Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Sərhad Kabaklı: Hər cür çətinliklərlə Türk dünyasında ədəbiyyatımızı yaşatmağa çalışırıq

Sərhad Kabaklı: Hər cür çətinliklərlə Türk dünyasında ədəbiyyatımızı yaşatmağa çalışırıq

07.08.2024 [12:35]

Nağıllardan qopub gələn eşqdir İstanbul... Az qala, hər daşına, hər qarış torpağına dastanlar yazılan, şeirlər qoşulan... Sözün özü qədər qədim şəhər ta əzəldən şeirin, ədəbiyyatın, sənətin beşiyi olub.
Bu əsrarəngiz şəhərə gəlib ədəbiyyat ocağını ziyarət etmədən geri dönmək olarmı?!

İstanbulun əsas memarlıq nümunələrindən Sultan Əhməd camisini ziyarət edərkən elə məscidlə üzbəüz- Sultan Əhməd meydanında Türk Ədəbiyyatı Vəqfi salamlayır bizi. Bu vəqfin yerləşdiyi bina ilə ilk dəfə qarşılaşmağımıza baxmayaraq, vəqfin özü də, içərisindəki ədəbiyyat sevdalı aydınlar da bizə doğmadan doğmadırlar. Axı onlar Türk ədəbiyyatının keşikçiləri, Azərbaycan ədəbiyyatının ən yaxın dostlarıdırlar.
1972-ci ildə mərhum Əhməd Kabaklı tərəfindən qurulan Türk Ədəbiyyatı Vəqfi bu gün hörmətli Sərhad Kabaklının rəhbərliyi ilə uğurla öz işlərini davam etdirməkdədir. Ziyarətimiz əsnasında Sərhad bəylə də məhz Vəqfin hazırkı vəziyyəti, gördüyü işlər və gələcək planları haqqında danışdıq:
“Bildiyiniz kimi, bu il Türk Ədəbiyyatı Vəqfinin yaradılmasının 48, “Türk Ədəbiyyatı” dərgisinin isə 52-ci ilidir. İki il öncə dərgimiz 50 illik yubileyi münasibəti ilə ölkə başçısı tərəfindən özəl mükafata layiq görüldü.
Vəqfimiz yarandığı gündən etibarən hər həftə “Çərşənbə söhbətləri” təşkil edir. Hər çərşənbə ölkəmizin dəyərli elm adamları, ədəbiyyatçılar qonağımız olur, burada çox dəyərli söhbətlər aparır. Gənc ədəbiyyatçıların, elm adamlarının, ziyalıların yetişməsində bu söhbətlərin çox mühüm yeri var.
Türk Ədəbiyyatı Vəqfi Türk dünyasının vəqfidir. Bizim Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Kosova, Bosniya və Kiprdə təmsilçiliklərimiz var. Bu təmsilçiliklər vasitəsilə Türk dünyasında kültür bütünləşməsini, mədəni əlaqələrin daha da genişləndirilməsini həyata keçirməyə çalışırıq. Hazırda bu sahədə ən yaxşı nəticə aldığımız ölkə Azərbaycandır. Çünki həm bizə yaxındır, həm də oradakı dostlar bizi candan sevirlər. Necə ki, biz onları sevirik. Azərbaycanla çox yaxın əlaqələrimiz var. Azərbaycan ədəbiyyatından bir çox kitabı Türkiyə türkcəsinə uyğunlaşdıraraq çap etmişik. Orada da bizim kitablarımızı, xüsusən Əhməd Kabaklının kitablarını Azərbaycan türkcəsinə çevirərək nəşr ediblər.
Azərbaycan Yazıçılar Birliyi ilə dostluq əlaqələrimiz var. Bu il Əhməd Kabaklının 100 illik yubileyidir. Azərbaycanda bununla əlaqədar çox möhtəşəm tədbir keçiriləcək. Həmçinin bu il böyük Azərbaycan şairi Cəfər Cabbarlının 125 illik yubileyidir. Biz də burada “Cəfər Cabbarlı İli” elan edərək, bununla əlaqədar müxtəlif tədbirlər keçirəcəyik.
Əziz dostumuz, Xalq yazıçısı Anarın 80 və 85 illik yubileylərini İstanbulda çox gözəl tədbirlərlə qeyd etdik. İnşallah, 90 yaşını da qeyd edəcəyik. Anara “Türk dünyasının Ədəbiyyat Başbuğu” ünvanını boşuna verməmişik. O, öz yaradıcılığı ilə ədəbiyyatımızın başbuğudur.
Azərbaycan Yazıçılar Birliyi dövlət tərəfindən dəstəklənən bir qurumdur. Bizim isə dövlətdən elə də dəstəyimiz yoxdur. Azərbaycanda mədəniyyətin, ədəbiyyatın, sənətin yeri, dəyəri ayrıdır. Bizdə isə o dəyər heç də kifayət qədər deyil. Ona görə də bizim dünyaya açılmağımız, ürəyimiz istəyən kimi tədbirlər, layihələr həyata keçirməyimiz çox zaman alınmır. Maddi sıxıntılarla, hər cür çətinliklərlə Türk dünyasında ədəbiyyatımızı yaşatmağa çalışırıq”.

