Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Biznesin sosial tərəfdaşlığı

Biznesin sosial tərəfdaşlığı

18.08.2022 [10:32]

Mübariz ABDULLAYEV

Azərbaycan xalqı zəngin neft-qaz sərvətlərinin bəhrəsini yalnız müstəqillik illərində görməyə başlayıb. Ötən 30 ildə respublikamızla transmilli şirkətlər arasında Xəzərin Azərbaycan sektorundakı yataqların işlənməsinə dair bir sıra müqavilələr imzalanıb.

Həmin müqavilələrin icrası gəlirlərimizi artırır, ölkədə iqtisadi inkişafa güclü impuls verir. Eyni zamanda, kontraktlarda yer alan şirkətlər respublikamızda çoxsaylı sosial layihələrdə iştirak edirlər. Məsələn, Azərbaycanla çoxillik əməkdaşlıq tarixinə malik BP-nin yanaşması belədir: Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirirlər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə kömək göstərilməsi, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 2022-ci ilin birinci yarısında BP və onun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1,3 milyon dollardan artıq vəsait xərcləmişlər.

Sahibkarlığın inkişafı proqramı

Ötən dövrdə respublikamızda səmərəli fəaliyyəti sayəsində yüksək nüfuz qazanan  BP özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələri həyata keçirir. Belə layihələrdən biri  milyonlarla dollar investisiya tutumuna malik olan və  yerli sahibkarlığın dəstəklənməsi məqsədi daşıyan “Sahibkarlığın İnkişafı Proqramı”dır. SİP Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq, milli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2022-ci ilin birinci yarısında proqram yerli təşkilatlarda potensialın inkişafına dəstək  yönümündə fəaliyyətini davam etdirib. Bu fəaliyyətə əsasən bəzi təlim mərkəzlərinin peşə təhsili potensialının inkişafına, həmçinin üç yerli təşkilatda bacarıqların inkişafına dəstək daxil idi. Bundan əlavə, 20 nəfər fərdi sahibkar (Vətən müharibəsinin veteranları) “Kulane” peşə təhsili mərkəzi ilə əməkdaşlıqda həyata keçirilən peşə bacarıqlarının inkişafı proqramı çərçivəsində təlimləri bitirib.

Biznes inkubasiya modeli

BP və onun tərəfdaşları Samux, Goranboy və Şəmkir rayonlarından seçilmiş 30 gənc üçün biznes inkubasiya modelini tətbiq etməklə kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli sosial layihə həyata keçirir. Bu layihə çərçivəsində iştirakçılara öz bizneslərinə başlamalarına dəstək olmaq üçün təlimlərin keçilməsi və yaradılan biznes subyektlərinin avadanlıqlarla təmin olunması nəzərdə tutulur. Hazırda layihə iştirakçılarının lazımi avadanlıq və cihazlarla təmin olunması istiqamətində işlər davam etdirilir.

Qurum Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan başqa bir layihəni də dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub. Layihə müddəti ərzində proqramda ümumilikdə 108-dək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 78 iştirakçıdan ibarət dörd qrupun təlimləri artıq başa çatıb. Hazırda layihə 42 iştirakçıdan ibarət iki yeni qrupun təlimləri ilə davam edir.

“Gələcəyini qur” layihəsi

BP tərəfdaşları ilə birlikdə aztəminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir - akademik biliklər və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 389 şagirdin 334-ü (86%-i) ali məktəblərə daxil olub. Layihənin nəticələrini və ümumi uğurunu nəzərə alaraq, BP və tərəfdaşları onu 2021-2022-ci tədris ilində də davam etdirmək qərarına gəliblər. Hazırda proqram yeni mərhələ üçün seçilmiş 93 şagirdin iştirakı ilə davam edir.

