Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Dialoq mühiti siyasi sistemin inkişafına çox böyük təkan verəcək

Dialoq mühiti siyasi sistemin inkişafına çox böyük təkan verəcək

17.04.2020 [10:15]

Qüdrət Həsənquliyev: Radikallar xaricdən tapşırıq almadıqlarına görə dialoqa qatılmadılar
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir, mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirir. Başqa sözlə, bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq. Yeri gəlmişkən, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısı bu məsələlərə geniş şəkildə toxunub. Prezident İlham Əliyev siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulmasının əhəmiyyətini bir daha vurğulayıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyevlə söhbətimiz bu barədədir.
- Qüdrət müəllim, bildiyimiz kimi, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədə dövlətimizin başçısı ölkəmizdə siyasi islahatların və siyasi münasibətlərin inkişafının əhəmiyyətindən geniş bəhs edib. Sizcə, bu amillər ölkəmizdə siyasi sistemin inkişafına nə dərəcədə təsir göstərəcək?
- Həqiqətən də, ölkəmizdə böyük islahatlara start verilib. İqtisadi, siyasi və digər sahələrdə islahatlar paralel olaraq aparılır. Siyasi sahədə aparılan islahatların əsas məqamlarından biri ondan ibarətdir ki, artıq hakimiyyətlə müxalifət partiyaları arasında dilaoq başlayıb. Hesab edirəm ki, bu dialoq mühiti siyasi sistemin inkişafına çox böyük təkan verəcək. Düşünürəm ki, yeni siyasi münasibətlərin formalaşması ölkəmizdə sağlam, konstruktiv müxalifətin mövqelərinin möhkəmlənməsinə yol açacaq. Prezident İlham Əliyev də Azərbaycanda sağlam, konstruktiv müxalifətin parlament idarəetməsində yer almasını çox müsbət hal kimi dəyərləndirib. Bildiyiniz kimi, Milli Məclisi sədr müavini, komitə sədri və müavinləri arasında müxalifəti təmsil edən şəxslər də var. Bundan başqa, müxalifəti təmsil edən deputatlar parlamentin beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin tərkibinə daxil edilib. Bu da çox yaxşı haldır.

 

Siyasi partiyaların konkret proqramları olmalıdır

 

Dialoq ona görə vacibdir ki, əgər hər hansı bir siyasi partiyanı hansısa məsələlər narahat edirsə, sadəcə bəyanat verməklə işi yekunlaşdırmayacaq. Bizim hər zaman imkanımız olacaq ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə dərhal təmas yaradaq və həmin məsələni hakimiyyətin diqqətinə çatdıraq. Əgər qaldırılan məsələ həqiqətən ciddidirsə, ölkənin həyatı ilə bağlı əhəmiyyətli hadisədirsə belə bir əlaqənin qurulmasında heç bir problem yoxdur. Düşünürəm ki, münasibətlərin belə inkişafı ona gətirib çıxaracaq ki, hökumətin üzərində parlamentin nəzarəti artdığına görə, baş verən proseslərə, qanunların aliliyinin təmin olunmasına deputatların da nəzarəti olacaq. Bu parlamentdə təmsil olunan müxalifət partiyalarına da aidddir. İndi hansısa nöqsanı görüb, onu həll etmək imkanları var. Bu qalır partiyaların özünün bacarığına, öz platformalarına ki, kim hansı problemi necə qaldıracaq, onun həlli yollarını necə göstərəcək ki, xalqdan növbəti seçkilərdə də dəstək ala bilsin. Qalan dövrdə isə öz fəaliyyəti ilə hər kəs xalqın gözünün qarşısında olacaq. Çalışmaq lazımdır ki, xalqın dəstəyini qazanasan. Dövlət idarəçiliyində iştirak etmək iddisında olan partiyaların həm də, öz ölkəsinin təhlükəsizliyi, müdafiəsi, xarici və daxili siyasəti ilə bağlı konkret proqramları olmalıdır. Xalq da hansı partiyanın proqramını dəstəkləyəcəksə, onun arxasınca gedəcək. Amma bizim borcumuz odur ki, elə bir daxili siyasət yürüdək, siyasi islahatları o istiqamətdə aparaq ki, həmişə parlamentdə çoxpartiyalı sistem inkişaf etsin, müxalifət partiyaları təmsil olunsun. Hesab edirəm ki, siyasi islahatlar Azərbaycanda çoxpartiyalı sistemin daha da güclənməsinə imkan yaradacaq.

