Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Pərvin Kərimzadə: YAP-ın VIII Qurultayı Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir

Pərvin Kərimzadə: YAP-ın VIII Qurultayı Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir

07.10.2026 [15:05]

“Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə olunan Zəfərin və qarşıda duran vəzifələrin geniş siyasi mənzərəsini ortaya qoydu. Azərbaycan artıq yeni bir mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə ölkəmizin qarşısında yeni siyasi, iqtisadi və geosiyasi imkanlar açılıb. İndi əsas məsələ əldə edilmiş nailiyyətləri qorumaq, Azərbaycanın gücünü daha da artırmaq və yeni reallıqlardan milli inkişaf naminə səmərəli istifadə etməkdir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. VII Qurultay 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən az sonra keçirilmişdi. Həmin vaxt Azərbaycan yaratdığı yeni reallıqları dünyaya qəbul etdirmək, Zəfərin siyasi və diplomatik nəticələrini möhkəmləndirmək mərhələsində idi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan artıq həmin reallıqların müəllifi və onların əsas siyasi aktoru kimi çıxış edir.

Millət vəkilinin sözlərinə görə, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı: “2023-cü il sentyabrın 20-də isə ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu iki tarixi hadisə bir-birini tamamlayan mərhələlərdir. Birincisi işğala son qoydu, ikincisi isə Azərbaycan ərazilərində separatizmə son qoyaraq dövlət suverenliyini tam təmin etdi. Bu baxımdan 8 Noyabr və 20 Sentyabr müasir Azərbaycan tarixinin iki mühüm Zəfər tarixi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Lakin bu Zəfərə aparan yol 44 günlə məhdudlaşmır. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı kimi, Azərbaycanın Qələbəsinin arxasında uzun illər ərzində görülmüş böyük iş dayanır. Güclü ordu quruculuğu, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, diplomatik fəaliyyət və ən başlıcası, xalqın milli həmrəyliyi bu Qələbəni mümkün edən əsas amillər oldu. Bu mənada Azərbaycanın Zəfər tarixini Yeni Azərbaycan Partiyasının yaranmasından ayrı təsəvvür etmək mümkün deyil”. 

Pərvin Kərimzadə xatırladıb ki, 1992-ci ilin noyabrında YAP-ın təsis olunması Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb dövrlərindən birinə təsadüf edirdi. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, torpaqlarımız işğal olunur, iqtisadiyyat ağır vəziyyətə düşür, dövlət idarəçiliyi iflic olurdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların əsas məqsədi siyasi hakimiyyət uğrunda mübarizədən daha geniş məna daşıyırdı. Söhbət Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək, dövlətçiliyi qorumaq və ölkəni sabit inkişaf yoluna çıxarmaqdan gedirdi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Ölkədə sabitlik bərpa edildi, dövlət institutları möhkəmləndirildi, separatçılıq və parçalanma təhlükələrinin qarşısı alındı. Eyni zamanda, Azərbaycan öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanması ilə  isə iqtisadi inkişafın yeni mərhələsini başlatdı. Bu siyasətin ən mühüm xüsusiyyəti onun ardıcıllığında idi. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən yeni şəraitə uyğun şəkildə davam etdirildi. İqtisadi müstəqilliyin möhkəmləndirilməsi, ordu quruculuğunun sürətləndirilməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət nəticə etibarilə ölkəmizin Zəfərə aparan əsas dayaqlarını formalaşdırdı. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası həmin siyasətin ən böyük nəticəsidir.

Deputat qeyd edib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir. Artıq Azərbaycanın qarşısında duran əsas məsələ torpaqların azad edilməsi deyil. Bu mərhələ başa çatıb. İndi əsas məqsəd Zəfəri qorumaq, sülhü möhkəmləndirmək, iqtisadi gücü artırmaq, hərbi və informasiya təhlükəsizliyini təmin etmək, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışı sürətləndirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Prezident İlham Əliyevin çıxışının başlıca siyasi mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycanın qarşısında artıq yeni hədəflər dayanır. Bu hədəflərin həyata keçirilməsi üçün isə əvvəlki mərhələdə olduğu kimi siyasi sabitlik, milli birlik, güclü dövlətçilik və ardıcıl siyasət əsas dayaqlar olaraq qalmalıdır.

“Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan yalnız keçmişə verilən siyasi qiymət deyil, həm də gələcəyə baxışdır. Azərbaycanın Zəfərlə başa vurduğu uzun və mürəkkəb mərhələdən sonra qarşısında daha böyük inkişaf imkanları açılıb. Bu imkanlardan səmərəli istifadə etmək, əldə edilmiş tarixi nəticələri dönməz və davamlı uğurlara çevirmək qarşıdakı dövrün əsas siyasi vəzifəsidir. Azərbaycan artıq öz tarixinin yeni səhifəsini yazır və bu səhifənin əsas məzmununu güclü dövlət, dayanıqlı sülh, iqtisadi inkişaf, milli həmrəylik və daha böyük beynəlxalq nüfuz təşkil edir” – deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31