Heydər Əliyev
yeni azerbaycan logo

Cəbrayıldan reportaj

19.10.2024 [09:16]

İlahi hikmət...

“Gözəl bir yaz günündə rayonun o başından, bu başına mən də gəlin gələcəkdim”

Telefonuma mesaj gəlir. “Bu gecə 04:30-da göstərilən ünvanda olun. Avtobus 5-də Cəbrayıla yola düşəcək”.

Həyəcan, sevinc baş alıb gedir. Hər dəfə Cəbrayıla gedəndə yaşadığım hisslər yenə dinc dayanmır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Cəbrayıl şəhəri günü” münasibəti ilə Cəbrayılda keçirilən bayram tədbirinə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı da “Qaraca qız” tamaşası ilə yollanır. Heyətin tərkibində mən qarışıq üç cəbrayıllı var. Mətbuat katibi kimi mən, teatrın rejissoru Gülnar Hacıyeva və qrim ustası Xanım İbrahimova. Teatrımızın direktoru Naidə xanım İsmayılzadə bir neçə dəfə mesaj yazır - Samirə, gediş heyəti ilə əlaqə saxla, vaxtı dəqiq öyrən. Özünüzdən muğayat olun. Cəbrayılda görüşənədək!

Deyilən məkana çatmağa az qalmış Gülnar zəng vurur, şirin Qarabağ ləhcəsi ilə deyir: Samirə, biz hazırıq, sizin gəlməyinizi gözləyirik. Səhərin alatoranlığında avtobusa qalxanda teatrımızın gülərüz kollektivinin bir hissəsini görürəm. Hamı Cəbrayıla getməkdən məmnun və rahatdır. Üz ifadələrindən hiss olunur ki, işğaldan azad olunmuş ərazilərdə çıxış etmək həm vətəndaş, həm də sənət adamı kimi onlar üçün qürurvericidir. 

Avtobusumuz yola düşür. Telefonda xəritə bölməsinə girirəm. Bakıdan-Cəbrayıla yazıram. 261 kilometr göstərir. Cəbrayıla gedə bilmədiyim illərdə də belə edirdim. Xəritəni qoşurdum Cəbrayıla, amma Qubaya, Oğuza, İsmayıllıya gedirdim. Xəyalən özümü aldadırdım. Amma indi aldanışa ehtiyac yoxdur. Yolumuz Cəbrayıladır! İlk baxışda hər şey öz qaydasındadır. Hər səfərdəki kimi özümü kökləmişəm. Ağlamaq, göz yaşı olmayacağı barədə daxilən özümə söz vermişəm. Amma Füzulinin keçib Cəbrayılın kəndlərinə çatanda, dağılmış evləri, boş qalmış obaları görəndə qaysaq tutmayan ağrıların gözü açılır. Anamı xatırlayıram, atamın son günlərini. Bir dəfə xəritədə Cəbrayılı, gedə bilmədiyimiz evimizi tapmışdım. Gətirib xəstə yatağında yatan atama göstərmişdim. Bax, evimiz burda Turacın, Dostluq bulağının yanındakı cığırdan aşağıdır demişdim. Xəritədə qum rəngində görünən cığırlar ona da tanış gəlmişdi. Xeyli toxtamışdı, uzun illərdən sonra evinin xarabalığına gedən yolların şəklini görüb sevinmişdi. Sonralar hərdən uşaq kimi balışının altından telefonu çıxarıb həsrətlə xəritəyə baxır, əlləri ilə cığırları, küçələri, evinin daş-divarlarını didik-didik edib, danışan baxışları ilə dolanıb, gəzir, sonra yenə telefonu sehrli güzgü kimi gizlədirdi. 

İndi həmin sirli güzgüdən adlayıb evimizə gedirdim. Avtobusdakı sükutu, pəncərədən boylanan baxışların donuqluğunu, kədərini Gülnarın titrək səsi açır: 

- Dostlar, bax, bu daxil olduğunuz ərazi mənim doğulub boya-başa  çatdığım torpaqdır, mənim vətənimdir. Mən 13 yaşıma qədər bu yerlərdə...

