Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini daha da artırmalıdır

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini daha da artırmalıdır

17.02.2015 [12:33]

Milli Məclisdə Azərbaycan-ABŞ münasibətləri ilə bağlı dinləmələr keçirilib
Məlum olduğu kimi, xarici ölkələrlə bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində qurulan əlaqələrin inkişafı Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindəndir. Ölkəmiz milli maraqlar çərçivəsində dünyanın bütün aparıcı beynəlxalq təşkilatları ilə, o cümlədən, böyük dövlətlərlə münasibətlər qurur, əlaqələrini genişləndirir və inkişaf etdirir. Azərbaycan-ABŞ münasibətləri də bu kriteriyalara söykənir. Bu gün ABŞ-la Azərbaycan strateji tərəfdaş olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksəksəviyyəli münasibətlər mövcuddur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən uğurlu daxili-xarici siyasət kursu, əldə olunan iqtisadi nailiyyətlər Azərbaycanın dünyanın aparıcı dövlətlərinin əsas diqqət mərkəzində olmasına zəmin yaradıb. ABŞ-Azərbaycan münasibətlərinin də inkişafını şərtləndirən əsas məqamlardan biri Azərbaycanın karbohidrogen ehtiyatları, həmçinin, bu ehtiyatların daşındığı əsas tranzit ölkəsi olmasıdır. Regionun ən güclü və nüfuzlu dövləti olan Azərbaycanla münasibətlərin inkişaf səviyyəsi və tendensiyası daim rəsmi Vaşinqtonun diqqət mərkəzindədir.
Çox təəssüf ki, ABŞ-dakı müəyyən dairələr bir sıra hallarda ölkəmiz haqqında qeyri-obyektiv, qərəzli fikirlər səsləndirirlər. Fevralın 14-də Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Azərbaycan-ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələrində də bu məsələlər müzakirə olunub. Dinləmələrdə Milli Məclisin deputatları ilə yanaşı, bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ekspertlər iştirak ediblər.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dinləmələrdə çıxış edərək ölkəmizlə ABŞ arasındakı əlaqələrin tarixindən danışıb. Bildirib ki, Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsaslanır və bu istiqamətdə inkişaf edir. İki ölkə arasında əlaqələr 1994-cü ildən yeni mərhələyə qədəm qoyub. “Əsrin müqaviləsi”nin imzalanması və Birləşmiş Ştatların o vaxtkı Prezidenti Bill Klintonun bunun reallaşmasına dəstəyi rəsmi Vaşinqtonun Azərbaycana necə önəm verdiyini göstərdi. Qeyd olunub ki, 2001-ci ilin sentyabrında ABŞ-da törədilən terror hadisəsindən sonra Azərbaycan Birləşmiş Ştatlara tam dəstəyini ifadə etdi. Bu gün də beynəlxalq antiterror koalisiyasında Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə mübarizə aparırlar. Azərbaycanın terrorizmə qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi dəstək verməsini nəzərə alsaq, bu, münasibətlərimizin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir.
Təbii ki, belə yüksək səviyyədə formalaşmış münasibətlərlə yanaşı, Azərbaycanın da ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası Birləşmiş Ştatların Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olmasına münasibətidir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini daha da artırmalıdır.
ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyəti əlaqələrimizə ciddi təsir edən amildir. Vaxtilə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-ın Minsk qrupunun tərkibinə daxil edilməsi üçün böyük iş görülüb ki, bu qurumun daxilində obyektivlik, balanslaşdırılmış düzgün siyasət daha qabarıq şəkildə özünü göstərsin. Bununla yanaşı, rəsmi Bakı ABŞ-dan Azərbaycana selektiv yanaşmanın, ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyir. Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və digər vacib qurumlarda özünə münasibətdə beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini də gözləməkdədir.
