Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Heydər Əliyev üçün qanunun aliliyi hər şeydən üstün idi

Heydər Əliyev üçün qanunun aliliyi hər şeydən üstün idi

18.08.2009 [11:48]

Ələddin Sultanov: Ali Sovetin qərarı olsa da, ermənilər Heydər Əliyevin dövründə Kəmərli kəndinin bir qarış torpağını Ermənistana birləşdirə bilmədilər
- Ələddin müəllim, hüquq-mühafizə orqanlarındakı 57 illik əmək fəaliyyətinizin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərə təsadüf edib. Onunla ilk tanışlığınızı necə xatırlayırsınız?
- O dahi İNSAN mənim həyatımda, əmək fəaliyyətimdə elə dərin, silinməz izlər buraxıb ki, onları necə unuda bilərəm? Onun ədalətsizlik, rüşvətxorluq, dövlət əmlakının dağıdılmasına qarşı mübarizə, eləcə də insan hüquqlarının qorunması, qanunun aliliyinin hər şeydən üstün tutulmasına dair tövsiyə və tapşırıqları biz hüquq-mühafizə orqanları işçiləri üçün bir normaya, həyat düsturuna çevrilib. Bunları necə unutmaq olar?
Orta məktəbi 1947-ci ildə Gəncə şəhərində başa vurub, sənədlərimi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə verdim. 1952-ci ildə universiteti bitirdikdən sonra məni Bərdə rayon prokurorluğuna müstəntiq vəzifəsinə işləməyə göndərdilər. Burada 4 il işlədikdən sonra Respublika Prokurorluğu tərəfindən məni paytaxta işləməyə dəvət etdilər. 1956-1966-cı illərdə Bakının Voroşilov (indiki Səbail) və Oktyabr (indiki Yasamal) rayon prokurorluğunda müstəntiq, baş müstəntiq, prokuror müavini, eləcə də Bakı şəhər prokurorluğunda prokuror müavini vəzifələrində çalışdım. 1967-ci ilin mart ayında isə respublika prokurorunun əmri ilə Mingəçevir rayonuna prokuror vəzifəsinə təyin olundum. Ulu öndər Heydər Əliyevi ilk dəfə orada gördüm. O zaman Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri idi. Həmin il, DTK ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətində törətdiyi bir qanlı hadisəni araşdırırdı. Heydər Əliyev də tez-tez Muxtar Vilayətin ətrafındakı rayonlara səfərlər edir, bölgə fəalları ilə görüşlər keçirir, lazımi tapşırıqlarını verirdi. Həmin səfərlərdən biri də Mingəçevir şəhərinə idi. Orada fəallarla keçirilən görüşdə mən də şəhər prokuroru kimi iştirak edirdim. Olaya gəlincə isə, Xankəndidə ermənilər üç soydaşımızı vəhşicəsinə qətlə yetirmişdilər- üstlərinə benzin töküb diri-diri yandırmışdılar. Bir ermənini öldürməkdə ittiham olunan bu şəxslərin-ata, oğul və yaxın qohumun işinə Ali Məhkəmə Xankəndində baxaraq, bir neçə il həbs cəzası kəsmişdi. Məhkəmə prosesi bitəndən sonra məhkum olunanlar milis (polis) maşınında Şuşa həbsxanasına aparılarkən, məhkəmə qərarından narazı qalan bir qrup azğınlaşmış erməni maşının qabağını kəsmiş, milis işçilərini tərksilah etmiş, azərbaycanlı dustaqları maşından düşürərək döymüş, sonra isə üstlərinə benzin tökərək yandırmışdılar. Hələ bununla da kifayətlənməyərək onların yanan meyitləri ətrafında dövrə vurub yallı getmişdilər. Hadisə respublikada sensasiyaya səbəb olmuşdu və DTK başda olmaqla, demək olar ki, bütün hüquq-mühafizə orqanları bu işin araşdırılmasına cəlb olunmuşdu. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində DTK əməkdaşları bölgədə ciddi əməliyyat-axtarış tədbirləri həyata keçirmiş və faciəni törədən ermənilər cinayət məsuliyyətinə cəlb edilmişdi. Araşdırmalar zamanı məlum olmuşdu ki, həmin azərbaycanlılarla ölən erməninin heç tanışlığı belə olmayıb. Ermənini isə öz millətinin nümayəndəsi qətlə yetirmişdir. Yazıq azərbaycanlılar, sadəcə, qərəzli və yanlış ifadələrin güdazına getmişdilər. Sonradan Respublika Prokurorluğunun araşdırmaları əsasında, məhkəmənin qərarı ilə təqsirli bilinən erməni həbs edildi, öldürülən azərbaycanlılara isə bəraət verildi.
