Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan rusiyalı jurnalistlərlə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan rusiyalı jurnalistlərlə görüşüb

28.10.2015 [10:29]

Əli Əhmədov: Azərbaycan hakimiyyəti seçkiləri demokratik, ədalətli və şəffaf keçirməkdə maraqlıdır və bunun üçün hər bir şərait yaradılıb
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov oktyabrın 27-də parlament seçkiləri ərəfəsində ölkəmizə gəlmiş Rusiyanın aparıcı KİV nümayəndələrinin bir qrupu ilə partiyanın mənzil-qərargahında görüşüb.
Qonaqları salamlayan partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycana səfər etdiklərinə görə jurnalistlərə təşəkkürünü bildirib. Qeyd edib ki, onların Azərbaycanda seçkiöncəsi vəziyyətə dair öz ölkələrində hazırlayacaqları materialların obyektiv və ədalətli olacağına şübhə etmir.
Azərbaycan hakimiyyətinin seçkiləri demokratik, ədalətli və şəffaf keçirməkdə maraqlı olduğunu bildirən Əli Əhmədov əlavə edib ki, bunun üçün hər bir şərait yaradılıb - ölkəmizdə kifayət qədər zəngin qanunvericilik bazası mövcuddur. Bundan əlavə, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün ölkədə ictimai-siyasi vəziyyət sabitdir. “O ki qaldı hakim partiya olaraq bizim qarşıdakı seçkilərdən gözləntilərimizə, bu, ondan ibarətdir ki, seçkiyə qatılan bütün siyasi partiyalar kimi, YAP da qarşıdan gələn parlament seçkilərində qələbə qazanmaq niyyətindədir”, - deyə Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini həmçinin əlavə edib ki, seçki marafonunda hakim partiyanın əsas vəzifəsi, ən azından, ötən parlament seçkilərində qazandığı nəticəni təkrarlamaqdır: “Əgər, YAP qarşıdakı seçkilərdə daha üstün nəticə göstərərsə, bu, bizim üçün daha da yaxşı olar”.
Baş nazirin müavini vurğulayıb ki, seçki marafonunda 20-dən artıq siyasi partiyanın təmsilçiləri, həmçinin bitərəf namizədlər iştirak edirlər. Ümumilikdə isə, seçkilərdə təqribən 800-dək namizəd iştirak edir ki, orta hesabla hər dairəyə 7-8 namizəd düşür.
“Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək siyasi partiya mövcud deyil. Müxalifət partiyaları zəifləmişlər, kifayət qədər strukturları belə yoxdur. Bu gün heç bir siyasi partiya YAP-la rəqabət aparmaq gücündə deyildir. Bəzi seçki dairələri üzrə daha çox bitərəf namizədlər YAP-a rəqib sayılırlar, nəinki digər siyasi partiyalardan olan təmsilçilər. YAP qarşıdakı seçkilərdə təkcə siyasi partiyalarla deyil, həm də bitərəf namizədlərlə rəqabət aparmalı olacaqdır. Odur ki, bəzi seçki dairələrində əsas rəqabət məhz YAP təmsilçiləri ilə bitərəf namizədlər arasında gedəcək”, - deyə Əli Əhmədov vurğulayıb.
Rusiyalı jurnalistlərin seçki gününədək ölkəmizdə olacaqlarını xatırladan Baş nazirin müavini onların Azərbaycandakı parlament seçkilərinin necə böyük ruh yüksəkliyi ilə keçiriləcəyinin canlı şahidi olacaqlarını, ölkəmizdəki seçkilərlə bağlı onlarda tam təəssürat yaranacağını bildirib.
Ölkəmizdə seçki ilə bağlı olaraq siyasi ab-havanın kifayət qədər yüksək olduğunu söyləyən Əli Əhmədovun sözlərinə görə, namizədlərin reklamları KİV-lərdə yerləşdirilib: “Doğrudur, yerli televiziya kanallarında təbliğat bir qədər zəif gedir. Bunun də səbəbi var. Belə ki, mövcud qanunvericiliyə görə, o siyasi partiyalar televiziyalarda reklam yerləşdirə bilərlər ki, onlar ölkə üzrə bütün seçki dairələrindən 60 faizində namizədlər irəli sürə bilsinlər. Bugünkü reallıq isə ondan ibarətdir ki, heç bir siyasi partiya belə bir nəticə göstərə bilmədi. Yalnız YAP belə bir nəticəyə malikdir. Odur ki, digər siyasi partiyalara qarşı ədalətsizlik olmasın deyə, biz də namizədlərimizin seçki öncəsi televiziya vasitəsilə reklamlarının verilməsindən imtina etdik”.
Əli Əhmədov daha sonra qeyd edib ki, Azərbaycandakı parlament seçkiləri kifayət qədər sayda xarici müşahidəçilər tərəfindən də izləniləcək. Onun sözlərinə görə, MDB ölkələri, bir sıra Avropa ölkələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar və QHT-lər seçkiləri izləmək üçün artıq öz nümayəndələrini göndəriblər.
