Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Türkiyə ictimai rəyi Ermənistanla Türkiyə arasında imzalanmış protokolların əleyhinədir

Türkiyə ictimai rəyi Ermənistanla Türkiyə arasında imzalanmış protokolların əleyhinədir

21.10.2009 [09:12]

Mübariz Qurbanlı: Türkiyə rəsmiləri bu sənədlərin təsdiq olunmayacağı haqqında şərəf sözü verdilər
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, bu günlərdə Milli Məclisin bir qrup deputatı Türkiyədə səfərdə oldu. İstərdik ki, bu səfərin məqsədi və keçirilən görüşlər haqqında fikirlərinizi bildirəsiniz.
- Bilirsiniz ki, oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında protokollar imzalandı. Bu protokollar və onun müddəalarında nəzərdə tutulan məsələlər haqqında Azərbaycan ictimaiyyəti ətraflı məlumata malikdir. Onu deyə bilərəm ki, bu protokollar, sözün həqiqi mənasında, Türkiyənin və Azərbaycanın maraqlarına uyğun deyil. Həmin sənədlər, hətta Dağlıq Qarabağ problemi olmasaydı belə, Türkiyənin özəl maraqlarına uyğun gəlməyən müddəalarla əhatə olunub. Bu protokollar Türkiyə ilə Ermənistan arasında münasibətləri tənzimləməyi nəzərdə tutursa, onda Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından və uydurma “erməni soyqırımı”ndan, Ermənistan Konstitusiyasında Türkiyənin milli suverenliyinə xələl gətirən müddəalardan, gərəkirdi ki, imtina etsin. Təəssüf ki, biz həmin protokollarda bu imtinanı görmədik.
Türkiyə bir dövlət olaraq Azərbaycana dost və qardaş ölkə hesab olunur. Əgər Türkiyə Azərbaycanla müttəfiqdirsə, əslində, Qarabağ məsələsi nəzərə alınaraq, Ermənistanla hər hansı bir münasibət qurulmalı deyil. Türkiyənin Azərbaycanla imzaladığı ikitərəfli sənədlərdə Ermənistan təcavüzkar dövlət hesab olunur. Türkiyə, eyni zamanda, İslam Konfransı Təşkilatının üzvü olaraq, Ermənistanın təcavüzkarlığının əleyhinə olan qətnamələrə səs verib. Yəni, bu aspektlərdən yanaşdıqda bu protokollar ilk növbədə, Türkiyənin maraqlarına uyğun deyil. İkincisi, həmin protokollar, Qarabağ məsələsi ilə əlaqədar Türkiyənin Azərbaycanla müttəfiqliyi nəzərə alınsa, qəbul edilə bilməyən sənədlərdir. Protokollar imzalandıqdan sonra Milli Məclisdə müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələr və bitərəflər bir araya gələrək belə qənaətə gəldik ki, qrup halında Türkiyəyə səfər təşkil olunsun. Oktyabrın 13-də biz Bakıdan İstanbula, oradan da Ankaraya uçduq. Ankarada bizi Azərbaycanın Türkiyədəki səfiri və səfirliyinin əməkdaşları qarşıladılar. Elə həmin gün nümayəndə heyətimiz Türkiyə parlamentinin AŞ PA-dakı nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı Türkiyənin millət vəkilləri birmənalı şəkildə qeyd etdilər ki, Türkiyə ilə Ermənistan arasındakı protokolların imzalanması hələ məsələnin bitməsi demək deyil. çünki bu protokollar Türkiyə Böyük Millət Məclisində təsdiq olunmalıdır. Həmin millət vəkilləri bildirdilər ki, protokolların təsdiq olunması real görünmür. çünki Türkiyə toplumu bu protokolların əleyhinədir.
- Bildiyimiz kimi, Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyənin rəhbər şəxsləri ilə görüşüb. Türkiyənin baş naziri və TBMM-nin sədrinin protokollarla bağlı mövqeyi nədən ibarətdir?
