Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ümummilli lider Heydər Əliyev elmi bütün digər sahələrdən üstün hesab edirdi

Ümummilli lider Heydər Əliyev elmi bütün digər sahələrdən üstün hesab edirdi

19.12.2009 [22:03]

Akif Əlizadə: Ulu öndər Heydər Əliyevin geologiya elminin inkişafında misilsiz xidmətləri var
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadədir:
- Akif müəllim, AMEA-dakı 50 ildən artıq əmək fəaliyyətinizin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Onunla ilk tanışlığınız yadınızdadırmı?
- O, böyük İNSAN, dahi ŞƏXSİYYƏT mənim həyatımda, əmək fəaliyyətimdə elə dərin izlər buraxıb ki, ömrümün sonunadək onları xatırlayacağam. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında işləmək hər bir kəsə nəsib olmayan bir xoşbəxtlikdir. Onun idarəçilik metodları, insanlarla işləmək bacarığı, humanistliyi, elmin bütün digər sahələrdən üstün tutulmasına dair tövsiyə və tapşırıqları - bizim əmək fəaliyyətimizin əsasını təşkil edir. Onun dühasından bəhrələndiyimiz bu həyat məktəbini heç unutmaqmı olar?
Orta məktəbi 1951-ci ildə, Bakı şəhərində, gümüş medalla bitirdiyim üçün instituta imtahansız qəbul olunmaq hüququnu əldə etmişdim. Sənədlərimi Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə verdim və instituta imtahansız qəbul olundum. 1956-cı ildə “AZİİ”ni fərqlənmə diplomu ilə bitirib “Azneft” İB-nin Suraxanı bölməsinə təyinat alsam da, burada cəmi yarım il çalışdım. 1957-ci ildə məni Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutuna, laborant vəzifəsinə işə qəbul etdilər. Bax, o vaxtdan indiyədək Akademiyada çalışıram-laborant vəzifəsindən AMEA-nın vitse-prezidenti vəzifəsinədək yüksəlmişəm. Təbii, bu vəzifəyədək yüksəlişimdə Ulu öndərimizin misilsiz rolu olub.
1969-cu ildə institutda doktorluq dərəcəsini almaq üçün dissertasiyanı müdafiə etdikdən sonra, məzuniyyətə çıxdım. Yay ayları idi. Mən tətildən qayıdanda artıq Mərkəzi Komitənin iyul plenumu olmuşdu və Ulu öndər Heydər Əliyev Azərbaycan SSR KP MK-nın birinci katibi seçilmişdi. Ardınca məlum 19 avqust plenumu keçirildi. Həmin plenumda Heydər Əliyev o vaxtadək respublikada mövcud olan bütün neqativ halları açıq şəkildə səsləndirdi və respublikanı yeni qaydalarla idarə etməyin vacibliyini qarşıya məqsəd kimi qoydu.
Sözügedən plenumun qərarlarını rəhbər tutaraq, respublikada genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri vüsət aldı. Kənd təsərrüfatı və sənayedə dirçəliş yarandı, iqtisadiyyat inkişaf etməyə başladı. Elmə olan diqqət və qayğı artmağa başladı. Avqust plenumu, bir gənc kadr kimi, mənə də böyük təsir bağışlamışdı. Belə ki, respublikada rəhbərliyi mətin, qətiyyətli, ədalətsizliyə qarşı amansız, eyni zamanda, böyük ürəyə malik olan ŞƏXSİYYƏT gəlmişdi. Bu, bizi-gənc kadrları daha da ruhlandırır, işimizə daha dərindən, sevgi ilə yanaşmağa sövq edirdi.
1970-ci ildə Həsən Abdullayev Elmlər Akademiyasının (EA) prezidenti seçildi və üstündən az keçməmiş, o, məni yanına çağırdı ki, bəs səni Geologiya İnstitutuna direktor müavini təyin edirik. O, bu təyinatın Ulu öndərimizlə də razılaşdırıldığını bildirdi. Həmin dövrdə instituta, əvvəllər Nazirlər Kabinetində sədr olmuş Ənvər Əlixanov rəhbərlik edirdi. Eyni zamanda institutda çox görkəmli alimlər çalışırdı, hansılar ki, bir vaxtlar mənim müəllimlərim olmuşdular. Onlarla işləmək mənim üçün çətin olsa da, başladım bu yolu getməyə. 1976-cı ilin sonunda Ənvər Əlixanov işdən çıxarıldı və EA Rəyasət Heyətinin qərarı ilə məni instituta direktor təyin etdilər.
