Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 50 il sonrakı Azərbaycana verilən hədiyyə

50 il sonrakı Azərbaycana verilən hədiyyə

10.02.2022 [11:21]

Bu əsərlər dövlətimizin istinad edəcəyi tarixi sübutlardır

İlhamə RƏSULOVA

Tədqiqatçı alim, jurnalist, kimya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nazir Əhmədli Azərbaycan tarixi üçün çox önəmli, vacib iş görməkdədir. Tədqiqatçı son illərdə bütöv bir heyətin öhdəsindən gələ biləcəyi işi təkbaşına və fədakarlıqla davam etdirərək, əzəli Azərbaycan torpaqlarının, ayrı-ayrı əyalətlərin kameral təsvirlərini tərtib edir, bunları cild-cild kitablar şəklində çap etdirir. Araşdırmalara anadan olduğu Dərələyəz mahalının Abud kəndindən başlasa da, bunun ardınca bütöv Azərbaycanı əhatə etməyi hədəfləyib. Nazir Əhmədlinin bu günə qədər dərc etdirdiyi 15-ə yaxın kameral təsviri 50 il sonrakı Azərbaycana verilən hədiyyə saymaq olar. Onun araşdırdığı arxiv sənədlərində hər bir kənd, şəhər və əyalətin əhalisinin adbaad siyahısı, etnik tərkibi, bir çox hallarda hər bir ailənin mal varlığı öz əksini tapdığına görə tariximizin mübahisəli məqamlarını aradan qaldırmaqda dəlil rolu oynayır. Nazir Əhmədli ilə məhz bu barədə danışmışıq.

- Nazir müəllim, öncə istərdik oxucularımıza kameral təsvirlərin hansı məqsədlərlə tərtib edilməsi və Azərbaycanda kameral təsvirlərin tarixi barədə danışasınız.

- Əslində bu məzmunlu iş çox qədimlərə dayanır. Bu tip sənədlərin tərtibi  böyük Hülakü  hökmdarı Qazan xanın vaxtından başlayıb. XIII əsrin axırları XIV əsrin əvvəllərində Qazan xan iqtisadi və hüquqi islahatlar keçirdi. İslahatlardan biri də vergi yığmaq üçün sənədlərin tərtib edilməsi idi. Məlum məsələdir ki, dövlətin qorunması, saxlanması üçün vergi yığılmalıdır. Bu məqsədlə həmin dövlətin ərazisində yaşayan insanların siyahısı tutulur, onların mal varlığı haqqında siyahılar tərtib edilirdi. Hər kəsdən öz mal varlığına görə vergi tutulurdu. Hər kəndin, obanın müəyyən ölçüdə verməli olduğu vergisi var idi ki, bu barədə bir taxta lövhəyə yazıb kəndin girişinə qoyurdular. Bu, ondan ötrü idi ki, vergi məmurları artıq vergi yığıb xalqın haqqına girməsinlər. Bəzi bədii əsərlərdə vergiyığanların guya xalqın son qəpiyini də əlindən almasına dair təsvirlər var. Bunlar həqiqəti əks etdirmir. Yalnız bu barədə səhih məlumatı olmayan adamlar belə yaza bilərlər. Əslində, vergiyığmada hərc-mərclik olmayıb. Sonralar Osmanlı dövlətinin məmurları tərəfindən vergi dəftərləri tərtib olundu. Bildiyiniz kimi, Osmanlılar bizim əraziləri bir neçə dəfə fəth ediblər. Osmanlı dövləti 1590-cı illərdə və 1727-1728-ci illərdə təhrir dəftərləri tərtib etdirmiş, vergiləri həmin sənədlərin əsasında toplamışdı. Təhrir dəftərləri müfəssəl və icmal dəftəri şəklində tərtib olunurdu. Müfəssəl dəftərdə vergi ödəyən hər bir kənd və şəhər sakininin adı yazılır, neçə nəfərin vergi verdiyi aydın olurdu. İcmal dəftərində isə həmin vergilərin necə bölüşdürülməsi göstərilirdi. Səfəvilərin son hökmdarlarından olan Sultan Hüseynin vaxtında - 1722-ci ildə “Təzkirətül-müluk” adlı vergi sənədi tərtib olunmuşdu. Bu sənəd indi də qalmaqdadır. Azərbaycan əraziləri Rusiya imperiyası tərəfindən işğal olunandan sonra rus məmurları da bu cür vergi sənədləri tərtib etməyə başladılar. Ruslar işğal etdikləri ərazilər haqqında hərtərəfli məlumata malik olmaq üçün kameral təsvirlərin tərtibinə başladılar.

