Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Akademik Ramiz Mehdiyevin məqaləsində əksini tapan tezislər eyni şəkildə Azərbaycanda yazılı mətbuata da şamil olunmalıdır

Akademik Ramiz Mehdiyevin məqaləsində əksini tapan tezislər eyni şəkildə Azərbaycanda yazılı mətbuata da şamil olunmalıdır

17.10.2009 [15:06]

Hikmət Babaoğlu: Obyektiv və intellektual müşahidə həqiqətə aparan yoldur
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu www.yap.org.az saytına müsahibə verib:
- Hikmət müəllim, bildiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan teleməkanında mövcud olan vəziyyətə həsr olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqalə ilə çıxış edib. İlk olaraq, sizin bu məqaləyə münasibətinizi öyrənmək istərdik.
- Prezident Admnistirasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məsələyə toxunmaqla çoxdan bəri cəmiyyətimizi narahat edən məsələni ictimai müzakirə səviyyəsinə qaldırmış oldu ki, buna da böyük ehtiyac var idi. Məqalədə bu məsələlər elmi-konseptual şəkildə sistemləşdirilib. Birincisi, milli vətənpərvərliyin təbliği ilə bağlı proqramların olmaması tənqid olunur. İkincisi, şou-verilişlər həddən artıq çoxdur, üçüncüsü isə, intellektual verilişlər azdır. Əhəmiyyətlisi odur ki, cəmiyyətimizdə bu xəstəliyin diaqnozu qoyulub, indi onun müalicəsini aparmalıyıq. Hər bir televiziya, ictimai təşkilat, sosial qurum və siyasi institut həmin cəmiyyətin özünün törəməsidir. Burada cəmiyyətimizin bu vəziyyətə layiq olduğu nəticəsinə gələ bilmərik. Vaxtilə Vaqif Səmədoğlu çox gözəl şeir yazmışdı: “Azadlıq, sən mənim anamsan, mən sənin yadlar qapısında böyüyən balan”. Bizim tele efir məkanı yadlar tərəfindən tərbiyə edilən övlada bənzəyir. Yerli televiziya kanallarının böyük əksəriyyəti xarici kanalları təkrar etmək, Türkiyədə, Rusiyada olan verilişləri efirə gətirmək istəyirlər. Bu verilişlər cəmiyyətimizin özündə istehsal olunmadığı üçün bizlərə yaddır. Məsələn, Türkiyənin “Kanal D” televiziya kanalında Məhmət Əli Birand çox maraqlı xəbərlər verilişi aparır. Burada əl jestləri ilə fikirlərini ifadə etməyə çalışır ki, onun təsiri emosional olsun. Bu da xəbərlərin daha yaddaqalan şəkildə mənimsənilməsinə yol açır. Bu aparıcı etdiyi jestlərin mahiyyətini dərk edir, etdiyi hərəkətlərin fərqindədir. Ancaq bizim aparıcılar bunu mexaniki şəkildə təkrar edirlər. Bu da arzuolunan nəticəni vermir.
- Belə problemləri inzibati şəkildə, yəni, konkret qanunlar vasitəsilə tənzimləmək mümkündürmü?
- Problemin qanunla tənzimlənməsi məsələsi çox çətindir. Qanun dövlət tərəfindən müəyyənləşdirilmiş ümumi, məcburi davranış qaydasıdır. Qanun, eyni zamanda, qadağalar toplusudur. Televiziya məkanı isə azad auditoriyadır. Azadlıq bizim qanunla məhdudlaşdırılmayan fəaliyyətimizdir. Fəlsəfə özü-özünü qidalandırdığı kimi, televiziya ilə cəmiyyət arasında münasibət də bu şəkildə qurulmalıdır. Təbii ki, cəmiyyət öz borcunu yerinə yetirir, ancaq televiziya cəmiyyətə olan borcundan çıxa bilmir. çünki cəmiyyətin layiq olduğu verilişləri ona təqdim edə bilmir.
- Cəmiyyətin inkişafı üçün, yeni nəslin məhz akademik Ramiz Mehdiyevin vurğuladığı əsaslarda tərbiyəsi üçün televiziya əvəzsiz vasitədir. Sizcə, televiziyalar bu vəzifəsinin öhdəsindən layiqincə gələ bilirmi?
