, artıq süni qiymət artımına qarşı mübarizə nəticə verir: bazarlarda qiymətlər sabitləşir. Paralel olaraq gömrük, vergi sistemində maksimum şəffaflığın təmin olunması, inhisarçılığın aradan qaldırılması istiqamətində ardıcıl addımların atılması diqqət mərkəzindədir. Bir sözlə, dövlət tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Pensiya və əmək haqlarının 10 faiz artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir
O da bəllidir ki, son illərdə Azərbaycan dövləti, bir tərəfdən, zəngin infrastruktur yaradılmasına, digər tərəfdən isə, vətəndaşların maddi təminatının möhkəmləndirilməsinə, rifah halının yüksəldilməsinə yönələn çoxsaylı tədbirlər reallaşdırmaqla əhalinin sosial müdafiəsinin rasional şəkildə təmin edilməsinə nail olur. Ölkənin iqtisadi potensialının ilbəil artması paralel surətdə əhalinin maddi təminatının getdikcə daha da möhkəmlənməsində öz əksini tapır. Ölkədə əhalinin maddi rifah halının yaxşılaşmasında müəyyən kateqoriyadan olan vətəndaşlara ödənilən sosial müavinətlərin də böyük rolu var. Son illərdə həm ünvanlı sosial yardımların məbləği artırılıb, həm də onların təyin edilməsi və ödənilməsi sahəsində şəffaflığı təmin edən zəruri tədbirlər həyata keçirilib.
Yeri gəlmişkən, bir neçə gün öncə pensiya və əmək haqlarının 10 faiz artırılması bu istiqamətdə həyata keçirilən zəruri tədbir olmaqla yanaşı, vətəndaşların sosial rifahının yaxşılaşmasına da xidmət edir: “...Neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik... Bu, çox ciddi sosial addımdır. Bir daha demək istəyirəm ki, bizim güclü sosial siyasətimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir”.
Müşavirədə Prezident İlham Əliyev Azərbaycan dövlətinin qarşıda duran bütün məsələləri uğurla həll edəcəyini və cari ildə də iqtisadi inkişafla bağlı heç bir problem olmayacağını bəyan edib: “...2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək. Əminəm ki, belə də olacaq”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31