- İrəvan və Naxçıvan xanlıqlarının kameral təsvirlərinin  araşdırılmasına xüsusi diqqətlə yanaşmışınız. Buna səbəb nə idi?

- Xüsusi aktuallıq kəsb etdiyinə görə mən məhz İrəvan və Naxçıvan xanlıqlarının  arxivləri üzərində daha çox işlədim. Bu əsərlər qonşularımızın ərazi iddialarını heçə endirən sübutlardır. 1827-ci ilin iyununda Naxçıvan xanlığı, oktyabrında isə İrəvan xanlığı ruslar tərəfindən işğal edildi. 10 fevral 1828-ci ildə imzalanmış “Türkmənçay” müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı. Naxçıvan və İrəvan xanlıqları işğal ediləndən sonra çar I Nikolayın fərmanı ilə hər iki xanlıq ləğv olunub yerində Erməni vilayəti yaradıldı. “Türkmənçay” müqaviləsinə görə, Qacarlar dövləti İrəvan və Naxçıvan xanlıqlarına aid bütün maliyyə sənədlərini 6 ay ərzində Rusiya tərəfinə verməli idi. Rusiya bu ərazilərdə özündən əvvəl toplanan vergilər haqqında müfəssəl məlumat almağı düşünürdü.  Ruslar İrandan bu sənədləri alandan sonra, özləri də bu tip sənədlər tərtib etməyə başladılar, adını da kameral təsvir qoydular. Rus işğalı zamanı kameral siyahılar təxminən 10 ildən bir təzələnirdi. Ölən adamları siyahıdan çıxarır, təzə doğulanları daxil edirdilər, başqa kəndlərdən köçüb gələnləri yazırdılar və s. İrəvan və Naxçıvan ərazisinin ilk mükəmməl kameral təsviri 1831-ci ildə fransız əsilli rus məmuru İvan Şopenin rəhbərliyi ilə tərtib olunub. Ondan əvvəl bu işi general İvan Paskeviç bir neçə nəfərə tapşırsa da, nəticələrdən məmnun qalmamışdı. Paskeviç Sankt-Peterburqdan İvan Şopeni dəvət etdi və o, 3 il 1 ay ərzində bütün kəndləri qarış-qarış gəzərək bu işi gördü. Şopen Erməni vilayəti üzrə İnzibati idarədə rəisin müşaviri vəzifəsinə təyin edilmişdi. Bunu ona görə xüsusi vurğulayıram ki, İvan Şopenin araşdırmaları ermənilərin özləri üçün də əsas sənəd sayılır. Yəni onlar bu sənədlərin səhihliyini qəbul edirlər, etiraz etmirlər.

- Ermənilər bu sənədləri məhv edə bilərlərmi? 

- Xeyr, edə bilməzlər, çünki çap olunub. İvan Şopen həmin sənədlər əsasında bir kitab yazıb. Kitabın adı belədir: “Erməni vilayətinin Rusiya İmperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə aid tarixi abidə”. Həmin əsər 1852-ci ildə Sankt-Peterburqda nəşr olunub. Bu kitab o qədər qiymətli sayılıb ki, Şopen bu xidməti sayəsində Rusiyanın 4000 gümüş pul və “Demidov” mükafatına layiq görülüb. Şopenin bu kitabı bütün tarixçilərin istifadə etdiyi ən mötəbər qaynaq hesab olunur. Bizim Elmlər Akademiyasının kitabxanasında da o kitabın bir nüs?əsi saxlanır və tədqiqatçılar ondan istifadə edirlər.

- Sizin araşdırmaları Şopenin işindən fərqləndirən cəhət nədir?

- İvan Şopenin adı çəkilən kitabında ancaq statistik rəqəmlər yer alıb. İnsan adları kameral siyahılarda vardı, amma bu sənədlər indiyə qədər çap olunmamışdı və 150 ildən artıq idi ki, tədqiqatçı alimlər həmin kitabda yer alan statistik rəqəmlərdən istifadə edirdilər. Mən həmin kameral təsvirləri əldə etmişəm və oradakı şəxslərin adını da ilk dəfə çap etmişəm. Sənədlərin əsli Ermənistan Milli Arxivindədir. Artıq bu sənədlərin yer aldığı İrəvan əyaləti üzrə 5 kitab, Zəngəzur bölgəsi üzrə 2 kitab, Göyçə və Dərələyəz mahallarının kameral təsvirləri, Naxçıvan əyaləti və Ordubad dairəsinin kameral təsviri, həmçinin Qazax və Şəmşəddil nahiyələrinin, Dərbənd şəhərinin kameral təsvirləri də çap olunub. 

