Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır

Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır

05.12.2015 [10:55]

Prezident İlham Əliyev: Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək
Son illərdə dünyada müxtəlif arzuolunmaz tendensiyalar müşahidə edilməkdədir. Qlobal miqyasda bir-birinin ardınca siyasi və sosial-iqtisadi kataklizmlər yaşanır. Maliyyə-iqtisadi böhranlar, mal və xidmətlərə istehlakın kəskin azalması, birjalarda neftin qiymətinin aşağı düşməsi, siyasi-hərbi müstəvidə qarşıdurmalar ayrı-ayrı ölkələrdə ciddi fəsadlara gətirib çıxarıb. Dünyanın kədərli mənzərəsi fonunda Azərbaycanın vəziyyəti böyük nikbinlik və iftixar hissi doğurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə həyata keçirilən və milli mənafeyə söykənən siyasət, dünyadakı yeni çağırışlara adekvat olan islahatlar kursu respublikamızı qlobal risklərdən sığortalayaraq daha böyük nailiyyətlərin qazanılmasına real zəmin yaradıb. Ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasətin sayəsində Azərbaycan dünya üçün çətin keçən illərdə də sabitlik adası kimi fərqlənir və qarşısına yeni-yeni hədəflər qoyaraq öz inkişafını davam etdirir. Məqsədyönlü siyasət sayəsində bütün sahələrdə qazanılan uğurlar, təbii ki, vətəndaş məmnunluğu yaradır, insanlar ölkəmizi inkişafa aparan siyasi kursa böyük dəstək ifadə edirlər. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin birinci iclasındakı nitqində Azərbaycanın hərtərəfli inkişafından məmnunluğunu ifadə edərək ölkədəki quruculuq prosesinin seçkilərin nəticəsinə müsbət təsir göstərdiyini xüsusi nəzərə çatdırıb: “Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir. Əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstərmiş, eyni zamanda, ölkədə aparılan siyasətə bir daha öz səslərini vermişlər”.
Azərbaycanın iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf edən dövlətə çevrilməsi böyük uğurdur
Hər bir ölkənin ümumi inkişafını şərtləndirən amillər sırasında iqtisadiyyatın güclənməsi, o cümlədən də ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artıb. Məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi islahatlar sayəsində qısa müddətdə respublikamızda işsizliyin və yoxsulluğun səviyyəsini təxminən 5 faizədək aşağı salmaq mümkün olub.
Azərbaycan iqtisadiyyatının genişlənməsi 2015-ci ilin arxada qalan 9 ayında da davam edib. Belə ki, qeyd olunan dövrdə respublika iqtisadiyyatında 3,7 faiz artıma nail olunub. Konkret istiqamətlər üzrə göstəricilər isə daha yüksəkdir. Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində ölkədə iqtisadi fəallıq artıb, respublikamızda yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Ötən 12 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollardan çox investisiya qoyulub. O da əlamətdar haldır ki, ölkəmizdə müxtəlif sahələrə yönəldilən investisiyaların strukturu da əhəmiyyətli dərəcədə dəyişib. Cari ilin 9 ayında bütün mənbələrdən Azərbaycana yönəldilən 16 milyard manat investisiyanın yarıdan çoxunu daxili sərmayələr təşkil edir.
Dinamik iqtisadi inkişaf nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının təxminən 75 faizi Azərbaycanın payına düşür ki, bu da respublikamıza əlavə dividendlər gətirir. Artıq hamı tərəfindən etiraf olunur ki, regionda ölkəmizin iştirakı olmadan hər hansı layihənin reallaşdırılmasından söhbət belə gedə bilməz. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Eyni zamanda, ölkəmizin fəal təşəbbüsləri ilə ötən il startı verilən “Cənub” qaz dəhlizinin inşası ilə Azərbaycanın Avropanın enerji təchizatında rolu daha da artacaq.
Prezident İlham Əliyev Azərbaycanın qlobal çətinliklər şəraitində dünyada iqtisadi baxımdan ən sürətlə inkişaf edən ölkə səviyyəsinə yüksəlməsini böyük uğur kimi səciyyələndirib: “Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Əlbəttə, biz bunu böyük uğur kimi qəbul edirik. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Bu, doğrudan da, böyük uğurumuzdur”.
Azərbaycan iqtisadi inkişaf dinamikasını gələcək illərdə də davam etdirmək əzmindədir. Ölkənin qarşıdakı illərdə iqtisadi inkişaf hədəfləri barədə söhbət açan Prezident İlham Əliyev vurğulayıb: “Biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik”.
Dövlət başçısı qeyd edib ki, şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.
Qeyri-neft sektorunun inkişafı daha da artmalıdır
Son illərdə qeyri-neft sektoru ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilib. Məlumdur ki, son illərdə qlobal miqyasda baş verən kataklizmlər, ilk növbədə, iqtisadiyyatı neft amili ilə sıx bağlı olan ölkələri ciddi çətinliklər qarşısında qoyub. Dünya birjalarında neftin qiymətinin aşağı düşməsi ixracının əsasını neft və neft məhsulları təşkil edən ölkələrin gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb ki, bu səbəbdən də həmin ölkələrdə zəncirvari mənfi meyillər getdikcə daha da güclənməkdədir.
