Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / Hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir

Hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir

11.07.2026 [10:52]

Azərbaycan - Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Dünyada bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olan hansısa digər dövlətlərin adını çəkmək mümkün deyil. İki qardaş ölkə tarixdən gələn və dil, din, mənəviyyat eyniliyinə söykənən ənənələrinə böyük önəm verir və bu yaxınlığı daim qoruyub saxlamağa, daha da möhkəmlətməyə çalışırlar.

Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

Azərbaycanla Türkiyənin müxtəlif istiqamətləri əhatə edən münasibətlərində hərbi sahədə əməkdaşlıq xüsusi yer tutur. Bu sahədə əməkdaşlıq müxtəlif sənədlərlə təsbit olunub. Eyni zamanda, iki ölkənin hərbi sahədə dövlət qurumlarının rəhbər şəxsləri mütəmadi olaraq qarşılıqlı səfərlər edirlər. Yeri gəlmişkən, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib. “Baykar” şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.

Selçuk Bayraktar isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib. Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.

Müdafiə sənayesi sahəsində yüksək əməkdaşlıq mövcuddur

Ümumiyyətlə, iki ölkə arasında müdafiə sənayesi sahəsində yüksək səviyyəli əməkdaşlıq qurulub. Müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə indiyədək bir sıra sənədlər imzalanıb. Türkiyə hərbi texnika istehsalında böyük uğurlara imza atıb. Eyni zamanda, Azərbaycan da özünün müdafiə sənayesini inkişaf etdirir. Artıq ordumuzun müxtəlif döyüş sursatları ilə təminatının xeyli hissəsi məhz daxili istehsal hesabına həyata keçirilir. Qardaş ölkə ilə birgə müdafiə sənayesi müəssisələrinin qurulması da müsbət nəticələr verir.

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq strateji müttəfiqlik səviyyəsində - Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq  yüksək templə inkişaf edir. Bu tərəfdaşlıq hərbi-texniki potensialın gücləndirilməsinə və birgə istehsal imkanlarının genişləndirilməsinə xidmət edir. Münasibətlərin hüquqi və siyasi əsası 2021-ci ildə imzalanmış və hərbi-müdafiə sahəsində birgə fəaliyyəti tənzimləyən Şuşa Bəyannaməsi ilə müəyyən edilib. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin qabaqcıl şirkətləri, xüsusilə “Baykar”  şirkəti arasında birgə layihələr həyata keçirilir. Pilotsuz uçuş aparatları (PUA), radioelektron mübarizə vasitələri və insansız sistemlərin tətbiqi əsas müzakirə və inkişaf mövzularındandır. Tərəflər hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək üçün yüksək səviyyəli səfərlər və görüşlər həyata keçirir. Bu əlaqələr regionda təhlükəsizliyin və iki qardaş ölkənin hərbi qüdrətinin artırılmasında əsas rol oynayır. Ölkəmizdə “Bayraktar Teknoloji Azərbaycan” MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsal etməsi də əməkdaşlığın bariz göstəricisidir. Müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir. “Bayraktar Teknoloji Azərbaycan”a Sumqayıt Sənaye Parkının rezidenti statusu ötən ilin may ayında verilib. “Bayraktar” PUA-sı İkinci Qarabağ müharibəsində ordumuzun qələbə qazanmasında vacib rol oynayan hərbi texnika olduğunu sübut edib.

Hazırda dünyada elə bir vəziyyət yaranıb ki, beynəlxalq hüquq və prinsiplər bir çox hallarda işləmir. Buna görə də ölkələr öz suverenliyini daxili gücü və müttəfiqlərinin dəstəyi ilə qorumaq məcburiyyətindədirlər. Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı isə həm bu ölkələrin özləri, həm də bütövlükdə region üçün mühüm aktuallıq daşıyır. Hər iki ölkə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.

Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturu formalaşdırılıb, o cümlədən də komando birlikləri yaradılıb. Ölkəmizin Türkiyə ilə hərbi təhsil sahəsində əməkdaşlığının önəmini xüsusi qeyd edə bilərik. 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində yaxşı nəticələr qazanıblar. İndiyədək minlərlə azərbaycanlı gənc qardaş ölkənin Silahlı Qüvvələrində təcrübə keçiblər, bir sıra nadir ixtisaslara yiyələniblər və müxtəlif növ müasir silahların sirlərini öyrəniblər. Silahlı Qüvvələrimizin yenidən təşkilinə kömək məqsədilə hər il müəyyən kvotalar daxilində azərbaycanlı hərbi qulluqçular Türkiyədə təhsil almağa göndərilir. Təcrübə mübadiləsi baxımından Azərbaycandan və Türkiyədən olan hərbçilərin birgə təlimlərə cəlb olunmaları da çox əhəmiyyətlidir.

Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq xüsusi yer tutur

Hərbi əməkdaşlıq sahəsində uzun illər ərzində qazanılan təcrübə, eləcə də 2002-ci il mayın 14-də imzalanan  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı. Yəni, Şuşa Bəyannaməsi əslində, sözügedən sənədin məntiqi davamı hesab oluna bilər. Qars Müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31