İndiki kimi yadımdadır, 1977-ci il yanvar ayının 7-si idi. Məni Mərkəzi Komitəyə, Heydər Əliyevin qəbuluna çağırdılar. Bu, bizim ilk görüşümüz idi. Təsəvvür edin, mən Ulu öndərin qəbuluna getdiyim üçün daxilən qürur hissi keçirirdim. İndi danışdıqca gözlərimin önündən həmin görüş kino lenti kimi gəlib keçir.
- Mərkəzi Komitəyə gələndə, yəqin ki, həyəcanlı idiniz...
- Əlbəttə. Bilirsiniz, Ulu öndər Heydər Əliyevlə təkbətək görüşmək, idarəçiliklə bağlı Onun dəyərli tövsiyələrini almaq hər adama nəsib olan şey deyildi. Xoşbəxtəm ki, o hissləri keçirmək mənə də nəsib olub və indiyədək həmin görüşün təəssüratları ilə yaşayıram, o hisslər hələ də məni tərk etməyib.
Qəbula gələndə, məni təlimatlandırmışdılar ki, Heydər Əliyevlə cəmi 10 dəqiqə görüşmək imkanım var və çalışmaq lazımdır ki, fikirlərimi qısa və konkret şəkildə ifadə edəm. Düzü, köməkçinin otağında olarkən həyəcandan alnımda soyuq tər damcılarının əmələ gəldiyini hiss edirdim. İçəri girdikdən sonra həmin həyəcandan əsər-əlamət belə qalmadı. O İNSANın üzündən otağa elə bir xoş ab-hava, nurani ifadə yayılırdı ki, ətrafda elə bir xoş aura var idi ki, bir qədər öncəki həyəcanım tamamilə yox olmuşdu.
Otağa daxil olanda ilk sualı yaşımla bağlı oldu, yaşımı soruşdu. Dedim, 42 yaşım var. Qaşlarını çatıb uzaqdan bir mənə baxdı. Dərhal, neçə ildir Akademiyada işlədiyimi soruşdu. Cavab verdim ki, 20 il. Dedi ki, otur. Beləliklə, 10 dəqiqə üçün nəzərdə tutulan görüşümüz düz 55 dəqiqə davam etdi. Müxtəlif istiqamətlərdən - elmdən, mədəniyyətdən, iqtisadiyyatdan çoxlu suallar verdi. Əsas söhbətimiz isə əlbəttə, respublikada geologiya elminin vəziyyətindən oldu, həmçinin, institutda laboratoriyaların rəhbərləri haqda, maddi-texniki bazanın olması barədə soruşdu, geologiya elminin tarixi və gələcəyi ilə bağlı düşüncələrini bölüşdü.
Burada bir epizodu danışmaq istəyirəm. Mən instituta direktor təyin ediləndən sonra başladım bir qədər “komsomolluq” etməyə-nizam-imtizama nəzarət etdim. Hətta iş o yerə çatdı ki, intizamı pozan institutun görkəmli alimlərinə töhmət də verəsi oldum. Heydər Əliyevlə söhbətimizdə birdən çaşıb bunu da söylədim. Dedim ki, bilmirəm düz eləmişəm ya yox, amma intizamı pozan alimlərdən birinə töhmət vermişəm. O, qaşlarını çatıb mənə qulaq asırdı...
Görüşün sonunda Ulu öndər fikrini yekunlaşdırdı və mənə öz tövsiyələrini verdi. Bu tövsiyələr neft sənayesi ilə sıx əməkdaşlıq etmək, qarşılıqlı işlər görmək, praktiki işlərin sayını artırmaq, fundamental işləri inkişaf etdirmək, yeni cavan kadrların yetişdirilməsinə diqqəti artırmaq və s. barədə idi.
