Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Demokratik cəmiyyətlərdə dövlətin əsas vəzifəsi medianın sərbəst inkişafına hüquqi şərait yaratmaqdır

Demokratik cəmiyyətlərdə dövlətin əsas vəzifəsi medianın sərbəst inkişafına hüquqi şərait yaratmaqdır

15.08.2009 [01:58]

Əli Həsənov: Mən sevinirəm ki, Azərbaycan mediasının azadlığa qovuşması missiyasını ümummilli lider Heydər Əliyev həyata keçirdiyi kimi, mətbuatın bazar iqtisadiyyatının sərt qanunları şəraitində məhv olmasından xilası vəzifəsini Prezident İlham Əliyev reallaşdırır
11 il əvvəl 1998-ci ildə avqustun 6-da ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərman Azərbaycanda sovet dövründən mövcud olmuş bir sistemin islah edilməsi demək idi. Bəs bu sistemin mahiyyəti nə idi? Bu Fərman söz və fikir azadlığı sahəsində sovet mexanizmlərinin necə dəyişdirilməsi nəzərdə tutulurdu?
Bu və digər məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan televiziyasının suallarını cavablandırıb. Mövzunun aktuallığını və oxucularımızın marağını nəzərə alaraq, həmin müsahibəni diqqətinizə çatdırırıq:
- 1998-ci il 6 avqust Fərmanına qədər Azəbaycanda söz, fikir və məlumat azadlığı sahəsindəki vəziyyət necə idi?
- Əlbəttə ki, vəziyyət 1998-ci ilin 6 avqust tarixindən sonrakı vaxtla müqayisədə olduqca bərbad idi. Bildiyiniz kimi, 1992-ci ildə hakimiyyət tərəfindən mətbuat üzərində hərbi senzura tətbiq olunmuşdu. Təbii ki, bu hərbi senzuranın da öz tələbləri var idi. Bütün mətbuat orqanları müharibə şəraitinə uyğun şəkildə fəaliyyət göstərirdi.
Bundan başqa, sovet vaxtında kütləvi informasiya vasitələrində dövlət sirrini mühafizə edən idarələr mövcud idi və onlar hələ də fəaliyyət göstərirdilər. Bu idarə bütün qəzetlərin nəşriyyatda çapa getməmişdən əvvəl yoxlanılmasını tələb edirdi. Burada işləyənlər həmin qəzetlərdəki materialları sətir-sətir oxuyurdu, dövlət sirrinin olub-olmadığını yoxlayırdılar. Əgər dövlət sirrinə aid hər hansı bir material olardısa, o, mütləq qəzet səhifəsindən çıxarılırdı. Qəzetlər redaksiyalara göndərildikdən və müvafiq düzəlişlər edildikdən sonra çapa gedirdi.
Qeyd edim ki, bu idarələrə, həmçinin, qeyri-rəsmi olaraq etik-peşə kodekslərinin yoxlanılması da tapşırılmışdı. Bununla əlaqədar olaraq, onlar jurnalistlərin cəmiyyətin əxlaqi-davranış qaydalarını pozub-pozmaması ilə bağlı məsələləri də yoxlayırdılar. Bir sözlə, medianın və jurnalistlərin məsuliyyətini bu idarə öz çiyinlərinə götürmüşdü. Bu idarə media üzərində kompleks nəzarət həyata keçirirdi.
Açığını deyim ki, 1991-ci ildən Azərbaycanda müstəqil mətbuat var idi. Amma ümummilli lider Heydər Əliyevin 1998-ci ildəki Fərmanına qədər söz, fikir azadlığı tam deyildi. Qismən məhdudlaşdırmalar olurdu.
Ən çox məhdudlaşdırmalar isə 1992-ci ildə mətbuata tətbiq olunmuş hərbi senzura ilə həyata keçirildi. 16 aprel 1992-ci ildə o zamankı hakimiyyətin tələbi ilə belə bir məhdudiyyət qəbul olunmuşdu. Həmin məsələ ilə bağlı qəbul edilmiş sərəncama əsasən, bütün qəzetlər müharibə dövrünün tələblərinə uyğun olaraq, hərbi senzuradan keçəndən sonra nəşr olunurdu.
