Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xədicə İsmayılovanın cinayətləri şahid ifadələri və faktlarla sübuta yetirilib

Xədicə İsmayılovanın cinayətləri şahid ifadələri və faktlarla sübuta yetirilib

28.08.2015 [09:58]

İstər Tural Mustafayevi ölüm həddinə çatdırma, istərsə də iqtisadi xarakterli ittihamlar məhkəmədə təsdiqlənib
Xəbər verildiyi kimi, bir sıra cinayətlərdə ittiham edilən, ölüm həddinə çatdırılma, eləcə də, qanunsuz sahibkarlıq, vergidən yayınmada və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılaraq məsuliyyətə cəlb olunan Xədicə İsmayılovanın məhkəməsi davam edir. Şahid ifadələri və faktlarla sübuta yetirilən ittihamlar X.İsmayılovanın qeyri-qanuni əməllərinin üzərinə işıq salır.
Vurğulamaq lazımdır ki, X.İsmayılovanın kimliyi, indiyə qədər yol verdiyi qeyri-qanuni əməllər zaman-zaman istər KİV-in, istərsə də ictimai-siyasi kuluarların müzakirə obyektinə çevrilib. Belə ki, onun maddi təminat qarşılığında antimillli fəaliyyətlə məşğul olması, ermənilərlə işbirliyi yaratması, hətta bir müddət rəhbərlik etdiyi “Azadlıq” radiosunun Bakı bürosunda yol verdiyi iqtisadi maxinasiyalar artıq faktlarla sübuta yetirilir. Bundan başqa, KİV-də yayılan istintaq materiallarından da görünür ki, ona qarşı irəli sürülən ölüm həddinə çatdırma maddəsi də təsdiqini tapır.
Aynurə İmranova istintaqa verdiyi ifadədə T.Mustafayevlə X.İsmayılovanın yaxın əlaqələrini təsdiqləyib
Qeyd edildiyi kimi, X.İsmayılovanın Tural Mustafayevi ölüm həddinə çatdırması faktı məhkəmədə şahidlərin ifadələri ilə öz təsdiqini tapıb. KİV-də yayılan məlumatlarda da göstərilir ki, X.İsmayılovanın T.Mustafayevlə yaxınlığı olub və təqsirləndirilən şəxsin etiraz etməsinə baxmayaraq bu fakt sübuta yetirilib. Hətta özünü X.İsmayılovanın yaxını kimi qələmə verən şəxslər belə X.İsmayılovanın T.Mustafayevlə münasibətlərinin olduğunu, sonradan isə pozulduğunu təsdiqləyiblər. Məsələn, Aynurə İmranova istintaqa bildirib ki, X.İsmayılova ilə Turalın münasibətlərinin 09 mart 2014-cü ildən rəfiqəsi Rövşanə Rəhimova ilə tanış olandan sonra pozulduğunu və həmin gün Xədicənin evlərində Turalla mübahisə edərək onu evdən qovduğunu eşidib.
X.İsmayılova rəhbərlik etdiyi “Azadlıq” radiosunun Bakı bürosunun kənar maliyyə qaynaqlarından əldə etdiyi vəsaitləri mənimsəyib...
O ki qaldı X.İsmayılovanın yol verdiyi iqtisadi cinayətlərə, bu da məhkəmədə istər şahidlərin ifadələri ilə, istərsə də vergi mütəxəssislərinin rəyi ilə təsdiqlənib. Vurğulamaq yerinə düşər ki, X.İsmayılovanın iqtisadi qanunsuzluqları ilə bağlı materiallar da zaman-zaman müzakirə obyekti olub. Qeyd edək ki, X.İsmayılovanın “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik etdiyi zamanlarda yol verdiyi iqtisadi maxinasiyalar elə radionun əməkdaşları tərəfindən açıqlanmışdı. Daha doğrusu radionun keçmiş əməkdaşının müraciəti əsasında “Azadlıq” radiosunda aparılan yoxlamalar zamanı bəlli olmuşdu ki, Bakı bürosunda iş prinsipləri pozulub, nizamnaməyə əməl edilməyib. Məhz edilən şikayət əsasında Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxmışdı. Radionun nizamnaməsinə zidd olaraq kənar maliyyə cəlb edilməsi isə X.İsmayılovanın nə qədər “təmiz” olduğunu bir daha sübut edir. Yəni araşdırmalar zamanı ortaya çıxıb ki, radionun Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. Bütün bu baş verənlər isə X.İsmayılovanın birbaşa antimilli mərkəzlərlə əlbir olaraq Azərbaycanın milli maraqlarına qarşı pullu xidmətlər göstərdiyini bir daha ifşa edərək ortaya çıxarır.
Ermənilərlə işbirliyində olan X.İsmayılova ədalət mühakiməsindən qaça bilmədi...
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dövlətinə və xalqına qarşı hər zaman düşmən münasibət göstərən xəyanətkarlar dəstəsinin başında gələn adlardan birinə çevrilmiş Xədicə İsmayılova uzun illərdir bütün fəaliyyətini milli maraqlarımıza qarşı kökləyib. Eyni zamanda, bu şəxsin “Azadlıq” radiosunun Bakı bürosuna rəhbər təyin olunmasından sonra sözügedən KİV açıq-aşkar Azərbaycana qarşı düşmənçilik yolu tutdu. Xarici maliyyənin təsiri ilə bütün fəaliyyətini Azərbaycana qara yaxmağa həsr edən bu şəxsin hansı əməllərin daşıyıcısı olduğu, kimliyi, fəaliyyəti, o cümlədən, digər məsələlər haqda danışmağa hacət qalmır. Yəni, ermənilərlə eyni səfdə dayanan, Xocalı faciəsini törədən vəhşilərə qoşulan, erməni qanadını yorğan edib üstünə örtməyə çalışan belələri Vətəni, millətlərini satmaq üçün bir göz qırpımını belə əldən qaçırmırlar.
Bir sözlə, görünən budur ki, X.İsmayılovanın yalançı “hay-küyü” məhz cinayətlərini ört-basdır etməyə hesablanıb. Lakin bütün bu cəhdlər əbəsdir. Yəni hətta məhkəmə prosesini pozmaq üçün də cəhdlər göstərən, şahidlərin sözünü kəsərək, məhkəməyə qarşı hörmətsizlik nümayiş etdirərək “nəyəsə nail olacağını” düşünən X.İsmayılova artıq qanundan qaça bilməyəcəyini anlamalıdır. Çünki Azərbaycanda qanun qarşısında hər kəs bərabərdir və heç bir cinayət cəzasız qalmır...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31