Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin iclasında 30-dan çox qanun layihəsi müzakirə olunub

Milli Məclisin iclasında 30-dan çox qanun layihəsi müzakirə olunub

07.10.2015 [10:10]

İclasda “Dini etiqad azadlığı haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlara da dəyişikliklər edilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda ilk olaraq bir sıra beynəlxalq sazişlər təsdiq olunub. Sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Konstitusiya qanununa dəyişikliklər edilib.
İclasda, həmçinin qeyd edilib ki, Azərbaycanda dini məlumatların yayılması sahəsinə nəzarət gücləndirilir, din sahəsində mütəxəssislərin hazırlanmasına diqqət artırılır. Bu məsələlər Milli Məclisin dünən keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna və “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.
“Dini etiqad azadlığı haqqında” qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti orqanı) edilməsi nəzərdə tutulan əlavəyə görə bundan sonra müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatları da ala biləcək.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, dini idarələrdən və digər dini qurumlardan zəruri məlumatları alır.
Qanunun adıçəkilən maddəsinə daha iki əlavənin edilməsi nəzərdə tutulur. Əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq yoxlamalar aparacaq.
Bundan başqa, din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kurslarını təşkil edəcək.
“Kütləvi informasiya vasitələri haqqında” qanunun 14-cü maddəsinə (Kütləvi informasiya vasitəsinin təsis edilməsi) edilməsi nəzərdə tutulan dəyişiklik isə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur.
Belə ki, maddəyə ediləcək əlavəyə görə bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.
Qeyd edək ki, Azərbaycanda dini sahəyə nəzarəti əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir və bu dəyişikliklər komitəyə yeni səlahiyyətlər verir. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən millət vəkili Rafael Cəbrayılov bildirib ki, dəyişikliklər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 2013-cü il 24 iyun tarixli Prezident Sərəncamının “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydalarının hazırlanması” və “İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması barədə” bəndlərinin icrası ilə əlaqədardır. Onun sözlərinə görə, bu düzəlişlər “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Narkoloji xidmət və nəzarət haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də şamil olunub. Əsas mahiyyət isə qanunların bir-birinə uyğunlaşdırılmasıdır.
Qanun layihələrinə təklif olunan düzəlişlərə münasibət bildirən deputat Elmira Axundova narkomaniyanı əsrimizin bəlası adlandırıb. Bu baxımdan da, sözügedən düzəlişlərin tətbiq edilməsini çox mühüm və aktual məsələ kimi qiymətləndirib.
Sonra Rafael Cəbrayılov “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, dəyişiklik texniki xarakter daşıyır. Belə ki, Əsasnamənin müvafiq bəndində yer alan “xalq təhsili” sözləri “hüquq, təhsil” sözləri ilə əvəzlənib. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev ölkəmizdə sosial müdafiə və sosial sığorta sahəsində 10 mindən çox insanın çalışdığını bildirib. Bu sahələrin çətin və məsuliyyətli olduğunu deyən millət vəkili təklif edib ki, “Tərəqqi” medalı təltif olunanların sırasına bu kateqoriyaya aid insanlar da daxil edilsinlər.
“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi də iclasın gündəliyində müzakirəyə çıxarılıb. Bildirilib ki, sözügedən qanuna təklif olunan düzəlişlər yeni deyil. Eyni dəyişiklik “Avtomobil yolları haqqında” qanuna da edilib. Qanuna təklif olunan dəyişikliklər, həmçinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 24 fevral tarixli Qanunun tətbiqi ilə əlaqədar edilir. Sənəddə qeyd olunur ki, yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılması qadağandır. Eyni zamanda, avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi də yolverilməzdir.
Gündəlikdə duran “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən isə avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər otuz manatdan əlli manatadək, hüquqi şəxslər yüz manatdan yüz əlli manatadək miqdarda cərimə edilirlər. Bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsini “Yol hərəkəti haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə təklif olunur.
Deputatlardan Elmira Axundova, Sabir Rüstəmxanlı, İlyas İsmayılov, Muxtar Babayev və İlham Əliyev dəyişikliklərlə bağlı öz fikir və təkliflərini bildiriblər. Təkliflərdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda “Polis haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Dəyişikliklər birinci Avropa Oyunları ərəfəsində qəbul edilən “Bədən tərbiyəsi və idman haqqında qanunda dəyişikliklər edilməsi barədə” 2015-ci il 28 aprel tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. “Polis haqqında” qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni əlavə edilən bəndə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.
Gündəlikdə olan digər məsələ “Özəl tibb fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi olub. Layihə barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verərək bildirib ki, dəyişikliklərin məqsədi “Özəl tibb fəaliyyəti haqqında” qanunun “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna uyğunlaşdırmaqdan ibarətdir. Çıxış edən millət vəkili Əhliman Əmiraslanov dəyişikliklərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
İclasda, həmçinin “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Milli arxiv fondu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirəyə çıxarılıb. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov bildirib ki, sözügedən qanun layihələrinə mahiyyət etibarı ilə eyni düzəlişlər edilib. Belə ki, müvafiq bəndlərdə “Milli Elmlər Akademiyası” “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat”la əvəzlənib.
Qeyd edək ki, parlamentin iclasında bütövlükdə 34 məsələ müzakirəyə çıxarılaraq qəbul olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31