ümumiyyətlə, 1998-ci ilin 6 avqust tarixinə qədər Azərbaycan mediasının müstəqillik səviyyəsi kifayət qədər aşağı idi. Baxmayaraq ki, jurnalistlər bu dövrdə istədiyi məlumatı toplayaraq informasiya hazırlaya bilirdilər, amma bu materialın əsas hissəsinin cəmiyyətə çatdırılmasını qəzetin məsul işçiləri deyil, dövlət sirrini mühafizə edən idarə müəyyən edirdi.
- 6 avqust 1998-ci il Fərmanı dövlət sirrini müdafiə edən idarələrin təşkilati strukturunda və kütləvi informasiya vasitələri sahəsində dəyişiklikləri neçə həyata keçirdi?
- Mən bu sahədə çalışan bir insan kimi, mətbuatın inkişafının bu mərhələsini gördüyümə görə, özümü xoşbəxt sayıram. 6 avqust 1998-ci il Fərmanı ümummilli lider Heydər Əliyevin müstəqil mediamızın formalaşmasında atdığı addımlar sırasında önəmli bir sənəd, akt idi. Deyim ki, Azərbaycan mediasının tarixində bir neçə belə hal olub ki, bunlardan biri də 1998-ci il 6 avqust Fərmanı idi.
Bildiyiniz kimi, Azərbaycan mediası bir neçə mərhələ keçmişdir. 1875-ci ildə Həsən bəy Zərdabi “Əkinçi” qəzetini təsis etməklə, Azərbaycan mediasının ilk tarixini yazmışdır. Əgər Azərbaycanın media tarixində birinci önəmli hadisə Azərbaycan dilində qəzetin təsis olunması və fəaliyyətinin təşkil olunması idisə, ikinci hadisə milli mətbuatın tam demokratik, müstəqil əsaslarla fəaliyyətinə şərait yaradılması oldu. Təsəvvür edin ki, 1875-ci ildən yaranmış Azərbaycan mediası hələ bu qədər müstəqil fəaliyyət göstərməmişdir. Məhz, mətbuat üzərində dövlət nəzarətini həyata keçirən senzura rıçaqlarını yığışdırmaq ümummilli lider Heydər Əliyevə qismət oldu. İlk dəfə olaraq Azərbaycan mediası oxucu, cəmiyyət ilə üz-üzə, bilavasitə təmasda qalırdı. Artıq jurnalist əldə etdiyi məlumatlar əsasında hazırladığı materialı oxucu auditoriyasına ötürə bilirdi. Sözün həqiqi mənasında, bu münasibətlərin yaranması Azərbaycan mediası tarixində mühüm tarixi hadisə hesab olunur.
Qeyd edim ki, bu Fərmanla dövlət özü mətbuat üzərində bütün nəzarət funksiyalarından imtina etdi.
Fərmanın əsas mahiyyəti, fəlsəfəsi ondan ibarət idi ki, dövlət jurnalistlərin məlumatları toplayaraq emal etdiyi, yazdığı və qəzet səhifələrinə çıxardığı materialı cəmiyyətə çatdırması işinə nəzarəti aradan götürürdü. Artıq media dünya təcrübəsinə əsasən nəşr olunacaq materialları özü müəyyənləşdirməyə başlayırdı.
Bu Fərmanda, həmçinin, bir neçə strateji məsələlər də nəzərdə tutulmuşdu:
Əvvəla, mətbuat üzərində bütün nəzarət rıçaqlarını aradan qaldıran dövlət mediaya qayğı məsələsini ortaya qoyurdu. Fərmanın birinci bəndlərindən biri o idi ki, dövlət plüralist cəmiyyətin əsas institutlarından biri olan mediaya qayğını öz üzərinə götürürdü. Dövlət bazar iqtisadiyyatı dövründə medianın maddi-texkini bazasının gücləndirilməsi işinə dəstəkdən imtina etmirdi.