Biz artıq vidalaşıb ayrılanda, Ulu öndər birdən əvvəlki söhbətə qayıdıb dedi ki, siz düzgün eləmisiniz, institutda nizam-intizamı gücləndirirsiniz. Amma elmi etikanı saxlamaq lazımdır, çalışmaq lazımdır ki, etika pozulmasın. Sonda dedi ki, get işlə, mən səni Geologiya İnstitutuna direktor vəzifəsinə təsdiq edirəm. Amma etika məsələlərini yaddan çıxarmayın. Onun yanından çıxanda necə böyük səhvə yol verdiyimi dərk etdim. Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq, o gündən indiyədək AMEA-nın Geologiya İnstitutunda direktor vəzifəsində işləməkdəyəm.
- Maraqlıdır, direktor təyinatınızı istəməyənlər, əleyhdarlarınız çox olsa da, bu vəzifədə duruş gətirə bildiniz?
- Mən hər şeydən əvvəl ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə bu vəzifəyə təyin olunmuşdum və məhz bu səbəbdən də özümü bir qədər arxayın hiss edirdim. Əmin idim ki, Ulu öndər heç vaxt ədalətsizliyə haqq qazandırmaz. Burada bir epizodu danışmaq istərdim.
1978-ci il idi. Bəzi qüvvələr, nisbətən gənc, enerjili, cavan kadrın instituta rəhbərlik etməsini həzm edə bilmədikləri üçün, hakimiyyətin dəstəklədiyi kadrı-məni gözdən salmağa çalışırdılar. Odur ki, haqqımda Mərkəzi Komitəyə çoxlu anonim məktublar yazılmışdı. Hətta institutdakı “yarıtmaz vəziyyət” barədə “Bakinskiy raboçiy” qəzetində dərc olunmaq üçün məqalə də hazırlamışdılar. Məqalənin hazırlanmasından MK-da da xəbərdar idilər. Odur ki, yazının dərc olunmasına imkan verilməmişdi. Hətta qəzetin baş redaktoru birinci katibə məktub belə ünvanlamışdı ki, bəs, MK-dan məqalənin dərc olunmasına imkan verilmir. çünki orada Heydər Əliyevin mənə olan münasibətini çox gözəl bilirdilər. Bir gün Mərkəzi Komitənin Elm şöbəsinin rəhbəri Fikrət Əhmədov məni yanına çağırıb həmin məktubu göstərdi. üzərində Heydər Əliyevin dərkənarı var idi: “Partiya fəalları yığıncağında müzakirə olunsun!”
EA rəhbərliyinin, akademiklərin iştirak etdiyi iclas axşam saat 10-dək davam etdi. Düzdür, çıxışlardakı tənqidi fikirlərin bəziləri doğru idi, haqlı iradlar var idi.
Bunlardan bəziləri institutda avadanlıq və cihazların köhnəlməsi, nizam-intizamın düzgün olmaması, institutda işlənilən mövzuların bir o qədər də aktual olmaması, kompleks mövzuların qoyulmaması barədə idi. Səslənən fikirlərdən belə aydın olurdu ki, gənc alim bütün bu işlərin öhdəsindən gəlməkdə acizdir. Amma mən də öz çıxışımda perspektiv planlardan, görmək istədiyim işlərdən danışdım, bunun üçün müəyyən zamana ehtiyac duyulduğunu söylədim.
Bir sözlə, Heydər Əliyevin həmin dərkənarı mənim taleyimi xilas etdi. Tam məsuliyyətlə deyə bilərəm ki, dahi ŞƏXSİYYƏTİN dəstəyi, gənc alimin gələcəyinə inamı və etibarı nəticəsində mən öz vəzifəmdə qaldım və artıq 35 ilə yaxındır ki, institutda direktor vəzifəsindəyəm. Onu da qeyd edim ki, Heydər Əliyevin bu dəstəyi məni daha da ruhlandırdı. İnstitutda elmi işlərlə yanaşı, böyük praktiki işlərin həyata keçirilməsinə xüsusi diqqət yetirildi. Xüsusi konstruktor-cihazqayırma büroları yarandı.
Yeri gəlmişkən, qeyd edim ki, ümumiyyətlə, Heydər Əliyev EA-nın fəaliyyətini çox dəstəkləyirdi. O, eyni zamanda, respublikada geologiya elminin inkişafına çox diqqət yetirirdi. Ulu öndər Heydər Əliyev dəqiq bilirdi ki, geologiya elmi neft sənayesi ilə çox sıx bağlıdır və elmlə praktikanın vəhdəti nəticəsində Azərbaycanın neft sənayesi necə sürətlə inkişaf edə bilər.
