Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Əkin sahələrinin həcmini yox, məhsuldarlığını artırmalıyıq

Əkin sahələrinin həcmini yox, məhsuldarlığını artırmalıyıq

01.04.2022 [10:55]

“Məclisdən kənar” söhbətlər...
Günel Abbasla

Müsahibimiz 82 saylı Ağcabədi seçki dairəsinin deputatı Tahir Rzayevdir. O, uzun illər Ağcabədi rayonunda müxtəlif vəzifələrdə çalışıb. Ali təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində alan T.Rzayev həm də yazıçılıqla məşğuldur. 2001-ci ildən parlamentdə təmsil olunur və Milli Məclisin aqrar siyasət komitəsinin sədridir. 

- Tahir müəllim, sonuncu dəfə seçicilərinizlə nə zaman görüşmüsünüz? 
- Martın 20-dən 27-nə qədər Ağcabədi rayonunda oldum. Bayram gününü şəhid evində keçirməyi özümə borc bildim. Bu müddətdə rayon gəncləri və icra başçısı ilə söhbətlər apardıq. Hər zaman getdiyim yerlərdən biri də rayonun Heydər parkıdır. Oranın açılışında və parkdakı ağacların əkilməsində bilavasitə iştirak etdiyimə görə, hər gedişimdə parkı ziyarət edirəm. Eləcə də rayon idmançıları ilə görüşdüm. Ağcabədidə ölkəmizi xaricdə təmsil edən çox sayda gənc idmançılar var. Onlara bir ağsaqqal kimi məsləhətlərimi verdim. Təbii ki, bu zaman əhatəsində seçicilərlə müxtəlif görüşlər də keçirdik. Onu deyim ki, görüşlərimiz təkcə kabinetdə baş tutmur, bəzən gecə saatlarında da seçicilər hansısa müraciət üçün evimə gəlirlər. Bunu da anlayışla qarşılayır və onların problemlərini dinləyib həll etməyə çalışıram. 
- Seçiciləri əsasən hansı problemlər narahat edir?
- İnsanlar daha çox sosial müavinət məsələlərindən narahatdır. Hökumət bununla bağlı çox ciddi tədbirlər görür. Çox təəssüf ki, vaxtilə bu sahədə işləyən adamlar ciddi səhvlər buraxıblar. Elə ailələr var ki, orada 5 nəfər əlillik pensiyası alır. Seçicilərin bu xüsusda müraciətləri əsaslıdırsa, onları incidən orqanlara müraciət edirik. Əksər hallarda bu şikayətlər əsassız olur. Çünki vaxtilə sənədləri saxta yollarla hazırlayıblar. İndi hər şey elektron portallarla, şəffaf həll olur, vətəndaşın səhhətində problem varsa, bunu aşkar edə bilir. Bəzi hallarda da qazilərimiz tərəfindən şikayətlər daxil olur. O məsələlərlə bilavasitə məşğul oluruq. Əgər müharibə iştirakçılarımız bədəninin ən kiçik nahiyəsini belə itiribsə, onlara güzəşt olunmalıdır. O insanlara qarşı həssas yanaşmalı, onları razı salmalıyıq. 
- Uşaq pulu məsələsi hələ də gündəmdədir...
- Uşaq pulunun verilməsinin tərəfdarıyam, ancaq imkanı olan adamların bu vəsaiti almasının əleyhinəyəm. Ölkədə imkanlı adamlar çoxdur. Bütün uşaqlara şamil olunsa, sosial ədalət prinsipi pozulur. Qoy bizə düşən pulu imkanı zəif olan adamlara versinlər. 
- Rayonun aidiyyəti orqanları ilə birgə fəaliyyətdən razısınızmı? 
- Mövcud problemlər qaçılmazdır, bu, bütün ölkələrdə var. 22 ildə vətəndaş problemi ilə müraciət etdiyim hansısa nazirlikdə cavabsız sorğum olmayıb. Müraciətlərin çoxuna da müsbət cavab almışam, çünki mən özüm üçün nəsə istəməmişəm, ancaq vətəndaşlar üçün nələrisə tələb etmişəm. Özüm üçün bir şey tələb etsəm, heç onu nəzərə almasalar yaxşıdır. 
- İşğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə təsərrüfat baxımından əlverişli olacaq. Bu ərazilərdə aqrar siyasətlə bağlı hansısa təklif və ideyalarınız varmı? 
- Kəlbəcərin 100.000 hektara yaxın ərazisi otlaq üçün çox yararlıdır. Orada əkin üçün şərait hazırlanır. O ərazilərdə yeni layihələr həyat keçiriləcək, üzümçülük inkişaf etdiriləcək. Dağlıq rayonlar heyvandarlığın inkişafı üçün olduqca yararlıdır. Yayda bəzi fermerlər öz mal-qaralarını həmin ərazilərə köçürdülər. 
- Əhali su qıtlığından şikayətlənir... 
- İqlim dəyişikliyi ilə əlaqədar bu problem bütün dünyada var. Yerin təkində də su azalıb. Əvvəllər Kürün daşması ilə üzləşirdik, indi isə su səviyyəsi aşağı enir. 
- Əlavə su anbarlarının tikilməsi bunun qarşısını ala bilərmi? 
- Hazırda yeni su anbarları tikilir. İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarlarının yaranması gündəmdədir. Bunun Bərdə və Tərtər rayonlarını əhatə etməsi nəzərdə tutulur. Ancaq Ağcabədi bundan tam şəkildə yararlana bilmir. 
