Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Ulu öndər Heydər Əliyev tarixin gedişini dəyişmiş dahilərdəndir

Ulu öndər Heydər Əliyev tarixin gedişini dəyişmiş dahilərdəndir

22.12.2009 [10:59]

Bəkir Nəbiyev: Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib
1969-82-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq ölkəmizə rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev bu dövrlər ərzində Azərbaycanda bütün sahələrin böyük sıçrayışla inkişafını təmin etmiş, qəbul etdiyi qərarlar və atdığı addımlarla ölkəmizi keçmiş SSRİ-nin ən qabaqcıl inkişaf edən respublikalarından birinə çevirmişdir...
“Yeni Azərbaycan” qəzeti 1969-2003-cü illər ərzində Ulu öndərimizin xalqımız, dövlətimiz üçün gördüyü işləri, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini geniş auditoriyaya daha ətraflı çatdırmaq, dahi şəxsiyyətin zəngin irsini təbliğ etmək məqsədilə ümummilli liderimizlə birgə çalışmış, Onun dövlət quruculuğu işlərinin canlı şahidi olmuş ölkəmizin görkəmli ictimai-siyasi xadimləri ilə müsahibələri, söhbətləri dərc etdirir. Rubrikamızın növbəti qonağı isə 45 kitabın, 700-ə yaxın elmi məqalə və resenziyanın müəllifi olan, müxtəlif illərdə “Xalqlar dostluğu”, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilən, akademik, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyevdir:
- ümummilli lider Heydər Əliyev bir ziyalı kimi sizin yaddaşınızda necə qalıb?
- Otuz beş il ərzində mən ümummilli lider Heydər Əliyevin ən müxtəlif ictimai-siyasi, ədəbi-mədəni tədbirlərdə, elm, ədəbiyyat, incəsənət xadimlərinin yubileylərində, elmi simpoziumlarda, yazıçılar qurultaylarında çıxışlarının dinləyicisi olmuşam. Onun özünün dəvəti ilə iş otağındakı bəzi görüşlərdə iştirak etmişəm. O, həm Azərbaycan KP MK-nın birinci katibi olanda, həm də ölkə Prezidenti olanda dəfələrlə qəbulunda olmuşam, tövsiyə və tapşırıqlarını dinləmişəm. Onun apardığı irimiqyaslı ədəbi-ictimai yığıncaqlarda çıxış etmişəm. Moskvada çalışarkən Onunla görüşmüş, Naxçıvanda Ali Məclisin sədri olanda AMEA-nın həqiqi üzvü Ağamusa Axundov və professor Nizami Xudiyevlə birlikdə Onu ziyarət etmişəm. özünün başçılıq etdiyi nümayəndə heyətlərinin tərkibində, Onun təyyarəsi ilə müxtəlif səfərlərdə iştirak etmişəm, Onunla birlikdə müqəddəs Məkkəni ziyarət etmişəm.
Az qala 80 illik ömrümdə mən Azərbaycanda və xaricdə dəfələrlə böyük alimlər, məşhur ədiblər, mədəniyyət xadimləri, dövlət adamları, bəzi ölkələrin başçıları ilə görüşüb həmsöhbət olmuşam. Onlardan çox şey öyrənmişəm. Amma bu gün bütün varlığımla məmnuniyyətlə etiraf edirəm ki, həyatın ən müxtəlif sahələrinə dair biliyinin zənginliyi, maraq dairəsinin vüsəti, yaddaşının itiliyi, Ana dilimizdə və rusca nitqlərinin rəvanlığı baxımından Heydər Əliyevə bərabər olan ikinci bir şəxsiyyəti mən təsəvvürümə gətirə bilmirəm. Onun bir dövlət başçısı kimi həm daxili, həm də xarici siyasətdə irəliyə atdığı hər bir addım ilk növbədə doğma Azərbaycanın, başı bəlalar çəkmiş xalqımızın mənafeyi kimi ali bir məqsədə xidmət edib. Onunla çoxsaylı mənəvi təmaslar nəticəsində büllurlaşmış qənaətim budur ki, XX əsrlə XXI əsrin, ikinci minilliklə üçüncü minilliyin qovuşuğunda Heydər Əliyev doğma Azərbaycanımızın həqiqətən də böyük tarixi şansı olub.