...Sözünün ardını gətirə bilmir, gözündən yanağına doğru süzülən göz yaşı, hıçqırıqlar danışmağına mane olur. Gülnarın göz yaşları məni də kövrəldir, amma ağlamıram,onun kimi mənim üz-gözüm islanmır. Bəs haradadır illərdir boğazımda düyünlənən kədər, ah? Hara yoxa çıxıb? Bəlkə mənim göz yaşlarım daha çölümə yox, içimə axır xəbərim yoxdur. Bəlkə quruyub gözümün yaşı? Bəlkə dalda bir yer, məkan gəzir ki, üstündə yanıqlı bayatılar deyilən bulaqlar kimi açılsın?

Cəbrayıl rayonun girişinə çatırıq. Uzaqdan Qurban təpəsinin sinəsinə Cəbrayıl rayon polis əməkdaşları tərəfindən üçrəngli bayrağımızın rəngində həkk olunan ölkə xəritəsini görürük. Cəbrayılın hər yerindən görünən bu xəritə indi şəhərin  simvoluna çevrilib. Hər tərəfdə Azərbaycan polisinin ayıq-sayıqlığı, diqqəti hiss olunur. Bu gün onlar gücləndirilmiş iş rejimindədilər. Əslində elə hər zaman bu rejim onlar üçün aktivdir.

Yadıma ilk dəfə 2021-ci il oktyabrın 10-da APA TV-nin tərkibində Cəbrayıla gəldiyim gün düşür. O zaman Cəbrayıla ilk dəfə ayağım dəyəndə, ətrafımda olanları dumanlı şəkildə hiss edirdim, sanki torpağın üzərində yerimirdim, süzürdüm. Çəkiliş heyətinə təhkim olunmuş iki nəfər polis məni öz evimizə aparırdı. O dövr üçün mina təhlükəsi vardı. Onlar mənə hara getmək istəyirsiniz deyəndə, kövrəlib güclə evimizə deyə bilmişdim. Onda həmkarım, müxbir İlahə Hacıyeva da, operator Faiq, sürücümüz Murad elə polis əməkdaşları da kövrəlmişdilər. Evimizi də elə polis əməkdaşları mənim onlara verdiyim nişanələrlə tapmışdırlar. Evimizə çatanda mənim hərəkətlərimi gizlin-gizlin kameraya köçürən Faiq sonralar mənə demişdi: O qədər həyəcanlı idin ki, ətrafı hiss etmirdin, hətta bir ara qorxduq ki, həyəcandan sənə nə isə olar. Elə bil həyətinizdə gəzmirdin, uçurdun!

Azərbaycan polisinə hər zaman böyük etibarım, inamım olub. Rastlaşdığım ən xırda problemdə belə gözüm onları axtarıb. Bu mənada indi bayram tədbiri keçirilən ərazidə Cəbrayıl rayon polis əməkdaşlarlarının ayıqlığını, səfərbərliyini görmək içimə arxayınlıq, rahatlıq gətirir.

Bayram tədbirinin keçirildiyi əraziyə yaxınlaşırıq. Mədəniyyət nazirliyinin yüksək səylə təşkil etdiyi tədbirdə hər tərəfdə al-əlvanlıq, üç rəngin hakimiyyəti bərqərardır. Bayrağımızın sancıldığı yerdə qurulan guşələrdə Qarabağ xalıları, nəqqaşlığı, rəsm sənəti və digər tarixi əks etdirən sərgilər nümayiş olunur. Səhnədə əslən Cəbrayıldan olan və olmayan xanəndələrimiz mahnılar ifa edirlər. Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova həmişəki işgüzarlıqla hərəkət edir. Paytaxtdan gələn televiziya kanallarınınn sorğularını cavablandırır. Çəkiliş bitən kimi yenidən tədbirin keçirildiyi məkana üz tutur, müşahidə edir, işçilərə tapşırıqlarını verir. Mənsə mərkəzdə dayanmışam. İçimdə cürbəcür hisslər bir-birinə qarışır. İstəyirəm elə buradaca qışqırım, baxın, bu yanında dayandığınız Çinar ağacı əvvəllər belə olmayıb. Çinar böyük, çox böyük, əzəmətli ağac idi. Mən hər gün atamın isti, qüvvətli əllərindən yapışıb bu çinarın yanı ilə məktəbə getmişəm. Hər axşam anamla bu çinarın yanı ilə evimizə qayıtmışam. Bu dağılmış, viranə qalmış binaların hamısını tanıyıram. Baxın, bura anamın işlədiyi bank, onun yanındakı çəhrayı divarları güclə sezilən uçuq tikili gözəllik salonu idi. Yadıma gəlir, boyum güzgüyə çatmadığından “parexmaxer” Şəhla xala kreslonun üstünə taxta qoyub məni oturdurdu. Gözəllik salonun yanındakı o böyük uçqun yay kinoteatrının qalıqlarıdır. Yayda burada hind, türk, rus filimləri nümayiş olunurdu. Onun düz yanındakı isə yayda dadlı dondurmalar satılan mağaza idi. Ordan o tərəfə çayxana, uşaq dünyası “Detmir” dediyimiz mağaza, aptek, bazar, məktəb...