- Bu il Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi də tamam olur. Bununla bağlı hansısa tədbirlər gözlənilirmi?

- Bayaq da dediyim kimi, biz Anara “Ədəbiyyatın Başbuğu” adını vermişik. Başbuğu necə uyğun görəcəksə, o cür də edəcəyik. Anar bizim üçün həm insan, həm də yazıçı olaraq çox önəmlidir. Onun sözü bizim üçün dəyərdir. Əgər Azərbaycandan buraya qonaqlar gələrsə, biz də burada çox gözəl tədbirlər keçirərik, əlbəttə.

- Türk Ədəbiyyatı Vəqfinin gənc yazıçılarla qarşılıqlı münasibəti necədir? Onların Vəqfə marağı, Vəqfin onlara dəstəyi necə irəliləyir?

- Bizim “Gənc ədəbiyyat” adlı internet dərgimiz var. O dərgidə Türkiyənin hər tərəfindən gənc yazıçılar, şairlər, ədəbiyyat, poeziya dostları çap olunurlar. Təbii ki, işlərimizi yavaş-yavaş gənc nəsilə ötürməliyik. Yetişdirdiyimiz, istedadına, ədəbiyyat sevgisinə və təəssübkeşliyinə güvəndiyimiz gənclərimiz var. Necə ki, zamanında bizi Əhməd Kabaklı, Nəcib Fazil, Bahəddin Karakoç, Əbdürrəhim Karakoç kimi müəllimlərimiz yetişdirdilər, biz də gənclərimizi o cür yetişdiririk. Məsələn, bizim Yazı işləri müdirimiz cəmi 28 yaşındadır. Vəzifəsinin öhdəsindən də layiqincə gəlir. Biz hər zaman gənclərimiz üçün fürsətlər yaradırıq.

- Türkiyəli oxucunun ədəbiyyata münasibəti necədir?

- Azərbaycanla müqayisə etsək, oradaki kimi maraq yoxdur. Ancaq müəyyən bir elit təbəqə var ki, onlar ədəbi mühiti izləyir, çıxan kitabları oxuyur. Ondan başqa isə xalqın, demək olar ki, 80 faizi kitab oxumur. Biz, əslində, bununla mübarizə aparmağa, bu gedişatı dəyişməyə çalışırıq. Bunun üçün də uşaq kitablarına böyük önəm veririk. Ömər Seyfəddinin hekayələrini, Əhməd Kabaklının “Əjdaha daşı” kitabındakı hekayələri, “Dədə Qorqud” dastanındakı hekayələri, Türk nağıllarını uşaq kitabına çevirdik. Xüsusən, uşaqların hələ kiçik yaşlardan mütaliəyə sevgisini yaratmaq üçün bu işlərimizi gələcəkdə də davam etdirəcəyik. Məsələn, demək olar ki, kitab sərgilərinə ancaq uşaq ədəbiyyatı ilə qatılırıq. Çünki digərlərində apardığımız kitablar olduğu kimi də geri qayıdır. Uşaqlarla bağlı sərgilərdə isə onların marağını görürük.
Son dövrlərdə İstanbul valiliyinin “İstanbul oxuyur” adlı layihəsi gerçəkləşdi. Bu layihə çərçivəsində valilik bizdən 150000-ə yaxın kitab alaraq, kitabxanalara, məktəblərə bağışladı. Bu da bizə həm maddi cəhətdən dəstək oldu, həm də kitablarımızın bütün məktəblərin kitabxanalarına gedib çıxmaqları üçün bir fürsət oldu.