Onu yaxından tanıyanların müşahidələri də sübut edir ki, Heydər Əliyev on illər boyu öz yüksək erudisiyası, zəngin bilik ehtiyatı, heyrətamiz təhlil qabiliyyəti, hər bir mövzuya yaradıcı münasibəti ilə qarşısında çıxış etdiyi auditoriyanı məhz həmin sahə üzrə ixtisaslaşması həqiqətinə inandıra bilirdi. Buna görə də, memarlar Onu memar, kino işçiləri kinoşünas, tarixçilər tarixçi, ədəbiyyatçılar ədəbiyyatşünas kimi qəbul edirdilər. Onun politologiya, dövlət idarəçiliyi, iqtisadiyyat, bank-maliyyə işi və s. sahələrlə bağlı nitq və çıxışlarını, mülahizə və fikirlərini də buraya əlavə etsək, gözlərimiz önündə həqiqətən də XX əsrdə siyasətçilər və dövlət xadimləri arasında lap az təsadüf edilən bir ensiklopedistin, özəlliklə də yorulmağın nə olduğunu bilməyən bir humanitarın yaddaqalan, koloritli obrazı canlanar.
- Bəşər tarixində, dünyanın müxtəlif ölkələrində elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə himayədarlığı ilə şöhrət qazanan, mesenat kimi tanınan dövlət başçıları və siyasi xadimlər az olmayıb. Bütün bu xüsusiyyətləri özündə əks etdirən bir şəxsiyyət kimi Ulu öndər Heydər Əliyevi onlardan fərqləndirən cəhət hansı olub?
- Bu doğru qənaətdir ki, Heydər Əliyevi onlardan fərqləndirən mühüm bir cəhət vardı. Mən sizin sualınıza cavab olaraq Fəttah Heydərovun fikirlərini səsləndirmək istəyirəm: “Heydər Əliyev öz doğma xalqının ədəbiyyat və mədəniyyətinə yalnız himayədarlıq etməklə kifayətlənməmişdir, həm də bu mənəviyyat sahələrinin dərin bilicisi, dönməz təəssübkeşi, alovlu təbliğatçısı kimi tanınmışdır”. Bax, Onu fərqləndirən və xalqının ürəyində heykəlini ucaldan bu xarakteri olub. Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri, görkəmli ədib və şairlərin yaradıcılığı, ədəbiyyat və həyat, sənətdə tarixilik və müasirlik, bədii təfəkkür sahiblərinin əsərlərində vətənpərvərlik və xalq taleyi və s. kimi çox vacib problemlərə dair Heydər Əliyevin təqribən 35 il ərzində məruzə və çıxışlarında, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində öz əksini tapmış qiymətli fikir və mülahizələr uzunmüddətli araşdırmalara və ümumiləşdirmələrə layiqdir. Nizami Gəncəvidən tutmuş Məmməd Araza və onun digər müasirlərinədək Azərbaycan ədəbiyyatında elə bir görkəmli sima tapılmaz ki, Heydər Əliyev onun əsərlərini oxumuş, barəsində fikir və qənaətlərini söyləmiş olmasın. Onun zəngin faktlar və ümumiləşdirmələr əsasında gəldiyi belə bir qənaəti vardı ki, “Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız bizim böyük milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik”.
- Azərbaycan ədəbiyyatı necə, Ulu öndərin irsinə lazımi diqqəti yetirirmi?
- Əlbəttə. Bununla belə, zaman keçdikcə ədəbiyyatşünaslıq elmimiz Ulu öndərin qiymətsiz xəzinə olan irsinə müraciət edəcək, onları vüsətli təhlil süzgəcindən keçirib ümumiləşdirəcək və qiymətləndirəcək.
çünki ədəbiyyat və incəsənət, bütünlükdə ictimai fikir sahəsində Azərbaycanın keçdiyi yolun özünəməxsusluqlarını Heydər Əliyev yaxşı bilir, elmi obyektivliyə əsaslanan müasirlik duyğusu ilə təhlil edirdi. ümummilli lider malik olduğu zəngin tarixi biliklər əsasında göstərirdi ki, Azərbaycan öz kökünə görə Şərq, İslam ölkəsidir. Bir çoxları belə hesab edirlər ki, biz Asiya qitəsində yerləşən bir ölkənin sahibləriyik. Lakin Asiya ilə Avropanın qovuşduğu bir ərazidə yerləşən Azərbaycan Avropaya daxildir. Əlbəttə, öz kökünə, dini mənsubiyyətinə, ənənələrinə görə, Azərbaycan Şərq aləminə, İslam, türk dünyasına mənsubdur. Bu qəbildən olan xalqar içərisində Azərbaycan xalqı XIX-XX əsrlərdə öz milli köklərindən ayrılmayaraq ədəbiyyatını, mədəniyyətini dünyanın inkişaf etmiş Qərb mədəniyyəti, ədəbiyyatı ilə birləşdirə bilmişdir. Bu yolda çalışan, mübarizə aparan, milli ədəbiyyat və mədəniyyətimizin Qərb mədəniyyəti və ədəbiyyatı ilə sintezini yaradan insanlar çox uzaqgörən, müdrik insanlar idilər. Bu deyilənlərin vacib nəticələrindən bəhs edən Heydər Əliyev XIX əsrin ortalarında Şərq ölkələri arasında ilk dəfə məhz Azərbaycanda teatrın meydana çıxmasını, XX əsrin başlanğıcında isə yenə də Yaxın Şərq ölkələrində ilk dəfə olaraq peşəkar opera əsərinin də məhz Azərbaycanda yaranmasını xüsusi iftixar duyğusu ilə nümunə gətirirdi. Bu fundamental tezis və obyektiv qiymətləndirmə meyarı Ulu öndərin Azərbaycan ədəbi-mədəni prosesinin inkişaf istiqamətlərinə baxışının əsasında duraraq ayrı-ayrı ədəbi hadisələrə, ədəbi-tarixi faktlara münasibətinin formalaşmasında mühüm rol oynayıb.
