Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Dövlət proqramlarının uğurla icrası ölkəmizin hər bir şəhər və rayonunun əsaslı inkişafını təmin edir

Dövlət proqramlarının uğurla icrası ölkəmizin hər bir şəhər və rayonunun əsaslı inkişafını təmin edir

31.10.2015 [09:30]

Geniş infrastruktur layihələrinin reallaşdırılması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan regionlarının inkarolunmaz gerçəkliyidir
Məlum olduğu kimi, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır: “Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur. Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi”.
Birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açdı, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaratdı. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib. Yaxın gələcəkdə orta gəlirli dövlətlər statusuna malik ölkə kimi respublikamızda inkişaf meyillərinin tələblərinə uyğun layihələrin icrası da zərurətə çevrilib. 2014-2018-ci illərə dair növbəti regional inkişaf proqramının uğurla icra olunması bu reallığı təsdiqləyir.
Yeri gəlmişkən, bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatı 3,7 faiz artıb. Nəzərə almaq gərəkdir ki, bu inkişaf məhz qeyri-neft sektorunun hesabına əldə edilib. Qeyri-neft iqtisadiyyatımız isə 6 faizdən çox artıb. Bunun fonunda sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artım tempinə malik olub.
Qlobal maliyyə böhranının davam etməsi bir sıra ölkələri ağır iqtisadi çətinliklərə salıb. Azərbaycan isə Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və iqtisadiyyatın məqsədyönlü şaxələndirilməsi sayəsində nəinki bu çətinliklərdən yan keçməyə müvəffəq olub, eyni zamanda, neft gəlirlərindən məharətlə bəhrələnərək iqtisadiyyatın digər sahələrini inkişaf etdirib. Hazırda ölkə üzrə ümumi daxili məhsulun daha çox hissəsi - 70 faizi məhz qeyri-neft sektorunda yaranır. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq.
Qeyri-neft sektorunun maliyyə təminatının gücləndirilməsi bu sahənin inkişafına güclü təkan verir. Qeyd edək ki, son 11 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollardan artıq investisiyalar yönəldilib. Ölkəmizin sərmayə qoyuluşu baxımından cəlbedici məkana çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasətlə bağlıdır. Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, zəngin qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, ölkədə yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində respublikada iqtisadi fəallıq artıb, ölkəmizdə yerli və xarici kapital əsasında qurulan çoxlu sayda yeni müəssisələr yaradılıb. Respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi neft sektorundan kənar sahələr - ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida-emal sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür.
Təsadüfi deyil ki, Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyur, “G-20”yə üzv olan 8 ölkəni qabaqlayıb, “Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yeri tutub, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olub. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək, proqnozu “sabit” saxlayıb. Həmçinin Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəldib.
Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, iqtisadiyyatın prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının icrasının birinci ilində də davam etdirilib. Prezident İlham Əliyev 2014-cü ildə bölgələrə 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektinin, çoxlu sayda yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib və dəyərli tövsiyələrini verib. Ümumiyyətlə, ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. 2014-cü ildə “Sənaye ili” çərçivəsində tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib. Belə ki, təkcə ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Bütövlükdə “Sənaye ili”ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb.
Təbii ki, həyata keçirilən Dövlət proqramlarının uğurlu nəticələrini bu gün ölkəmizin hər bir şəhər və rayonunda aydın şəkildə müşahidə etmək mümkündür. Geniş infrastruktur layihələrinin icrası, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi Azərbaycan regionlarının inkarolunmaz gerçəkliyidir.
Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2015-ci ilin 9 ayında bir çox işlər görülüb və nailiyyətlər əldə olunub. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 2,3 faiz artıb. 2015-ci ilin 9 ayında sənaye üzrə 4 milyon 436 min manat (əvvəlki ilə nisbətən 47,3 faiz çox), kənd təsərrüfatı məhsulları 21 milyon 11 min manat (2,3 faiz çox), nəqliyyat üzrə 2 milyon 129 min manat (6,3 faiz çox), informasiya və rabitə üzrə 175,7 min manat (3,3 faiz çox), ticarət xidmətləri üzrə 12 milyon 103 min manat (2,1 faiz çox) olub.
2015-ci ilin 9 ayı ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da bu işlər davam etdirilməkdədir. Yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasının tikinti işləri davam etdirilir, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 yeni körpünün tikintisi başa çatmaq üzrədir. Bundan başqa, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb və yaxın vaxtlarda həmin binanın tikintisinə başlanılacaq.
Daşkəsəndə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzindədir. 2015-ci ilin 9 ayı ərzində də rayonda bir sıra işlər görülüb.
Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir. Daşkəsəndə əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən 43 ədəd transformator təmir edilib, 9,5 kilometr elektrikverici xətlərində təmir işləri aparılıb, 79 ədəd dayaq, 4,6 kilometr yararsız naqil yenisi ilə əvəz olunub. Daşkəsən şəhəri üzrə 0,4 kv-luq hava EVX-lərinin SİP kabellə əvəz olunmasına başlanıb, rayon ərazisində 12 ədəd müxtəlif güclü müasir tipli 6/0,4 kv-luq trasformator məntəqələri tikilib, yeni transformatorlar quraşdırılıb və 5 ədəd yarımstansiya şəbəkəyə qoşulub. Eyni zamanda yeni 35/6 kv-luq şəhər yarımstansiyasının və tikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin tikintisinə başlanılıb. Həmçinin rayonun Xoşbulaq, Zağalı, Qazaxyolçular və Qaraqollar kəndlərinə təbii qaz xəttinin çəkilişinə başlanılıb.
Bununla yanaşı, 2015-ci ilin may ayının 15-də Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılıb. Artıq bu layihə üzrə bir sıra işlər görülüb. Belə ki, magistral su xəttinin 20 km-dən 18 km-i, şəhərdaxili su xəttinin 16,7 km-dən 3,2 km-i, şəhərdaxili kanalizasiya xəttinin 13 km-dən 2,5 km-i çəkilib. Bu layihənin icrası nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaq.
Beləliklə, həyata keçirilən uğurlu islahatlar hər bir regionda olduğu kimi, Daşkəsən rayonunda da öz müsbət nəticələrini verir. Yuxarıda sadalanan faktlar isə 2015-ci ilin də rayonun iqtisadi həyatı üçün uğurlu olacağını göstərir.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 1154 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30