Bütün bunlar indi yoxdur, amma mən varam axı. Mənim xatirələrim sağdır. Bu sadaladıqlarımı 30 il əvvəl bu yerlərdə qoyub getmişdim axı. Hanı indi mənim yaddaşımda, xatirələrimdə diri, sağ qalan o yerlər?! Niyə hər şey xatirəyə, keçmişə, 30 il əvvəllə çevrildi? Kim oldu bu itkilərin səbəbkarı?

Bayram tədbirinin davamında aparıcı “Qaraca qız” tamaşasının başlandığını elan edir. Piri baba (Anar Seyfullayev) səhnəyə çıxır Yasəmənə (Zemfira Əbdülsəmədova) deyir: Nəvəmi, Tutunu axtarıram. Qarayanız, balaca qızdır. Onu axtarıram.

Bəs mən, mən kimi axtarıram 30 ildən sonra? Bəlkə mən də özümü axtarıram? On üç yaşlı, sarıyanız, balaca Samirəni indi hardan tapım? Bəlkə o, indi hansısa daşın, ağacın arxasında gizlənib, mənimlə gizlənqaç oynayır. Oyun qutarandan sonra qarşıma çıxacaq 13 yaşlı Samirə, 43 yaşlı Samirəni qarşılamaqçün.

Qurban təpəsinin ətəyinə boylanıram. Dərsdən çıxıb tez-tez ora qaçardıq yemlik yeməyə. İndi kiminlə necə gedim ora? Sinif yoldaşlarımın hərəsə bir yanda qocalmaqla məşğuldurlar. Müəllimlərimin çoxu dünyasını dəyişib. Atam, anam yoxdur bu yer üzündə. Boş küçə ilə məktəb yolunu tutub gedirəm. Hər yeri ovuc içi kimi tanıyıram. Vaxtilə oxuduğum 1 saylı orta məktəbin yerində indi böyük binalar tikilib, bu gün bu  binalara Cəbrayılın yeni sakinləri köçürülüb. Onların yerində olmaq istəyirəm. Yaxınlıqdakı böyük mağazaya girirəm. Hər şey sanki yuxu kimidir. Çörək, qələm alıram. Satıcının verdiyi çekin üzərindəki ünvanda Cəbrayıl şəhəri sözləri yazılıb. Bayıra çıxıram. Bakıdan çıxanda özümə verdiyim sözü pozuram. Gözümdən qurumuş bulaqlarımızın bayatısı süzülür. İçimi çəkə-çəkə ağlayıram.

Bu kağız parçası həm də bizim azadlığımızın simvoludur. Ali Baş Komandanın, əzmi, qətiyyəti, vətənpərvər oğullarımızın, qazilərimizin, şəhidlərimizin sayəsində indi əlimdə bu çeki, azadığımızın nişanəsinin bir parçasını tutmuşam.

Yeni tikilən binaların həyətinə yaxınlaşıram. Parkda qucağında uşaq tutan iki gənc qadınla rastlaşıram. Söhbətləşirik. Ən gəncindən, bir az da mənə bənzər, ala gözlü xanımdan soruşuram:

- Yeni köçən ailələrdənsiniz deyəsən?

- Bəli. Bu gün  köçürülmüşük.

- Neçə yaşınız var?

- 20

- Cəbrayıldansınız?

