Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “YAP-ın təməlli ideoloji prinsiplərinin əsaslarında dayanan danılmaz faktor dövlət, xalq sevgisinin tərənnümüdür”

“YAP-ın təməlli ideoloji prinsiplərinin əsaslarında dayanan danılmaz faktor dövlət, xalq sevgisinin tərənnümüdür”

27.10.2022 [11:31]

Zəfər Partiyası- 30

Müsahibimiz “SƏS” qəzetinin baş redaktoru, Fəlsəfə üzrə Fəlsəfə doktoru Bəhruz Quliyevdir

- Bəhruz müəllim, Yeni Azərbaycan Partiyası artıq 30-cu ildönümünü qeyd edir. Bu üç onillik tarixi hansı mərhələlərə bölmək olar?

- Hər bir siyasi partiyanın keçdiyi yolun təməlinə diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq vacibdir. Məhz onlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

YAP-ın yarandığı dövrdə hakimiyyətdə olan AXC- “Müsavat” iqtidarının bacarıqsızlığı, səriştəsizliyi, naşılığı, milli maraqlardan uzaq siyasət aparması ilə Azərbaycanı parçalanma, hətta məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri idi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində Ümummilli Liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Qeyd edək ki, ulu öndər Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubu da “SƏS” qəzetində dərc olundu.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı nitqində diqqəti “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək, eləcə də onların fəaliyyətini yüksək qiymətləndirərək qeyd etmişdi ki, bu gün də onların bir çoxu bizim sıramızdadır: “Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.”

Beləliklə, noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu, xalqın Ümummilli Lider Heydər Əliyevə böyük inamının, Onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi.

- Həmin çətin dövrdə müxalifətçilik meyarları necə ölçülürdü?

- Bu suala cavab olaraq mən həmin dövrü xatırlayan Prezident İlham Əliyevinin daha bir əhəmiyyətli məqamla bağlı fikirlərini diqqətə çatdırmaq istərdim. “1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır”, - deyə xatırlayan dövlətimizin başçısı bununla daha bir amili önə sürüb ki, əslində, o zamankı hakimiyyət repressiv siyasət yürüdərək açıq fikirli insanlara qarşı təzyiq və təqib vasitələrindən istifadə edirdi. Yalnız Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkədə yeni siyasi mübarizə forması yaratdı, həmçinin sivil rəqabətin əsasını qoydu.  Beləliklə, bütün bu proseslərin təməlində dayanan daha bir mühüm amil YAP-ın müxalifət partiyası olaraq sivil siyasi mübarizə vasitəsini cəmiyyətə təqdim etməsi oldu. Daha dəqiq desək, Yeni Azərbaycan Partiyası demokratik və konstruktiv xarakterli müxalifətçilik modelini təqdim edərək məhz bu siyasi rəqabətin təməlli əsaslarını qoydu, radikalizm və dağıdıcılıq prinsiplərinin dövlətçilik meyarlarına qətiyyən uyğun olmadığını sivil vasitələrlə isbatladı, həmçinin iqtidara gəlməsi ilə əməli şəkildə sübuta yetirdi.

- Sizcə, Xalq sevgisi-Lider gerçəkliyi formulunun təməlində daha hansı məqamlar dayanır?

- YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi şüuruna,  siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi və bunların hər biri xalq sevgisindən irəli gələn təzahürlər idi. Belə ki, Heydər Əliyevin Liderlik keyfiyyətləri xalqın ona olan sonsuz ehtiramı, sevgisi və bağlılığı ilə bir-birini tamamlayırdı. Azərbaycan xalqının Ulu Öndəri, görkəmli dövlət xadimi Heydər Əliyev Liderlikdən Ümummilli Liderliyə yüksələn qədər inkişaf edən və həm ölkəsində, həm də dünyada əsl lider olaraq qəbul edilən fərqli şəxsiyyətdir. Liderlik haqqında dünya təlimindəki əksər keyfiyyətlər Heydər Əliyevin simasında ümumiləşir. Bu xüsusda daha bir məqamı qeyd etmək yerinə düşərdi  - Heydər Əliyev əsla hakimiyyətə gəlmək marağında deyildi və Onun yenidən hakimiyyətə gəlməsinə səbəb sonsuz Azərbaycan, xalq sevgisi, müstəqil dövlətçilik arzuları idi, ən əsası isə xalqın Ondan başqa heç bir Lider qəbul etməməsi idi. Fakt bu idi ki, ölkədə vətəndaş cəmiyyəti institutları yox səviyyəsində olduğu kimi, hüquqi dövlət də mövcud deyildi. Yalnız hüquqi dövlət quruculuğu sayəsində dövlət və xalq faktoru ayaqda qala bilərdi. YAP-ın yaranması və Ulu Öndər Heydər Əliyevin Lider olaraq bu siyasi təşkilata rəhbərlik etməsi qeyd edilən bütün mühüm çalarları özündə əxz etdirirdi. Yeni Azərbaycan Partiyasının müxalifətdən iqtidara gəlməsi və sükanın Heydər Əliyevin əlində olması bütövlükdə Azərbaycanın düşdüyü ən ağır burulğanlardan çıxmasını şərtləndirdi.