Data analitikası üzrə tədqiqat

Şirkətin Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üçillik təhsil layihəsinə dəstək verməsi də təqdirəlayiq haldır. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılıb. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin daha geniş inkişaf etdirilməsi nəzərdə tutulur. Hazırda proqram birinci və ikinci tədris qrupunda təxminən 40 tələbənin iştirakı ilə uğurla davam edir. Birinci qrupun 20 tələbəsi öz ikiillik magistr təhsilini artıq bitirib, ikinci qrupun 19 tələbəsi isə Corc Vaşinqton Universitetində yay semestrini başa çatdırmaq üçün ABŞ-a yollanıb. Hazırda üçüncü qrup üçün tələbələrin seçim prosesi davam edir.

Distant təhsilə yönəlmiş təşəbbüs

Respublikamızda BP və onun tərəfdaşları 13-17 yaş arası məktəblilərin faydalandığı karyera planlaması, maliyyə biliyi və sahibkarlıq sahəsində sosial investisiya təşəbbüsünü uğurla yekunlaşdırıblar. Layihə çərçivəsində sahibkarlığa dair on, maliyyə biliyi üzrə doqquz, karyera planlaması mövzularında isə iki video dərs hazırlanıb. Həmin dərslər onlayn və ictimai telekanallar vasitəsilə ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində, həmçinin Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Qax, Zaqatala və Qəbələdə yerləşən 30 məktəbdə sahibkarlıq və maliyyə biliyi üzrə dərsdənkənar məşğələlərin keçirilməsinə dəstək verilib. Ümumilikdə layihə çərçivəsində 64 məktəb müəlliminə sahibkarlıq və maliyyə biliyi üzrə təlimlər keçilib, 3000-dən çox şagirdin faydalanacağı müvafiq tədris və təlim materialları hazırlanıb.

Dört orta məktəbdə (ikisi Bakıda və ikisi Sumqayıtda olmaqla) inklüziv təhsilə dəstək məqsədli sosial layihə də uğurla başa çatdıb. Layihə çərçivəsində məktəblərdə xüsusi tədris otaqları yaradılıb, həmin otaqlar zəruri inventar, mebel və texnologiya ilə təchiz edilib, habelə tədris prosesini təkmilləşdirmək üçün tədris heyətinə  texnologiyanın istifadəsi ilə bağlı təlim keçilib. Layihə, həmçinin inklüziv təhsil barədə sosial məlumatlılığı artırmaqla məktəb ictimaiyyətində davranış dəyişikliyinə nail olmağa dəstək verib. Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib.

ABB Tech Akademiyası

BP şirkəti tərəfdaşları ilə birlikdə, həmçinin ABB Tech Akademiyası layihəsini uğurla tamamlayıb. Layihə çərçivəsində iqtisadiyyatın müxtəlif sektorlarından ümumilikdə 208 nəfərə təlim verilməklə onların informasiya texnologiyaları (İT) sahəsindəki səriştələri, ümumi texnoloji bilik və bacarıqları inkişaf etdirilib ki, bu da onların sürətlə dəyişən texnologiya dünyası ilə ayaqlaşmalarına imkan yaradır. Layihə iştirakçılarından 150 nəfərinin təlimi BP və onun tərəfdaşları, eləcə də ABB tərəfindən birgə maliyyələşdirilib. Layihə müddəti ərzində 50-dən çox yerli və beynəlxalq təşkilatı təmsil edən iştirakçıların təlimi ümumilikdə doqquz qrupda təşkil olunub.

Üç min müəllim və tələbəni əhatə edəcək layihə

Qurum və onun tərəfdaşları tərəfindən, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ingilis dili müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini təkmilləşdirməyi nəzərdə tutan sosial layihə dəstəklənir. Layihədən 3000-dən çox tələbə və müəllimin faydalanacağı gözlənilir. 2021-ci ildə ümumilikdə 74 nəfər müəllim ingilis dili təlimlərini uğurla bitirib. Hazırda proqram çərçivəsində mentorluq sessiyaları davam edir.

