Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Avropanın viziyası...

Avropanın viziyası...

14.05.2024 [10:55]

Yarışma Azərbaycana nə verir?

Mayın 6-da İsveçin Malmö şəhərində Avroviziya 2024-ün rəsmi açılış mərasimi baş tutdu. 68-ci dəfə keçirilən yarışa 37 ölkədən iştirakçılar qatılıblar. Mahnı müsabiqəsinin builki qalibi İsveçrə təmsilçisi Nemo Mettlerdir. O, “The Code” mahnısı ilə 591 xal toplayaraq qalib olub.

Avroviziyanın tarixi...

Avropanın ən populyar mahnı yarışması və televiziya şousu olan Avroviziya mahnı müsabiqəsinin yaranma tarixi 1955-ci ilə təsadüf edir. Avropa Yayımlar Birliyinin (EBU) ideyası əsasında belə bir mahnı yarışması layihəsinin meydana çıxmasında əsas məqsəd ölkə televiziyaları arasında ortaq canlı veriliş yaratmaq idi. İdeyanın konsepsiyasına əsasən, hamı bütün üzv ölkələrdə yayımlanacaq möhtəşəm şou üzərində çalışacaqdı.

Mikrofon sındırmaq ənənəsi...

Mahnı müsabiqəsi tarixinin 69 ili bir çox maraqlı faktlar və əhvalatlarla yadda qalıb. Builki Avroviziya da müxtəlif müzakirələrə səbəb olan maraqlı məqamla yadda qaldı. Belə ki, qalib gələn İsveçrə təmsilçisi müsabiqənin bağlanış çıxışında qazandığı şüşə mikrofonu səhnədəcə sındırıb. Hadisəni canlı yayımda da izləmək mümkün olub.

Xatırladaq ki, 2008-ci ildən etibarən təşkilatçılar hər bir “Avroviziya” qalibini şüşə mikrofonla mükafatlandırırlar. Mükafatı ilk sındıran isə 2009-cu ildə norveçli Aleksandr Rıbak olub, 2013-cü ildə isə eyni hadisə ilə Danimarka təmsilçisi də üzləşib.

Avroviziya ilə bağlı danışılan məqamlar bununla bitmir. Belə ki, mahnı müsabiqəsinin adı gələn kimi çox zaman yarışmada LGBT təmsilçilərinin iştirakı barədə müxtəlif müzakirələr aparılır. Bir çox şəxslər isə bu barədə tamamilə sərt mövqe bildirirlər. Hətta 2014-cü ildə Danimarkanın paytaxı Kopenhagendə keçirilən 59-cu Avroviziya mahnı müsabiqəsi mavilərin qələbəsi kimi tarixə düşmüşdü. Qalib avstriyalı LGBT üzvü müğənni Konçita Vurst idi.

Avroviziyadakı siyasi çalarlar...

Qeyd edək ki, mahnı müsabiqəsi ilə bağlı ən çox danışılan nüanslardan biri yarışmada siyasi məqamların rol oynaması barədədir. Belə ki, dünyada ən çox baxılan və maraq göstərilən müsabiqə bəzən dövlətlərarası rəqabətə səbəb olur. Bu, həm mədəni, həm də siyasi cəhətdən danılmazdır.

Ölkəmizin uğurları...

Xatırladaq ki, 2008-ci il Serbiyanın paytaxtı Belqradda keçirilən yarışmada ilk dəfə Azərbaycan təmsilçiləri çıxış etmişdi. Onlar Azərbaycana 43 ölkə arasında 8-ci yeri qazandırmışdılar. Sonrakı il Azərbaycanı Rusiyanın paytaxtı Moskvada digər duet təmsil etdi. Həmin il ölkəmiz 3-cü yeri tutdu.

2010-cu ildə isə Norveçin paytaxtı Osloda keçirilən 55-ci Avroviziya mahnı müsabiqəsində ölkəmiz 5-ci yeri qazanmışdı.

