Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfər etmişdir

Elçin Əmirbəyov Finlandiyaya işgüzar səfər etmişdir

07.10.2026 [10:09]

Finlandiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Finlandiyanın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirib.

Elçin Əmirbəyov Finlandiya Prezident Administrasiyasının xarici siyasət və təhlükəsizlik məsələləri departamentinin rəhbəri Aliisa Tornberq, sülh vasitəçiliyi departamentinin rəhbəri Ville Brummer, Baş nazirin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Marja Kosela, Xarici İşlər və Müdafiə nazirliklərinin siyasi məsələlər üzrə Dövlət katibi Pasi Rayala, Xarici İşlər Nazirliyinin Avroatlantik əməkdaşlıq departamentinin rəhbəri Sari Rautio, eləcə də Finlandiya Parlamentində Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vilhelm Yunnila ilə görüşüb.

Görüşlərdə Azərbaycan-Finlandiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun daha da gücləndirilməsi, habelə iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iki ölkə prezidentləri arasında mövcud olan səmimi və dostluq münasibətləri Azərbaycan və Finlandiya arasında qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa mühüm töhfə verir.

Azərbaycan-Avropa İttifaqı münasibətləri də görüşlərin əsas mövzularından biri olub. Finlandiya tərəfi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Orta Dəhlizin inkişafında, Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsində və Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsində Azərbaycanın artan rolunu yüksək qiymətləndirib.

Son dövrdə Azərbaycan-Aİ münasibətlərində müşahidə olunan müsbət dinamikanın davam etdirilməsinin qarşılıqlı strateji maraqlara cavab verdiyi vurğulanıb.

Görüşlər zamanı Elçin Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, əldə olunmuş nəticələr və perspektivləri barədə də ətraflı məlumat verib.

Bildirilib ki, hazırda yerdə mövcud olan de-fakto sülh artıq real və praktiki nəticələr verir. İqtisadi əlaqələrin və ikitərəfli ticarətin genişlənməsi qarşılıqlı etimadın möhkəmlənməsinə və regionda sülh mühitinin formalaşmasına xidmət edir.

Bununla belə, Elçin Əmirbəyov vurğulayıb ki, əldə olunmuş praktiki irəliləyiş və yerdəki de-fakto sülh vəziyyəti sülh prosesinin başa çatdığı anlamına gəlmir.

“De-fakto sülhün mövcudluğu çox mühüm nailiyyətdir. Lakin sülhün davamlı və dönməz olması üçün onun rəsmi şəkildə rəsmiləşdirilməsi istiqamətində hələ də mühüm məsələ öz həllini tapmalıdır”, – deyə Elçin Əmirbəyov qeyd edib.

O bildirib ki, Azərbaycan sülhün rəsmi şəkildə rəsmiləşdirilməsi və onun davamlı, dönməz xarakterinin təmin olunması üçün Ermənistan tərəfindən zəruri addımların atılmasını gözləyir.

Finlandiya tərəfi Azərbaycanın regionda sülh və sabitliyin təşviqinə yönəlmiş səylərini müsbət qiymətləndirib və paraflanmış sülh sazişinin yaxın gələcəkdə imzalana biləcəyinə ümid etdiyini bildirib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Finlandiya Xarici İşlər Nazirliyində aparıcı Finlandiya tədqiqat və analitik qurumlarının ekspertlərinin iştirakı ilə keçirilən dəyirmi masada da çıxış edib. Tədbirdə Azərbaycan-Ermənistan normallaşma prosesi, regional və beynəlxalq təhlükəsizlik, eləcə də Azərbaycan-Finlandiya ikitərəfli əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Analitik

Analitik

Sosial

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31