Beləliklə, Heydər Əliyev postsovet məkanında yeganə ölkə rəhbəri və Prezident idi ki, dövlət başçısı funksiyasını Ümummilli Liderliklə üzvi surətdə birləşdirə bilmişdi. Müasir siyasi-hüquqi təlimlərin görkəmli yaradıcılarının qənaətinə görə, hər bir rəhbər millətə real lider ola bilmir və əksinə, hər liderin ölkəyə səmərəli rəhbərlik etməyi bacarmadığı halları olur. Heydər Əliyevin isə Ümummilli Liderlik keyfiyyətləri ilə yüksək dövlətçilik-idarəçilik qabiliyyəti və bacarığı bir-birini üzvi surətdə tamamlayır. Məsələnin bu cəhətdən təhlili digər vacib məqamlarla yanaşı, Heydər Əliyevin Azərbaycanda müasir liderlik ənənəsinin banisi və həm də dünya miqyaslı lider olmasının əsas parametrlərini dərk etməyə şans yaradır. Heydər Əliyev Liderliyi qüdrətli Ümummilli Lider səviyyəsinə qaldırmış nadir dövlət xadimlərindən biridir.

- Bəhruz müəllim, sizcə, YAP iqtidarının hüquqi dövlət quruculuğu prosesi hansı prinsiplərə əsaslanır?

- 1993-cü ildə Ulu Öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997-ci ildə deyəcəkdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.

Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət - dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Demokratik hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər bərqərar olundu. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.

Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.

“Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”, - deyən Ulu Öndər Heydər Əliyev bu sahədə bütün məqamları nəzərə almaqla Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı. Danılmaz faktdır ki, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdir: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”.

Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.

- Partiyanın ardıcıl olaraq bütün seçkilərdə əldə etdiyi qələbələr bilavasitə xalqın ona etimadı kimi dəyərləndirilə bilərmi?

- Təbii ki, hər hansı siyasi təşkilatın ardıcıl qələbələri, xüsusilə seçkilərdə əldə etdiyi uğurları xalqın, vətəndaşların ona olan etimadından, rəğbətindən irəli gəlir. Bu baxımdan, YAP-ın uğurlarının əsasında xalq sevgisi dayanır. Belə ki, Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bu baxımdan da əminliklə vurğulaya bilərik ki, bütün seçkilərə geniş platforma ilə gedən Yeni Azərbaycan Partiyanın əsas məqsədi ölkənin uğurlardır və bu məqsədlər ilbəil özünü sübuta yetirir, təsdiqləyir.

O cümlədən, iqtidar partiyasının təbliğ etdiyi ideyalar, bəyan etdiyi prinsiplər xalq tərəfindən həmişə dəstəklənir. Ölkəmizin uğurlu inkişafı, tərəqqisi bir daha onu göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir. Əbəs deyil ki, YAP özünün uğurlu seçki konsepsiyası ilə və xalqın partiyası olaraq hazırkı dövrə qədər keçirilən bütün seçkilərdə inamla, seçicilərin qətiyyətli iradəsi sayəsində qələbələr və zəfərlər partiyası kimi adını dövlətçilik tarixinə yazıb.

Partiyanın müəyyən olunmuş və uğurlara söykənən seçki konsepsiyasının təməlində dayanan  daha bir faktor xalqın partiyaya olan sonsuz inamı və etimadıdır. Əbəs deyil ki, YAP-ın seçki şüarları da yalnız və yalnız tərəqqi meyarlarını əks etdirir. Bu baxımdan, hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyası “Daha güclü Azərbaycan naminə!”, “Davamlı inkişaf, yüksək rifah”, “Yeni hədəflərə doğru”, “Xalq üçün” şüarlarını önə sürür. Məhz bu şüarlarda partiyanın fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığı öz təsdiqini tapır. Bu xüsusiyyətlər iqtidar partiyasının uğurlarını, qələbələrini təmin etməsi ilə yanaşı, cəmiyyətdəki nüfuzunu, siyasi çəkisini daha da artırır, xalqın partiyası olduğunu əməli şəkildə isbatlayır. YAP-ın davamlı uğurları isə növbəti seçkilərdə də qələbə qazanacağına hədsiz inam və ruh yüksəkliyi yaradır, bu reallığa əsaslar verir.