- Tamamilə doğrudur ki, televiziya məkanı ictimai rəyi, ictimai fikri formalaşdırmaqla bərabər, yeni nəslin tərbiyəsində də mühüm rol oynayır. O da bəllidir ki, cəmiyyətdə bir fərdi təkamül var, bir də ümumi təkamül. ümumi təkamülün baş verməsi üçün isə kütləvi tərbiyə vasitələrindən, tərbiyə metodlarından istifadə olunmalıdır. Və yaxud, kütləvi savadlandırmalar olmalıdır. Belə düşünmək olar ki, fərdi təkamül avtomatik olaraq ümumi təkamülə gətirib çıxaracaqdır. Burada, şübhəsiz ki, pay proporsiyası var. Yəni, fərdin təkamülü, fərdin inkişafı bütövlükdə cəmiyyətin neçə faizini əhatə etməlidir ki, ümumi təkamül tendensiyaları müşahidə edilməyə başlansın. Mən hesab edirəm ki, bu mənada da televiziyaların üzərinə çox böyük vəzifələr düşür ki, hörmətli akademikimiz Ramiz Mehdiyev də haqqında danışdığımız məqalədə konkret bu barədə çox dəyərli fikirlər bildirir.
Bilirsiniz ki, cəmiyyət nə qədər kollektivçidirsə, bir o qədər də fərdiyyətçidir. Amma cəmiyyəti irəli aparan, inkişaf etdirən fərdiyyətçi meyillər deyil, kollektivçi meyillərdir. Ona görə də, məhz cəmiyyətin ümumi intibahı, ümumi təkamülü üçün cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması üçün, xüsusən akademik Ramiz Mehdiyevin toxunduğu kimi, müharibə şəraitində olan, Dağlıq Qarabağ kimi bir problemi olan ölkənin insanlarının milli vətənpərvərlik ruhunda köklənməsi üçün mütləq və mütləq televiziyalar deyilən tələblərə cavab verməlidir. Onların başqa cür davranmağa haqqı yoxdur.
- Hikmət müəllim, bu gün böyük əksəriyyət KİV-lərin məsuliyyətindən danışır. Sizcə, biz KİV-in məsuliyyəti dedikdə nəyi nəzərdə tutulur? ümumiyyətlə, KİV-in məsuliyyəti nədən ibarətdir?
- Bilirik ki, hər bir cəmiyyətdə dərketmə prosesi fərdin özünüdərkinə əsaslanır. Fərdin özünüdərk prosesi isə insanın özü vasitəsi ilə olmalıdır. Dolayısıyla, cəmiyyəti bütöv bir fərd hesab etsək, əlbəttə ki, cəmiyyət fərdlər toplusudur, amma ayrılıqda hər bir cəmiyyətin özü fərddir, cəmiyyətin özünüdərk prosesi də məhz cəmiyyətin özünün vasitəsilə həyata keçirilməlidir. Hər bir fərd ətrafı dərk etmək üçün, hər bir fərd obyektiv həqiqəti dərk etmək üçün özündə intellektual zəmin hazırlamalıdır. Yəni, gerçəkliyi dərk etmək üçün onun idraki bazası olmalıdır. İdraki baza isə yalnız o vaxt mümkündür ki, hər bir fərd özünü təkmilləşdirsin. Yoxsa, kənardan nə qədər təsir olsa belə fərddə idraki proses getməyəcək. Cəmiyyət də belədir. Cəmiyyətin özü vasitəsilə özünüdərk prosesindən danışdıqda isə biz yenə də cəmiyyətin formalaşmasına ümumi, kütləvi təsir etmək bacarığı olan sosial-siyasi, informasiya institutlarının üzərində dayanırıq. Bu zaman da yenə qarşımıza çıxan aparıcı institut, aparıcı struktur KİV-lərdir. Ona görə də, Azərbaycan KİV-lərinin cəmiyyətin qarşısında məsuliyyəti olmalıdır və informasiya məkanı dediyimiz bu məsuliyyəti dərindən dərk etməlidir.