İki ildən sonra isə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi seçildi. Əvvəlki işindən artıq hamı Onun necə qətiyyətli, möhkəm iradəyə malik bir dövlət xadimi olduğunu bilirdi. Lakin 1969-cu ilin avqustunda keçirilən MK-nın plenumunda Heydər Əliyevin etdiyi çıxış nəinki Azərbaycanda, bütün SSRİ-də böyük əks-səda verdi. O, sovet respublikaları arasında ilk rəhbər idi ki, bütün məsələləri- rüşvətxorluğu, dövlət əmlakının talan edilməsi, vəzifədən sui-istifadə olunması, insan hüquqlarının tapdanması, korrupsiyanın mövcudluğunu açıq şəkildə ortaya qoymuş və onunla mübarizənin başlandığını elan etmişdi. Qeyd edim ki, avqust plenumunun qəbul etdiyi qərarlar mərkəz tərəfindən keçmiş SSRİ-nin bütün respublikalarına yayıldı və rəhbər işçilərə həmin qərarları öz işlərində tətbiq etmək tövsiyə olundu.
Artıq bir ilin tamamında respublikada köklü islahatlara başlanılmışdı. Əksər rayonlarda yoxlamalar aparılmış, qanuna zidd əməllərlə məşğul olan vəzifəli şəxslər işdən azad olunmuşdu. Belə rayonlardan biri də Lənkəran idi. Bu rayondakı özbaşınalıq, vəzifədən sui-istifadə etmə, insan hüquqlarının pozulması o həddə çatmışdı ki, balıqçılıq təsərrüfatları belə respublikadan kənara pomidor və xiyar məhsulu satmaqla məşğul olurdu. Belə bir zamanda oradakı hüquq-mühafizə orqanlarının başçılarının yeniləri ilə əvəz edilməsi məsələsi gündəmdə idi. 1970-ci ilin avqustunda Respublika Prokurorluğunun (RP) təqdimatı ilə MK-ya, Heydər Əliyevin qəbuluna dəvət edildim. O, məni Lənkəran rayonuna prokuror işləməyə göndərdi.
- Belə bir vəziyyətdə Lənkərana prokuror işləməyə gedərkən Heydər Əliyev sizə hansı tapşırıqları verdi?
- Düzü, hələ Mingəçevirdə olarkən mənim Lənkərana göndərilməyim RP-də müzakirə olunmuşdu və razılaşmamışdım. Digər tərəfdən, Onun respublikada başladığı işi, atdığı cəsarətli addımları müşahidə edirdim. Hər adamın hünəri deyildi onilliklər ərzində formalaşan bir mühiti, rejimi vurub dağıtmaq, respublikada belə köklü islahatlara başlamaq.