 

Hakimiyyətin dialoq çağırışına sağlam, konstruktiv siyasi partiyalar müsbət cavab verdi

 

-Müşavirədə dövlətimizin başçısı siyasi dialoqdan imtina edənləri tənqid etdi. Sizcə, həmin qüvvələrin bu dialoqdan imtina etməsinin səbəbləri nədir?
- Hakimiyyətin dialoq çağırışına sağlam, konstruktiv siyasi partiyalar müsbət cavab verdi. Müsavat partiyası ilə “Milli şura” isə dialoqdan imtina etdi. Onlar xaricdən tapşırıq almadıqlarına görə dialoqa qatılmadılar. Onlara cəmiyyətimizdə radikal, “fit müxalifəti", “beşinci kolon” da deyilir. Həmin düşərgənin nümayəndələri iddia edirlər ki, bu hökümətlə dialoqa getmək olmaz. Amma sonra da deyirlər ki, ölkədə dialoq yoxdur. Bu dəfə isə onlar dialoqa getmək üçün əvvəlcədən şərt irəli sürdülər. Mən siyasi partiya sədri kimi ölkədə baş verən prosesləri çox diqqətlə izləyirəm. Siyasi dialoq müstəvisində Prezident Admisinstrasiyasına bir çox siyasi partiyaların rəhbərləri dəvət olunublar. Hətta cəmiyyətdə tanınan ayrı-ayrı nüfuzlu şəxslər də dəvət olunub, hansı ki, onlar siyasi partiya rəhbərləri deyillər.
“Milli şura”nın təmsilçiləri iddia edirlər ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüş üçün cəmi 5 dəqiqə vaxt ayrılıb. Bu tamamilə yalandır, bu görüşlərdə vaxt məhdudiyyəti də yoxdur. Qeyd edim ki, Ədalət Vəliyev kifayət qədər hazırlıqlı kadrdır. Şəxsən mənim onunla görüşüm bir saat yarım çəkdi, görüşdə müxtəlif məsələlərlə bağlı müzakirə apardıq. Demək istədiyim odur ki, dialoq çox yaxşı təşəbbüsdür, ondan imtina etmək lazım deyil. İlk növbədə, görüşüb fikir və təkliflər bildirmək lazımdır. Bunun nəticəsi olaraq siyasi dialoq haqqında yekun mövqe bildirmək olar.
-Bu gün Azərbaycanda koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır, hökumət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Belə bir şəraitdə cəmiyyətimizdə həmrəylik nə dərəcədə zəruridir?
-Koronavirus bütün bəşəriyyət üçün bəladır. Bu pandemiya dünya üçün müharibə kimi qəbul olunur. Belə vəziyyətdə cəmiyyətimizin daha sıx birləşməsinə ehtiyac var. İndi dünya ölkələri bu müharibə ilə mübarizəyə səfərbər olunub, həm də bir-birilərinə kömək edirlər. Azərbaycanda da koronovirusla bağlı ciddi tədbirlər həyata keçirilir. Eyni zamanda, Azərbaycan bəzi ölkələrə kömək edir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi də bu müharibədə qalib gəlmək üçün bir axtarış idi. Bütün bunların hamısı son dərəcə önəmlidir. Hansı ölkə daha çox fədakarlıq göstərir, bu kənardan görünür. Bu da ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Yəni bütün dünyada deyildiyi kimi, bu müharibədirsə, birlikdə səfərbər olunmalıyıq ki, tez müddətdə insanlarımız normal həyat rejiminə qayıtsınlar.