Heydər Əliyevin həyatının bütün mərhələ və məqamlarını Azərbaycanda bilməyən yoxdur. Onun həmişə böyük amallara, vətən və xalq naminə xidmətə yönəlmiş fəaliyyəti, cəsarətlə demək olar ki, elə xalqın gözü qabağında keçib. Bununla belə, bu böyük ictimai-siyasi xadimin, dövlət başçısının, nəhayət, ömrünü gilə-gilə xalqın tərəqqisi yolunda əridən dahi Azərbaycanlının məlum və çox ibrətamiz tərcümeyi-halının, qoyub getidiyi irsin ədəbiyyatımıza köçməsi xalqın bəhrələnə biləcəyi, onun inkişafında, formalaşmasında böyük əhəmiyyətə malik zəruri bir amildir.
- Son yüzillik ölkəmizdə üç respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının və müstəqil Azərbaycan Respublikasının tarixi kimi səciyyələnir. Bunlardan ikisinə - Azərbaycan SSR-ə on dörd il, müstəqil Azərbaycan Respublikasına isə 10 il rəhbərlik etmək məhz Ulu öndərin taleyinə yazılıb.
- Dönə-dönə təsdiq olunmuş bir həqiqətdir ki, böyük dövlət xadimləri bir qayda olaraq xalq tarixinin taleyüklü dönüş və inkişaf mərhələsində meydana çıxır və özünün bənzərsiz xidməti ilə tarixə əbədi həkk olunurlar. Heydər Əliyev Azərbaycan xalqının bütün tarix boyu yetirdiyi belə nadir simalardan biri idi. Mən inanıram ki, Ulu öndər Heydər Əliyev tarixin gedişini dəyişmiş dahilərdəndir. çünki Onun ikinci dəfə hakimiyyətə gəlişi millətimizi məhv olmaq təhlükəsindən, Azərbaycan adlı coğrafi ərazini dünya xəritəsindən silinmək təhlükəsindən qurtardı.
Dövrünün elmini, xüsusilə də, ictimai və humanitar biliklər sahəsində mühüm elmi uğurları kifayət dərəcədə mənimsəmiş yüksək erudisiyalı bir Azərbaycan ziyalısı olan Heydər Əliyev xalqın inkişaf tarixində onun rolunu, əhəmiyyətini düzgün qiymətləndirməyi bacarırdı. Hələ Onun Azərbaycana rəhbərliyinin ilk mərhələsində, 1970-80-ci illərdə ölkəmizdə bir sıra yeni elmi mərkəzlər açılıb, tədqiqat institutları yaradılıb, minlərlə istedadlı azərbaycanlı oğlan və qızlar Rusiya, Ukrayna və Belarusun sayılıb-seçilən ali məktəblərinə oxumağa göndərilib. ötən əsrin 70-ci illərinin ən mühüm hadisələrindən biri Azərbaycan Sovet Ensiklopediyasının (ASE) nəşri ilə bağlıdır. Bu fundamental oncildliyin hazırlanması 1976-1987-ci illər ərzində həyata keçirilmişdir və belə bir dəyərli nəşrin təşəbbüskarı Heydər Əliyev olmuşdur. ASE-nin nəşri respublikamız haqqında bütün məlumatları əks etdirən universal bir əsərin meydana çıxması demək idi. Ulu öndərin rəhbərliyi ilə başlanan işin nəticəsi dünya ensiklopediyaları aləminə dəyərli töhfə oldu. Heydər Əliyev Azərbaycanda ensiklopediyaların nəşrinin xalqımızın nüfuzu üçün beynəlxalq əhəmiyyətini xüsusi vurğulayırdı və bu çətin, lakin böyük və şərəfli işin öhdəsindən uğurla gəlmək naminə tövsiyələrini və əməli köməyini heç vaxt əsirgəmirdi. Deyirlər ki, ensiklopediya ideyası hər bir ölkədə cəmiyyətin yeni inkişaf mərhələləri ilə bir vaxta təsadüf edir. Bizim üçün bu vaxt Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi mərhələyə düşdü. çünki həmin dövr uğurları, sosial-iqtisadi, mədəni sahələrdə nailiyyətləri ilə zəngin idi. Bu meyar isə belə bir toplunun yaradılması üçün əsas şərt oldu. öz dövrünün məlum ideoloji möhürünü daşıdığına baxmayaraq, on cildlik Azərbaycan Ensiklopediyası 1970-80-ci illərin sanballı mənəvi abidəsidir.