- Mil-Muğan ərazisində şoran yuma işlərinin aparılması yenidən gündəmə gələ bilərmi? 
- Bu gün min hektarlarla sahələr bu üsulla yuyulur. Təsərrüfatlar əvvəl korporativ olduğu üçün birbaşa yuyulma işləri həyata keçirilirdi. İndi pay torpaqlar olduğuna görə, insanlar öz təsərrüfatlarından kanal keçməsini istəmirlər. Yavaş-yavaş bunlar təşkil olunur. Sahibkarlar özləri də bunda maraqlı olmalıdırlar, hər şeyi dövlətin öhdəsinə atmaq olmaz. 
- Azərbaycan aqrar məhsul ixracatında üçüncü yer tutur. Ən böyük ixrac ünvanının Rusiya olduğunu və hazırkı vəziyyəti nəzərə alsaq, qarşıda bizi nələr gözləyir? 
- Qonşu dövlətlərdə gedən müharibə Azərbaycan iqtisadiyyatı üçün də ziyanlıdır. Əgər bizim qonşumuz yaxşı yaşamırsa, o bizə də təsir edəcək. Taxıl və bitki yağlarını Rusiya və Ukraynadan idxal edirdik. Hazırkı situasiyaya uyğun olaraq proses baş tutmur. Müharibə gedən bölgələrdə heç bir təsərrüfat obyekti qalmayıb, onlar raket atəşi altında məhv olublar. Ölkəmizin taxıl və digər ehtiyatları var, ancaq tükənə bilər. Hökumətin bu barədə də qabaqlayıcı tədbirləri var. 
- Ərzaq təhlükəsizliyimiz necə təmin olunur? 
- Ərzaq təhlükəsizliyini təmin etmək üçün əkin sahələrinin həcmini yox, məhsuldarlığını artırmalıyıq. Bunu cənab prezident də dəfələrlə vurğulayıb. Azərbaycan şəraitində suvarılan torpaqlarda 45 sentner taxıl götürmək mümkündür, amma 32 sentner taxıl əldə olunur. Əgər potensialımızı dəyərləndirsək, kənardan idxala ehtiyac qalmaz.
- Qarabağda “Ağıllı kənd” layihəsi uğurla həyata keçirilir. Sonrakı mərhələlərdə bunu digər kəndlərə də şamil etmək olarmı?
- Bu layihələr xüsusilə dağlıq rayonlara şamil olunmalıdır. Bəzi kəndlərdə əhali daha az məskunlaşır, onlar digər bölgələrdə daha kompakt şəkildə yaşaya bilərlər. Bu halda onların işıq və qaz təminatı da asanlaşacaq, eləcə də əkin sahələri genişlənəcək.
Vətəndaş sualları: 
- Ağcabədi rayonunun mərkəzi küçələrində işıqlanma problemi var, yoldakı işıq dirəkləri xarab olur və uzun müddət işıqsız qalırıq. Bu da qəzalara səbəb olur. Deputatımızdan məsələyə aydınlıq gətirməsini və aidiyyəti orqanlar qarşısında qaldırmasını xahiş edirik. 
- Bu gün işıq sistemi tamamilə müvafiq qurumların səlahiyyətinə keçib. Müəyyən qaydalarda tam işıqlanmanın getməməsi buradan qaynaqlanır. Hazırda yeraltı kabelləşmə prosesi gedir. İşıq dirəkləri də çox pis vəziyyətdədir. Ağcabədidə küçələrin sayı da durmadan artır. Bura enerji təchizatını təmin etmək olduqca çətindir. Sözsüz bu məsələ ətrafında özüm araşdırma aparacağam, hətta başçı ilə də danışacağam. Rayonun mərkəzi küçələrində işıqlar təbii ki, yanmalıdır. 
- Ev telefonlarının xətlərinin çəkilməsi ilə bağlı mütəmadi problemlər yaşanır. Poçtdan bildirilir ki, heç bir yerdə əlavə xətt çəkilməsi üçün şərait qalmayıb. Bu məsələ ilə bağlı fikir bildirsin. 
- Bu problemlə məşğul olmuşam. Bildirdilər ki, yeraltı kabelləşməyə keçdiklərinə görə, proses müəyyən qədər ləngiyir. 
- İnsanlar əziyyətlə əkib-becərdiyi məhsulu bazara çıxarmaqda çətinlik çəkirlər. Bununla bağlı nə tövsiyələri var? 
- Təsərrüfatda planlı şəkildə iş görülməlidir. Tələb olunan sahəyə doğru yönəlməliyik. Sahibkarın 10 hektar torpaq sahəsi varsa, burada müxtəlif məhsullar əkib-becərməlidir. Torpağın hamısını eyni sahəyə yönəltmək olmaz. Məsələn, Ağcabədidə kənar rayonlardan gələn məhsulların satışı həyata keçirilir. Əgər o məhsulları rayonun özündə də yetişdirmək mümkündürsə, niyə kənardan məhsul alınmalıdır? Dövlət və müvafiq qurumlar bununla bağlı sahibkarlara tövsiyələr verməlidir. 
- Masallı və Cəlilabadda seldən sonra əhaliyə dəymiş ziyanın kompensasiya məbləği nə qədər olacaq?  
- Bunu hökumət özü araşdıracaq, dəymiş ziyan əsasında əhaliyə məvacib ödəniləcək. Elə evlər var ki, bir balaca zərər görüb, buna görə yüksək məbləğdə ödəniş etmək düzgün deyil. Sığorta olunan evlər varsa, onlar sığorta tərəfindən qarşılanacaq. Kənarda qalan evlərə dəyən ziyanı isə dövlət ödəyəcək.

Paylaş:
Baxılıb: 853 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30