Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Dekolonizasiya: Sakit inqilab” - yekun sənəd və petisiya...

“Dekolonizasiya: Sakit inqilab” - yekun sənəd və petisiya...

17.04.2025 [10:45]

Konfrans iştirakçıları BTQ-yə təşəkkürlərini bildiriblər

Azərbaycan neokolonializmə qarşı mübarizə aparan xalqlara dəstəyini davam etdirir. Aprelin 15-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransın keçirilməsi də bunun göstəricisidir. Qeyd edək ki, bu beynəlxalq konfrans ilk dəfə BMT-nin tədbiri olaraq qeydiyyata düşüb. Tədbir Afrikaəsilli xalqların Daimi Forumunun 4-cü sessiyası çərçivəsində təşkil olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov milli və müstəqillik hərəkatlarına dəstəklərinin davam edəcəyini bildirib. O, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövrü və daha sonra Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə dekolonizasiya prosesinin ikinci dalğasının artıq başlandığını və müsbət nəticələrinin olacağını vurğulayıb.

Tədbir çərçivəsində “İctimai yaddaş, silinmə və afrikaəsilli yerli xalqların müqaviməti” və “Müstəmləkə hökmranlığı altında olan ərazilərdə geosiyasi dekolonizasiyanın dinamikası” adlı sessiyalar təşkil olunub. Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelupa, Martinika, Kanaki (Yeni Kaledoniya), Sint- Marten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianasından ekspertlər, siyasətçilər və fəallar çıxış edərək müstəmləkə siyasətinin yaratdığı sosial, iqtisadi siyasi fəsadlardan, mübarizələrindən, dünya ictimaiyyətinin müstəmləkəçiliyə verdiyi reaksiyadan, müstəmləkə xalqlarının səsinin beynəlxalq müstəviyə çıxarılmasının vacibliyindən və bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun gördüyü işlərdən danışıblar.

A.Abbasov BTQ-nin saytında “Müstəmləkəçilik zülmünün tanınması və təzminatların ödənilməsi tələbi” adlı petisiyanın başladıldığını elan edib. O, petisiyada müstəmləkəçilik zülmünə məruz qalmış xalqlara vurulmuş maddi və mənəvi zərərlərin beynəlxalq səviyyədə tanınması və təzminat ödənilməsinin tələb edildiyini bildirib.

Konfrans iştirakçıları tədbirin sonunda yekun sənəd qəbul ediblər. Sənəddə kolonializmin dünya miqyasında bərpa edilməsi mümkün olmayan dərin yaralar vurduğu qeyd olunub, kolonial güclərin öz tarixi cinayətlərinə görə davamlı olaraq məsuliyyətə cəlb olunmaqdan imtina etmələri qətiyyətlə pislənilib. Bəyanatda, həmçinin Fransa və Niderland kimi dövlətlərin bu gün də öz kolonial siyasətlərindən əl çəkmədiyi vurğulanır, onların Qvadelupa, Martinik, Fransız Qvianası, Reyunyon, Mayot, Boneyra, Sin-Marten və digər əraziləri əsarət altında saxlamaqda davam etdikləri vurğulanıb.

Müstəmləkəçilik cinayətlərinin bəşəriyyətə qarşı cinayət olduğu vurğulanaraq, müstəmləkə rejimlərinin törətdikləri cinayətlərə görə ləyaqətli təzminat ödəməli olduqları bildirilib. Əks təqdirdə onlara qarşı beynəlxalq sanksiyaların qəbul edilməsinə dair çağırış edilib. Bundan əlavə, sənəddə Bakı Təşəbbüs Qrupu kimi QHT-lərə beynəlxalq hüquq çərçivəsində kolonializmin ifşa edilməsi istiqamətində apardıqları fəaliyyətə dəstək ifadə edilib, martın 28-də Fransanın Milli Assambleyasında Bakı Təşəbbüs Qrupuna qarşı qəbul edilmiş qətnamə qətiyyətlə pislənilib.

