Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənipərəst konqresmenlərə xatırlatmalar...

Ermənipərəst konqresmenlərə xatırlatmalar...

08.10.2024 [09:32]

Azərbaycan ABŞ-la bir sıra sazişləri ləğv edə bilər

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistanın havadarlarına rahatlıq vermir. Onlar müxtəlif bəhanələrlə ölkəmizə qarşı beynəlxalq müstəvidə qərəzli kampaniya aparır. Bu baxımdan, Azərbaycanda dünyanın ən mötəbər tədbiri olan COP29-un keçirilməsi həmin dairələrin ölkəmizə yönəlik yalan və böhtan üzərində qurulmuş təbliğatları üçün “fürsət” kimi görünür. Çünki COP29 ərəfəsində beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycandadır.

COP29-u “fürsət” görən konqresmenlər

ABŞ Konqresinin bir qrup üzvü də anti-Azərbaycan mövqeyindən çıxış etməkdədir. Belə ki, oktyabrın 3-də bir qrup konqresmen ABŞ Dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə ediblər. Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışıblar.

Əslində, bu, Konqres tərəfindən  ilk belə hal deyil. Qeyd etdiyimiz kimi, ABŞ Konqresinin Ermənistana lobbiçilik edən üzvləri vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edən beynəlxalq dairələr arasında ABŞ konqresmenləri də “fəallıqları” ilə seçilirlər.

Deputatların müraciəti...

Əlbəttə, ABŞ Konqresinin üzvlərinin bu addımına qarşı adekvat cavab verilməlidir. Bu baxımdan, Milli Məclisin bir qrup deputatının xarici işlər naziri Ceyhun Bayramova müraciəti müsbət haldır. Müraciətdə bildirildiyi kimi, 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur.

Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı bütövlükdə bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir. “Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin Dövlət katibi Antoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar”,-deyə qeyd olunan müraciətdə o da vurğulanır ki, Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir və ABŞ-ın ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

ABŞ mühüm insan hüquqları konvensiyalarına qoşulmayıb

Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-ın İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmayıb. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dır. Eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışıb. ABŞ-ın gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılıb, təhqir edilib, bütöv şəhərlər və kəndlər yer üzündən silinib. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməyib.

2020-ci il Vətən müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu hücumlar ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə yaratmaq niyyətindən irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmayıblar.

Digər tərəfdən, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nə üçün Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermirlər? Millət vəkilləri hesab edirlər ki, konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifin məqaləsini Azərbaycana qarşı “sübut” kimi istifadə edirlər: “”Azərbaycanda həll olunmamış ərazi münaqişələri” dedikdə konqresmenlər nəyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunub. Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ münaqişəsini həll edibdir və Azərbaycandan min kilometrlərlə uzaqda oturanların fərqli fikirləri reallığı dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönüb və reallıq bu gün Cəbrayılda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir, öz dədə-baba yurdlarına qayıdan azərbaycanlılardır. Məgər konqresmenlər bilmir ki, onların “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxarırmı?!”.

Konqresmenlər Xocalı qatillərinin azad olunmasını istəyir

Əslində, konqresmenlərin “demokratik” ölkə hesab etdiyi Ermənistan 30 il başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş, milli müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi caniləri mühakimə etməmiş, əksinə, onları qəhrəmanlaşdırmış bir ölkədir. Təəssüf ki, Azərbaycanın məsuliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranıb. 907-ci düzəlişin qəbul edilməsi ilə başlayan anti-Azərbaycan tədbirlərinin ardı-arası kəsilmir. Bu həmin ABŞ-dır ki, Xocalı soyqırımının törədilməsindən, Şuşanın, Laçının işğal edilməsindən sonra Ermənistana deyil, Azərbaycana qarşı sanksiya tətbiq etdi. ABŞ son 30 ildə Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilən müsibətlərə, Azərbaycan ərazilərinin işğalına, Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan çox azərbaycanlının qovulmasına, Azərbaycanın mədəni irsinin kütləvi şəkildə dağıdılmasına, Azərbaycanın yüzlərlə şəhər və kəndinin viran qoyulmasına və ərazilərimizdə milyonlarla minanın basdırılmasına göz yumubdur. ABŞ faktiki olaraq Ermənistanı işğal və etnik təmizləməni davam etdirməyə təşviq edib.

USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulsun!

Bütün bunların fonunda ABŞ Konqresinin üzvlərinin Dövlət katibi Antoni Blinkenə etdiyi müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir. Azərbaycanın ikitərəfli münasibətləri davam etdirmək əzmini qeyd etməklə bərabər vurğulamaq istərdik ki, bu, yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Ona görə də, qarşı tərəfin davranışları ilə əlaqdar adekvat addımların atılması zərurətdir. Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün deputatlar bir sıra məsələlərlə bağlı XİN başçısına müraciət ediblər.

Həmin məsələlər sırasında  Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi, yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması daxildir.

Eyni zamanda, millət vəkilləri tərəfindən ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-ın qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması təklif olunur.

Beləliklə, görünən odur ki, ABŞ Konqresində Cənubi Qafqazda sülhün deyil, gərginliyin davam etməsinə maraqlı olan qüvvələr mövcuddur.  Konqresin bir sıra üzvlərinin beynəlxalq hüquqa zidd olaraq işğalçı Ermənistanı və erməni separatizmini dəstəkləməsi qəbulolunmazdır. Ermənipərəst konqresmenlər unutmamalıdır ki, Azərbaycana qarşı qərəzli kampaniyanın aparılması müstəqil siyasətimizə təsir edə bilməz!

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30