Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə sıx əməkdaşlıq edir

Azərbaycan Avropa İttifaqı ilə bir çox sahələrdə sıx əməkdaşlıq edir

25.07.2015 [10:46]

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov KİV-ə müsahibə verib:
- Novruz müəllim, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinin nəticələrini necə dəyərləndirirsiniz?
- Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa əlaqələri baxımından mühüm hadisələrdən biri idi. Bu səfər, əslində, ilk Avropa Oyunları zamanı baş tutmalı idi. Ancaq həmin ərəfədə Yunanıstanla bağlı gərgin vəziyyət yarandı, böhranla əlaqədar Avropa İttifaqına üzv dövlətlərin toplantısı oldu. Bu səbəbdən Azərbaycan tərəfinə səfərin təxirə salınması ilə bağlı məlumat verildi.
Onu da diqqətə çatdırmaq istəyirəm ki, bu ilin əvvəlindən Qərb strukturları ilə Azərbaycan arasında bir sıra məsələlərə yanaşmada fərqli mövqe müşahidə edilirdi. Azərbaycan müstəqillik qazandığı müddətdən bəri Avropa dövlətləri ilə strateji sahələrdə ən uğurlu və sıx əməkdaşlıq edən ölkədir. Postsovet məkanındakı dövlətlər sırasında Avropa dövlətləri ilə bu səviyyədə əməkdaşlıq edən ikinci ölkə göstərmək olmaz. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr regionun sabitliyinə və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verib. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində terrorizmə qarşı effektiv mübarizə aparır, Avropa strukturları ilə dünyanın müxtəlif yerlərində sülhyaratma missiyası çərçivəsində uğurlu əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycan Avropa İttifaqı ilə siyasi və bir çox sahələrdə də sıx əməkdaşlıq əlaqələrinə malikdir. Amma bu ilin əvvəlindən bizim Avropa strukturlarına açıq, səmimi və daha prinsipial formada iradlarımız olub. Biz deyirik ki, əgər strateji sahələrdə belə əməkdaşlıq ediriksə, sizdən bunu dəyərləndirən adekvat münasibət gözləyirik, amma çox təəssüf ki, uzun müddətdir ki, bu münasibəti görə bilmirik. Həmçinin, Avropa strukturlarına münasibətdə kiçik bir irad deyəndə özünü fəal adlandıran müxalifətçilər, QHT-lər kəskin reaksiya verirlər. Onlar unutmasınlar ki, Azərbaycan vətəndaşıdırlar. Onlar Avropa strukturlarından bu müddət ərzində Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi tələb etməyiblər, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması barədə indiyə qədər heç bir söz deməyiblər.
Yeri gəlmişkən, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərbdən, Avropa strukturlarından beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Təəssüf ki, onlar bunu etmirlər, edə bilmirlər. Biz Vilnüs sammitində Assosiasiya sazişinə qoşulmadıq. Bizi tənqid edirdilər, amma həmin tənqidçilərdən biri də demədi ki, Assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyü göstərilmir. Necə olur ki, Moldova, Ukrayna ilə Assosiasiya sazişində bu göstərilir? Bunu həmin QHT-lər və ya “ictimai fəal” adlandırılanlar demədilər.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində ardıcıl addımlar atılır, müstəqil siyasət uğurla davam etdirilir. Məhz son zamanlar baş verən proseslərin fonunda Qərb ölkələri anladılar ki, Azərbaycana başqa ölkələr kimi fərqli, qeyri-adekvat münasibət göstərə bilməzlər. Avropa İttifaqı Şurasının prezidentinin səfəri də bunun göstəricisi idi. Məhz Donald Tusk etiraf etdi ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. O, həm də bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qeyd edim ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşlərdə əsas müzakirə olunan məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi oldu. Vurğuladığım kimi, D.Tusk Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini bəyan etdi. Biz Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərlə bağlı daim ədalətli mövqe gözləyirik.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kasprşiki qəbul etdi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Necə düşünürsünüz, bu səfərdən sonra münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail olmaq mümkün olacaq?
- Ümumiyyətlə, hələ ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində mühüm, nəzərəçarpan irəliləyiş yoxdur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin də regiona son səfəri, əslində, elə bununla bağlıdır. Müəyyən addımlar atılır, amma hələlik onların ortaya çıxardığı bir nəticə yoxdur. Məhz belə bir şəraitdə həmsədrlər regiona səfər etdilər və səfər zamanı belə bir iradə nümayiş etdirdilər ki, tezliklə xarici işlər nazirlərinin, prezidentlərin görüşünü təşkil etsinlər və bəlkə, onda irəliyə mühüm bir addım atıla bilər. Azərbaycan tərəfi görüşlərdən heç vaxt imtina etməyib və etmir. Amma Azərbaycan dövlətinin konkret mövqeyi var: belə görüşlər imitasiya xarakteri daşımasın, konkret nəticəyə hesablansın. Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Ermənistan başa düşməlidir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla onların gələcəyi yoxdur.
- Bir çox hallarda Azərbaycana qarşı ikili standartların şahidi oluruq. Təbii ki, bu cür hallar qəbuledilməz olmaqla yanaşı, ikitərəfli və çoxtərəfli münasibətlərin mahiyyətinə ziddir. Buna münasibətiniz necədir?
- Müstəqil siyasət həyata keçirən Azərbaycanda sabitlik, təhlükəsizlik qorunub saxlanmaqdadır. Eyni zamanda, dinamik inkişaf davam etməkdədir. Bütün bunlar bizim tarixi nailiyyətlərimizdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz bu amillər bəzi dairələri qıcıqlandırır, bizə qarşı qeyri-adekvat yanaşma ortaya qoyulur. Belə bir şəraitdə işğalçı Ermənistana dəstək verilir və işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoyulmursa, biz buna sakit yanaşa bilmərik. Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı Avropanın nüfuzlu qəzetlərində məqalələr yazılırsa, niyə qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı Avropa və Amerika qəzetlərində belə məqalələr tapmaq olmur?
Doğrusu, ikili standartlara söykənən belə mövqe başa düşülən deyil və müstəqil Azərbaycan bu cür cəhdləri qəbul etmir, öz inkişaf yolunda irəliləyir, milli maraqlara uyğun daxili və xarici siyasət həyata keçirir.
Nurlan QƏLƏNDƏRLİ

 
Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31