- İstanbulda kitab mağazaları, kitab satışı ilə məşğul olan yerlər, demək olar ki, yox səviyyəsindədir. Bunun səbəbi nədir?

- Burada “tək əl” prinsipi var. Yəni müəyyən bir qurum var, onlar kitab satışını, demək olar ki, ələ alıblar və bunu da çox yüksək məbləğlər qarşılığında edirlər. Təbii ki, bizim də o məbləğləri qarşılamaq imkanımız yoxdur və ona görə də öz imkanlarımız daxilində kitablarımızı, dərgilərimizi yaymağa çalışırıq. Azərbaycanda isə belə bir problem yoxdur. Şəhəri gəzərkən müxtəlif məkanlarda irili-xırdalı çox gözəl kitab mağazaları ilə qarşılaşırıq. Burada ona rast gələ bilməzsiniz.

- Bu və bu kimi çətinliklər zaman-zaman sizi bu işdən soyutmur ki?

- Xeyr, elə bir şey ola bilməz. Çünki biz hər zaman çətinliklərdən keçib bu günlərə gəldik. Heç bir işimiz asan olmadı ki. Bizim Azərbaycanla münasibətlərimizin formalaşması da çox böyük çətinliklərdən keçib. Məsələn, Azərbaycan 70 il sovet əsarətində qalanda, biz qardaşlarımız üçün ağladıq. 44 günlük Vətən müharibəsində qardaş ölkəmizin yanında olduq. Amma necə? İmdat Avşarla mən müharibə zamanı Azərbaycana getdik. Sən demə, ölkəyə giriş qadağan imiş. Həm pandemiya idi, həm də müharibə. Mərhum millət vəkilimiz Qənirə xanım Paşayevanın köməyi ilə biz Azərbaycana giriş edə bildik.

- Qənirə xanımla çox gözəl münasibətləriniz vardı...

- Bəli. Allah ona rəhmət eləsin! Qənirə Paşayeva Türk dünyasının könlündən, “cibindən” gedən bir itkidir. Ötən yay mənə zəng etdi ki, “Addım-addım Türkiyə” layihəmlə əlaqədar Türkiyəyə gəlib, orada çəkilişlər edəcəyəm, sürücünü verə bilərsənmi? Maşın tutmaq fikri var idi. Mən də dedim ki, maşın tutmağına gərək yoxdur, maşınım da, sürücüm də istədiyin qədər sənin ixtiyarındadır. Gəldi və 54 gün Trakya, Qara dəniz, Şərqi Anadolu, Cənub-Şərqi Anadolu və İç Anadolunu gəzdilər, çəkilişlər etdilər. Sonra zəng elədi ki, mən bir az yoruldum. Bakıya gedib, dincəlim, sonra isə gəlib Ağdəniz və Egeni çəkəcəyəm. Getdi, amma geri dönmək qismət olmadı. Əvəzində bizi “çağırdı”...dəfninə... Ağdəniz və Ege onun yarım qalan işidir. Əziz Kəmaləyə söz vermişəm ki, bacısına qarşı könül borcum var. Ağdəniz və Egeni o çəkəcək. Mən də lazım olan hər cür dəstəyi göstərəcəyəm.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30