Məni qəbul edərkən RP-nin rəhbərliyi də otaqda idi. Rayondakı nöqsanları sadalayandan sonra üzünü onlara tutub soruşdu: “Bu, işlərin öhdəsindən gələ biləcəkmi?”. Cavabı gözləmədən məndən soruşdu: “Necə baxırsan?”. Dedim, əgər məsləhətdirsə, işləyərəm. Beləliklə, Lənkərən rayonuna prokuror göndərildim. Təbii ki, Heydər Əliyevin iradəsinə, qətiyyətinə əmin olduğum üçün bu yükün altına girdim. Ulu öndərin çox gözəl bir iş xüsusiyyəti var idi. Onun üçün qanunun aliliyi hər şeydən üstün idi. O, istəyirdi ki, gördüyün iş obyektiv olsun, təmiz və ədalətli olsun. Əgər cinayət törənibsə və onun haqqında qanuni tədbir görülürsə, heç kim ona maneçilik törədə bilməzdi. Əgər xəbər tutsa idi həmin vəzifəli şəxsi dərhal cəzalandırardı. Bax bu idi Heydər Əliyevin həyat fəlsəfəsi. Onun bu xüsusiyyəti sanki bizim də əl-qolumuzu açmışdı. Heç kim kənardan göstəriş verə bilmirdi. Lənkəran rayonu o zaman SSRİ-nin dirrikçilik rayonu hesab olunurdu və buradan hər il Rusiyaya 40 min tondan artıq məhsul göndərilirdi. Lənkərandakı 32 təsərrüfatdan 5-i balıqçılıq, qalanı isə tərəvəzçilik, çayçılıq ilə məşğul olurdu. Təsərrüfat rəhbərləri öz aralarında cinayət əlaqələrinə girərək, kolxozçuların əməyini mənimsəmək üçün müxtəlif yollar axtarıb tapır, bu işdən külli miqdarda qazanc əldə edirdilər. RP-nin apardığı istintaq zamanı 7 milyon rubl yeyinti hallarının olduğu aşkarlanmışdı. Hərc-mərcliyin qarşısını almaq üçün işlərə başlanıldı. Kolxoz sədrlərinin hamısı dindirildi. Elə kolxoz sədrləri var idi ki, pomidor şitilinin hansı fəsildə və necə əkilməsindən belə xəbərsiz idi. 350 cildlik material toplanıldı. Respublika Prokurorluğu işə baxılması üçün materialları Ali Məhkəməyə göndərdi. Lənkəranlıların məhkəməsi bir il yarım davam etdi. Xeyli adam həbs olundu. Bu işin sorağı Moskvayadək uzandı. Hökm oxunandan sonra SSRİ Ali Məhkəməsindən xüsusi qrup yoxlamağa gəldi, amma məhkəmə işinin aparılmasında heç bir nöqsan tapa bilmədilər. Həmin illərdə İsa Məmmədovun Lənkəran rayonuna birinci katib göndərilməsindən sonra rayonda iqtisadi göstəricilər bir neçə dəfə artdı. İllik tərəvəz istehsalı 40 min tondan 100 min tona, yaşıl çay tədarükü 3 mindən 10 min tonadək artdı. Rayonda abadlıq işlərinə başlanıldı, ailələrin gəlirləri artdı, güzəranı yaxşılaşdı. Bax bu idi Ulu öndər Heydər Əliyevin iş üsulu, idarəçilik metodu, kadr siyasəti. 1977-ci ilədək Lənkəranda çalışdıqdan sonra RP-yə müraciət edərək Bakıda çalışmaq istəyimi bildirdim. Məni Lenin (indiki Sabunçu) rayonuna prokuror göndərdilər. Qeyd etmək yerinə düşərdi ki, o illərdə Heydər Əliyev də məhz bu rayondan SSRİ Ali Sovetinə deputat seçilmişdi.
- Başqa sözlə, Heydər Əliyev də öz kadrlarının zəhmətini itirmirdi...
