Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan müstəqil daxili və xarici siyasət kursuna malikdir

Azərbaycan müstəqil daxili və xarici siyasət kursuna malikdir

25.07.2015 [10:25]

Prezident İlham Əliyev: Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır
Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Ümumilikdə, müstəqil Azərbaycanın strateji inkişaf paradiqmaları çoxşaxəlidir. Bu paradiqmalar özündə kompleks məsələlər və istiqamətləri ehtiva edir.
Rasional iqtisadi siyasət dövlətimizin müstəqilliyini möhkəmləndirən amil kimi...
Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Ümumiyyətlə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası istiqamətində və digər bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Bütövlükdə isə, paralel islahatların aparılması milli inkişafa, o cümlədən, dinamik iqtisadi tərəqqiyə fundamental töhfələr verir. Yeri gəlmişkən, iyulun 21-də milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, siyasi islahatlar iqtisadi islahatlarla da dəstəklənməlidir: “Çünki əks təqdirdə uğurlarımız yarımçıq olar. Bildiyiniz kimi, iqtisadi sahədə də islahatlar aparılır. Bu gün bütün dünyada, bölgədə yaşanan böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, insanların rifah halı yaxşılaşır və Azərbaycan öz taleyini özü müəyyən edir. Hesab edirəm ki, bu, bizim ən böyük sərvətimizdir”.
Daxili siyasət sahəsində həyata keçirilən tədbirlər milli dövlətimizin qüdrətinin artmasında ifadə olunur
Sadalananlarla yanaşı, daxili siyasət sahəsində həyata keçirilən digər tədbirlər də milli dövlətimizin qüdrətinin artmasında ifadə olunur. Məsələn, Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisi sənaye sektorunun intensiv inkişafına mühüm töhfələr verib. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə, maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb.
Daxili siyasət sahəsində həyata keçirilən tədbirlərdən bəhs edərkən toxunulması lazım olan mühüm məsələlərdən biri də korrupsiyaya və rüşvətxorluğa qarşı prinsipial mübarizənin davam etdirilməsidir. Effektiv inzibati tədbirlərin görülməsi sayəsində korrupsiyanın meydanının daraldılması və bu cür neqativ hallara yol verən şəxslərin cəzalandırılması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Onu da qeyd etmək lazımdır ki, “ASAN xidmət”in səmərəli fəaliyyət göstərməsi də korrupsiya və rüşvət hallarına son qoyulması baxımından əhəmiyyətli olub.
Bunlarla yanaşı, müasir Azərbaycanın dinamik inkişafı kontekstində müstəqilliyimizi gücləndirən mühüm amillərdən biri də həyata keçirilən uğurlu sosial siyasət kursudur. Ümumiyyətlə, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir.
Beləliklə, görünən odur ki, Azərbaycanın dinamik inkişafı, xüsusilə də sosial-iqtisadi siyasət nəticəsində əldə edilmiş nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir. Əminliklə demək olar ki, müəyyən olunmuş strateji kursun yeni dövrün çağırışlarına müvafiq surətdə uğurla davam etdirilməsi qarşıdakı illərdə də kompleks nailiyyətlərin əldə edilməsini şərtləndirəcək.
Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənməkdədir
Həyata keçirilən səmərəli xarici siyasət kursu da dövlətimizin qüdrətini artıran əhəmiyyətli faktor kimi çıxış edir. Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu dövlət kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun təhlükəsizliyinə və inkişafına fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.
Müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlardır. Təsadüfi deyil ki, ötən müddət ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verib. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır.
Digər tərəfdən, xarici siyasət sahəsində əldə edilən göstəricilər həm də onu deməyə əsas verir ki, həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Ümumiyyətlə, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Nəticə etibarilə, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim beynəlxalq mövqelərimiz kifayət qədər möhkəmdir. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır və beynəlxalq aləmdə Azərbaycanın çox gözəl nüfuzu vardır. Əgər belə olmasaydı, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçməzdi”.