Ulu öndər Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın yeni mərhələdə inkişaf prosesinə qüvvətli təkan verdi. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratdı. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Xalqımız zaman-zaman bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkənin inkişafı və rifahı naminə faydalanacaq.
- üzvü olduğunuz və sıralarında çalışdığınız AMEA da özünün taleyi, bugünkü durumu ilə dahi şəxsiyyət Heydər Əliyevə borcludur.
- O qədər də uzaq olmayan keçmişdə səriştəsiz rəhbərlər elm, mədəniyyət və mənəviyyat ocağımız olan Azərbaycan Elmlər Akademiyasını bir qurum kimi ləğv etmək, onun elmi strukturlarını ali məktəblərə paylamaq kimi əcaib bir fikrə düşmüşdülər. Onlara ən yaxşı cavabı məhz Heydər Əliyev Akademiyada söylədiyi nitqində vermişdi: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, onun institutlarını dağıtmaq istəyirlər; elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. Dağıtmaq asandır, qurmaq, yaratmaq çətindir... Tarix və bəşəriyyət isə həmişə quranları, yaradanları qiymətləndirir...”
Bu deyilənlərin işığında mən xüsusi iftixar duyğusu ilə etiraf edirəm ki, elmi düşüncəmizin sınanmış qərargahı olan Akademiya bu gün öz tarixinin yeni, əlamətdar bir mərhələsini yaşayır. ölkə Prezidentinin Fərmanı ilə Akademiya Milli Elmlər Akademiyası adlandırılıb, ona Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi-texniki siyasətini həyata keçirən ali qurum statusu verilib. Eləcə də, AMEA-nın Naxçıvan Bölməsinin təsis edilməsi ölkə başçısının AMEA-ya nəcib və xeyirxah münasibətinin prinsipiallığını və ardıcıllığını bir daha əyani olaraq sübut edib, bu böyük elmi qurumun tarixində yeni bir intibah mərhələsinin əsasını qoyub.
Azərbaycan elmi iki əsrin qovuşuğunda əldə etdiyi görkəmli nailiyyətləri üçün ümummilli liderimiz Heydər Əliyevin parlaq xatirəsinə, onun bu sahəyə göstərdiyi böyük qayğıya borcludur.
- Bu gün Azərbaycan dili deyəndə öncə Ulu öndərin bu sahədəki tarixi xidmətləri yada düşür.
- Ədəbiyyatın təzahür meydanı xalqın dilidir. Dil insan cəmiyyəti üçün ulu Tanrının verdiyi və başqa heç nə ilə əvəz oluna bilməyən müqəddəs nemət, universal ünsiyyət vasitəsidir. Firudin bəy Köçərli yazırdı ki, bir millətin malını, dövlətini, hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot (puç) olar və ondan bir nişan qalmaz. Sovet dönəmində-Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə gələnə qədər bütün dəftərxana işləri, yığıncaqlar, protokollar, digər sənədləşdirmələr rus dilində aparılırdı. Bu da öz növbəsində azərbaycandilli və rusdilli məktəblər arasındakı say tənasübünün pozulmasına, əlacsızlıqdan uşağını əcnəbi məktəbinə qoyan azərbaycanlıların sayca süni surətdə artmasına, ümumən Ana dilimizin istifadəsinin məhdudlaşdırılmasına gətirib çıxarırdı. Ulu öndərin rəhbərliyi ilə qəbul olunan ilk Konstitusiyada Azərbaycan dili məsələsi bir problem kimi həllini tapdı. Ana dili məsələsində məhz Heydər Əliyevin tutduğu prinsipial, qətiyyətli mövqe sayəsində və şəxsən onun özünün qızğın fəaliyyəti nəticəsində Respublikamızın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olduğu barədə məşhur 73-cü maddə daxil edildi. Həmin dövrdə Azərbaycan milli dilə Konstitusiya səviyyəsində dövlət statusu vermiş üç keçmiş sovet respublikasından biri və yeganə türk-müsəlman respublikası idi.