Digər tərəfdən, medianın birdən-birə cəmiyyətlə üz-üzə qalmasından, mövcud olmuş tənzimləmə, nizamlama mexanizmlərinin yığışdırılmasından sonra medianın özünü tənzimləməsi və jurnalistin peşəkarlığının artırılması məsələsi gündəmdə idi. Bu məqsədlə də, Fərmanda müəyyən institutlara, təşkilatlara müvafiq tapşırıqlar verilirdi ki, bundan sonrakı mərhələdə jurnalistikanın inkişafı üçün atılacaq addımlara bu və ya digər fəaliyyətlə dəstək verilsin.
- Əli müəllim, dövlətin media üzərində nəzarət mexanizmlərinin aradan qaldırılmasından sonrakı vəziyyət sizi qane edirmi?
- Bilirsiniz, dövlət gec-tez media üzərindəki illərlə mövcud olmuş buzu əritməli idi. Bir daha qürur hissi keçirirəm ki, bu buzların əridilməsi, məhz, ümummilli lider Heydər Əliyevin dövrünə təsadüf edib. Azərbaycan mediasının müstəqilləşməsinə, jurnalist-cəmiyyət münasibətlərinin qurulmasına Ulu öndər Heydər Əliyev çox böyük diqqət yetirib. Fəxr duyulası bir hadisədir ki, məhz Onun hakimiyyəti illərində medianın müstəqilləşdirilməsi istiqamətində inqilabi addım atıldı.
Əlbəttə ki, bununla da medianın bütün problemləri çözülmədi. Ortaya medianın spesifik problemləri çıxdı. Belə ki, ilk illərdə jurnalistlərin qeyri-peşəkarlığı problemi gündəmdə oldu. Cəmiyyətin ayrı-ayrı təbəqələrinin nümayəndələri ilə media təmsilçiləri arasında ciddi problemlər yaşanmağa başladı.
Bəzi qəzetlərin təmsilçiləri ağına-bozuna baxmadan yazdıqları, düşünərək yazdıqları deyil, yazdıqdan sonra düşündükləri materiallarına görə, məmurlarla, adi insanlarla problemlər yaşayırdı. İnsanların şərəf və ləyaqətinə toxunan məsələlər ortaya çıxır, işgüzar imiclərinə zərbələr vurulurdu.
Bu problemlərin əksəriyyətinin səbəbi bir tərəfdən jurnalistlərin peşəkarlığının aşağı olması, digər tərəfdən isə cəmiyyətin həddindən artıq siyasiləşməsi və medianın da müvafiq olaraq siyasi düşərgələrə yönləndirilməsindən irəli gəlirdi. Ayrı-ayrı partiyalar “dəyərlər”ini cəmiyyətin ictimai “dəyərlər”i kimi qələmə verərək fəaliyyət göstərirdilər. Nəticə etibarilə bunlar cəmiyyətin həqiqi dəyərlərilə, mentalitetlə uyğun gəlmədiyi üçün jurnalist qətlindən, həbsindən tutmuş cərimələnmələrə qədər neqativ hadisələri yaşamalı olduq.
İkinci çatışmazlıq jurnalistlərin məsuliyyətinin aşağı olmasıdır. Əlbəttə ki, bu faktor da media ilə ayrı-ayrı qurumlar, institutlar, insanlar arasında qarşıdurmalara gətirib çıxardı.
üçüncü problem isə birdən-birə medianın maddi-texniki bazasının əvvəlki vəziyyətə nəzərən aşağı düşməsi oldu. Əgər əvvəllər mətbuat orqanlarının təsisçiləri dövlət qurumları, ayrı-ayrı imkanlı təşkilatlar idisə, artıq 1998-ci ildən qeydiyyat üzərindən məhdudiyyətlər götürüldükdən sonra Azərbaycanda insanlar mətbuat orqanı təsis etmək imkanından istifadə etdi. Bu müddət ərzində ölkəmizdə 30-35 mətbu orqan var idisə, 3-4 ilin içində bunların sayı 10 dəfə artdı. Təhlillərə əsasən demək olar ki, münbit şəraitdən istifadə edən insanların təsis etdikləri mətbuat orqanlarının sayı 3000-ə, orada çalışan insanların sayı isə 50 000-ə çatdı. Amma sonradan bəlli oldu ki, bu qədər jurnalistin də 49000 nəfəri qeyri-peşəkardır. Yerdə qalan 1000 nəfər peşəkar isə medianın ab-havasını, əlbəttə ki, dəyişə bilməz.