Sonda tədbir iştirakçıları BTQ-yə tədbirin təşkilinə görə təşəkkürlərini ifadə ediblər. Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar deyib ki, Bakı Təşəbbüs Qrupunun BMT-də keçirdiyi beynəlxalq konfrans səsimizi ucaltmaq üçün çox yaxşı fürsətdir. O bildirib ki, Karib dənizindəki kiçik adalar olan Martinika, Qvadelupa, Sint-Martin və Bonayrenin səsini əvvəllər heç kəs eşitmirdi: “Məsələn, Bonayrenin BMT-də, hətta Niderlandda heç bir nümayəndəliyi yoxdur. Beləliklə, biz BMT-yə gələ bilməkdən və xalqımızın adından danışmaqdan çox qürur duyuruq. Bonayredə 2010-cu ilə qədər özünüidarə mövcud idi. Həmin ildən biz kənarda qəbul edilən qanunlara görə özünüidarəni həyata keçirə bilmirik. Bu o deməkdir ki, biz yenidən müstəmləkə olunduq. İnsanların çoxu Bonayrenin harada olduğunu bilmir. Adamız Venesueladan 50 mil aralıda yerləşir. Çox az adam bizim vəziyyətimizdən xəbərdardır. Beləliklə, Bakı Təşəbbüs Qrupu Fransız Polineziyası, Sakit okean və Karib hövzəsində olan müstəmləkə ərazilərinin səsini eşitdirmək üçün çox yaxşı işlər görür”.

“Biz uzun müddətdir müstəmləkəçiliklə bağlı mübarizə aparırıq, lakin bizim səsimizi heç kəs dinləmir, kimliyimizi tanımırdi”,-deyən Qvadelupadan olan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Xose Martin Jan Pyer isə qeyd edib ki, bu gün artıq Bakı Təşəbbüs Qrupu sayəsində bizi beynəlxalq arenalarda tanıyırlar və səsimizi eşitməyə başlayıblar: “Bizim əsas problemimiz müstəmləkəçilikdir, lakin xalqımız iqtisadi sıxıntılarla da üzləşib. Vaxtilə müstəmləkəçiliklə bağlı bölgəmizə gələn insanlar bazarlarda sistemi ələ keçiriblər. Xalqımız iqtisadi baxımdan çətin vəziyyətdədir”.

BMT eksperti Karlayl Korbin isə qeyd edib ki, 2025-ci ildə bütün dünyaya yayılan müasir müstəmləkəçilik məsələsi ilə məşğul olmaq üçün strategiyalar hazırlamağımız vacibdir. O, Bakı Təşəbbüs Qrupunun keçirdiyi bütün tədbirlərin böyük əhəmiyyət daşıdığını və tədbirin BMT binasında keçirilməsinin digər institutlarla əlaqələndirmə baxımından vacib olduğunu bildirib. Onun sözlərinə görə, bir sıra müstəmləkə ərazilərinin Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya edilməli ölkələr siyahısına daxil edilmək niyyətləri artıq müzakirələrin uğurundan xəbər verir: “Bu, mühüm addımlardan biridir və hesab edirəm ki, bir çox digər ərazi də eyni şeyi həyata keçirməkdə maraqlıdır”.

Ekspert BTQ-nin sifarişi ilə hazırladığı “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı hesabatda Fransa müstəmləkəçiliyinin təkamülündən bəhs edildiyini söyləyib: “Biz müstəmləkəçiliyin qlobal miqyasda rolunu da nəzərdən keçirdik. Həmçinin bu günə qədər zamanla inkişaf etmiş müxtəlif tənzimləmələr, siyasi və konstitusiya tənzimləmələrinə baxdıq. Bu səbəbdən fəaliyyətimizi sənədləşdirməyə davam edirik. Əslində, kitab xalqların öz müqəddəratını təyin etmələrini təşviq etməklə bağlı hökumətlərin fəaliyyətləri və BMT-nin səylərini sənədləşdirir”.

 N.BAYRAMLI

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Analitik

Körfəzə səfər...

14 May 09:28  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31