ötən əsrin 70-ci illəri dövlətimizin tarixinə iqtisadiyyatın, sənayenin, tikintinin, rabitənin, nəqliyyatın, sosial və mənəvi həyatın, bütün mədəniyyətin sürətli inkişaf illəri kimi daxil olmaqla yanaşı, Ana dilimizlə bağlı uğurlar dövrü kimi də yazıldı. ölkədə bir növ qanuniləşdirilmiş ikidillilik şəraitində Azərbaycan dili tədricən rus dilinin kölgəsindən çıxmağa başlayaraq, ictimai şüurda və milli dövlətçilik quruculuğunda öz yerini tutmağa başladı. Bu proses təkamül yolu ilə gedirdi və onu dayandırmaq, yaxud geri döndərmək mümkün deyildi.
Heydər Əliyevlə ünsiyyət zamanı Onun digər yüksək insani keyfiyyətlərilə yanaşı, bir cəhəti də heç vaxt mənim diqqətimdən yayınmırdı. O da Prezidentimizin xalqın mənəviyyatına, psixologiyasına, ədəbiyyatına, mədəniyyətinə, bütün bunların mötəbər daşıyıcısı olan Ana dilimizə (elə rus dilinə də!) dərindən bələdliyi, Azərbaycan dilinə ölçüyəgəlməz dərəcədə yüksək məhəbbəti idi. Bu məhəbbətin yolunda Heydər Əliyev dəfələrlə riskə də getməli olmuş, keçmiş Sovet İttifaqı zamanında irimiqyaslı ictimai-siyasi tədbirlərdə respublika partiya təşkilatının rəhbəri olaraq o zaman qəbul edildiyi kimi rus dilində yox, Azərbaycan dilində nitqlər söyləmişdi. Ziyalılarla rəsmi görüşləri ilə yanaşı, Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən yubiley yığıncağında məhz Azərbaycan dilində çıxış etmişdi. Və bu sevgi və mərdlik, dönməzlik onunla nəticələndi ki, Konstitusiyamızda belə bir maddə əksini tapdı: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.
O, çox böyük məharətlə tərəfləri yeganə düzgün yola gətirdi və qərara alındı ki, dilimiz dövlət dili olaraq məhz Azərbaycan dili kimi təsbit edilsin.
Beləliklə, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında millətin özünütəsdiqi üçün çox vacib olan siyasət, Onun hələ ötən əsrin 70-ci illərində başladığı siyasət uğurla həyata keçirildi - dilimizə tam dövlət dili statusu verilməsi də, bu dilin dövlət idarəçiliyinin bütün sahələrində fəal istifadə edilməsinin təmin olunması vəzifəsi də gerçəkləşdirildi. Bu isə yalnız və yalnız çoxillik ardıcıl, ən başlıcası isə, ölçülüb-biçilmiş və dərindən düşünülmüş dövlət tədbirlərinin görülməsi nəticəsində mümkün oldu.
Dil problemini ölkəmiz müstəqillik qazanandan sonra da yaşadıq və Heydər Əliyev dühası, uzaqgörənliyi bir daha sübut etdi ki, O haqlıdır.
Heydər Əliyev bir rəhbər, lider, dövlət başçısı kimi insan fəaliyyətinin hansı sahəsinə müraciət edibsə, onların hamısında yüksək peşəkarlıq nümayiş etdirib, insanlara, cəmiyyətimizə həmişə gərək olan çox qiymətli örnəklər qoyub.
Bir daha təkrar edirəm ki, Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin guşə daşlarını təşkil edən çox mühüm məqsədlərindən biri müasirlərimizdə tarixi yaddaş duyğusunu daha da qüvvətləndirmək idi. Böyük məşəqqətlər bahasına öz müstəqil dövlətini yaratmış və onu müvəffəqiyyətlə sabaha aparan xalqın Prezidenti haqlı olaraq bu qənaətdə idi ki, öz dilini, ədəbiyyatını bilməyən, öz incəsənətindən xəbərsiz olan, mütərəqqi adət-ənənələrini dərindən mənimsəməyən bir toplum əcdadlarının yaratdığı mənəvi sərvətlərin həqiqi varisi, torpağın əsl sahibi ola bilməz.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 1129 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30