- Türkiyənin Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında partiyanın xarici əlaqələr üzrə yetkililəri ilə görüşlər keçirdik. Burada AKP-dən olan millət vəkilləri bildirdilər ki, protokollar imzalansa da, parlamentdə təsdiq olunmayacaq. Bizim üçün vacib olan görüşlərdən biri AKP-nin lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oldu. Onunla görüş bir saatdan artıq çəkdi. Görüş zamanı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov səfərin məqsədini açıqladı. Azərbaycan cəmiyyətinin narahatlığını diqqətə çatdırdı. Həmçinin, qeyd olundu ki, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müttəfiqlik xarakteri daşıyır və Ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipi Azərbaycanın xarici siyasətində həmişə qorunub. Azərbaycan Türkiyəni dostu və qardaşı hesab edir. Və imzalanmış sənədlərdə də bütün bunlar öz əksini tapıb. O, da vurğulandı ki, Azərbaycan bölgədə status-kvonun dəyişməsinin nə Azərbaycanın, nə də Türkiyənin xeyrinə olmayacağını ifadə edib. Kişinyovda Prezident İlham Əliyevin Ermənistan prezidenti ilə keçirdiyi görüşdən sonra verdiyi açıqlamada mövcud vəziyyətin dərindən təhlil edildiyini Türkiyə tərəfinin diqqətinə çatdırdıq. Əgər Türkiyə ilə Ermənistan arasında hansısa sənəd imzalanıb, diplomatik əlaqələr yaradılarsa, sərhədlər açılarsa, bu, prinsip etibarilə regionda status-kvonun mənfiyə doğru dəyişməsi demək ola bilərdi. Cənab Ərdoğan bildirdi ki, protokolların imzalanmasına baxmayaraq, Türkiyə tərəfi Qarabağ məsələsində müəyyən irəliləyiş olmadan protokolların Məclisdə təsdiq olunmasının tərəfdarı olmayacaq. Ərdoğan dedi ki, Türkiyənin baş naziri kimi, bu mənim şərəf sözümdür və arxasında dayanacağam. Onun bildirdiyinə görə, Türkiyə verdiyi sözə əməl edən ölkədir. Ona görə də Ərdoğan bizə narahat olmamağı və Azərbaycana dönüşdə də bu protokolların TBMM-dən keçməyəcəyini əhaliyə çatdırmağımızı istədi. O, bizim narahatçılığımızı bölüşürdü və bildirdi ki, Türkiyə Qarabağ məsələsinin həllində Azərbaycanın seçdiyi variantı həmişə müdafiə edir və bundan sonra da edəcək. Əlbəttə, biz düşünürük ki, Türkiyənin baş nazirinin söylədiyi fikirlər həqiqətən Türkiyənin dövlət olaraq şərəf məsələsidir. Baş nazir dediyindən imtina etsə, bu, Türkiyənin, öz sözünün üstündə dayanmayan dövlət kimi, imicinə xələl gətirə bilər.
Eyni zamanda, TBMM-in sədri Mehmet Əli Şahinlə görüşdük. Görüşdə bizim nümayəndə heyətinin hər bir üzvü çıxış etdi. Mehmet Əli Şahinin fikri belə oldu ki, bu protokollar, düşünün ki, Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılıb. Əgər Milli Məclis qəbul etsə, Türkiyə parlamenti də qəbul edəcək. Daha sonra Türkiyə parlamentinin xarici əlaqələr komitəsində görüş keçirdik. Nəzərinizə çatdırım ki, həmin protokollar öncə bu komitədə müzakirə olunacaq. Görüşdə Azərbaycanla həmrəylik nümayiş olundu və bildirildi ki, həmin protokollar hətta komitədən geri qaytarıla bilər. Yeri gəlmişkən bildirim ki, əgər protokollar təsdiq olunsa, Türkiyə Azərbaycan üçün dost və qardaş ölkə deyil, yalnız qonşu ölkəyə çevriləcək. Hesab edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan üçün məqbul deyil. Azərbaycanın qonşu ölkələri var və onların sırasında Türkiyə dost ölkə kimi qiymətləndirilir. Münasibətlərimizə bir millət, iki dövlət prinsipi ilə yanaşırıq. Elə etməli deyilik ki, “bir millət, iki maraq” prinsipinə qayıdaq. “Bir millət, iki maraq” prinsipi ilə münasibətlərimizi qurmaq istəsək, o zaman hər iki dövlət bundan ziyan çəkə bilər.