Tədbirdə “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Vüqar Bayramovun “Enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq: qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirovun “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın iştirakı: imkanlar və gözləntilər”, Milli Məclisin deputatı Çingiz Qənizadənin “ABŞ-da insan hüquqlarının təmin olunması: qanunvericiliyin tələbləri və real durum” mövzularında məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Parlamentin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, deputatlar Elmira Axundova, Asim Mollazadə, Qənirə Paşayeva, Zahid Oruc, Fəzail Ağamalı, Azay Quliyev, Yevda Abramov, Sabir Rüstəmxanlı, Rasim Musabəyov və başqaları, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərləri müzakirələrdə çıxış edərək son vaxtlar ABŞ-ın Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmasının strateji əlaqələrimizin ruhuna, eləcə də Birləşmiş Ştatların ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətinə zidd olduğunu söyləyiblər. Bildirilib ki, ABŞ həmsədr kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Azərbaycan-ABŞ münasibətləri strateji əhəmiyyət daşısa da, bu əlaqələr yalnız bir tərəfin iştirakı ilə mümkün olmur. Strateji əməkdaşlıq bir tərəfin addımları ilə tamamlanmır, bu, qarşılıqlı şəkildə olmalıdır. Qeyd edilib ki, bu gün demokratiya, insan hüquqlarından ayrı-ayrı ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir. İnsan hüquqları ümumbəşəri dəyərlərdir və Azərbaycan bu məsələdə və digər demokratik dəyərlərə görə dünya ölkələrinə nümunə ola bilər. Ölkəmizdə bu istiqamətdə mühüm islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı xüsusi qeyd edilməlidir. Belə proqramlar çox az ölkələrdə həyata keçirilir. Azərbaycan beynəlxalq dəyərlərə, insan haqlarına, demokratiyaya söykənən prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir və etdirəcək. Bu yolda heç bir qüvvə ölkəmizə mane ola bilməz.
Beləliklə, bu gün ABŞ-da Azərbaycanla bağlı formalaşan mənfi fikirlər tam subyektiv və qərəzli xarakter daşıyır. ABŞ-ın Azərbaycana qarşı qeyri-obyektiv münasibəti əlaqələrimizin inkişafına mənfi təsir göstərir. Buna görə də Birləşmiş Ştatların Azərbaycana münasibətdə dəyişiklik etməsi zəruridir. ABŞ Azərbaycana münasibətində yalnız öz maraqları çərçivəsində çıxış etməlidir, ölkəmizi istəməyən qüvvələrin, xüsusilə də erməni lobbisinin maraqlarını kənara qoymalıdır. Azərbaycan indiyədək ABŞ ilə münasibətlərə zərər verə biləcək heç bir addım atmayıb. Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyə sadiq qalıb. Rəsmi Vaşinqton da Azərbaycan ilə strateji əməkdaşlığa əsaslanan normal münasibətləri davam etdirməlidir. Bu, hər iki tərəfin mənafeyinə uyğundur.
Dinləmələrdə çıxış edənlər Azərbaycanın üzləşdiyi əsassız təzyiqlərin, ikili standartların və digər ədalətsizliklərin ölkə ictimaiyyətinin də haqlı narazılığına səbəb olduğunu bildiriblər. Azadlığa Dəstək Aktına 907-ci düzəlişin hələ də ləğv edilməməsinin, Konqresin qondarma “Dağlıq Qarabağ respublikası”na hər il maliyyə yardımı ayırmasının, işğalçı Ermənistana sanksiya tətbiq edilməməsinin bu cür ədalətsizliklərə bariz nümunə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Minsk qrupunun həmsədri olan bir ölkənin separatçıya yardım etməsi qeyri-düzgün addımdır. Bütün bunların arxasında, təbii ki, erməni lobbisi, Azərbaycanı istəməyən qüvvələr dayanır. Bu da ABŞ-ın regionda siyasətinə, onun özünün maraqlarına təhlükələr yaradır.
Bu gün Azərbaycanda bütün demokratik dəyərlər ən yüksək səviyyədə həyata keçirilir və ölkəmizin müstəqil siyasət yürütməsini, iqtisadi baxımdan daha da güclənməsini, dünyada söz, nüfuz sahibinə çevrilməsini istəməyən bəzi qüvvələrin bu dəyərlərdən təzyiq kimi istifadə edib Azərbaycanın inkişafına mane olmaq cəhdləri heç bir nəticə verməyəcək. Bu cür ədalətsizliklər ölkəmizin milli maraqlara söykənən müstəqil siyasətinə təsir göstərə bilməz. Dinləmələrdə çıxış edənlər ABŞ-ı Azərbaycana münasibətdə ikili standartları aradan qaldırmağa, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 639 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31