Dediyimiz məntiqdən çıxış etsək, özünüdərk prosesi özünün vasitəsilə həyata keçiriləcəksə, dolayısı ilə milli özünüdərk prosesi də, mənəvi özünüdərk prosesi də cəmiyyətin özünüdərkindən keçəcək. Belə olan halda televiziyalar KİV-lər arasında ən geniş yayılmış və ən çox istifadə olunan bir vasitə kimi bu prosesdə də öndə olmalıdır. öncə televiziyanın kollektivini formalaşdıran kadrlar sadaladığımız keyfiyyətlərdə olmalıdırlar ki, bu nəhəng informasiya strukturunu keyfiyyətli şəkildə idarə edə bilsin. Və ən əsası, cəmiyyətin onlardan gözlədiklərini cəmiyyətə verə bilsin. Əlbəttə ki, akademik Ramiz Mehdiyev məhz bu məsələlərə toxunur. Amma, təəssüf ki, artıq xeyli vaxt keçməsinə baxmayaraq, televiziyalarda məsələ ilə əlaqədar tənqid olunan verilişlərin aparıcıları yeni statusda yenidən xalqa mənəviyyat dərsi keçməyə çalışırlar. Bu mümkündürmü? Burada antoqonizim, bir ziddiyyət var. Dünənə qədər özünü bir şəkildə təqdim edən aparıcı, yaxud veriliş indi 180 dərəcə əksinə fırlanıb, özünü tamam başqa bir formada təqdim etməyə çalışır. Bunun özü mənəviyyatsızlıq deməkdir. Əgər söhbət dəyişməkdən gedirsə, onda ilk olaraq, simalar dəyişməlidir. Ola bilməz ki, bu kadrdan bir günün içərisində yeni bir kadr düzəldək. Bu, mümkün ola bilməz. çünki milli özünüdərkin, mənəvi özünüdərkin hansı mərhələlərdən keçməli olduğunu göstərdik və dedik ki, bunun üçün ilk olaraq, idraki baza olmalıdır. Bir gündə bu idraki bazanı yaratmaq mümkündürmü? Əlbəttə ki, mümkün deyil. Belə olduğu halda, bu gün bu verilişi aparan, tənqid hədəfinə çevrilən, cəmiyyətdə allergiya doğuran aparıcı necə ola bilər ki, cəmi bir gün sonra cəmiyyətin tələb etdiyi keyfiyyətlərlə zəngin, intellektual baxımdan mükəmməl verilişlər hazırlasın, təqdim etsin? Ona görə də, mən hesab edirəm ki, məhz bu problemlərin aradan qaldırılması üçün hörmətli akademikimiz həyəcan təbili çalmışdır və bu, cəmiyyətin hər bir üzvü üçün, xüsusən, informasiya məkanında aparıcı rol oynayan teleradio institutları üçün, yazılı mətbuat üçün ciddi bir siqnal olmalıdır.
- Akademik Ramiz Mehdiyevin məqaləsində əsasən, televiziyalardakı problemlərə diqqət ayrılır və onların həlli yolları göstərilir. Bəs, bu məqalədən çıxış edərək, yazılı mətbuatın üzərinə hansı vəzifələr düşür?
- Mən hesab edirəm ki, bu məqalədə əksini tapan məsələlər nə qədər televiziyalar üçün aktualdırsa, bir o qədər də radio üçün, hətta eyni dərəcədə də yazılı mətbuat üçün də aktualdır. Dediyimiz kimi, akademik Ramiz Mehdiyevin məqaləsində əksini tapan tezislər - milli-mənəvi dəyərlər, dəyərlərin qorunması, vətənpərvərlik hissinin aşılanması və televiziyalarda intellektual verilişlərin hazırlanması, eyni şəkildə Azərbaycanda yazılı mətbuata da şamil olunmalıdır. Hər nə qədər bu gün get-gedə yazılı mətbuatın bazarı daralırsa, hər nə qədər biz yazılı mətbuatın əvvəlki qədər populyar olmadığını müşahidə etsək də, yazılı mətbuatın ən az televiziyalar və radiolar qədər əhəmiyyəti var. Cəmiyyətdə ictimai rəyin yönləndirilməsi, mövcud olan problemlərin aradan qaldırılması üçün qəzetlərin də rolu danılmazdır. Hətta mən deyərdim ki, elektron məkandan, radio məkanından, televiziya məkanından yenidən yazılı mətbuat məkanına dönüş baş verir. Televiziya