Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Yeni sosial infrastruktur layihələri Azərbaycanın regionlarının simasını dəyişdirib

Yeni sosial infrastruktur layihələri Azərbaycanın regionlarının simasını dəyişdirib

31.07.2015 [09:54]

Son 11 ildə bütün ölkə üzrə qazlaşdırmanın miqyasını genişləndirməyə yönəlmiş irimiqyaslı proqramlar həyata keçirilib, minlərlə kilometr qaz xətləri çəkilib, paylayıcı şəbəkələr yenilənib
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illər) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların yeni mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında da həlledici dönüş yaradıb. Nəzərə almaq lazımdır ki, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahat və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın dinamik tərəqqisinə xidmət edir.
Bütövlükdə, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 11 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.
Beləliklə, hər 3 Dövlət Proqramının həyata keçirilməsi regionların simasını dəyişib, ölkənin iri şəhərlərinin və bölgələrinin qeyri-proporsional inkişafının qarşısını almaqla ümumi yüksəlişə xidmət edib. Hər üç proqram çərçivəsində regionların təbii resurslarından və bölgələrdə cəmləşmiş əmək ehtiyatlarından səmərəli istifadə edilib, yeni iş yerlərinin açılması, sosial problemlərin həlli, sahibkarlığın inkişafı, mövcud infrastrukturun yenidən qurulması həyata keçirilib. Elektrik enerjisi təminatında problemlər aradan qaldırılıb, bölgələrin təbii qazla təminatı yüksək göstəriciyə çatdırılıb. Yerlərdə istehsal və emal potensialı gücləndirilib. Bölgələrdə yeni iş yerlərinin açılması nəticəsində regionlardan paytaxta iş dalınca gələnlərin sayının əsaslı şəkildə azalması müşahidə olunub.
Vurğulandığı kimi, son 11 ildə ölkədə iqtisadi potensialın artması, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsi, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşması və digər parametrlər baxımından paytaxt Bakı və digər iri şəhərlərlə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Respublikamızda dövlət başçısı tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasət sayəsində iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkə boyu inkişaf təmin edilib, ayrı-ayrı bölgələr tarixən formalaşan ənənələrinə, əmək ehtiyatlarına uyğun olaraq respublikanın ümumi tərəqqisi prosesinə qoşulub.
Bölgələrin qazlaşdırılması prosesi ötən dövr ərzində yüksək sürətlə həyata keçirilib ki, bunun da nəticəsində ucqar kəndlərə qazın verilişi təmin və ya bərpa edilib. Ümumiyyətlə, ölkəmizdə infrastrukturun yenilənməsi yönümündə aparılan siyasətin istiqamətlərindən biri də qazlaşdırma səviyyəsinin yüksəldilməsi və bütün ölkə ərazisi üzrə (işğal altındakı ərazilər istisna olmaqla) əhalinin təbii qazla təminatının həyata keçirilməsi olub. Bu məqsədlə ötən 11 il ərzində ölkədə qazlaşdırmanın miqyasını genişləndirməyə yönələn irimiqyaslı infrastruktur proqramları həyata keçirilib, minlərlə kilometr yeni qaz xətləri çəkilib, şəbəkələr yenidən qurulub.
Yeri gəlmişkən, bir neçə gün öncə bu tədbirlər çərçivəsində Salyanın Qızılağac ərazi dairəsinə daxil olan Bəydili kəndinə 24 illik fasilədən sonra təbii qazın verilməsi bərpa olunub. Qeyd etmək lazımdır ki, rayonun 51 yaşayış kəndindən 28-i qazlaşdırılıb. Hazırda rayon əhalisinin 71 faizi təbii qazdan istifadə edir. 483 nəfər sakinin yaşadığı Bəydili yaşayış məntəqəsinə “mavi yanacağ”ın verilməsi üçün kənddə birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 92 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 88 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
“Mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə vurğulanıb ki, ölkədə sosialyönümlü layihələr uğurla yerinə yetirilir. Kənd və qəsəbələrin qazlaşdırılması bunun əyani nümunəsi sayılır. Qeyd olunub ki, hazırda rayonun 12 kəndində qazlaşdırma işləri uğurla davam etdirilir. Yaxın vaxtlarda həmin yaşayış məntəqələrinin əhalisi də təbii qazdan istifadə edəcək.