 

Sənin kimi düşünməyənləri təhqir edirsənsə, bu, artıq ekstremizmdir

 

- Radikal müxalifət, “beşinci kolon” isə koronavirusdan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır...
-Çox təəssüflər olsun ki, Azərbaycanda müəyyən siyasi təşkilatlar var ki, həm maddi, həm də siyasi-ideologi baxımdan xarici dairələrdən asılı vəziyyətə düşüblər. Onlar xarici qüvvələr tərəfindən idarə olunurlar. Koronavirusla mübarizəyə bütün cəmiyyətimiz səfərbər olduğu halda, xalqı parçalamaq, nifrət aşılamaq olmaz. Dediyiniz düşərgədə təmsil olunanlar təkcə iqtidara qarşı nifrət püskürmürlər, özləri kimi düşünməyən hər kəsə nifrət edirlər. Mən iqtidarda təmsil olunmuram, müxalifət partiyasının rəhbəriyəm. Amma həmin təşkilatların, qrupların radikal davranışlarını qəbul etmirik. Bəlkə, iqtidardan daha çox bizi söyürlər. Sənin kimi düşünməyənləri söyüb təhqir edirsənsə, bu artıq ekstremizmdir. Radikalların uğursuzluq simvolu uzun müddət davam etdiyi üçün onlar ekstremizmə yuvarlanıblar. Bundan istifadə edən xarici dairələr də onları maliyyələşdirməklə, gizli dəstək verməklə öz nəzarətlərinə keçiriblər.
Qeyd etmək istəyirəm ki, görülən işlər sırasında bəlkə də, müəyyən nöqsanlar ola bilər. Amma bu nöqsanları ictimai narazılığa çevirmək cəhdi, düşmənçilik, parçalanma yaratmaq istəyi xalqa qarşı düşmənçilikdir. Ən yaxşısı, həmin nöqsanların aradan qaldırılması üçün təkliflər verməkdir.
Lakin radikalların təhlükəliliyi bununla bağlıdır ki, cəmiyyətdə kiçik qrup narazı insanları cəmiyyətin digər hissəsinə qarşı düşmənə çevirirlər, parçalanma yaratmaq istəyirlər. Cəmiyyət isə nə qədər parçalansa, xarici təzyiqlərə müqavimət gücü azalacaq. Ona görə də bizim cəmiyyətimiz səfərbər olmalıdır. Sağlam siyasətçilərin də əsas işi bu olmalıdır ki, onların niyyətini açıb ictimaiyyətə təqdim eləsinlər. Çünki radikalların davası dəyərlər, qanunların aliliyi uğrunda deyil. Onların davası şəxsi davadır.

 

Əli Kərimli xaraktercə qorxaqdır və həddindən artıq pula meyillidir

 

-Qüdrət müəllim, sizcə, radikalların belə destruktiv mövqe nümayiş etdirməsinin səbəbləri nədən ibarətdir?
- Radikal düşərgədə təmsil olunanlar dəyişə, inkişaf edə bilmirlər. Dəyişə bilmədiklərinə görə də yeniləşən, inkişaf edən insanları ittiham edirlər. Bu düşərgədə toplaşanlar artıq marginallaşıb və cəmiyyətdə də dayaqlarını itiriblər. Xalq yaxşı bilir ki, onların apardığı mübarizə hakimiyyət uğrunda mübarizədir. Qeyd edim ki, həmin düşərgədə olanların əksəriyyəti vaxtilə iqtidarı tərifləyən adamlardır. Məsələn, Cəmil Həsənli deputat olanda hakimiyyəti tərifləyirdi. Cəmil Həsənli Əli Kərimlinin müavini idi. Bu adam partiya sıralarından istefa verdi, Əli Kərimlidən üz döndərdi. Deputat olmağı Əli Kərimlinin təşkilatında olmaqdan üstün tutdu.
Mən Əli Kərimlini də kifayət qədər yaxından tanıyıram. O, geniş analitik qabiliyyətə malik deyil, xaraktercə qorxaqdır, həddindən artıq pula meyillidir. Onun zəif cəhətlərini xaricdəki antiazərbaycançı dairələr də çox gözəl bilir və bundan faydalanırlar. İndi bu adamlar çalışırlar ki, cəmiyyətdə xaos baş versin. Bu vəziyyətdən də istifadə edib hakimiyyətə gəlmək istəyirlər. Həmin adamlar xaricdəki dairələr tərəfindən istifadə olunduqlarının fərqindədirlər. Amma onların məqsədləri heç vaxt reallaşmayacaq, bu yollarla hakimiyyətə gələ bilməzlər. Çünki xalq tərəfindən qətiyyən dəstəklənmirlər.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 723 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30