kadrları, verilişləri bir anlıqdır, bir neçə dəqiqəlikdir. Ancaq yazılı mətbuat ömürlük qalır. Belə ki, əgər bir müddət əvvəl tənqid olunan şou əhli televiziyalara üz tuturdularsa, yazılı mətbuatın qeyd olunan üstünlüyünü dərk edəndən sonra onlar bu sahəyə üz tutublar. Mən əminəm ki, bu, önümüzdəki illərdə daha geniş vüsət alacaq. Ona görə də, Azərbaycanın yazılı mətbuatı da cəmiyyət qarşısındakı məsuliyyətini dərk edərək özünü yeni keyfiyyətdə cəmiyyətə təqdim etmək üçün mühüm addımlar atmalıdır. Tutaq ki, yazılı mətbuatda şou, şou - biznes yoxdur, amma milli-mənəvi dəyərlərimizə zidd olan məsələlər təkcə şoudadırmı? Bəs qəzetlərdə yazılan qeyri-etik, qeyri-əxlaqi yazılar, təhqirlər necə? Bəs, bunlar milli-mənəvi dəyərlərimizin, əxlaqımızın tənəzzülünə aparmırmı? Bəs, qeyri-obyektiv, mənbəyi göstərilməyən, heç bir əsasa söykənməyən informasiyalar necə? Bəs cəmiyyətin ziyalı kimi qəbul etdiyi şəxslərin, cəmiyyətin aparıcı insanlarının mətbuat səhifələrində təhqir olunması necə? Əlbəttə ki, bunlar da bir o qədər milli-mənəvi dəyərlərimizə zərbə vurur. Bir məsələ, mən hesab edirəm ki, prinsipial olmalıdır. Obyektiv və intellektual müşahidə həqiqətə aparan yoldur. Ola bilsin ki, biz hansısa bir məsələdə obyektiv ola bilərik, amma intellektual bazamız hadisələri doğru təhlil etməyə imkan verməz. Ya da əksinə, ola bilər ki, çox yüksək intellektual səviyyəmiz olar, amma bu zaman da obyektiv olmadığımız üçün həmin məsələ barəsində düzgün fikir yürüdə bilmərik. Ona görə də, istər Azərbaycanın efir məkanında çalışan kadrlarımız, istərsə də yazılı mətbuatda çalışan kadrlarımız öz üzərində işləməli, həm obyektivliyi öyrənməli, həm də obyektivliyi təhlil edəcək intellektual səviyyəsini artırmalıdır ki, Azərbaycan cəmiyyətində sadaladığımız problemlər həll olunsun. Mən hesab edirəm ki, akademik Ramiz Mehdiyevin məqaləsində toxunulan başqa bir məsələ də bundan ibarətdir. Hörmətli akademikimizin çağırışına televiziya və radiolarla bərabər, yazılı mətbuat da cavab verməli, fəaliyyətini bunun tələblərinə uyğun qurmalıdır.
- Məqalədə vurğulanır ki, bəzi televiziyalar biznes maraqlarını milli maraqlardan üstün tutur...
- Tamamilə doğrudur. Bir var fərdi mənafelər və fərdi fayda, bir də var ictimai mənafelər və ictimai fayda. Televiziya məkanı və radio məkanı ictimai faydanı təmin edəcək və ümumi milli və ümumi mənfəəti təmin edəcək strukturdur. Burada fərdi maraq ola bilməz. Amma çox təəssüf ki, məqalədə də qeyd olunduğu kimi, bəzi televiziyalar biznes maraqlarını, fərdi maraqları ictimai maraqlardan üstün tutur. Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir və Prezident Administrasiyasının rəhbəri, hörmətli akademikimiz Ramiz Mehdiyev çox dəqiq və çox incəliklə bu məsələni müəyyənləşdiribdir. Efir məkanı yalnız və yalnız ictimai mənafeyə xidmət etməlidir. Efirdəki aparıcının kim olması, verilişin adının nə olması tamaşaçını maraqlandırmır. Tamaşaçını maraqlandıran ona təqdim olunan verilişin məzmunudur. İctimai tələbat da bax budur.
- Tənqid olunan televiziya rəhbərləri özlərini qınaqdan qurtarmaq üçün deyirlər ki, guya bu verilişlər, şou-biznes sosial sifarişdir. Doğrudanmı, ucuz şou-proqramlar ictimai, sosial tələbatdır?