Ümumiyyətlə, Salyan rayonunda əhalinin təbii qazla təmin edilməsi istiqamətində bu ilin 6 ayı ərzində xeyli işlər görülüb. Salyan şəhərinin 20 Yanvar küçəsində 188 evdən ibarət hissəsində qazlaşma işləri aparılaraq sona çatdırılıb, 188 mənzilə qaz sayğacı quraşdırılıb. Rayonun Dayıkənd kəndinin qalan hissəsində podratçı təşkilat tərəfindən əsaslı təmir işləri aparılaraq sona çatdırılıb, 75 evə qaz sayğacı quraşdırılıb. Şəhərin Ə.Quliyev küçəsində 24 evdən ibarət yeni yaşayış sahəsində qazlaşma işləri aparılıb. Əhalini fasiləsiz, itkisiz, keyfiyyətli və normal təbii qazla təmin etmək məqsədi ilə yeni çəkilmiş qaz xətləri üzərinə 3 ədəd müasir tipli qaz tənzimləyici və 5 ədəd müxtəlif diametrli siyirtmələr qoyulub. Rayonun Qızılağac, Sarvan, Quyçu, Abad, Xalac və Kolanı kəndlərində qazlaşma işləri aparılır. Bundan başqa, Dövlət Proqramı çərçivəsində Marışlı, Seyid Sadıqlı, Yeni Uluxanlı, Birinci Varlı və İkinci Varlı kəndlərində qazlaşma işlərinin aparılmasına başlanılıb. Hazırda paylayıcı qaz xətləri çəkilir.
Rayonun uzun illər qazsız qalmış kəndlərinin və eyni zamanda, yeni salınmış genişlənmiş yaşayış massivlərinin qaz təsərrüfatının yenidən qurularaq qazlaşdırılması məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üçün “Azəriqaz” İB-yə müraciət olunub və icrası mərhələlərlə həyata keçirilir. Qaz İstismar Sahəsinin xidməti ərzində 895 ədəd yeni qaz sayğacları quraşdırılıb. Salyan rayonu üzrə təbii qazla təmin olunan abonentlərin sayı 18334-ə çatıb. 458 yeni mənzil qazlaşdırılaraq qeydiyyata alınıb və istismara verilib.
Qeyd edildiyi kimi infrastrukturların yenilənməsi və bərpa olunması istiqamətində bölgələrdə aparılan işlər daha da sürətləndirilib. Vurğulamaq yerinə düşər ki, bu mənada qazlaşdırılma ilə yanaşı əhalini yüksək keyfiyyətli enerji ilə təmin etmək yönündə məqsədyönlü fəaliyyət nümayiş etdirilir. Məsələn, Salyan rayonunda ötən il və bu ilin ilk yarım ili ərzində yüksəkgərginlikli elektrik transformatorlarında, yarımstansiyalarda təmir işləri aparılıb, 8 ədəd 35 kv-luq və 195 ədəd - 10/6/0.4 kv-luq yarımstansiyalarda cari təmir işləri görülüb. 205 ədəd güc transformatoruna 56,6 ton transformator yağı əlavə olunub, 278 yeni abonentə sayğac quraşdırılıb.
Salyan Elektrik Şəbəkəsinin xidməti ərazisində 0.4 kv-luq HEVX-nin fiziki köhnəlmiş çılpaq naqillərinin SİP kabellə əvəz olunması ilə əlaqədar 14 ədəd dəmir-beton dayaq və 8 ədəd dəmir-beton diblik quraşdırılıb. 10-6/0,4 kV-luq HEVX-də fiziki köhnəlmiş 330 ədəd dayaq yenisi ilə əvəz olunub. Rayon üzrə 32101 abonent elektrik enerjisindən istifadə edir. Vurğulamaq yerinə düşər ki, yeni struktur olan “Azərişıq” ASC-nin yaradılmasının ardından görülən işlər daha da sürətləndirilib. Hazırda rayonda yeni tipli transformatorlar qoyulur, elektrik təsərrüfatında təmir işləri sürətləndirilir.
Nəticə etibarı ilə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhrana rəğmən, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Həmçinin, davamlı olaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakterli tədbirlər planı hazırlanır və həyata keçirilir. Bu əlavələr yeni şəraitin tələblərindən, innovasiyaların tətbiqi zərurətindən irəli gəlir. Bu gün bölgələrdə quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır.
Birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulan məqsədlərin tam yerinə yetirilməsi, eləcə də, üçüncü proqramın icrasının uğurla davam etdirilməsi, xüsusilə rayonlardakı mövcud sosial infrastrukturların və kommunal xidmət sektorlarının tam yenidən qurulması qarşıdakı illərdə nəzərdə tutulmuş digər hədəflər üzrə tədbirlərə yol açacaq, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradacaq. Yəni, regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldiləcək.
Pərviz SADAYOĞLU

 
Paylaş:
Baxılıb: 1325 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30