Belə bir şəraitdə iqtisadiyyatı neft amili ilə sıx bağlı olan Azərbaycanın öz potensialını əhəmiyyətli dərəcədə genişləndirməsi ölkəmizin fərqli və nümunəvi inkişaf modelinə malik olmasının nəticəsidir. Başqa sözlə desək, qlobal risklər şəraitində ölkəmizin yeni uğurlar qazanması, ilk növbədə, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü şaxələndirmə siyasəti ilə bağlıdır. Zəngin neft-qaz resurslarına malik olan respublikamız, eyni zamanda, elə bir inkişaf modeli seçib ki, burada neft amili əsas rol oynamasın. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idisə, hazırda bu nisbət qeyri-neft sektorunun xeyrinə əhəmiyyətli dərəcədə dəyişib.
Əlamətdar haldır ki, ölkəmizdə qeyri-neft sektorunun genişlənməsi ildən-ilə daha dinamik hal alır. Bunu 2015-ci ilin arxada qalan 9 ayının statistik göstəriciləri bir daha təsdiqləyir. Belə ki, ölkədə aparılan islahatların nəticəsində cari ilin əvvəlindən bəri qeyri-neft sektorunda 6 faizdən çox artıma nail olunub ki, bu da ölkə üzrə ümumi iqtisadi artımdan əhəmiyyətli dərəcədə yüksək göstəricidir.
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafından söhbət açarkən bir sıra istiqamətlər, o cümlədən də sənayedə və kənd təsərrüfatında artım dinamikasının daha yüksək olduğunu xüsusi vurğulamaq lazımdır. Ölkə iqtisadiyyatının gələcək inkişaf perspektivləri məhz sənaye istehsalı və kənd təsərrüfatı istehsalı ilə bağlı olacaq.
Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır
Qeyd edək ki, ölkədə yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu həyata keçirmək üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna göstərilən böyük diqqətin ifadəsidir. Beləliklə, davamlı dövlət dəstəyinin sayəsində Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2014-cü ildə 50 faizədək yüksəlib. Son 12 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Respublikamızda “Sənaye ili” bir sıra istehsalatların yaradılması, çoxlu sayda yeni iş yerlərinin açılması ilə əlamətdar olub. Belə ki, Azərbaycanda “Sənaye ili” çərçivəsində 230-dan çox sənaye müəssisəsi yaradılıb, 123 min yeni iş yeri açılıb ki, onlardan təxminən 100 mini daimi iş yeridir.
Son illərdə ölkəmizdə qeyri-neft sektorunda istehsalın genişlənməsində böyük potensiala malik aqrar sektorun rolunu da xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə əlverişli coğrafi-iqlim xüsusiyyətləri, regionlarda yaradılan müasir infrastruktur respublikamızda aqrar sektorun qarşısında böyük inkişaf perspektivləri açır. Eyni zamanda, dövlət respublikamızda kənd təsərrüfatının inkişaf etməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.
Son illərdə kənd təsərrüfatı məhsulları istehsalında diqqətəlayiq uğurlar əldə olunması ölkəmizin ümumi iqtisadi inkişafına sanballı töhfədir. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olub. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının icrasının birinci ilində ölkəmizdə 5,2 milyard manat dəyərində kənd təsərrüfatı məhsulları, o cümlədən 2,8 milyard manat həcmində heyvandarlıq məhsulları buraxılıb ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Aqrar sektorun inkişafı baxımından cari ilin arxada qalan 9 ayı ərzində kənd təsərrüfatında qazanılan uğurlar da diqqətəlayiqdir. Ölkəmizdə “Kənd təsərrüfatı ili”ndə aqrar sektorda 6,7 faiz artım baş verib ki, bu da kifayət qədər yüksək göstəricidir.
Azərbaycanın qazandığı uğurlar bütün dünyada yüksək qiymətləndirilir
Azərbaycanın qazandığı uğurlar beynəlxalq reytinq agentliklərinin ölkəmizlə bağlı qiymətləndirmələrində də öz əksini tapıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Cari ilin birinci yarısında nüfuzlu “Fitch” agentliyi Azərbaycanın reytinqini “BBB” səviyyəsində qiymətləndirib. Hazırda dünyada müşahidə edilən mənfi tendensiyaların fonunda sabit reytinqə malik olmaq kifayət qədər yaxşı göstəricidir. Dünya İqtisadi Forumunun (World Economic Forum) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır. Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatına dair nikbin proqnozlar irəli sürüb. Təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb.
Sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir
Azərbaycanda son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Ölkənin dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. “... Sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanır”.
Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır. Ölkənin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. 2003-cü ildən bəri respublikanın müxtəlif bölgələrində 3 mindən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində ölkəmizdə təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər davam etdirilir. Son 12 ildə respublikamızda 600-dək səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı şəkildə yenidən qurularaq müasir avadanlıqla təchiz edilib.
Ölkədə sosial məzmunlu tədbirlərin reallaşdırılması cari ildə də intensiv şəkildə davam etdirilir. Belə ki, ilin əvvəlindən bəri respublikada sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlət siyasətinin prioritetliyi təmin edilib. Təkcə cari ilin birinci yarısında dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı bu məqsədə yönəldilib. Dövlət başçısı bildirib ki, bundan sonra da sosial proqramların yerinə yetirilməsində heç bir ixtisar ola bilməz: “Qeyd etməliyəm ki, bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31