Hətta 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmək üçün Moskvaya gedəndən sonra da, respublika üzərində öz diqqət və qayğısını əsirgəmədi, elmin inkişafına öz dərin töhfələrini vermiş oldu. O, respublikada elmi potensialın güclənməsinə, elmin inkişafına xüsusi diqqət yetirirdi. Məhz Onun qayğısının nəticəsində, Sovet İttifaqının qabaqcıl institutları, eləcə də, alimləri ilə müştərək işlər, layihələr həyata keçirə bildik. İnstitutumuzun alimləri müxtəlif konfranslara, simpoziumlara dəvət olundular. Heydər Əliyevin SSRİ miqyasında nüfuzunun artması bizim işlərə də xeyli kömək etdi. SSRİ Elmlər Akademiyasınıın Geologiya, Yer fizikası institutları ilə əlaqələrimiz gücləndirildi, onlarla şərikli işlər apardıq, elmi nəticələr əldə etdik. Həm zəlzələlərin öyrənilməsi, həm də neft geologiyası sahəsində müxtəlif istiqamətlər üzrə müştərək layihələr həyata keçirə bildik.
- Akif müəllim, Ulu öndər Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosu üzvlüyündən istefa verəndən sonra, keçmiş ittifaq miqyasında Onun əleyhinə kampaniyalar başlanıldı. Hətta respublikamızda belə Onun işlərinə kölgə salmağa cəhd etdilər, böhtan və yalan dolu şikayətlər Kremlə yol açdı. O illərdə Elmlər Akademiyasında vəziyyət necə idi?
- Doğrudur, həmin dövrdə, EA-da da bəzi qüvvələr tapıldı. Amma biz - EA-nın rəhbərliyi prosesi nəzarətdə saxlaya bildik, onu nəzarətdən çıxmağa qoymadıq. Biz çalışırdıq ki, Heydər Əliyevin kursunu davam etdirək. Tam açıq şəkildə olmasa da, bu mübarizəni aparırdıq və biz buna müvəffəq ola bildik. O dövrdə EA-nın prezidenti Eldar Salayev idi, hansı ki, onu bu vəzifəyə Heydər Əliyev hələ Moskvaya getməzdən öncə, 1982-ci ildə təyin etmişdi. O, 1997-ci ilədək EA-nın prezidenti oldu.
Digər tərəfdən isə, həmin dövrdə respublikada siyasi vəziyyət heç də yaxşı deyildi. Bir-birinin ardınca hakimiyyət dəyişikliyi baş verdi. Əbdülrəhman Vəzirovu Ayaz Mütəllibov əvəz etdi, sonra Əbülfəz Elçibəy hakimiyyəti başladı. Hakimiyyətə can atan qüvvələr daha çox siyasi proseslərlə maraqlandıqları üçün bizim işlərimizə bir o qədər də qarışmırdılar. Onlara Elmlər Akademiyasındakı vəziyyət, elmin inkişafının hansı istiqamətdə getməsi bir o qədər də maraqlı deyildi.
- 1993-cü ildə Ulu öndər Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı ilə elmi sahəyə diqqət və qayğı yenidən artmağa başladı...
- Sözsüz. ümummilli lider Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı, demək olar ki, məhv olmaq təhlükəsi ilə üz-üzə dayanmış bir dövlətin yenidən dirçəlməsinə səbəb oldu. Ulu öndər hakimiyyətə gələndən sonra, bütün sahələrdə olduğu kimi, elmə olan diqqət də artmağa başladı. Baxmayaraq ki, o illərdə respublikada böyük gərginlik var idi- bir tərəfdə erməni işğalçılarına qarşı aparılan müharibə, digər tərəfdə daxili çəkişmələr, hakimiyyətə can atan qüvvələr, dövlət çevrilişi cəhdləri. Lakin Heydər Əliyevin böyüklüyü onda idi ki, O, çox qısa bir zamanda bütün bu təhlükələrin qarşısını ala bildi. Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinə birdəfəlik son qoyuldu. ülu öndərin bir müdrik sözü var. O, deyirdi ki, “iqtisadiyyat ölkədə hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir”. Heydər Əliyev bunu 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanandan sonra demişdi. İndi mən Heydər Əliyevin bu müdrik kəlamını hər çıxışımda, yazılarımda qeyd edirəm. Bəli, doğrudan da əgər ölkədə elm üstün olarsa, o iqtisadiyyatı da öz ardınca dartıb aparacaq.