Nəhayət, 2011-ci il mayın 14-də Azərbaycan təmsilçiləri Almaniyanın Düsseldorf şəhərində 56-cı müsabiqədə çıxış etdilər. Duetimiz müsabiqədə bütün dünyaya səs saldı. Məhz bu ifa Azərbaycana 43 ölkə arasında 221 xalla birincilik qazandırdı.

Təmsilçilərimiz bu birinciliklə Azərbaycanın zəngin musiqi mədəniyyətini təkcə Avropa deyil, eyni zamanda dünya tamaşaçılarına bir daha çatdırdılar. Birincilik qazandıran bu duet Avropa musiqi müsabiqəsində təkcə sənət zirvəsinə yüksəlmədi, həm də ölkəmizi reklam etdi. Dünyanın bütün kütləvi informasiya vasitələri istər-istəməz Azərbaycandan danışmalı oldular

Azərbaycan yarışmadan imtina edərsə...

Sosioloq Sahib Altay “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Avroviziya təkcə mədəniyyət deyil, bilavasitə siyasi layihədir: “Düzdür, iştirakçıların peşəkarlıq səviyyələri çox yaxşıdır. Adətən bu yarışmada siyasi qərarla hansısa ölkələr qalib gəlir, ancaq bu addımı həddindən artıq mənfi adlandırmaq da düzgün deyil. Dünyada gedən qlobal mübarizə, siyasi qarşıdurmalar, ziddiyyətlər avroviziya musiqi yarışmasına təsir göstərir. Məsələn, 2022-ci ildə Ukraynanın səs çoxluğu ilə qalib olması onu göstərdi ki, musiqi yarışmasında siyasi çalarlar çox güdülür. Ukraynanın qalib olması isə Avroviziyanın Kiyevdə keçirilməsi demək idi. Bu da Ukrayna üçün iqtisadi, siyasi və hərbi dəstək sayılırdı”.

Avroviziyanın ölkəmizə ziyanı yoxdur...

Sosioloqun fikrincə, ölkəmizin yarışmadan imtina etməsi üçün ciddi bir əsas yoxdur: “Çünki adətən bu müsabiqədə iştirak etdiyimiz zaman milli ənənələrimiz də təbliğ olunub. Bunun özü ölkəmizin xeyrinədir. Diqqətçəkən ən önəmli nüanslardan biri isə şübhəsiz ki, qələbə qazandığımız zaman həqiqətlərimizin dünyaya çatdırılması ilə bağlıdır. Məsələn, Azərbaycan 2011-ci ildə Avroviziyanın qalibi olduqdan sonra 2012-ci ildə ölkəmizə çoxlu sayda xarici turist axını olmuşdu. Təbii ki, bu durumun Azərbaycana heç bir ziyanı yox idi”.

Avroviziya ölkəmizə nə verir?

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Ülviyyə Həmzəyevanın sözlərinə görə, Avroviziya indiki dövrdə çox böyük və qlobal bir platformadır: “Müasir dövrümüzdə artıq müsabiqəyə gənc müğənnilər qatılır və uğur əldə edir. Artıq son illər Avroviziya qalibləri ulduza çevrilirlər. Avroviziyada yadda qalmaq da önəmli bir faktordur. Lakin bu zaman mənəvi dəyərlərimizə də önəm verilməlidir. Ölkəmizin bu yarışmada iştirakı çox vaxt uğurlu olub, iştirakçılar Azərbaycanı yaxşı təmsil ediblər. Bəzən səsləndirilən ifalarda milli musiqimizi də hiss etmişik. Ona görə də bu müsabiqənin ölkəmizin milli musiqisinin tanınmasında böyük rola malik olduğunu düşünürəm”.

Ü.Həmzəyeva qeyd edib ki, mahnı müsabiqəsi musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır: “Azərbaycan zamanında bu müsabiqəyə uğurla ev sahibliyi etməklə bir daha bütün dünyaya nümunə olmuşdu. Musiqi milliyyət, sərhəd tanımır. Musiqinin dilini hamı başa düşür və bu dildə deyilənləri layiqincə qiymətləndirir.”.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Ədəbiyyat

Sosial

“Tanrı adam”lar

13 İyun 08:14  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30