“Yəqin, onu da bilirsiniz ki, bir sıra Avropa dövlətləri və təşkilatlar parlament seçkilərini izləməkdən imtina ediblər. Bu, ilk növbədə, ATƏT-dir - onlar müşahidəçi göndərməkdən imtina ediblər. Düzü, bizə hələ də müəmmalı qalıb ki, onlar hansı səbəbdən bu addımı atıblar. Hesab edirəm ki, onların müşahidə edib-etməməsinin parlament seçkilərinə heç bir ziyanı yoxdur. Parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə kifayət qədər xarici müşahidəçi gəlmişdir. Və qarşıdakı günlərdə də bu proses hələ davam edəcəkdir”, - deyə Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini həmçinin qeyd edib ki, budəfəki seçkilərə YAP “Yeni hədəflərə doğru!” şüarı ilə qatılıb. Bu, ilk növbədə, ölkəmizin iqtisadi inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb. “Bu çox böyük göstəricidir. Ölkə vətəndaşlarının yaşayış səviyyəsi xeyli yüksəlib, daha da yaxşılaşıb. Azərbaycanın siması, demək olar ki, tamamilə dəyişib. Bu dəyişikliyi siz təkcə paytaxt Bakıda deyil, bütün regionlarda hiss edə bilərsiniz. Ölkədə vətəndaşların yaşayış şəraiti, rifahı ildən-ilə yüksəlir. Bütün bunlar isə vətəndaşların əhval-ruhiyyəsinə, eyni zamanda, hakimiyyətə olan münasibətinə də müsbət təsir göstərir. Ölkə Prezidenti İlham Əliyevə xalq arasında böyük rəğbət vardır. Sözsüz ki, Prezidentimizə olan xalqın bu rəğbəti qarşıdan gələn seçkilərdə də hakim partiyanın namizədlərinin qazanacaqları səslərdə özünü büruzə verəcək. Partiyamızın ikinci seçki resursu isə ondan ibarətdir ki, ölkəmizdə baş verən bütün bu müsbət dəyişikliklər birbaşa seçicilərin - vətəndaşlarımızın həyatında, onların rifahının yüksəlməsində özünü göstərməkdədir. Seçkilərdə üçüncü əsas resursumuz isə, sözsüz ki, insan resursudur - partiyamızın çoxminli üzvləridir, təşkilati resurslarımızdır. Bildiyiniz kimi, YAP ölkənin ən böyük siyasi partiyasıdır və partiyanın üzvlərinin sayı təqribən 700 minə yaxınlaşır. Bu, Azərbaycan miqyasında çox böyük rəqəmdir. Sözsüz ki, onlar da partiyamızın namizədlərini dəstəkləyəcəklər. Bütün bunlar isə partiyamızın qarşıdakı seçkilərdə böyük qələbə qazanacağına əminlik yaradır.
Hesab edirəm ki, bu resurslarla biz 5 il əvvəlki parlament seçkilərində olduğu kimi, yenə də yüksək nəticə göstərə biləcəyik”, - deyə YAP-ın Sədr müavini-İcra katibi vurğulayıb.
Daha sonra Əli Əhmədov rusiyalı jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Rusiyalı jurnalistin Rusiya-Azərbaycan əlaqələrinin perspektivi ilə bağlı sualını cavablandıran Əli Əhmədov qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edib. Bunu Azərbaycana gələn hər bir Rusiya vətəndaşı aydın şəkildə görə bilər. “Azərbaycanın xarici siyasətində Rusiya vektoru çox mühüm əhəmiyyət kəsb edir. Rusiya bizim qonşumuzdur, bu ölkə ilə bütün sahələrdə çox yaxşı münasibətlərimiz vardır. İki ölkə arasında iqtisadi əməkdaşlıq kifayət qədər inkişaf edib. Bundan əlavə, siyasi və beynəlxalq müstəvidə də əməkdaşlığımız yüksələn istiqamətdə davam edir. Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı münasibətlər qurulub, humanitar sahədə, eləcə də mədəni və təhsil sahələrində də sıx əməkdaşlığımız mövcuddur. Biz ölkələrimiz arasında mövcud olan bu münasibətlərə çox böyük önəm veririk. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı daim inkişaf edir. Bu isə yaxın qonşumuz olan Rusiya ilə əməkdaşlığa çox böyük zəmin yaradır. Ümumilikdə götürsək, ölkələrimiz arasında əməkdaşlıq çox yüksəkdir və bu, mehriban qonşuluq münasibətlərinə söykənir”, - deyə Əli Əhmədov vurğulayıb.
YAP-ın proqramının digər siyasi partiyaların proqramlarından fərqi barədə sualını cavablandıran YAP-ın Sədr müavini-İcra katibi qeyd edib ki, bu, hər şeydən əvvəl partiyamızın geniş ictimai dəstəyə malik olması ilə bağlıdır. “İkinci tərəfdən isə YAP uzun illərdir ki, siyasi hakimiyyətdə təmsil olunur və ölkənin hakim partiyasıdır. Müstəqil Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Amma onlar daim bizi tənqid etməkdədirlər. Halbuki, özləri indiyədək ortaya hər hansı alternativ bir proqram qoya bilməyiblər. Onlar yalnız uzun illərdən bəri bir fikir səsləndirməkdədirlər ki, guya nə vaxtsa hakimiyyətə gələ bilsələr, xalq bugünkündən daha yaxşı yaşayacaq. Ancaq necə, hansı yolla, bunu heç özləri də bilmirlər. Bugünkü reallıq odur ki, xalq məhz Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir”, - deyə Əli Əhmədov vurğulayıb.
Bəzi dairələrin Azərbaycana qarşı apardıqları “qara piar” kampaniyası ilə bağlı suala cavabında isə Baş nazirin müavini bildirib ki, bir çox xarici qüvvələr var ki, onlar Azərbaycanın güclənən mövqeyinə qısqanclıqla yanaşdığından belə metodlarla ölkəmizi zəiflətməyə çalışırlar. Lakin belə üsullarla Azərbaycanı öz haqlı mövqeyindən, bugünkü inkişafından döndərmək heç cür mümkün deyil.
Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31