Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvanda xalq yaradıcılığı sərgisi keçirilir

Naxçıvanda xalq yaradıcılığı sərgisi keçirilir

05.11.2015 [10:27]

Noyabrın 4-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində xalq yaradıcılığı sərgisinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalq yaradıcılığı sərgisinin açılışında iştirak edib.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə çıxış edərək deyib: “Naxçıvan şəhərində xalq yaradıcılığı sərgisinin keçirilməsində məqsəd milli dəyərlərimizi yaşatmaq və təbliğ etməkdir. Milli dəyərləri yaşatmaq xalqın tarixini yaşatmaq deməkdir. Əgər hər bir xalq öz kimliyini ortaya qoymaq istəyirsə, ilk növbədə milli dəyərlərinə istinad etməlidir. Bu zərurəti əsas götürən Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpası istiqamətində mühüm qərarlar qəbul etmişdir. Bu dövrdə Azərbaycanın bölgələrində yeni tarix-diyarşünaslıq muzeyləri tikilmiş, xalq sənətinin inkişafına və mövcud nümunələrin mühafizəsinə diqqət artırılmışdı. Azərbaycan Konstitusiyasında ən ali milli dəyərlərimiz olan ana dilimiz dövlət dili kimi təsbit olunmuş, xalqın ruhunu, tarixini, milli dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər yaradılmışdı. Həmin dövrdə Azərbaycan xalqının qəhrəmanlıq eposu olan “Dədə Qorqud”, xalqımızın müstəqillik uğrunda mübarizə tarixini və qəhrəmanlıq ənənələrini təbliğ edən “Babək”, azərbaycanlılara xas olan Novruz ənənələrini ilk dəfə ekranlara çıxaran “Dəli Kür” kimi bədii filmlər çəkilmişdi”.
Ali Məclisin Sədri deyib: “Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan Ulu öndərimiz ötən əsrin 70-ci illərindən başlayaraq xalq yaradıcılığının himayə olunması siyasətini daha geniş miqyasda davam etdirmişdir. Dahi şəxsiyyət bu sahədə görülən işləri ümummilli ideologiyada - azərbaycançılıqda birləşdirmiş, azərbaycançılığı və milli dövlətçiliyi ən yüksək milli dəyər kimi qiymətləndirərək demişdir: “Azərbaycançılıq - öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli dəyərlərini və dövlətçiliyini qoruyub saxlamaq deməkdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə çatdırmağın əsas şərtini milli dövlətçilikdə görərək qeyd etmişdir ki: “Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, ancaq milli dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub”.
Qeyd olunub ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında 2009-cu ildə Sərəncamı olub, 2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan edilib. Bütün bunlar öz nəticəsini göstərib, bu sahədə sistemli tədbirlər həyata keçirilib. Tarixi abidələrə yeni həyat verilib, xalq yaradıcılığı günləri təşkil olunub, milli kökə bağlılıq nümayiş etdirilib. Ağacişləmə, papaqçılıq, dülgərlik, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, dulusçuluq, taxta üzərində oyma kimi qədim sənət sahələri qorunub saxlanılıb. Son illər el sənətkarları üçün emalatxanalar istifadəyə verilib, əl işlərindən ibarət sərgilər təşkil olunub. Aparılan tikinti-quruculuq işlərində milli ornamentlərin tətbiqinə üstünlük verilir. Bədii yaradıcılıq prosesində də milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət artırılıb. “Naxçıvan mətbəxi”, “Naxçıvan tikmələri” və “Tarixi qaynaqlarda Nuh peyğəmbər” kitabları, üç cildlik “Naxçıvan folkloru” antologiyası nəşr etdirilib. Yallılar nota köçürülüb və onun əsasında “Naxçıvan - Şərur el yallıları” kitabı çap olunub. Bununla yanaşı yallılardan ibarət kompakt disk də buraxılıb.
Ali Məclisin Sədri bu yolda hər kəsə uğurlar arzulayıb, xalq yaradıcılığı sərgisinin təşkilində, milli dəyərlərimizin öyrənilməsi, yaşadılması və təbliğində əməyi olanlara təşəkkür edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 3 noyabr tarixli Sərəncamına əsasən xalq yaradıcılığının inkişafındakı səmərəli fəaliyyətlərinə görə 8 nəfər “Rəşadətli əməyə görə” nişanı, “Tarixi mənbələrdə Nuh peyğəmbər” və “Naxçıvan - Şərur el yallıları” kitablarının müəllifləri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin pul mükafatı ilə təltif ediliblər.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanını və pul mükafatını təqdim edib.
Təltif olunanlardan Səriyyə Hüseynova və Fəxrəddin Səfərli əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.
Tədbirdə Şərur Xalq Yallı Ansamblının, şəhər və rayon mədəniyyət evlərinin yallı qruplarının üzvləri birlikdə “Köçəri” yallısını ifa ediblər.
Ali Məclisin Sədri yallı kollektivləri ilə xatirə şəkli çəkdirib, xalq yaradıcılığı sərgisi ilə tanış olub.
Ali Məclisin Sədri xalq yaradıcılığının bütün sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini vurğulayıb, folklor nümunələrinin, xüsusilə xalq yaddaşından süzülüb gələn qədim əfsanə, mif və rəvayətlərin elmi şəkildə öyrənilməsi barədə tapşırıqlar verib.
Sonra tədbir iştirakçıları sərgidə nümayiş olunan xalçalara baxıblar.
Bədii tikmə ilə məşğul olan Aidə İbrahimova sənətkarlar adından minnətdarlıq edib.
Ali Məclisin Sədri muxtar respublikanın uşaq musiqi məktəblərində və Naxçıvan Musiqi Kollecində tulum, tənbur kimi qədim çalğı alətlərinin tədris olunmasını tapşırıb.
Sonra Ali Məclisin Sədri naxçıvanlı rəssamların xalq yaradıcılığı nümunələrini yaşadan rəsm əsərlərinə baxıb.
Ali Məclisin Sədri xalq yaradıcılığı sərgisinin əhəmiyyətini qeyd edərək deyib: “Tarixin qədimliyini sübut edən əsas amillər sırasında xalq yaradıcılığı və folkloru mühüm yer tutur. Çünki hər bir xalqın min illər ərzində formalaşan milli-mədəni irsi onun sənətkarlıq sahələrində yaşayır. Əgər Gəmiqaya təsvirləri xalq sənətkarlığının ilkin nümunələrinin izlərini yaşadırsa, yallılarımız isə mədəniyyətimizin qədim tarixindən xəbər verir. Bugünkü sərgi bir daha göstərdi ki, xalqımızın qədim və qürur duyulası tarixi vardır. Qədim sənət sahələrinin bərpası, folklorumuzun, milli mətbəximizin, milli musiqimizin, bir sözlə milli dəyərlərimizin yaşadılması həm də turizmin inkişafına xidmət edir. Ona görə də aid təşkilatlar bu məsələni diqqətdə saxlamalı, xalq sənətkarlığı sahələrinə bundan sonra da dəstək verilməli, bu işdə hər kəs yaxından iştirak etməlidir. Muxtar respublikanın rayonlarında da xalq yaradıcılığı sərgiləri təşkil olunmalı, istedadı və qabiliyyəti olan insanlar üzə çıxarılmalı, yeni sənətkarlar nəsli yetişdirilməli, keçmişimiz gələcək nəsillərə çatdırılmalıdır”.

Paylaş:
Baxılıb: 785 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31