Autizm xəstələrinə diqqət

Bütövlükdə, BP və şirkətin tərəfdaşlarının respublikamızda reallaşdırdıqları sosial layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Belə layihələrdən biri autizm xəstələrini əhatə edir. Qurum autizm üzrə yerli mütəxəssislər üçün qabaqcıl beynəlxalq təcrübələrə çıxış imkanı yaratmaqla onlara dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Layihə çərçivəsində beynəlxalq miqyasda təsdiqlənmiş təlim proqramlarından istifadə etməklə 60 yerli mütəxəssisin ixtisas artımına dəstək, beynəlxalq təlim və tədris materiallarının tərcüməsi, habelə ictimai maarifləndirmə fəaliyyətləri nəzərdə tutulur. Bundan əlavə, bir qrup autizmli şəxsin öz fərdi inkişaf və biznes planlarını hazırlamasına və bununla da onların məşğulluq imkanlarının artırılmasına dəstək veriləcək. 2022-ci ilin əvvəlindən bəri layihə autizm proqramları haqqında kitabın hazırlanması, məlumatlandırma məqsədli fotosessiyanın keçirilməsi, autizm velosiped turunun və dəb gecəsi kimi əyləncəli bir tədbirin təşkili ilə davam edib.

Ətraf mühitin qorunması

Hazırda bütün dünyada ekoloji məsələlərin aktuallığı artıb. BP şirkəti və qurumun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları respublikamızda torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon tullantılarının kompensasiya olunmasına yönəlmiş ikiillik ətraf mühit layihəsinə dəstək verir. Layihə çərçivəsində Şəmkir və Samux rayonlarında 250 000 yeni ağac əkiləcək və bundan əvvəl əkilmiş 110 000 ağaca qulluq göstəriləcək. Bundan başqa, Qobustan rayonunda seçilmiş ərazinin 1 hektarında suya qənaət edən avadanlıq və çoxqatlı əkin texnologiyası ilə innovativ ağacəkmə sistemi tətbiq ediləcək. İndiyədək layihə çərçivəsində Samuxda 50 min ağac, Qobustanda isə 600 ağac əkilib, Şəmkirdə 200 min, Qobustanda isə 400 ağacın əkilməsi üçün torpaq hazırlığı işləri görülüb.

Müharibədən zərər çəkmiş ailələrə dəstək

BP və onun tərəfdaşları tərəfindən  Tovuz və Ağstafa rayonlarında Vətən müharibəsində zərər çəkmiş ailələrə dəstək məqsədli sosial layihəyə başlayıb. Layihə çərçivəsində benefisiarlara sosial-psixoloji reabilitasiya və hüquq xidmətləri üzrə dəstək verilir, həmçinin iki şəbəkələşmə düşərgəsində iştirak etmək imkanı yaradılır. Bu vaxtadək layihə çərçivəsində ümumilikdə 305 birbaşa benefisiar və 700 nəfər ailə üzvü psixoloji və hüquqi dəstək alıb.

Milli mədəniyyətimizə qayğı

Yüksək səviyyədə reallaşdırılan sosial layihələr çərçivəsində milli mədəniyyətimizə göstərilən diqqət və qayğını da ayrıca qeyd edə bilərik. Belə ki, BP və onun tərəfdaşları dünyanın poeziya nəhənglərindən biri olan Nizami Gəncəvinin irsinin tədqiqi və təbliğinə öz töhfəsini verib. Bu məqsədlə BP “Nizami Gəncəvi - Unudulmuş Nəşrlər” adlı sanballı tədqiqat kitabı və şairin “Xəmsə”sinin tarixi əlyazmalarından seçilmiş “Qələmin sehri” adlı miniatürlər toplusunun nəşrinə sponsorluq edib. Hər iki kitab Prezident İlham Əliyevin dahi Nizaminin anadan olmasının 880 illiyi münasibətilə elan etdiyi “Nizami Gəncəvi İli”nə BP-nin töhfəsidir.

Bundan başqa, BP şirkəti qurama sənətinə dair seçilmiş tədqiqat materialları toplusunun rus dilindən Azərbaycan və ingilis dillərinə tərcümə olunması və nəşri layihəsinə dəstək verir. Şirkət, həmçinin Bakı Dövlət Universiteti üçün 15 000 tələbə və professor-müəllim heyətinin faydalanacağı rəqəmsal kitabxana layihəsinə sponsorluq edir. Belə misalların sayı kifayət qədər çoxdur.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31