- Həyatda qazandığım bütün nailiyyətlərə görə, mən özümü həmişə Heydər Əliyevə borclu hesab etmişəm. O, dahi bir şəxsiyyət idi. Biz Ondan öyrənir, Onun tövsiyələrini rəhbər tutaraq öz işimizi qururduq, fəaliyyətimizdə Ona arxalanırdıq. 1979-1981-ci illərdə müxtəlif vəzifələrdə - Bakı şəhər prokurorunun müavini, şəhər prokuroru, daha sonra isə Naxçıvan MR prokuroru vəzifəsində çalışdım. Bu illərdə Heydər Əliyevlə bir neçə dəfə görüşlərimiz oldu. 1981-ci ildə isə Azərbaycan KP MK-nın təqdimatı əsasında, SSRİ baş prokurorunun əmri ilə respublika prokurorunun 1-ci müavini vəzifəsinə təyin olundum. Təbii ki, bu, Heydər Əliyevin milli kadrların hazırlanmasındakı uzaqgörən siyasətinin nəticəsi idi. çünki o zamanadək bütün 1-ci müavinlər rus millətinin nümayəndələri olmuşdu. 1987-ci ilədək bu vəzifədə çalışdım. Amma burada bir haşiyə çıxmaq istəyirəm. 1982-ci ilin sonu idi. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdu. Moskvaya getməzdən əvvəl, dekabrın 3-də F.Dzerjinski adına klubda (indiki MTN-in mədəniyyət sarayı) respublikanın partiya fəalları ilə son görüşünü keçirirdi. çox danışdı, bizə öz dəyərli tövsiyələrini verdi. Aydın hiss olunurdu ki, danışdıqca kövrəlir, respublika üçün narahatlıq keçirir. Bəlkə də buradan heç getmək istəmirdi. çünki, Heydər Əliyevin respublikadan getməsinə həm azərbaycanlılar, həm də ermənilər sevinirdilər. Biz sevinirdik ki, azərbaycanlı balası SSRİ miqyasında belə mötəbər bir vəzifəyə gedir. Ermənilər isə sevinirdilər ki, Heydər Əliyev yaxşı ki, Azərbaycandan gedir. Moskvadakı havadarlarının köməyi ilə illər ərzində yığılıb qalmış problemlərini həll edə biləcəklər. Belə də oldu.
1983-cü ilin mayında Kəmərli hadisəsi baş verdi. Söhbət Qazax rayonunun Kəmərli kəndinin 2000 hektar torpaq sahəsinin Ermənistana verilməsindən gedir. Kəmərli kəndi Ermənistanın Noemberyan rayonuna bitişik kənd-anklav idi. 1969-cu ilin mayın 7-də (diqqət edin, Heydər Əliyev hələ iyulun 14-də MK-nın 1-ci katibi seçiləcək) Azərbaycan SSR Ali Soveti Kəmərli kəndinin 2000 hektar torpaq sahəsinin Ermənistana verilməsi haqda qərar qəbul edir. Elə eyni gündə Ermənistan SSR Ali Soveti həmin torpaqların Ermənistana birləşdirilməsi haqda qərar çıxarır. Heydər Əliyevin respublikaya birinci dəfə rəhbərlik etdiyi 13 il ərzində ermənilər bu məsələni dəfələrlə qaldırsalar da, kəskin cavab alırlar. Heydər Əliyevin cavabı qısa və konkret olmuşdu: “Gedin, o torpaqlar Azərbaycanındır. Heç kimə də verilməyəcək”. Heydər Əliyevdən sonra ermənilər Moskvanın dəstəyi ilə 1984-cü ilin sonunda həmin torpaqları almağa müvəffəq oldular. Dağların qoynunda yerləşən Kəmərli kəndinin çox gözəl təbiəti var idi, kəndin ətrafı tamamilə meşəliklə örtülmüşdü.
