Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Münəvvər Alıyeva: “Ən böyük arzum Şuşada konsert verməkdir”

Münəvvər Alıyeva: “Ən böyük arzum Şuşada konsert verməkdir”

20.07.2022 [21:21]

Ülviyyə Mustafa

Əsrlərdir qulaqlarımızda səslənən klassik musiqilərin, bəstəkar mahnılarının ifaları onun kiçik, sehrli barmaqlarında sanki yenidən doğulur, qulaqlarımızdan qəlbimizə süzülərək könlümüzdə başqa bir libasda məskən salır. Söhbət özü kiçik olsa da, qəlbində 7 notun minlərlə ahəngini daşıyan və onu bizlərə ötürən 15 yaşlı Münəvvər Alıyevadan gedir.

Uşaqlığının böyük hissəsi teatrlarda, klassik konsertlərdə keçən istedadlı yeniyetmə...

Münəvvər Alıyeva 2007-ci il mayın 20-də Bakı şəhərində anadan olub. 3 yaşında? rus və ingilis dillərində sərbəst danışır. 2012-ci ildən Bakı Britaniya Məktəbində təhsil alır. Musiqi təhsilini isə 2014-cü ildə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin fortepiano şöbəsində almağa başlayıb. İlk çıxışı 2013-cü ildə İstanbulda beynəlxalq “Pera Piano” yarışması olub. 2015-ci ildə yenidən “Pera Piano” festivalına qatılır və birinci yerə layiq görülür. Hətta 40 faiz təqaüd də qazanır.

2016-cı ildə İsveçin paytaxtı Stokholmda keçirilən V Beynəlxalq Musiqi Müsabiqəsində II yerə layiq görülür. Rəsmləri ilə də müxtəlif müsabiqələrə qatılan Münəvvər elə 2016-cı ildə Bakıda keçirilən Uşaq və Yeniyetmələrin III Beynəlxalq Rəsm festivalında çəkdiyi əsərlərə görə diplom və mükafatlara layiq görülüb.

2017-ci ildə Nyu-York şəhərində keçirilən Fortepiano yarışında Grand Prix mükafatına layiq görülüb və Nyu-Yorkda Carnegie Hall salonunda Qala konsertdə uğurla çıxış edib.

2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən III Respublika müsabiqəsinin laureatı olub. Eyni ilin may ayında Fransada Azərbaycanın Əməkdar artisti pianoçu Adilə Əliyevanın (Fransanın Ali Musiqi Akademiyasının direktoru, pianoçu) təşkilatçılığı ilə Beynəlxalq Pianoçular Müsabiqəsində birinci yerə layiq görülüb və İsveçrənin Cenevrə şəhərində keçirilən müsabiqənin Qala konsertində çıxış edib.

2018-ci ilin iyul ayında İzmirdə keçirilən IV Beynəlxalq Piano Festivalında I yerə layiq görülüb.

2021-ci ilin dekabr ayında İspaniyada keçirilən “Talents of Europe İnternational Festival and Contest” müsabiqəsində I yeri qazanıb.

Münəvvər Alıyeva təhsil aldığı məktəbdə həmyaşıdlarından öz fəallığı ilə seçilir. O, 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası Təhsil Mərkəzinin “İntellektual şagird” fəxri diplomuna da layiq görülüb.

 “Hər çıxışımın sonunda gözlərim müəllimimin üzündə olur...”

- Münəvvər, necə oldu ki, sizdə musiqiyə, məhz pianoya bu qədər həvəs yarandı?

- Çox kiçik yaşlarımdan valideynlərim məni tez-tez teatrlara, konsertlərə aparırdı. Anam deyir ki, daim afişaları izləyirmiş. Hər premyeraya mütləq məni aparardı. Hətta konsertlər, tamaşalar arası fasilələr zamanı anam məni səhnə arxasına aparıb oradakı musiqi alətlərini yaxından göstərirdi. O zaman kiçik idim, bəzi alətlər mənə çox böyük görünürdü. Düşünürdüm ki, görəsən nə vaxtsa onların hansındasa ifa edə bilərəmmi? Lakin hər zaman ən çox piano diqqətimi çəkirdi. Bu musiqi alətindən çıxan səslər sanki digərlərini də əvəz edirdi. Evimizdə demək olar ki, hər kəsin musiqi təhsili var. Uşaqlıq xatirələrim hər zaman klassik musiqilərin sədası ilə xatırlanır. Çünki valideynlərim daim klassik musiqilərə qulaq asırdılar. Elə o dinlədiyim sehrli musiqilərin əlifbasını da ilk olaraq valideynlərimdən öyrənmişəm.

- Uğurlarında ən böyük dəstəkçiniz kimdir?

