Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qısa zamanda Azərbaycanın bank-maliyyə bazarında sabitlik yaranacaq

Qısa zamanda Azərbaycanın bank-maliyyə bazarında sabitlik yaranacaq

13.01.2016 [09:37]

Görülən tədbirlər, aparılan islahatlar nəticəsində manatın yenidən dəyər qazanacağı proqnozlaşdırılır
Artıq bir neçə ildir ki, dünya iqtisadiyyatında artım templərinin səngiməsi, qlobal maliyyə böhranının daha da güclənməsi, maliyyə bazarlarında qeyri-müəyyənliklərin və qlobal risklərin artması, həmçinin qısa zaman kəsiyində dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşməyib. Belə ki, dünya birjalarında neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması müşahidə olundu ki, bu da ölkənin tədiyə balansında keyfiyyətcə yeni vəziyyətin yaranmasına yol açdı. Heç şübhəsiz ki, baş verənlər manatın məzənnəsinə də öz təsirini göstərdi. Yəni, ötən ilin sonunda neftin qiymətinin ucuzlaşmasının davam etməsi Mərkəzi Bank tərəfindən yeni məzənnə siyasətinə keçidlə nəticələndi ki, bu da milli valyutamız olan manatın dollar və avroya nisbətdə ucuzlaşmasına gətirib çıxardı. Qeyd edək ki, baş verən prosesin davamlı hal almaması, manatın digər valyutalar qarşısında gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir və manatın dəyərinin qorunması yönündə atılan addımlar, görülən tədbirlər onu deməyə əsas verir ki, qısa zaman kəsiyində Azərbaycanın bank-maliyyə bazarında sabitlik yaranacaq, manat yenidən dəyər qazanacaq. Bunu görülən tədbirlər, eləcə də ölkə Prezidentinin göstərişi ilə aparılan islahatlar bunu deməyə əsas verir.
Ölkədə kiçik və orta sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının daha da gücləndirilməsi, bu kateqoriyadan olan insanların fəaliyyətinin stimullaşdırılması yönümündə effektiv tədbirlərin görülməsi Azərbaycanın daxili bazarının daha da gücləndirilməsinə xidmət göstərir. Ölkənin istehsal qabiliyyətinin inkişaf etdirilməsi isə yerli məhsulların daxili bazardakı çəkisinin daha da artmasına yol açır. Bu isə öz növbəsində ölkəmizdə pul-maliyyə sistemində tarazlaşmanın, manatın daxili bazardakı dəyərinin qorunub saxlanılmasını şərtləndirəcək.
Yeri gəlmişkən, ötən ilin dekabrından bəri manatın ucuzlaşması ilə müşayiət olunan proses artıq tərs istiqamətdə inkişaf edir. Belə ki, Mərkəzi Bankın həyata keçirdiyi sərt və kifayət qədər ehtiyatlı, ümumi makroiqtisadi sabitliyə, inflyasiyasının aşağı səviyyədə saxlanılmasına və maliyyə bazarının dayanıqlılığına yönəlmiş pul-kredit siyasəti sayəsində Azərbaycan manatı artıq öz dəyərini artırır. Digər tərəfdən, yaranan vəziyyətdən sui-istifadə etməyə çalışan bir sıra işbazların inzibati qaydada məsuliyyətə cəlb edilməsi süni şəkildə ajiotaj yaradılmasının da qarşısını alır və bank-maliyyə bazarında tarazlığı qoruyub saxlayır.
Ən əsası isə xarici sərmayələrin qeyri-neft sektorundakı payının daha da artırılması, bank-maliyyə sisteminin liberallaşdırılması və bu sahədə islahatların davam etdirilməsi, yerli sahibkarların istehsalın real sektoruna daha aktiv cəlb edilməsi Azərbaycanın daxili bazarında idxalın səviyyəsinin daha da azalmasına şərait yaradacaq. Ölkəmizdə inhisarçılığa qarşı aparılan effektiv mübarizənin daha ciddi şəkildə davam etdirilməsi, idxal-ixrac əməliyyatlarının tam şəffaf şəkildə aparılması da bu prosesin gücləndirilməsinə yol açacaq.
Onu da vurğulamaq lazımdır ki, ölkə Prezidentinin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında dövlət başçısı istehlak qiymətlərinə ciddi nəzarətin vacib olduğunu bildirib. Ən əsası, ölkəmizdə istehsal olunan ərzaq məhsullarının qiymətində süni artımın yolverilməz olduğunu bildirən ölkə Prezidenti buna yol verənlərə qarşı ciddi cəza tədbirlərinin görüləcəyini bildirib.
Görülməsi nəzərdə tutulan tədbirlər isə ümumilikdə Azərbaycan manatının valyuta bazarında öz dəyərini artırmasına şərait yaradacaq. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, ölkənin malik olduğu iqtisadi potensial və maliyyə imkanlarının bazasında diversifikasiya olunmuş iqtisadiyyatın qurulması və resursların qeyri-neft sektorunun kapitalizasiyasına yönəldilməsində maliyyə-bank sektoru müstəsna rol oynayır. Bu mənada atılan addımlar, görülən tədbirlər devalvasiya dövründə nominal dəyərini itirmiş milli valyutanın güclənməsinə təkan verir. Ölkədə dövlət quruculuğu istiqamətində həyata keçirilən davamlı iqtisadi islahatlar, yeridilən düzgün pul və valyuta siyasəti nəticəsində dayanıqlı makroiqtisadi sabitlik və yüksək templi iqtisadi artım manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin sabitliyinin və onun daxili dönərliliyinin təmin edilməsinə yol açır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31