Bununla kifayətlənməyən ermənilər, ardınca Qazax rayonunun Tatlı kəndini (indi Ağstafa rayonu ərazisinə aiddir) də Ermənistana birləşdirə bildilər. Amma bunlara heç də asanlıqla nail olmadılar. Orada yaşayan azərbaycanlılar uzun müddət etiraz etsələr də bir nəticə hasil olmadı. Ermənilərin Moskvadakı havadarları daha güclü çıxdılar. Hətta ermənilərə “artıq söz dedikləri” üçün rayon rəhbərliyi cəzalandırıldı, məsuliyyətə cəlb edilənlər də oldu. Sonuncu işə SSRİ Prokurorluğu baxırdı və məhkəmə prosesi Şimali Qafqazdakı Mineralnı Vodı şəhərində keçirildi.
Heydər Əliyevin 1987-ci ildə vəzifədən getməsi erməniləri daha da ruhlandırdı. 1988-ci ilin əvvəlində Dağlıq Qarabağ məsələsini qaldırdılar. Mən əminəm ki, əgər Heydər Əliyev hakimiyyətdə olsa idi, heç kim cəsarət edib torpaqlarımızı işğal edə bilməzdi.
Əmək fəaliyyətim dövründə MK-nın bir neçə birinci katibi ilə işləmişdim. Amma belə bir rəhbəri- həddən artıq vətənpərvər, dövlətə və dövlətçiliyə xidmət edən, yüksək idarəçilik təcrübəsinə malik olan şəxsi xatırlamıram. O, tamamilə başqa keyfiyyətlərə malik rəhbər idi. O, fəhlə ilə fəhlə, ziyalı ilə ziyalı kimi davranırdı. Təsəvvür edin, Heydər Əliyev rayonlara gedib toz-torpağın içində tarlada pambıqçılarla pambıq toplayırdı, onlarla birgə üzüm, çay yarpağı dərirdi. Camaatla görüşüb salamlaşırdı, onların əməyini qiymətləndirirdi. Həmin dövrdə respublikada neçə pambıqçı və tərəvəzçi qadın keçmiş ittifaqın ali mükafatı- Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldü. Əməyin qiymətləndirilməsi insanlara stimul verirdi. Rayonlarımız inkişaf edirdi, iqtisadi göstəricilər artırdı, əhalinin rifahı yaxşılaşırdı. Heydər Əliyev respublikaya rəhbər təyin olunanadək pambıq istehsalı heç 500 min tona çatmırdı. Amma Onun rəhbərliyi dövründə illik pambıq istehsalı 1 milyon tonadək yüksəldi. Respublika dalbadal 7 dəfə SSRİ-nin fəxri mükafatı-Keçici Qırmızı Bayrağına layiq görüldü.
Heydər Əliyev uzaqgörən dövlət xadimi idi. Fəallar yığıncağında O, həmişə deyirdi ki, təkcə neftə bel bağlamaq olmaz. Neftimiz var, qoy olsun. Bizim əsas vəzifəmiz respublika iqtisadiyyatının digər sahələrini inkişaf etdirməkdir ki, neftdən asılı olmayaq. Şəhərdə, respublika daxilində elə istehsalat sahələri yaradılmalıdır ki, neft olub-olmamasından asılı olmayaraq ölkə vətəndaşları stabil əməkhaqqı ala bilsinlər, öz rifahını yaxşılaşdıra bilsinlər. Həmin illərdə Bakıda, eləcə də respublikanın rayonlarında bir-birinin ardınca iri sənaye müəssisələri istifadəyə verildi. Minlərlə vətəndaşımız daimi iş yerləri ilə təmin olundu, respublikada mənzil tikintisi geniş vüsət aldı, respublika əhalisinin, demək olar ki, bütün ehtiyacları tam şəkildə ödənildi. Heydər Əliyevin vəzifədən getməsi ilə respublikamızın bu inkişafı da dayandı. Respublikada hakimiyyət hərisləri vəzifə kürsüsünü bölmək uğrunda yarışmaya başladılar. ölkədə xaos başladı. Ardınca Qarabağ müharibəsi. 1992-ci ilin yanvarında öz ərizəmlə pensiyaya çıxdım.