- Başqa görüşləriniz də keçirildimi? Mətbuatda Türkiyənin müxalifət partiyalarında da görüşlər keçirdiyiniz haqqında məlumatlar var...
- Görüşlər sırasında Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykalla söhbətimiz maraqlı oldu. Bu görüşdə də mövcud vəziyyət müzakirə olundu. Cənab Baykal bildirdi ki, Məclisdə bütünlükdə bu məsələnin müzakirəsinin əleyhinə olacaq və partiyanın bütün yetkililəri də protokolların əleyhinə olduğunu vurğuladılar. Eyni zamanda, Milliyyətçi Hərəkat Partiyasının qərargahında partiyanın başqanı Dövlət Baxçalı və digər nümayəndələrlə görüşümüz oldu. Cənab Baxçalı bildirdi ki, bu protokollar Qarabağ məsələsi olmadan belə, Türkiyənin maraqlarına uyğun deyil. MHP protokolların Türkiyənin əleyhinə olduğunu düşünür. Partiyanın deputat qrupu həmin protokolların əleyhinə olacaq.
ümumiyyətlə, səfər zamanı Azərbaycan deputatları Türkiyə mediasında da geniş çıxış etdilər. Hesab edirəm ki, AKP və onun rəhbərliyi bunun fərqindədir. Düşünürəm ki, bu protokolların müzakirəsi TBMM-də qızğın keçəcək və millət vəkilləri sənədin əleyhinə səs verəcəklər. Səfər zamanı belə qənaətə gəldik ki, Türkiyə ictimai rəyi bu protokolların əleyhinədir. Görüşlərdə rəsmilər sənədlərin təsdiq olunmayacağı haqqında şərəf sözü verdilər. Onların bu sözün arxasında dayanacağı fikrindəyik.
- Azərbaycan deputatları Türkiyədə səfərdə olarkən Türkiyə ilə Ermənistan arasında futbol matçı keçirildi. Futbol zamanı Azərbaycan bayrağı ilə bağlı problem ortaya çıxdı. Bu məsələyə münasibətiniz necədir?
- Əvvəla, qeyd edim ki, futbol diplomatiyası, əslində, idmanı siyasətə gətirib. İdman gərək siyasətə qarışmasın. İdman sülh, dostluq və əməkdaşlıq formasıdır. Amma nə edəsən ki, futbol diplomatiyası Türkiyə-Ermənistan danışıqlarında bir vasitəyə çevrilib. Oktyabrın 14-də Bursa şəhərində bu matç keçirilib. Hamıya məlum idi ki, Bursada Azərbaycansevərlər stadiona Azərbaycan bayrağını gətirəcəkdilər. Amma Bursa valisinin bayrağımızın stadiona gətirilməsini qadağan etməsi yanan od üzərinə əlavə neft tökməyə bənzəyirdi. Bu da insanlarda qəzəb və qıcıq yaratdı. Bayraq qadağası nə vaxtdan yaranıb? Erməniyə şirin gəlmək üçün Azərbaycan bayraqlarının stadiona gətirilməsinin qadağan olunması nə dərəcədə doğrudur? Heç bir yerdə, qaydalarda belə bir qadağa yoxdur. Dünya futbol təşkilatı olan FİFA-nın da belə bir qaydası yoxdur. FİFA-nın qaydalarında millətçiliyin, faşizmin, irqi ayrı-seçkiliyin təbliği qadağandır. Bursada sırf dostluq bayrağı qaldırılacaqdı. Bununla da Türkiyə millisinə dəstək ifadə olunacaqdı. Hesab edirəm ki, Türkiyə tərəfinin bayraqla bağlı verdiyi qərar çox yanlış idi. ümumiyyətlə, bu məsələlərdə Türkiyə hakimiyyəti iki yanlışa yol verdi. Birincisi, Sürixdə protokolların imzalanmasına gedilməməli idi. İkincisi isə, Azərbaycan bayrağına qadağa qoyulmamalı idi. Yerevanda qondarma Dağlıq Qarabağın bayrağı qaldırılanda Türkiyə tərəfi buna qəti etiraz etməli idi. Amma nədən susdu? FİFA nə üçün reaksiya vermədi? Halbuki, separatçı, cinayətkar rejimin bayrağı heç yerdə tanınmır.

Paylaş:
Baxılıb: 1164 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30