Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni milli ixrac strategiyası: HƏDƏFLƏR

Yeni milli ixrac strategiyası: HƏDƏFLƏR

11.08.2022 [10:14]

Mübariz ABDULLAYEV

Azərbaycan dünyaya davamlı inkişafın spesifik modelini təqdim edir. Respublikamızda iqtisadi potensial, maliyyə imkanları, qabaqcıl dünya təcrübəsi, qlobal trendlər, müasir çağırışlar nəzərə alınmaqla yeni hədəflər müəyyənləşdirilir və bu hədəflərə çatmaq üçün proqramlar hazırlanaraq onların icrası yüksək səviyyədə təmin edilir. Belə rasional inkişaf modelinin üstünlüyü ondadır ki, gələcək fəaliyyət möhkəm baza üzərində qurulur və beləliklə də, müsbət nəticələr, səmərəlilik təmin olunur. Bu baxımdan yeni milli ixrac strategiyasının layihəsinin hökumətə təqdim olunması da təqdirəlayiqdir. Bəhs olunan sənədin yeni layihəsi barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev məlumat verib. Bəs yeni milli ixrac strategiyasında hansı hədəflərə çatılması nəzərdə tutulur? “Strategiyada yeni ölkələr, yeni ixrac istiqamətləri öz əksini tapıb. İxracın coğrafiyasının genişləndirilməsi bizim üçün ən önəmli məsələlərdən biridir. Həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının ixracının genişləndirilməsi strategiyada prioritetdir. Xidmət ixracı da strategiyada yer alıb. Hədəflərimiz qeyri-neft ixracını 2026-cı ildə 5 milyard ABŞ dollarına çatdırmaqdır”, - deyə AZPROMO-nun rəsmisi bildirib.

İxracın genişləndirilməsi üçün münbit zəmin

Azərbaycanın ixracında ənənəvi olaraq enerji daşıyıcıları üstünlük təşkil edir. Xüsusilə son illərdə respublikamız qlobal enerji bazarlarına neft-qaz məhsullarının ixracını artırmaqla ayrı-ayrı ölkələrin, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Qarşıya qoyulan hədəf isə neftdən kənar sahələrdən ixrac həcmlərinin artırılmasına nail olmaqdır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu isə ölkədən qeyri-neft ixracının ən azı üç dəfədən çox artırılması deməkdir.

Qeyri-neft ixracında qarşıya qoyulan belə böyük hədəfə çatmaqdan ötrü özəl şirkətlərin qarşısında geniş imkanlar yaradan, onlara möhkəm təminatlar və üstünlüklər verən möhkəm hüquqi baza yaradılıb. Yeni şəraitdə respublikamızda aparılan islahatlar çərçivəsində ixracın səmərəli təşviqi mexanizmlərinin işə salınması bütün ölkə boyu ixracyönümlü məhsul istehsalına marağı əhəmiyyətli dərəcədə artırıb. 

Ölkədə aparılan islahatlar çərçivəsində Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılması sayəsində ölkədən ixrac prosedurları əhəmiyyətli dərəcədə asanlaşıb. İxracatçılar “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən bəhrələnməklə öz məhsullarını asanlıqla xarici bazarlara çıxardırlar. “Tax free” sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir və ixracyönümlü məhsul istehsalının həcminin artmasına müsbət təsir göstərir.

Ümumiyyətlə, ölkənin ixrac imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin spektiri kifayət qədər genişdir. Xarici ölkələrdə yaradılan loqistik mərkəzlər, ticarət evləri də ixracın təşviqində müsbət rol oynayır. Artıq ayrı-ayrı ölkələrdə müvafiq strukturlar uğurla fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiya Federasiyasında açılıb.

“Made in Azerbaijan” brendinin yaradılması

Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından “Made in Azerbaijan” brendinin yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla təsdiqlənən Qayda  xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir. Dövlət başçısının Fərmanı ilə təsdiqlənən Qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna isə Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər malikdirlər.