- Azərbaycanın digər parçalanmış torpaqlarının, Cənubi Azərbaycan, Borçalı, Dərbəndin kameral təsvirləri barədə məlumat verməyinizi də xahiş edirəm.

- “Dərbənd şəhərinin kameral təsviri. 1831-ci il” kitabım işıq üzü görüb.  Kitaba yazdığım geniş giriş mətni, əslində özü ayrıca bir kitabça kimi dərc edilə bilərdi. “Qədim Azərbaycan şəhəri Dərbənd” adlı giriş məqaləm bu şəhərin bir neçə minillik keçmişindən söz açır, onun rus işğalınadək Azərbaycan əyaləti olduğunu tarixi fakt və sənədlər əsasında sübut edir. Dərbənd 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal olunandan sonra orada vergi toplamaq məqsədilə əhalinin siyahıya alınması aparılıb və kameral təsvirlər tərtib edilib. Bu sənədlər imperiyanın tərkibinə daxil olan ərazilərin etnodemoqrafik tarixini araşdırmaq ucun dəyərli mənbə rolunu oynayır. Dərbənd şəhərinin 1831-ci ilə aid kameral təsviri 190 il əvvəl Rusiyanın Dərbəndi işğal etməsini sübuta yetirən ən səhih mənbədir. Çünki ruslar özləri bu sənədi tərtib ediblər.

İran hökuməti isə həmin arxivlərin qapısını bizim tədqiqatçılara açmır. Alimlərimizin müraciətinə cavab olaraq bildirilir ki, belə bir sənəd yoxdur. Ola bilər ki, İranın səhlənkarlığı nəticəsində həmin sənədlər həqiqətən də tarixdən silinib, ya da bizimkilərə qəsdən vermirlər.

- Kameral təsvirlərdə azərbaycanlılar və ermənilərin say nisbəti necə olub?

- Müharibədə ölən və yaralananları nəzərə almasaq belə, 1831-ci ildə İrəvan şəhərinin 75 faizi, Göyçənin, Dərələyəzin 99 faizi, bütövlükdə İrəvan əyalətinin 80 faizi azərbaycanlı olub. İşğaldan dərhal sonra Rusiya hökuməti İrandan və Türkiyədən köçürüb gətirdiyi ermənilərin hesabına tezliklə etnik balansı ermənilərin xeyrinə dəyişdi, bir əsrə yaxın davam edən etnik təmizləmə nəticəsində türkləri öz tarixi vətənlərindən tamamilə qovub çıxartdılar.

Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, kameral siyahılarda tarixçilərlə yanaşı filoloqlar, etnoqraflar və başqa elm sahələrinin nümayəndələri üçün də mühüm materiallar var.

Üçüncüsü, bu sənədlərin köməyilə müxtəliv dövlət xadimlərinin, sənət adamlarının, ayrı-ayrı şəxslərin də şəcərəsini müəyyən etmək olar. Məsələn, sonuncu nəşr etdirdiyim “Zəngəzur qəzasının kameral  təsviri. 1874-cü il” kitabında Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin, ?alq şairi Məmməd Arazın, xalq qəhrəmanı Qaçaq Nəbinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Cümhuriyyət dövründə Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun və başqalarının şəcərələri də Azərbaycan tarixşünaslığında ilk dəfə yer alıb.

- Nazir müəllim, bu çox vacib və çətin bir işi görməyə sizi vadar edən, ya ruhlandıran nədir?

- Vətənimə bir xidmətim olsun istədim. Ömrümün son 15 ilini bu işə həsr etmişəm. Ömür vəfa edərsə, yenə davam edəcəyəm. Bilirəm ki, zamanı gələndə itirdiyimiz tarixi torpaqlara dönməyimiz üçün dövlətimiz bu mühüm sənədlərdən yararlanacaq. Mənə ruh verən, dayanmadan çalışmağa vadar edən də məhz budur, yəni vətəndaşlıq borcudur.

Paylaş:
Baxılıb: 1643 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30