Burada problem kimi həm də həddindən artıq qəzetin təsis edilməsi və oxucuların alıcılıq səviyyəsinin eyni qalmasını göstərmək olar. Məsələn, əgər əvvəllər bir milyon nüsxə qəzetə olan tələbatı 10 qəzet yerinə yetirirdisə və hərə 70 və ya 100 min tirajla çıxaraq redaksiyanın maddi-texniki təchizatını yüksəldə bilirdisə, bu gün bu tələbatı 300-500 qəzet yerinə yetirir. Əlbəttə ki, 2000-2500 nüsxə ilə çıxan qəzetlər artıq redaksiyalarındakı problemləri həll etmək iqtidarında olmadılar. Bununla bağlı olaraq qəzetlər bu və ya digər yerlərdə özlərinə büdcə axtarmağa başladılar. Beləliklə də, ölkə mediasının bir çox nümayəndələri ayrı-ayrı qruplaşmaların, xarici donorların təsiri altına keçdilər. Qəzetlərin maliyyə mənbəyi axtarışına çıxması onların ictimai dəyərlərinin itməsi ilə nəticələndi. Mətbuat orqanlarının əsas vəzifəsi isə ictimai maraqlara aid problemləri, məsələləri necə araşdırması ilə ölçülür. Təəssüflər olsun ki, bazar iqtisadiyyatı şəraitində bu kimi məsələlər ayrı-ayrı media orqanlarının kommersiya maraqlarına tabe etdirilərək çərçivədən çıxdı.
- Əli müəllim, artıq 11 il ötüb. Bu müddət ərzində yuxarıda söylədiyiniz 4 prinsip üzrə media hansı irəliləyişlərə nail olub?
- ötən 11 il onu göstərdi ki, media müstəqil şəkildə bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərə bilmədi. Məhz, bu tendensiyanı müşahidə edən Prezident İlham Əliyevin ötən il - Azərbaycan mətbuatının azad olmasından 10 il sonra imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul edildi. Bu, postsovet məkanında, ümumiyyətlə, dünyada analoqu olmayan bir Konsepsiyadır.
Demokratik cəmiyyətlərdə dövlətin əsas vəzifəsi medianın sərbəst inkişafına şərait yaratmaqdır. Yəni, bütün bu fəaliyyət hüquq sferasında baş tutmalıdır. Qəbul edilmiş sənədlər jurnalistin sərbəst fəaliyyətinə geniş imkanlar açmalıdır. Amma dünyanın heç bir ölkəsində medianın maliyyə, büdcə məsələlərini həll etmək dövlətin vəzifəsi kimi qəbul edilmir. Başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan hökuməti bu unikal addımı atdı.
Belə ki, 2008-ci ildə mətbuatın inkişafına dair Konsepsiya qəbul edildi. Bu ilin əvvəlində isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu xüsusi Fondun yaradılmasının əsas fəlsəfəsi, məqsədi bazar iqtisadiyyatının sərt qanunları ilə üzləşmiş müstəqil mətbuatı məhv olmaqdan qorumaqdır. Bununla dövlət mətbuat orqanlarının maddi-texniki təchizatının yaxşılaşdırılmasına və orada çalışan peşəkar jurnalistlərin sosial problemlərinin qismən aradan qaldırılmasına kömək etməyi öhdəsinə götürür. Fonddan media orqanlarına ayrı-ayrı şəkildə konseptual yanaşma çərçivəsində qrantlar, subvensiyalar, subsidiyalar, birdəfəlik yardımlar göstərilməsinə, medianın rastlaşdığı problemlərin aradan qaldırılmasına dövlət dəstək verir. Mən sevinirəm ki, Azərbaycan mediasının azadlığa qovuşması missiyasını ümummilli lider Heydər Əliyev həyata keçirdiyi kimi, mətbuatın bazar iqtisadiyyatının sərt qanunları şəraitində məhv olmasından xilası vəzifəsini Prezident İlham Əliyev reallaşdırır...