- Yox, yoldaşım Cəbrayıllıdır. Mən Cəbrayıla gəlin gəlmişəm.

İlahi, necə gözəl səslənir. “Mən Cəbrayıla gəlin gəlmişəm” cümləsi.

İstəyirəm ona deyəm mən də burdan gəlin köçəcəkdim. Yəqin elə ilk məhəbbətim də səninki kimi Cəbrayıldan olacaqdı. Onunla bir-birimizi sevəcəkdik, bu torpaqlarda əl-ələ verib gəzəcəkdik, uzaqdan-uzağa bir-birimizə göz qoyacaqdıq, gülümsəyəcəkdik. Sonra onun anası, xalaları bizə elçi gələcəkdi, atam deyəcəkdi, qızımın on səkkiz yaşı təzə tamam olub, Bakıda oxuyur, indi ərə getmək vaxtı deyil.. Sonra anam onu yola gətirəcəkdi, nişanlanacaqdıq, toyumuz olacaqdı. Gözəl bir yaz günündə rayonun o başından, bu başına mən də gəlin gələcəkdim.

Bayram tədbiri olan yerə qayıdıram. Evimiz olan səmtə getmək istəyirəm, amma ayaqla ən azı yarım saatlıq yoldur, həm də ehtiyat edirəm, tək gəzməkdən ürpənirəm. Telefonuma zəng gəlir. Tanınmış jurnalist, Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəbrayılı çox sevən, cəbrayıllı Xalq yazıçısı Sabir Əhmədlini canlı görən, onunla ailəvi münasibətləri olan İlhamiyyə Rzadır. İlhamiyyə xanımı həyat yoldaşı, yazıçı Həmid Herisçidən sonra tanımışam, amma onu da elə Həmid bəy qədər çox istəyirəm. Cəbrayılda olduğumu bilib soruşur: Hardasan indi?

- Bayram tədbiri olan meydançada.

- Heç yerə tərpənmə, gözlə gəlirəm.

Beş dəqiqədən sonra İlhamiyyə xanım gəlir. Əlində isti təndir çörəyi, kənd pendiri. Çatan kimi deyir:

- Təbrik edirəm Samirə, öz ad günündə torpağındasan. Bu da böyük xoşbəxtlikdir. Amma mən yaman acmışam, ürəyimə də təndir çörəyi düşüb. Gəl bir yerdə oturub yeyək. İlhamiyyə xanımla boş masalardan birinə əyləşirik. Telefonuma baxıram, nə qədər təbrik mesajı gəlib. Hamı ad günümü təbrik edir. Axı mənim ad günüm 4 oktyabr yox, ertəsi gündür. Adamlar niyə mənin bu gün təbrik edir?

Yaxın rəfiqəm Təranə xanım səs atıb - Samiroçka, özün feysbukda elə qeyd etmisən. Səhifəmə baxıram. Doğrudan da ad günüm 4 oktyabrda qeyd olunub. Amma illərdir mən ad günü bölməsinə əl vurmuram. Həmişə də məni 5 oktyabr tarixində təbrik edirlər. Bəs bu nə ilahi hikmətdir? Təbrikləri qəbul edə-edə İlhamiyyə xanımla yeməyimizi bitiririk. Qəfildən deyirəm:

- Bilirsiniz, ən böyük arzum nədir?

İlhamiyyə xanım maraqla üzümə baxır:

- Nə?

Burda bir evimin olmasını istəyirəm. Bircə gecə burda ulduzlara, səmaya baxa-baxa yatsaydım, dərdim olmazdı. İndi mənim üçün Cəbrayılda qaranlığın düşməsini, gecə ulduzlu səmanı izləməkdən gözəl heç nə ola bilməz.

İlhamiyyə xanım gülümsəyir:

- Sənin burda bir gecə qalmağın üçün nə isə edə bilərəm, bu arzuna çatdıraram səni. Burda sənin yerlin var. Gülər Cəfərli. Dur gedək səni onunla tanış edim.

Danışa-danışa əhalisi yenicə köçürülən binalara tərəf gəlirik. İlhamiyyə xanım kiməsə zəng vurub danışır, sonra mənə çevrilib deyir:

- Yeni tikilən evlərə baxmaq istəyirsən?

