Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İlham Əliyev Laçına səfər edən ilk dövlət başçısı kimi tarixə düşdü

İlham Əliyev Laçına səfər edən ilk dövlət başçısı kimi tarixə düşdü

05.10.2022 [10:07]

Laçın sakini: Prezidentin albomda baxdığı küçə 30 il yaşadığım “Kommunist” küçəsidir

Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərə mütəmadi səfərlər edir, həmin bölgələrdə aparılan bərpa-quruculuq işləri ilə tanış olur, yeni tikililərin əsasını qoyur. 2020-ci ildə Laçını döyüşsüz azad edən Ali Baş Komandan bu gün həmin torpaqlarda, o cümlədən işğaldan azad edilən bütün ərazilərimizdə həyata keçirilən nəhəng quruculuq prosesinə rəhbərlik edir. Prezidentin sentyabrın 21-də Laçın şəhərinə səfəri və bu səfər əsnasında görülən işlərlə bağlı verdiyi məlumatlar Azərbaycan xalqının nə qədər sülhpərvər və yaradıcı olduğunu bir daha bütün dünyaya göstərdi. Dövlət başçısının Laçın səfəri həm də laçınlıların sevincinə səbəb oldu. Ömrünün 30 ilini prezidentin Laçında müşahidə etdiyi küçədə keçirən Laçın sakini, Yeni Azərbaycan Partiyasının üzvü Nəriman Zeynallı təəssüratlarını “Yeni Azərbaycan”la bölüşüb.

- Nəriman müəllim, Ali Baş Komandanın Laçın şəhərinə səfəri və mərkəzi meydanda üçrəngli bayrağımızı dalğalandırması bir laçınlı kimi sizdə hansı təəssüratları oyatdı?

- Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin Laçın rayonuna səfəri çərçivəsində şəhərlə tanışlığı, mərkəzi meydanda üçrəngli bayrağı dalğalandırmağı biz laçınlıları çox sevindirdi. Bayraq yuxarı qalxdıqda, sanki biz də arxadakı Laçın dağına qalxır, dalğalandıqca biz də Laçın quşu kimi səmada süzürdük. Cənab Prezident “Bu bayraq burada əbədi dalğalanacaq!” deyəndə, bir daha əmin olduq ki, bu dağ da, səma da, şəhər də əbədi bizimdir. Biz buranın daimi sakinləriyik. Erməni tör-töküntülərinin  Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qovulduqdan sonra cənab Prezidentin ora səfəri həm də bütün dünyaya kəskin bir mesajdır. Bu bir daha göstərir ki, Zabux da, Laçın da, Qarabağ da Azərbaycandır!

- Sizin eviniz də həmin ərazidə yerləşirdi?

- Bayraq meydanından 50 m aralı, Hərbi komissarlıqla üzbəüz Laçın şəhərində ilk yaşayış binası - 2 mərtəbəli,  14 mənzilli yaşayış evi var idi. Mən orada yaşamışam və ömrümün 30 ili bu meydanda keçib. Şəhərin hər daşına, bulağına, ağacına bələd olan, sakinləri tanıyan biri kimi həmin küçəyə qiyabi ekskursiya təşkil etmək istəyirəm. 1930-cu ildə Moskvada çap olunan  “Oqonyok” jurnalındakı krossvordun suallarından biri  Laçına aid idi.  SSRİ-də bir küçəli şəhər? Sualın cavabı Laçın idi. Cənab Prezidentin albomdakı baxdığı küçə, bax həmin “Kommunist” küçəsidir.

- Hər halda başqa küçələr də var idi, o yerləri, küçələri necə xatırlayırsınız?

- Əlbəttə, inkişaf etdikcə Laçın bir küçəli şəhərdən çox küçəli şəhərə çevrildi. Ancaq şəhər nə qədər böyüsə də ünvanı məhəllələrlə soruşurdular. Şəhərin mərkəzi, şəhərin ayağı, qabaq küçə, arxa küçə, yuxarı məhəllə, Qalalılar məhəlləsi, Yuxarı Laçın, Köhnə Hamam məhəlləsi, Dünyamalının dərəsi, Poçt məhəlləsi, Hoçazlılar məhəlləsi, Köhnə Sallaqxana məhəlləsi, Ardıclı məhəlləsi, RTS məhəlləsi, Abdallar, Qızılca məhəlləsi və s. Şəhərin bütün idarə və təşkilatları, hüquq mühafizə orqanları, yaşayış evləri, xəstəxana, aptek, 2 məktəb, mədəniyyət şöbəsi, muzey, uşaq bağçası və s. hamısı bu küçədə cəmləşirdi. İllər ötdükcə şəhərin ərazisi böyüyür və bir çox idarə, müəssisə, yaşayış evləri ətraf sahələrə köçürülürdü. Bu şəhərdə hamı bir-birini tanıyır və hörmət edirdi. Şəhərin yuxarı hissəsi ilə şəhərin aşağı məhəlləsini birləşdirən “Kommunist” küçəsinin uzunluğu 600-700 m olardı.