- Əlbəttə ki, vaildeynlərim. Onlar mənim hər uğurumun ən böyük dəstəkçiləridir. Düşünürəm, bu nailiyyətlərimin ən uğurlu düsturlarından biri də ailəmin mənəvi cəhətdən hər zaman mənə arxa-dayaq olmasıdır. Bir də ən böyük dəstəkçim piano müəllimim Tatyana Ryabuxa olub. O, uğurlarımın ən böyük yardımçısıdır. Dərs zamanı ən ciddi və tələbkar müəllimim olmaqla yanaşı, konsertlərimdə də bir nömrəli dəstəkçimdir. O, həmişə tamaşaçıların sırasında əyləşir. İfamı bitirdikdən sonra ilk olaraq gözlərim onu axtarır. Yalnız Tatyana Ryabuxa mənə gülümsəyib, hər şeyin əla keçdiyi işarəsini verdikdə mən rahatlanıb, tamaşaçılarımın alqışlarının zövqünü çıxarıram.

“Əllərim pianoya toxunanda sanki sehrli bir dünyaya düşürəm”

- İlk uğurlu çıxışınızı necə xatırlayırsınız?

- İlk uğurlu çıxışım 2013-cü ildə İstanbulda “Pera Piano” yarışması idi. Çox həyəcanlı olsam da, öhdəsindən uğurla gələ bildim. Ümumiyyətlə, iştirak etdiyim konsertlərdə, müsabiqələrdə pianonun arxasına keçənə qədər həyəcanlı oluram. Elə ki, əllərim pianonun dillərinə toxundu, özümü sanki sehrli bir dünyada hiss edirəm. Ən sevdiyim məqam isə tamaşaçıların alqışlarıdır. Səhnəni çox sevirəm. Səhnədən ayrı qalacağımı heç bir zaman ağlıma gətirmirəm.

- Bu günlərdə Azərbaycan Dövlət Filarmoniyasında da möhtəşəm konsert proqramı ilə çıxış etmisiniz. Bu haqda nə deyə bilərsiniz?

- Bəli, 44 gün davam edən İkinci Qarabağ Müharibəsindən sonra həyata keçirmək istədiyim ən böyük arzum ilk solo konsertlə tamaşaçıların qarşısına çıxmaq idi. Mən bu istəyimi “Şuşa İli” çərçivəsində, yəni bu il, iyunun 28-də gerçəkləşdirə bildim. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə 2 saata yaxın konsert oldu və bu mənim həyatımda çox yaddaqalan bir gün kimi tarixə düşdü.

- Televiziyaların birində qonaq olduğunuz zaman aparıcılar maraqlı məqama toxundular. Dedilər ki, siz həmin konsertə dəvət olunan insanlardan təbrik üçün gül dəstələri deyil, oyuncaq, hədiyyə gətirmələrini istəmisiniz. Bu da səbəbsiz olmayıb.

- Bəli, bu da elə həmin solo konsert arzumun davamı idi. Belə ki, iyunun 30-da Filarmoniyada keçirilən konsertdən sonra Xətai rayonu 34 saylı musiqi məktəbində şəhid və qazi ailələrinin övladlarını bir araya topladım. Onlara konsert verdim. Tədbirin sonunda isə Filarmoniyada hədiyyə kimi mənə verilən həmin oyuncaqları şəhid və qazi ailələrinin uşaqlarına bağışladım. Və bundan böyük zövq aldım.

“Düzgün planlama uğurumun əsas düsturudur”

- Hobbiləriniz haqqında da danışardınız. Asudə vaxtlarında nə işlə məşğul olursunuz?

- Dərslərimdən, piano məşqlərimdən əlavə müxtəlif janrlı, xüsusən fantastik janrlı kitablar oxumağı sevirəm, rəsm çəkirəm və kiçik-həcmli oçerklər yazıram. İngilis və rus dillərinə erkən yaşlarından yiyələnmişəm. Hər iki dili sərbəst bilirəm. Alman dilini də bir az bilirəm. Lakin hədəflərimdə daha bir neçə dilə yiyələnmək var.

- Bütün bunlara necə zaman ayırırsınız?

- Mən bütün işlərimi planla edirəm. Dərsdən gəldikdən sonra neçə saatımı musiqiyə, neçə saatımı dərs və ya bədii kitab oxumağa ayıracağımın planını tuturam, neçə dəqiqə yatacağımı, istirahət edəcəyimi belə bu plana daxil edirəm. Hətta menyularımda hansı qidanın mənə nə qədər enerji verəcəyini belə hesablayıram. Çalışıram ki, düzgün qidalanam və ən əsas da sosial şəbəkələrdə vaxtımı hədər keçirməyim. Düşünürəm ki, uğurumun düzgün formulu da elə bu planlarıma sadiqliyimdir.

- Ən böyük arzunuz?

- Böyük arzum, əlbəttə ki, daha böyük səhnələrdə çıxış etməkdir. Ali təhsilimi həm musiqi, həm də tibb sahəsində davam etdirmək fikrindəyəm. Hər iki sahədə insanlara faydalı olacağıma əminəm. Çünki həkim kimi fiziki olaraq insanlara yardım edəcəyəmsə, musiqi ilə onların ruhlarını qidalandıracağıma əminəm. Ancaq indi ən böyük arzum yaxın zamanda Şuşada konsert vermək və bir də şəhid, qazi ailələrinin övladlarına təmənnasız fortepiano dərsləri tədris etməkdir. İnanıram ki, bu arzum da tezliklə reallaşacaq...

 

 


Paylaş:
Baxılıb: 158 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31