Fond artıq fəaliyyət göstərir. Müstəqil medianın problemləri Fondun Müşahidə Şurası tərəfindən öyrənilir, proqnozlaşdırılır, onların aradan qaldırılması üçün bu və ya digər dövlət proqramları qəbul edilir, layihələr elan olunur və cəmiyyətlə birlikdə müzakirə olunaraq qəbul edilir. Əminəm ki, gələcəkdə bu Fond təkcə dövlətin vəsaitləri hesabına deyil, eyni zamanda, Azərbaycan mediasının inkişafında maraqlı olan digər qurumlar, kommersiya təşkilatları, ayrı-ayrı şəxslər tərəfindən də dəstək alacaq. Fondun mərkəzləşmiş fəaliyyətilə müstəqil medianın inkişaf dairəsi genişlənəcək, Azərbaycan mediasının, jurnalistikasının vəziyyəti yaxşılaşacaq və mediamız getdikcə müstəqilləşərək kənar təsirlərdən xilas olacaq.
- Əli müəllim, maraqlı bir məsələyə toxundunuz. Bu Fond vasitəsilə jurnalistlərin sosial problemlərinin həlli istiqamətində hansı işlər görülə bilər?
- Açığını deyim ki, burada bütün məsələlər üçün yer qoyulub. Hətta sabah jurnalistlərin ictimailəşmiş fikri ondan ibarət olsa ki, Fondun hesabına jurnalistlərin maddi problemləri həll olunsun və ya jurnalistlər üçün yaşayış binası tikilsin - deyim ki, bu da mümkündür. Müəyyən qəzetlərə subsidiyaların verilməsi, bu və ya digər subvensiya tədbirlərinin görülməsi məsələləri də Fondun fəaliyyəti çərçivəsinə uyğunlaşdırıla bilər. Yaxud da, mediada peşəkar jurnalistləri fərqləndirmək, fəaliyyətini stimullaşdırmaq üçün hər hansı ümumiləşmiş fikir olarsa, 50 000 jurnalistin içərisindəki 300-500 peşəkar jurnalistin problemlərinin həllini Fond üzərinə götürə bilər. çünki, yalnız bu peşəkar jurnalistlər mediada ab-havanı dəyişə, qeyri-peşəkarlıq əlamətlərini ortadan qaldıra bilər. Əgər fikir olsa ki, bir neçə peşəkar jurnalistlərdən ibarət redaksiyaların daha çox dəstəklənməsi lazımdır - bu da mümkündür.
Bildiyiniz kimi, Azərbaycan mediasının maddi-texniki təchizatının yaxşılaşdırılması, qəzetlərin nəşriyyata olan borclarının silinməsi, qəzet kağızlarının ucuzlaşdırılması və gömrük vergisindən, əlavə dəyər vergisindən azad olunması istiqamətində 3 xüsusi fərman və sərəncamlar imzalanıb.
Amma, görünür, bunlar hələ də medianın bazar iqtisadiyyatının tələblərinə uyğunlaşmasına yetərli olmayıb. Məhz, bu və ya digər çatışmazlıqları aradan qaldırmaq üçün Fond yaradıldı. Bunun əvəzində dövlətin mediadan da gözləntiləri var. Daxili sosial məsələlərlə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli problemləri, Azərbaycan dilinin, mədəniyyətinin, incəsənətinin inkişafı məsələləri, milli elita və onun inkişaf meyilləri və digər tipli məsələlər dövlətin, cəmiyyətin mediadan gözləntiləridir. Məhz, bunların reallaşdırılması üçün tenderlər elan edəcəyik, bu və ya digər məsələləri qəzetlərin səhifələrində işıqlandırmaq üçün sifarişlər verəcəyik. Məsələn, ən populyar qəzetlərin 3-cü və ya 5-ci səhifəsində cəmiyyətin diqqətini bu və ya digər məsələlərə yönəltmək məqsədilə 6 aylıq, 1 və 3 illik tenderlər elan edəcəyik.
Fondun yaradılmasının təşəbbüskarı olan Prezident İlham Əliyev məhz bu məsələləri nəzərdə tutaraq addım atmışdı. Düşünürəm ki, Azərbaycan mediası bu Fondun fəaliyyətinə dəstək verərsə, yaxın 3-5 ildə biz mətbuatımızı postsovet məkanının ən qabaqcıl, imkanlı media orqanları sırasına çıxara bilərik.
Hazırladı: Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1243 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30