- Amma Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra yenə də birlikdə çalışdınız...
- Bir müddət Bakı şəhər İcra Hakimiyyətində Aparat rəhbəri vəzifəsində işlədim. Heydər Əliyevin təşəbbüsü ilə, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Burada bir sıra yeni maddələr, o cümlədən, ölkədə Konstitusiya Məhkəməsinin (KM) yaradılması da öz əksini tapırdı.
1998-ci il iyul ayının 13-də KM-də çalışacaq 7 hakimliyə namizədi Prezident Heydər Əliyevlə görüşə dəvət etdilər. Kabinetində özü bizi qarşıladı, bir-bir hamımızla görüşdü. çox söhbətlər etdik. özünün dəyərli tövsiyələrini verdi. Dedi ki, indiyədək görmədiyimiz, sovet sistemində rastlaşmadığımız tamam fərqli bir iş görəcəyik. Əsas fəaliyyətimiz Konstitusiyanın aliliyinin təmin edilməsinə, qanunçuluğun qorunmasına, insan hüquqlarının müdafiəsinə yönələcəkdir. Siz elə bir vəzifəyə dəvət olunmusunuz ki, elə bir orqansınız ki, heç kimə tabe deyilsiniz. Bu vəzifəyə xidmət etmək, insanların hüquqlarının pozulmasına imkan verməmək lazımdır. Növbəti gün isə Ulu öndərin təqdimatı ilə Milli Məclis KM-də çalışacaq hakimliyə namizədləri təsdiq etdi. Bax, elə o gündən burada çalışıram, Ulu öndərin tövsiyələrini rəhbər tutaraq, qanunun və qanunçuluğun qorunmasının keşiyindəyəm.
- Ələddin müəllim, söhbətimizdən də göründüyü kimi, zəngin bir ömür yolu keçmisiniz. Təvazökarlıqdan uzaq olsa da, deyin, özünüzü xoşbəxt insan hesab edirsinizmi?
- Əlbəttə. ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyət, itizəkalı, uzaqgörən dövlət xadiminin rəhbərliyi altında uzun müddət çalışmışam. Respublikada insan hüquqlarının qorunması, ədalətsizlik, korrupsiya, dövlət əmlakının dağıdılmasına qarşı mübarizə aparmışam.
Əməyim dövlət və hökumət tərəfindən layiqincə qiymətləndirilib. 1972-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını almışam, 1981-ci ildə şəxsən L.İ.Brejnevin fərmanı ilə mənə üçüncü dərəcə dövlət ədliyyə müşaviri (general-mayor) rütbəsi verilib. 1982-ci ildə, Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 60 illiyi münasibəti ilə Heydər Əliyevin təşəbbüsü ilə “Xalqlar dostluğu” ordeninə layiq görülmüşəm. Bu ali mükafat Azərbaycanda prokurorluq sistemində ilk dəfə mənə verilib. Necə də sevinməyim? 81 yaşım var. Mənə böyük etimad göstərilib, Konstitusiya Məhkəməsinin 9 hakimindən biriyəm.
Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə mənə “Tərəqqi “ medalı, ötən il isə, Onun layiqli davamçısı, Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni verilib. Bu, xoşbəxtlik deyil, bəs nədir? Heydər Əliyev ordeninin ilk sahibi- cənab Prezident İlham Əliyevə həmin mükafatı təqdim edən KM-in hakimləri sırasında mən də iştirak etmişəm. Mən öz həyatımdan razıyam. Hazırda ona görə sevinirəm ki, Heydər Əliyevin min bir əzab və əziyyətlə qurduğu, yaşatdığı, inkişaf etdirdiyi müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Əminəm ki, Prezident İlham Əliyevin sayəsində respublikamız daha da inkişaf edəcək, bundan daha böyük nailiyyətlər əldə edəcəkdir.
Səlim LOÄžMANOÄžLU
Paylaş:
Baxılıb: 1304 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30