- Bir sıra yerli və xarici nüfuzlu siyasi ekspertlər 2003-cü ili Azərbaycanın yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər. Bu başlanğıc özündə hansı üstünlükləri ehtiva edir?

- Fakt budur ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev artıq on doqquz ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 19 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi Liderə çevrilib. Ötən 19 ilin reallıqları müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu və memarı, əbədiyaşar Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmişdir. Bu dövrdə inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası uğurla gerçəkləşdirilib.

Məhz 2003-cü ilin prezident seçkilərində YAP-ın namizədi olaraq seçkilərə qatılan İlham Əliyev parlaq qələbə qazanması ilə yeni mərhələnin başlanğıc əsaslarını qoydu. Əbəs deyil ki, Ulu Öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciətində bu sözləri bildirirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olub. Təsadüfi deyil ki, xalqımız aparılan bu siyasi kursa bir daha öz dəstəyini verdi. Dörd il bundan əvvəl, 2018-ci il aprelin 11-də seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyev inamlı qələbə qazanaraq yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha ölkəmizdə yaşından, peşəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin dövlətin apardığı siyasi kursu dəstəklədiyinin göstəricisi idi.

Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi, praqmatik siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional və qlobal təşəbbüslər Azərbaycanın imicinin dünyada möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Bu uğurların hər birində dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasının da yeri və rolu danılmazdır.

Bu müddətdə uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika, mənəvi dəyərlər nümunəsi gətirdi. Məhz bu novatorluq və modern siyasi idarəçilik əsasları Azərbaycan dövlətinin dünyaya təqdim etdiyi ən mütərəqqi etalondur.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayında çıxışındakı  nitqindi ölkə həyatında baş verən ən önəmli hadisələrə diqqət çəkərək vurğulayıb: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.

Bəli, bu Qələbə, həqiqətən də, bizim qürur mənbəyimizdir. Bu realllığı Azərbaycan xalqı görür. Xalqımız, bəlkə də, bu son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Qarabağlı Azərbaycanımıza qovuşduq. Bu, Böyük Qələbə Prezident İlham Əliyevin xalqına verdiyi sözünə, vədinə sadiq qalan, Ata vəsiyyətini reallaşdıran Lider -  dövlət başçısı imicini bir daha təsdiqlədi.

- 30 il dövlətçilik uğrunda fəaliyyət göstərən YAP-ın bundan sonrakı perspektivləri barədə hansı proqnozlarınızı önə çəkə bilərsiniz?

- Bu günlərdə 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyasının yaranma zərurəti illər keçdikcə daha aydın görünür, düzgün təhlil edilir və ilk görünən də budur - YAP 30 il dövlətçilik uğrunda öz uğur, qalibiyyət sözünü dedi və bundan sonra da deyəcək. Qeyd etdiyimiz kimi, ötən 30 il ərzində Azərbaycanın hərtərəfli inkişafı prosesinə bələdçilik etmiş Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb sınaqlarla üz-üzə qaldığı bir zamanda yaradılmışdır. 30 ildə əldə olunan uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin əvəzsiz fəaliyyəti, böyük payı vardır. Partiyamızın Sədri, Prezident İlham Əliyev hələ beş il öncə - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində bildirib: “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər”.

Bu gün qalib Azərbaycanın hər guşəsində Zəfər salnaməsinin qürurlu küləyi əsir və üçrəngli bayrağımız fərəhlə, əzmlə dalğalanır. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirələri ehtiramla anılır, onların ailələri davamlı olaraq ziyarət edilir. Bütün bu kimi uğurlu proseslərdə öndə olan Yeni Azərbaycan Partiyasının üzvləri üzərlərinə düşən vətəndaşlıq missiyalarını böyük coşqu ilə həyata keçirirlər. Əbəs deyil ki, məhz YAP-ın təşəbbüsləri ilə qazilərimiz, şəhid ailələrimiz davamlı olaraq diqqət mərkəzində saxlanılırlar. Bütün bunlar həm də YAP-ın təməlli ideoloji prinsiplərinin əsaslarında dayanan danılmaz faktor dövlət, xalq sevgisinin tərənnümüdür. Yeni Azərbaycan Partiyasının qayəsi və amalı ötən 30 illik şərəf yolunda bu meyarlar üzərində formalaşaraq xalqın partiyasına çevrilib. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.

Paylaş:
Baxılıb: 1388 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30