Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb

Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb

29.01.2015 [10:02]

Əli Həsənov: Xaricdəki bəzi maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanın QHT sektoru dünyada ən nümunəvi sektorlardan biridir
Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması da məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və praktiki dəstəklə bağlıdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə dövlət başçısı İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir. Son 20 ildə ölkəmizdə üçüncü sektorun əhəmiyyətli inkişaf yolu keçdiyi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı keçirdiyi hesabat konfransında bir daha nəzərə çatdırılıb.
QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan cəmiyyətində öz yerini təsdiqləyib
Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Hazırda ölkəmizdə 3000-dək QHT-nin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında Azərbaycanın vətəndaş cəmiyyəti sektorunun dünyada ən nümunəvilərdən biri olduğunu nəzərə çatdırıb: “Qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xaricdəki bəzi maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanın QHT sektoru dünyada ən nümunəvi sektorlardan biridir. Ölkəmizdə siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə heç bir fərq qoyulmadan bütün QHT-lərə müraciət etdikləri sahə üzrə qrant verilir”.
Heç şübhəsiz, son illərdə ölkəmizdə üçüncü sektorun aktivliyinin nəzərəçarpacaq dərəcədə artmasında dövlətin vətəndaş cəmiyyəti institutlarının təşkilatlanmasına verdiyi dəstək önəmli rol oynayıb. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Ötən yeddi ildə bu qurum tərəfindən Azərbaycanın vətəndaş cəmiyyətindən gələn təşəbbüslər fəal şəkildə dəstəklənib və istər respublika daxilində, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycanın milli-ictimai maraqlarına xidmət edən çoxlu sayda layihənin reallaşdırılmasına maliyyə yardımı göstərilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Əli Həsənovun vurğuladığı kimi, QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərdiyi yeddi ildə Azərbaycan cəmiyyətində artıq öz yerini təsdiqləyib. 2008-2014-cü illər ərzində Şura tərəfindən layihələrə 20 milyon manatdan artıq vəsaitin xərclənməsi də bunu sübut edir. Şura Azərbaycan Prezidentinin onun qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində səmərəli fəaliyyət göstərib.
Konfransda vurğulandığı kimi, 2014-cü ildə yerli QHT-lərin 386 layihəsinin həyata keçirilməsi üçün Şura tərəfindən 3 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib, 13 xarici ölkədə 27 layihə icra olunub. Həyata keçirilən layihələr çərçivəsində 640 təlim, 287 seminar təşkil edilib, 8 film, 5 sayt hazırlanıb. Ümumilikdə, Şuranın həyata keçirdiyi layihələrdən 175 mindən çox insan faydalanıb.
Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlət siyasətinə ictimai dəstəyin təmin olunması QHT-lərin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edib
Məlumdur ki, hazırda müstəqil Azərbaycanın qarşısında duran ən ağrılı problem Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan dövləti xalqımızın xoş məramını əsas tutaraq münaqişənin sülh yollu ilə həllinə nail olmaq üçün əməli səylər göstərir və daim konstruktiv mövqe ortaya qoyur. Əlamətdar haldır ki, ölkənin vətəndaş cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dövlətinin yürütdüyü siyasətə öz geniş dəstəyini nümayiş etdirir. Yuxarıda haqqında bəhs olunan konfransda bildirildiyi kimi, Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətinə ictimai dəstəyin təmin edilməsi ən aktual mövzulardan biri kimi 2014-cü ildə də QHT-lərin fəaliyyətində başlıca yeri tutub. Belə ki, QHT-lər Avropanın müxtəlif şəhərlərindəki ali təhsil müəssisələrində “Qarabağ” guşələri yaradıb, bununla da Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verib. Şura həmçinin 2014-cü ildə Azərbaycan mədəniyyətinin dünyada təbliği, eləcə də Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin bir sıra layihələrini dəstəkləyib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Şuranın dəstəyi ilə “Şuşaya azadlıq” kampaniyasına start verilməsi də təqdirəlayiq haldır.
Azərbaycanın maraqlarından çıxış etməyən QHT-lər ictimai qınaqla qarşılanmalıdır
Təəssüf doğuran haldır ki, xaricdəki bəzi dairələr, eləcə də, ayrı-ayrı QHT-lər ölkəmizdəki demokratik mühitdən, üçüncü sektorun inkişafına yaradılan əlverişli şəraitdən sui-istifadə etməyə və öz spekulyativ niyyətlərini həyata keçirməyə cəhdlər göstərir, eyni zamanda, fəaliyyətlərində şəffaflığın təmin edilməsi ilə bağlı tələblərə məhəl qoymaq istəmirlər. Bunu heç bir halda ədalətli və obyektiv qəbul etmək mümkün deyil. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransdakı çıxışında bəzi QHT-lərin təəssüf doğuran fəaliyyətlərinin Azərbaycan cəmiyyətində haqlı narazılıqla qarşılandığını bildirib. Prezident Administrasiyasının rəsmisi xüsusi olaraq nəzərə çatdırıb ki, bəzi maraqlı xarici dairələrin və dövlətlərin qrantlarını illərdir ki, Azərbaycan dövlətinə, onun maraqlarına qarşı çıxan eyni insanlar alırlar: “Bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti sahəsində bizə ağıl öyrətmək istəyən bəzi dairələrin, dövlətlərin QHT-lərə verdikləri qrantlara baxın: İllərdir o qrantları eyni istiqamətlər üzrə eyni təşkilatlar, bəlli sahələr üzrə idarə olunan, lazım gələndə Azərbaycan dövlətinə, onun maraqlarına qarşı istifadə edilən insanlar alırlar”.
Azərbaycan cəmiyyəti bu yaxınlarda Vaşinqtonda keçirilən Azərbaycanla bağlı dinləmələrdə xaricdəki maraqlı dairələrin, necə deyərlər, dəm tutanları rolunda çıxış edən bəzi yerli QHT-lərin ikrah doğuran əməllərinin bir daha şahidi oldu. İşğalçı Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin də qatıldıqları sözügedən dinləmələrdə Azərbaycandakı vəziyyət “postulatlar” çərçivəsində “təhlil” edildi, ölkəmizin reallıqları təhrif olundu, orada iştirak edən yerli QHT-lərin təmsilçiləri isə ağızlarına su alıb susdular. Əli Həsənov bu qəbildən olan QHT-lərin ictimai qınaqla qarşılanmalı olduqlarını bildirib: “Qondarma “Dağlıq Qarabağ respublikası”nı təmsil edən şəxslər və “QHT”lərin nümayəndələri ilə bir arada oturub, heç bir etiraz etmədən, heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək elə həmin “QHT”lərdən heç nə ilə fərqlənməmək deməkdir. Belələri ictimai qınağa tuş gəlməlidir”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransdakı çıxışında diqqəti, həmçinin, 2015-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası və onun qrantları çərçivəsində fəaliyyət göstərən QHT-lərin qarşısında duran prioritet vəzifələrə yönəldib. Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, vətəndaş təşəbbüslərini dəyərləndirən, istiqamətləndirən, idarə edən üçüncü sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran məsələlərdən, prioritet vəzifələrdən yaxalarını kənara çəkməməli, dövlətlə, cəmiyyətlə bərabər, onun təmsilçiləri kimi müxtəlif sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidirlər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31