Tarix ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamının necə doğru olduğunu isbatladı. “Əsrin müqaviləsi” imzalandıqdan sonra demək olar ki, geologiya elminə ikinci nəfəs gəldi. Xarici şirkətlər, investorların ölkəyə gəlişi ilə geologiya elminə ehtiyac artdı. Bizdə olan geoloji tədqiqatlara dair məlumatlar, sovet dövründə əldə etdiyimiz uğurlar, nəticələr hamısı tələb olundu. Bizim üçün “Əsrin müqaviləsi”nin imkanlarından bəhrələnmək fürsəti yarandı. İnstitutun alimləri xarici şirkətlərin sifarişlərini yerinə yetirməklə, maaşdan əlavə mükafatlar qazanmağa nail oldular. Yeri gəlmişkən, qeyd edim ki, indiyədək Geologiya İnstitutu xarici şirkətlərlə 50-dən artıq müqavilələr imzalayıb. Bundan əlavə, xarici universitetlərlə, alimlərlə, şərikli işlər aparılıb. Bu gün Azərbaycanın geologiya sahəsində çalışan alimləri, dünyada tanınır, qəbul olunur. Onlar beynəlxalq elmi konfranslara, simpoziumlara dəvət olunurlar. Bütün bunlar Heydər Əliyevin elmin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.
Onu da qeyd edim ki, Heydər Əliyev AMEA-ya xüsusi münasibət göstərirdi. Onun vaxtında AMEA-nın həqiqi və müxbir üzvlərinin sayı dəfələrlə artdı. O, hesab edirdi ki, respublikada alimlərin sayı nə qədər çox olarsa, onlar Azərbaycan elmini xarici ölkələrdə nə qədər çox təmsil edərlərsə, bir o qədər respublika üçün başucalığıdır. Heydər Əliyev elmi bütün digər sahələrdən üstün hesab edirdi. O, elmi hər şeydən öncə, hər şeydən üstün sayırdı. Heydər Əlyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra AMEA-da yeni-yeni şöbələr açıldı. Tətbiqi-riyaziyyat, tətbiqi fizika, molekulyar biologiya və s. kimi 12-dək yeni institut yaradıldı. Sevindirici haldır ki, Ulu öndərin elmə olan bu diqqət və qayğısı indi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
- Akif müəllim, zəngin bir ömür yolu keçmisiniz. ömrünüzün böyük bir hissəsini geologiya elminin inkişafına sərf etmisiniz. Bəs, bu yolda qazancınız nə olub?
- Qazancım? Heydər Əliyev kimi dahi şəxsiyyət, görkəmli dövlət xadiminin rəhbərliyi altında işləmək mənə nəsib olub. Bu hər adama nəsib olan xoşbəxtlik deyil! Digər tərəfdən isə, əməyim dövlət və hökumət tərəfindən layiqincə qiymətləndirilib. Hələ sovet dövründə Ulu öndər Heydər Əliyev tərəfindən Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi kimi fəxri mükafatlara layiq görülmüşəm. 1980-ci ildə Azərbaycan SSR-in yaranmasının 60 illiyi münasibəti “Şərəf nişanı” (Znak poçeta) ordeni, eləcə də, V.İ.Leninin anadan olmasının 100 illiyinə görə medallarla təltif olunmuşam. Mənə böyük etimad göstərilib, AMEA-nın vitse-prezidentiyəm, elmi instituta rəhbərlik edirəm.
2004-cü ildə, 70 illik yubileyim münasibəti ilə Prezident İlham Əliyevin imzası ilə “Şöhrət”ordeni, bu il isə, 75 illik yubileyim münasibəti ilə “Şərəf” ordeninə layiq görülmüşəm. Əlbəttə, bütün bunlara görə, yaşadığım həyatdan çox razıyam. Bir də ona görə özümü xoşbəxt insan hesab edirəm ki, Ulu öndər Heydər Əliyevin min bir əzab və əziyyətlə qurduğu, yaşatdığı, inkişaf etdirdiyi müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Əminəm ki, Prezident İlham Əliyev sayəsində respublikamız daha da inkişaf edəcək, bundan daha böyük nailiyyətlər əldə edəcək.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1214 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30