Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nağdsız ödənişlərdə stimullaşdırma

Nağdsız ödənişlərdə stimullaşdırma

19.11.2022 [10:16]

ƏDV-nin 17%-i geri qaytarılacaq

Prezident İlham Əliyev tərəfindən ölkədə vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, habelə ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində ardıcıl formada aparılan islahatların davam etdirilməsi istiqamətində sənədlər imzalanır.

Həmin sənədlər vergi sahəsində aparılacaq islahatların istiqamətlərini təsdiq edir. Həyata keçirilən islahatlar ölkədə vergi ödəyicilərinin optimal gəlirliliyinin təmin edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın stimullaşdırılması, pərakəndə ticarətdə rəqabət mühitini daha da artıraraq vergi yükünün optimallaşdırılması və digər məqsədlər daşıyır.

Qeyd olunmalıdır ki, həmin islahatlar sırasında ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması öz əksini tapmışdı. Ümumiyyətlə, beynəlxalq təcrübədə nağdsız ödənişlərə tələbin yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlər stimullaşdırıcı və inzibati xarakter daşıyır. Stimullaşdırıcı tədbirlər sırasında fiskal stimullar və vergi güzəştləri əsasən üstünlük təşkil edir.

Hazırda ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində addımlar atılır. Bu sahədə bir sıra layihələr həyata keçirilir ki, onlardan biri “ƏDV geri al” layihəsidir. Sözügedən layihə çərçivəsində həm nağd, həm də nağdsız ödənişlərdə ödənilən ƏDV geri qaytarılır. Layihənin mexanizminin mütəmadi yenilənməsi və inkişafı üçün müxtəlif dəyişikliklər edilir.

Həmin dəyişikliklərdən biri ilə bağlı məsələ ötən gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə tətbiq olunan dəyişikliyə görə, Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5%-nin geri qaytarılması nəzərdə tutulur. Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilir.

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Azərbaycan”a dəyişiklik layihəsinin önəmindən danışıb. Bildirib ki, ƏDV-nin geri ödənişi ilə bağlı layihəni Azərbaycanda ən önəmli layihələrdən biri kimi qiymətləndirir: “ƏDV-nin geri qaytarılması ilə bağlı layihə ölkədə iqtisadiyyatın ağardılmasına ciddi töhfə verir. Çünki bu istehsalçıların yəni adi vətəndaşların iqtisadiyyatdakı rolunu artırır. Buna görə də “ƏDV geri al” layihəsi ödənişlərin qeydiyyata alınması, kassa çeklərinin verilməsi ilə bağlı müəyyən problemlərin olduğu sahələrə tətbiq edildi. Bununla həmin işlər bir növ sahmana salındı. Nəticədə, müəyyən məbləğdə vəsaitlər vətəndaşlara qaytarılsa da, əvəzində ƏDV-lərin yığımında artımlar oldu. Təəssüf ki, praktik olaraq “ƏDV geri al” layihəsinin ƏDV yığılmasına nə qədər töhfə verdiyini yoxlamaq mümkün deyil. Belə bir mexanizm yoxdur, çünki artımlar çoxdur”.

E.Əmirovun sözlərinə görə, hazırda ƏDV-nin geri qaytarılması nağdsız ödənişlər üzrə 15%-dir, nağdlı ödənişlər üçün isə 10% təşkil edir: “İndi nağdsız ödənişlər üçün ƏDV-nin 17,5% olması barədə qərar qəbul edildi. Bu da insanlarda bir motivasiya yaratmaqla iqtisadiyyatda ağarmaya dəstək olmaq məqsədi daşıyır. Qarşıya qoyulmuş məqsədə nail olduqdan sonra, yəni iqtisadiyyatın ağardılması dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdıqdan sonra “ƏDV geri al” layihəsi tamamlanacaq. Düşünürəm ki, bundan sonra ƏDV-nin geri qaytarılması ilə bağlı məsələlər olmayacaq”.

Günel ABBAS

Paylaş:
Baxılıb: 803 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30