- Əlbəttə, mümkündür?

- Gəl, gedək.

Binanın birinə daxil oluruq, bizi gülərüz, gənc qız qarşılayır. Tanış oluruq. Gülər Cəbrayıl rayon ərazi şöbəsi üzrə böyük məsləhətçidir. Boyu bəstə olsa da, xeyli işlər görür. Demək olar ki, həftənin bütün günləri Cəbrayılda olur, yerli əhali ilə görüşür, söhbət edib problemlərlə tanış olur.

Onunla yeni binaya köçürülmüş xalasıgilə gedirirk. Geniş, təmirli və müasir əşyalı evə giririk. Abıhəyat xanım, evin yiyəsi atamı, anamı tanıyır, bizə çay dəmləyir. Sonra qonşuluğunda yaşayan Validə xalanı çağırır. Onun azad torpaqlardakı qonşusu əvvəl bizim qonşumuz olub. Validə xala ilə eyni məhlədə, eyni küçədə yaşamışıq. Abıhəyat xanım anamın iş yoldaşlarından bir neçəsinə zəng edir. Sevil xalaya kameranı tutub deyir:

- Bax, görüm, bu qızı tanıyırsan. Uzun illərdən sonra Sevil xalanı ilk dəfə görürəm, anamla bir otaqda illərlə birgə işləyiblər. Bir sevinib, bir yerdə kədərləniblər. Sevil xala diqqətlə baxır, kövrəlir:

- Samirədi, Əşrəfin qızı!

Danışa bilmirəm, onun sözlərinə mexaniki cavab verirəm.

Daha sonra anamın başqa iş yoldaşı, həyat yoldaşı birinci Qarabağ müharibəsində şəhid olan Cəmilə xala ilə danışıram. İllərin o tərəfində Cəmilə xalanın gənclik dövrü yadıma düşür. Qarşımdakı qadın isə qocalıb, cizgiləri itib. Cəmilə xala məni tanıya bilmir. Tanışlıq verəndən sonra kövrəlir, mamana necə oxşayırsan deyir. Hal-əhval edirik. Anamı xəbər alır. Yanımdakılar deyirlər ki, anası rəhmətə gedib. Cəmilə xala içini çəkir. Sən demə xəbəri yox imiş... Hönkürtü vurur, əlaqə itir. Otağa sükut çökür. İlhamiyyə xanım nəzərlərini məndən yayındırır, kövrəlir.

Bir az özümüzə gələndən sonra çay içib söhbətləşib, şəkil çəkdirib sağollaşırıq. Gülər dönə-dönə tapşırır: - Nə vaxt istəsən gəl, özüm olmasam belə açarları göndərim mənə verilmiş xidməti evdə nə qədər istəyirsən, qal. Lap haqqında bəhs etdiyin romanını da gəl, burda yaz.

Həyətə çıxırıq. İlhamiyyə xanımla Sabir Əhmədlidən danışırıq. İlhamiyyə xanıma Sabir Əhmədlinin işğaldan əvvəl tikdirdiyi evin səmtini, Cəmil Əhmədovun adını daşıyan məktəbin yerini göstərirəm. Söhbətləşə-söhbətləşə gəlib onunla rastlaşdığımız yerə çatırıq. Hava yavaş-yavaş qaralır. Avtobusumuz Bakıya yola düşür. İlhamiyyə xanım deyir, bir azdan burda atəşfəşanlıq olacaq. Mənim bikeflədiyimi hiss edir:

- Çəkib ataram sənə. Vaxt gələcək özün burda o atəşfəşanlıqları görəcəksən. Darıxma.

Onunla sağollaşıb avtobusa qalxıram. Pəncərəyə yaxın əyləşib gözümlə bütün evləri, adamları geridə qoyuram. Hava çiskinləyir, pəncərənin şüşəsinə bir neçə damla yağış, mənim əlimin üstünə isə iki damla yaş düşür. 133 ailə köçürülən binaların işıqları bir-bir yanmağa başlayır. Həm onların yeni həyatlarına, həm də bizim yolumuza işıq olmaq üçün.

Samirə Əşrəf

Oktyabr, 2024-cü il

Paylaş:
Baxılıb: dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

35 il bir yerdə

26 İyun 10:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30