- İşğaldan öncə Laçında sizin yaşadığınız küçə hansı idi?

- Ömrümün 30 ilini “Kommunist” küçəsində, ziyalı müəllim ailəsində yaşamışam. Həmin küçədə orta məktəbdə oxumuşam, hərbi xidmətə çağırılmışam, qışda xizək sürüb, yayda futbol oynamağa düz yer axtarmışam. Ali məktəbə qəbul stajı tələb olunanda bu küçədə poçtalyon işləmişəm. Ali təhsil aldıqdan sonra müxtəlif təşkilatlarda işləmişəm. Cənab Prezident gəzdikcə arzulayırdım ki, kaş mən də orada olardım. Bu küçənin hər qarışında unudulmaz və şirin xatirələrim var...

- Prezidentin Laçına səfərinin həm siyasi, həm tarixi, həm də mənəvi əhəmiyyəti var idi...

- Sovetlər dönəmində və müstəqillik dövründə respublikanın heç bir birinci şəxsi Laçın rayonunda olmayıb. 1991-ci ildə Ayaz Mütəllibov Viktor Polyaniçko ilə birgə Laçına gəlmişdi. O vaxt rayon partiya komitəsində rayon ziyalıları ilə görüş keçirilirdi. Mən də bu toplantıda iştirak edirdim. Rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi iştirakçısı Əmir Manafovun təsirli və toxunaqlı çıxışından sonra V.Polyaniçko A.Mütəllibova: - “Hava qaralır, uçmağın vaxtıdır”- dedi və dərhal zalı tərk etdilər. Ona görə də biz bunu rəsmi səfər kimi saymadıq. Bu mənada Cənab İlham Əliyev Laçına səfər edən ilk dövlət başçısı kimi tarixə düşdü. Bu şanlı tarixi o özü yazdı.

- Prezidentin göstərişi ilə şəhərin baş planı hazırlanır. Bununla bağlı bir laçınlı kimi hansısa təklifləriniz varmı?

- “Kommunist” küçəsi demək olar ki, yox vəziyyətdədir. Bəzi binalar və mənzilləri saxlamaqla küçəni yenidən qurub tikmək olar. Bir şəhər sakini, coğrafiyaçı, eyni zamanda mətbuat işçisi kimi mənim də şəhər və rayon haqqında öz təkliflərim var. Bunları yazılı şəkildə Prezident Administrasiyasına təqdim edəcəyəm.

- Ulu Öndər Laçının işğalından sonra laçınlılarla da tez-tez görüşərdi. Həmin görüşlərdən xatirələriniz varmı?

- Həmin vaxtlardan ən çox yadımda qalan məqamlardan biri xalqımızın ümummilli lideri Heydər Əliyevin 1996-cı il may ayının 6-da Şuşa və Laçın rayonlarının sakinlərinin bir qrupu ilə görüşüdür. O zaman Heydər Əliyev öz çıxışında demişdi ki, mənim xatirimdədir, 1974-cü ildə biz Laçın şəhərinin 50 illik yubileyini qeyd etdik. O vaxt biz Laçın şəhərinin 50 illiyi münasibətilə böyük bir qərar qəbul etdik və Laçın şəhərinin, rayonunun ümumi inkişaf proqramı da bu qərarla yarandı. Ulu öndər Heydər Əliyevin Laçın şəhərinin 50 illiyi ilə bağlı qəbul etdiyi qərardan 48 il sonra 21 sentyabr 2022-ci il tarixində cənab Prezident İlham Əliyev Laçın şəhərindəki çıxışında daha bir mühüm məqama toxundu. O dedi ki,  laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Biz də dövlət başçımıza inanır, onun Laçın şəhərini yenidən bərpa edəcəyinə əminlik duyuruq.

- 2024-cü ildə Laçının 100 illiyidir, bununla bağlı hansısa təklifləriniz, layihələriniz varmı?

- 2024-cü ildə həm də Laçın hava limanının istifadəyə verilməsi planlaşdırılır. 2024-cü ilin oktyabr ayında isə Laçın şəhərinin 100 yaşı tamam olur. Təsadüf nəticəsində bu xoşməramlı hadisələr üst-üstə düşür. 100 il keçməsinə baxmayaraq, bizə, laçınlılara elə gəlir ki, biz də, Laçın da dünyaya yenidən gəlmişik və o tarixi gün 1 dekabr 2020-ci ildir. Arzu edək ki, 2024-cü ildə Laçın şəhərinin 100 illiyinə həsr olunacaq bayram tədbirlərini Ali Baş Komandanın iştirakı ilə Laçında qeyd edək. Yəqin ki, bütün bunları və mənim təkliflərimi nəzərə alıb 2024-cü ilin “Laçın İli” elan edilməsi hər bir laçınlının ürəyincə olardı. Bütün bunlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə öncədən laçınlılar adından minnətdarlığımı bildirirəm.

Günel ABBASOVA

Paylaş:
Baxılıb: 1331 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30