Beləliklə, Azərbaycanın xarici siyasəti həyata keçirilən səmərəli daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Reallaşdırılan uğurlu xarici siyasətin fonunda həm də Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də, ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunması, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsidir. Məhz buna paralel olaraq ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına da təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir.
Xalq-iqtidar birliyi Azərbaycanın milli güc komponenti kimi...
Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir.
Bunlarla yanaşı, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizmə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi sayəsində ölkəmiz artıq hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətdir.
Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı onu da qeyd edib ki, cəmiyyətimiz vahid maraqlar, xalqımız milli ideyalar ətrafında birləşib: “Biz hamımız çalışırıq və çalışacağıq ki, ölkəmizi daha da gücləndirək, Azərbaycan xalqının daha da yaxşı rifahını təmin edək”.
Azərbaycanın strateji kursunun əsasında müstəqillik prinsipi dayanır
Göründüyü kimi, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın həqiqi mənada müstəqil dövlət olması müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları tərəfindən mütləq surətdə qəbul edilir. Qeyd etdiyimiz kimi, 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə uğurla sədrlik etməsi, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddətini müvəffəqiyyətlə başa vurması ölkəmizin artan siyasi nüfuzundan xəbər verir.
Azərbaycana qarşı “qara piar” kampaniyası iflasa məhkumdur
Bütün bunlara rəğmən, bəzi hallarda Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də, mötəbər beynəlxalq tədbirlər ərəfəsində ölkəmizin nüfuzuna zərbə vurmaq istəyən qüvvələr transmilli media vasitəsilə “qara piar” kampaniyasına istinad edirlər. Biz bunu ilk Avropa Oyunları ərəfəsində də müşahidə etdik. Proseslərin gedişatı göstərdi ki, kampaniyanın arxasında islamofob, ermənipərəst və anti-Azərbaycan dairələr, o cümlədən, erməni lobbisi durur. Bu proseslərin fonunda Qərbdəki müəyyən dairələr Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş etdirdilər. Aydın oldu ki, “demokratiya”, “insan hüquqları” kimi məfhumları istismar mexanizminə çevirən həmin qüvvələr müstəqil siyasət həyata keçirən Azərbaycanın suveren mövqeyini, davamlı nailiyyətlərini həzm edə bilmirlər. Onlar müxtəlif anti-Azərbaycan dairələrlə sinxron hərəkət etməklə yanaşı, “beşinci kolon”un da xidmətlərindən istifadə etməyə çalışırlar. Prezident İlham Əliyev bu məsələlərə də toxunaraq bildirib ki, bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməmişdir və heç vaxt etməyəcəkdir: “Çünki bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır. Bu gün Azərbaycan siyasəti xalqın iradəsinə söykənir. İstər daxili, istər xarici siyasət məsələlərində əsas amil budur”.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, əlbəttə ki, biz öz yolumuzdan dönməyəcəyik və ölkəmizi uğurla inkişaf etdirəcəyik: “Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik”.
Nəticə etibarilə, həmin dairələr nəzərə almalıdırlar ki, Azərbaycanın öz inkişaf yolu var və ölkəmiz hər hansı bir qurum və ya ölkədən asılı deyil, müstəqil siyasi iradə əsasında daxili və xarici strateji kursunu davam etdirir. Ölkəmiz əleyhinə qərəzli bəyanatların verilməsi, transmilli media vasitəsilə “qara piar” kampaniyasının aparılması kimi vasitələr isə təsir qüvvəsinə malik deyil. Çünki müstəqil siyasət həyata keçirən Azərbaycan bütün hallarda öz inkişaf yolunda irəliləyir və anti-Azərbaycan dairələrin bu cür neqativ cəhdləri iflasa məhkumdur. Eyni zamanda, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək mümkün deyil. Bu səylər nə Azərbaycanın beynəlxalq mövqeyinə, nə də uğurlu xarici siyasətinə təsir edə bilər. Dəfələrlə qeyd edildiyi kimi, yaxşı olar ki, regional güc mərkəzi kimi çıxış edən Azərbaycana qarşı adekvat yanaşma ortaya qoyulsun, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əməl edilsin.
Nurlan QƏLƏNDƏRLİ

 
Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31