Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması istiqamətində zəruri islahatlar aparılır

Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması istiqamətində zəruri islahatlar aparılır

08.01.2016 [10:17]

Bu islahatlar əlillərin adından sui-istifadənin qarşısının alınmasına, korrupsiya hallarının aradan qaldırılmasına və şəffaflığın təmin olunmasına xidmət edir
Məlum olduğu kimi Nazirlər Kabineti Azərbaycan Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Qərar qəbul edib. Əsasnamədə əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyənləşdirilməsi müddətləri, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər öz əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni qaydaların hazırlanması və bu qaydaların əlilliyin təyinatı sahəsində şəffaflığın təmin edilməsinə təsiri ilə bağlı məsələləri şərh edərkən bildirib ki, Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. Azərbaycanda 570 min bu kateqoriyaya aid olan insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalan isə 18 yaşı olmayan, fiziki qüsurları olan Azərbaycan vətəndaşlarıdır. Beləliklə, böyük bir kütlə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda mövcud olan qanunvericiliyə görə, əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər mövcuddur və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər: “Amma təbiidir ki, narahatedici məqamlar da var və bu, ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən insanların öz fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə halları mümkünsüz edilsin. İndinin özündə bu istiqamətdə vacib olan işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz neqativ məqamlar aradan qalxacaqdır”.
Əli Əhmədovun fikrincə, çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, insanlar cəmiyyətin bütün parametrlərinə görə tamhüquqlu üzvü olsunlar, onlar işdən ayrılmasınlar, əgər azacıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə bildirib ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə görə, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən beş il müddətinə uzadılır. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən edilir. Əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla üç il müddətinə uzadılır. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edərək bildirir ki, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəssisələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur.
Qeyd edək ki, hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda reallaşdırılan geniş məzmunlu sosial siyasət həmçinin fiziki cəhətdən qüsurlu insanlara hərtərəfli dövlət qayğısı göstərilməsində öz əksini tapır. Müstəqil Azərbaycanda əlillərə hərtərəfli qayğı göstərilməsi siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Dövlət siyasətində xəlqiliyə, insan amilinə xüsusi önəm verən Ulu öndərin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların maddi və mənəvi ehtiyaclarının dolğun şəkildə ödənilməsi ildən-ilə gücləndirilib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə diqqət və qayğısı nəticəsində son 12 ildə daha da genişlənib. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq əlillərə hərtərəfli qayğı göstərilməsi ölkənin sosial təminat sisteminin mühüm bir istiqamətinə çevrilib. Hazırda ölkədə aylıq sosial müavinətlə təmin olunan vətəndaşların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Bu müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara yönələn sosial müavinətin aylıq məbləği isə 7,4 dəfə artırılıb. Ölkədə əmək pensiyaçılarının 28,8 faizi əlilliyə görə əmək pensiyası alanlardır. Respublikamızda son 12 ildə əmək pensiyalarının orta aylıq məbləğində 9,5 dəfə artım baş verib. Prezidentin aylıq təqaüdləri ilə təmin olunan vətəndaşların 69 faizini müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlillər təşkil edir.
Beləliklə, qeyd olunanlar da bir daha təsdiq edir ki, əlillərə dövlət qayğısı yüksək səviyyədədir. Həyata keçirilən indiki islahatlar isə əlillərin adından sui-istifadəyə, korrupsiya hallarının aradan qaldırılmasına və şəffaflığın təmin olunmasına xidmət edir. Bu islahatlar ictimaiyyət tərəfindən də müsbət qarşılanmaqdadır.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 843 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31