- Əlbəttə ki, bir televiziyada hansısa bir şou-proqramın olması mümkündür. Bəlkə də vacibdir. Amma bu şounun səviyyəsi, onun məzmunu necə olmalıdır, bax bu məsələyə diqqətlə yanaşmaq lazımdır. Əgər bir şouda intellekt varsa, bu şouda özünəməxsus yumor varsa, obyektiv tənqid varsa, satirik üslub varsa, bu şouda ictimai mənafeyə xidmət edəcək təbliğat varsa, ən nəhayət, cəmiyyəti bir addım qabağa götürəcək nəsə varsa, bu şou olsun. Amma çox təəssüf ki, bu gün Azərbaycan televiziyalarında saatlarla yer ayrılan şou-proqramların böyük əksəriyyətində sadaladığımız keyfiyyətlər yoxdur. Və bu verilişlər zövqsüz auditoriya formalaşdırır, bayağı musiqiləri təqdim edir, ictimai-mədəni münasibətləri dedi-qodu səviyyəsinə, təhqir səviyyəsinə endirir, özündə heç bir idrak yükü, intellektual yük daşımır. Belə olan halda cəmiyyət bundan heç nə qazana bilməz.
Bu gün Azərbaycanda televiziyalar fəaliyyət göstərmək üçün fəaliyyət göstərirlər. Amma televiziyanın fəaliyyətinin məqsədə çevrilməsi lazımdır. Və bu məqsəd, akademik Ramiz Mehdiyevin də qeyd etdiyi kimi, milli maraqların qorunmasına, mənəvi dəyərlərin mühafizəsinə, vətənpərvərlik ruhunun təbliğinə xidmət etməlidir. Yəni, nə olursa olsun, biz fəaliyyət göstərək, nə olursa olsun qazanaq prinsipi məqsəd olmamalıdır və ola da bilməz. Qədim filosofların belə bir fikri var ki, danışmaq riskdir. Başqa bir fikir də var ki, “danış, deyim sən kimsən”. Sözlə, danışmaqla bağlı olduqca ciddi fikirlər var. Əgər belədirsə, televiziyalarımız səhərdən axşama qədər danışırlarsa, üstəlik, danışmaqla bərabər, həm də göstərirlərsə, onda bu riskin mahiyyətini dərk etməlidir. Bilirik ki, danışmaqda, səsdə göstəridə olan qədər emosional təsir yoxdur. Bir var siz mənim səsimi eşidirsiniz, bir də var mənim hərəkət və mimikalarımla müşahidə olunan səsimi eşidirsiniz, bu daha çox təsirli olur və daha çox yadda qalır. Belə olan halda, danışmaq bu qədər riskdirsə, bəs göstərərək danışmaq nə qədər riskdir? Bu məsuliyyəti dərk edərək efirə çıxan insan özünə və auditoriyaya hörmət etməlidir. Heç bir televiziya xalqın hüquqlarını, tamaşaçı auditoriyasının hüquqlarını pozmamalıdır.
- Hikmət müəllim, son olaraq, sizcə, artıq xeyli müddətdir davam edən ictimai müzakirələrin, həyata keçirilən tədbirlərin bəhrə verdiyini söyləyə bilərikmi?
- Mən hesab edirəm ki, bu məsələ olduqca vaxtında qaldırılıb və çox effektiv müzakirələr aparılır. Yazılı mətbuat məsələyə daha ciddi reaksiya verib. çox təəssüf ki, bu tip müzakirələr radio-televiziya müstəvisində aparılmır. Hər bir sağlam tənqid ümumi işə müsbət təsir edir. Ona görə də, mən hesab edirəm ki, hörmətli akademikimizin məqaləsində qoyulan problemlər məhz tənqid olunan televiziyaların özləri tərəfindən də müzakirəyə çıxarılmalıdır. İkincisi, mən hesab edirəm ki, “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” adlı məqalədə Azərbaycan ziyalısına çağırış var. Sevindirici haldır ki, ziyalılarımız da çox böyük həvəslə bu çağırışa qulaq verib, prosesə qoşulubdur. Bu problemin kökü qazınana qədər, nəhayət, arzu etdiyimiz televiziyanı görənə qədər biz mübarizə aparmalıyıq. İlkin nəticələrə gəlincə, əlbəttə, artıq bunlar müşahidə olunmaqdadır. Təbii ki, mən də o fikirdəyəm ki, bir gecənin içərisində bu qədər problemi həll etmək mümkün deyil. Amma zaman-zaman, mütəmadi olaraq bu işlər görülsə mən əminəm ki, istədiyimiz nəticəni ala biləcəyik.

Paylaş:
Baxılıb: 1271 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30