Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Dövlət və cəmiyyət: Birlikdə daha yaxşı gələcəyə doğru

Dövlət və cəmiyyət: Birlikdə daha yaxşı gələcəyə doğru

22.07.2022 [10:37]

MÜBARİZ

Bir sıra hallarda ictimai və dövlət maraqları bir-birindən təcrid edilərək onların antaqonist mahiyyət daşıdığı vurğulanır. Əslində isə bu iki məfhum arasında hansısa sərhədlər çəkmək və fərqləndirmələr aparmaq doğru deyil. Uğurla inkişaf edən Azərbaycanın timsalında biz ictimai və dövlət maraqlarının vəhdət təşkil etdiyinin və bir-biri ilə uzlaşdığının şahidi oluruq. Ölkəmizdə dövlət tərəfindən yaxın və uzaq hədəflərə hesablanan məqsədyönlü siyasət həyata keçirilir və milli maraqlarımız yüksək səviyyədə təmin edilir. Deyə bilərik ki, ictimai və dövlət maraqlarının məharətlə uzlaşdırılması, onların unikal vəhdətinin təmin edilməsi Azərbaycanın davamlı inkişafının, ölkədəki uzunmüddətli sabitliyin və sarsılmaz həmrəyliyin əsas təkanverici qüvvəsi qismində çıxış edir.

İctimai iştirakçılığa çağırış

Biz ayrı-ayrı ölkələrin timsalında dövlətlərin sanki öz ətraflarında çəpərlər çəkdiyinin şahidi oluruq. Belə qapalı dövlətlərdə siyasi rəhbərliklə cəmiyyət arasında təmaslar məhdudlaşdırılır, qərarlar gizli şəkildə qəbul olunur və onların icrası zamanı cəmiyyətin iradəsi nəzərə alınmır. 18 ildir ki, Azərbaycan dövlətinin sükanını inamla idarə edən Prezident İlham Əliyev ictimaiyyət arasında olmağa, regionlara səfərlərə getməyə, problemlərlə yerindəcə tanış olmağa, məlumatları ilk mənbələrdən almağa üstünlük verir. Bu da dövlətin daxili siyasətinin səmərəliliyini artırır, ictimai və dövlət maraqlarının yüksək səviyyədə qorunmasını təmin edir. Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması mücərrəd deyil, konkret, real məzmun daşıyır. Biz daim dövlətin, şəxsən Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ən kritik məqamlarda - yanğınlar, təbii fəlakətlər zamanı çətinliklərlə üzləşən insanların yanında olduqlarına şahidlik edirik. İctimai və dövlət maraqlarının bundan yüksək səviyyədə qorunmasının hansısa bir digər nümunəsini tapmaq çətindir. Adi bir vətəndaşın, hansısa etnik azlığın mənafeyinin qorunması elə dövlət maraqlarının təmin olunması anlamına gəlir. Prezidentin Onun tabeçiliyində olan məmurlardan əsas tələbi belədir: Müxtəlif vəzifələr tutan məmurlar bunu özləri üçün üstünlük, əlavə imtiyazlar kimi qəbul etməməlidirlər. Dövlət başçımız Özünü xalqın birinci xidmətçisi sayır və məmurlardan da belə sadə, təvəzökar və məsuliyyətli davranış tələb edir.

Korrupsiyanın, rüşvətxorluğun əhatə dairəsinin daraldılması ictimai və dövlət maraqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə diqqəti ona yönəldib ki, bu kimi məsələlərdə yalnız inzibati metodlarla daha böyük uğurlar qazanmaq mümkün deyil. Yalnız ictimai nəzarəti gücləndirməklə, cəmiyyətin fəallığını artırmaqla neqativ hallara, məmur özbaşınalığına qarşı mübarizədə səmərəliliyi artırmaq mümkündür. Dövlətimizin başçısı cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bu sahədə əslində yeni bir gündəlik müəyyənləşdirdi.  Dövlət və ictimai maraqların qorunmasında bütün cəmiyyət aktiv iştirak etməlidir. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı: “Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir”.

Möhkəm hüquqi baza

Azərbaycanda ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində bir sıra işlər görülüb. “İctimai bilgilərə çatım haqqında” (2005-ci il,1 yanvar), “İnformasiya əldə etmək haqqında” (2005-ci il, 30 sentyabr), “İctimai iştirakçılıq haqqında” (2014-cü il, 1 iyun) qanunlar və bu kimi digər sənədlərin qəbulu, müvafiq anlayışın mahiyyətinin geniş kütlələrə çatdırılması üçün maarifləndirici tədbirlərin keçirilməsi, beynəlxalq təcrübə və milli elementləri birləşdirməklə bu sahədə yeni bir modelin formalaşdırılması, ictimai marağı təmsil edən QHT və bənzər qurumların sayının artması və digər məqamları bu istiqamətdə önəmli addımlar kimi qeyd etmək mümkündür.

Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələri vətəndaşların ölkənin ictimai-siyasi həyatında, eləcə də dövlətin idarə olunmasında iştirak hüququnu və bu hüququ reallaşdırmağın yollarını özündə ehtiva edir. Əsas Qanunun 58-ci maddəsinə görə, hər kəsin siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud olan birliyə daxil olmaq hüququ var. Vətəndaş cəmiyyətini təmsil edən təsisatların qərarların qəbul olunmasında iştirakı, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməsinin hüquqi əsasları da müvafiq qanunvericilik aktlarında əks olunub.  “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanununda ictimai iştirakçılığın 6 forması nəzərdə tutulub. Bunlar aşağıdakılardır: Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında ictimai şuralar, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı ictimai müzakirələr, hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün yazılı məsləhətləşmə.

İctimai şuralar

Respublikamızda ictimai və dövlət maraqlarının təmin olunması üçün ictimai nəzarətin həyata keçirilməsi daha çox dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin olunur. Dövlət dəstəyindən bəhrələnən və maliyyə vəsaiti ilə təmin olunan ayrı-ayrı qeyri-hökumət təşkilatları ölkə üzrə ictimai və dövlət maraqlarının təmin olunmasında vətəndaş fəallığının artırılmasına nail olmaq məqsədilə çoxsaylı layihələr reallaşdırırlar və geniş maarifləndirmə tədbirləri həyata keçirirlər.

Son vaxtlarda isə  qanunvericiliyə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin nəzdində İctimai Şuralar formalaşdırılıb. İctimai Şuralarda qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, həmkarlar ittifaqlarının, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin nümayəndələri təmsil oluna bilərlər.  İctimai Şuralar bu və ya digər icra orqanlarının həyata keçirdiyi fəaliyyətlə bağlı müəyyən qiymətləndirmələr aparır və bu barədə ictimaiyyəti məlumatlandırırlar. Bir sıra qurumların, o cümlədən Ədliyyə Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dini Məsələlər üzrə Dövlət Komitəsinin nəzdindəki İctimai Şuralar aktivliyi ilə fərqlənirlər.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 104 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31