Azərbaycanda indiyədək dünyada özünü doğruldan səmərəli təşviq mexanizminin işə salınması həm ixracatçılara böyük dəstəkdir, həm də bütövlükdə milli maraqlarımıza xidmət edir. Brendlərdən asılı olmayaraq ölkəyə, onun keyfiyyətə nəzarət sistemlərinə  inamın yaradılması əldə oluna biləcək ən yaxşı uğurdur. Dövlətin bu məsələyə dəstəyi və qayğısı Azərbaycanda dövlət-özəl sektor-vətəndaş əməkdaşlığının bariz nümunəsidir. Burada, həmçinin sahibkarların məsuliyyəti məsələsi də böyük aktuallıq kəsb edir. Mütəxəssislərin qənaəti belədir ki, “Made in Azerbaijan” brendlərinə yaranacaq etimad istehsal olunan məhsulun keyfiyyətindən, beynəlxalq standartlara cavab verməsindən, müştərilərə göstəriləcək xidmətlərin yüksək səviyyədə olmasından və güclü marketinq fəaliyyətindən çox asılıdır. Sahibkarlar istehsal prosesində bunu mütləq nəzərə almalıdırlar.

Ölkəmizdə ixracın genişləndirilməsinə nail olmaq üçün yaradılan möhkəm  hüquqi baza öz növbəsində praktiki müstəvidə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təbliği məqsədilə ixrac missiyaları təşkil edilir, beynəlxalq sərgilərdə yerli məhsullarımız vahid ölkə stendində nümayiş olunur, ixracatçılara məsləhət xidməti göstərilir, ixtisaslaşmış assosiasiyaların yaradılması dəstəklənir. Bir neçə istiqamət üzrə məhsul istehsalçıları və ixracatçıları assosiasiyaları yaradılıb, mənşə sertifikatının verilməsi sadələşdirilib.

İxracda artım

İxracın genişləndirilməsinə nail olmaq üçün hüquqi və praktiki müstəvidə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Aqrar sektorda və qeyri-neft sənayesində ixracın genişlənməsi bunu bir daha təsdiqləyir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayında təqdim olunan məlumata əsasən, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 22,6 milyard, qeyri-neft sektoru üzrə ixrac isə 1,7 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin ilk yeddi ayı ilə müqayisədə 24,2% artıb.

İxracda artım həm kənd təsərrüfatı, həm də qeyri-neft sənaye məhsulları üzrə baş verib. Belə ki, bəhs olunan dövrdə meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq 376,9 milyon ABŞ dolları təşkil edib.

Ölkəmizdə yaradılan sənaye zonalarında istehsal olunan müxtəlif təyinatlı məhsullar yüksək rəqabət qabiliyyətinə malikdir. Buna görə də buraxılan məhsulların xarici bazarlara asan çıxışı təmin edilir. İndiyədək sənaye zonalarında ümumilikdə 7,17 milyard manatlıqdan çox məhsul istehsal edilib və bunun 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 faizi) ixrac olunub. Qeyri-neft sənayesindən ixracda artım dinamikası 2022-ci ilin birinci yarısında da yüksək olub. Belə ki, müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2%, artıb.

Xidmətlər və intellektual məhsulların ixracı

 Diqqətəlayiq haldır ki, Azərbaycan kənd təsərrüfatı, qeyri-neft sənayesi məhsulları ilə yanaşı, xidmətlərin və intellektual məhsulların da  ixrac  həcmlərini artırır. 2022-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.

Respublikamızdan xidmətlərin ixracında əsas pozisiya qismində nəqliyyat seqmenti çıxış edir. Son illərdə respublikamızdan keçən bütün beynəlxalq dəhlizlər boyunca böyük investisiya tutumuna malik müasir infrastruktur yaradılıb. Ölkəmizin ərazisində bir-birinə inteqrasiya edilmiş beynəlxalq dəhlizlərlə Şərqdən Qərbə, Şimaldan Cənuba rahat şəkildə daşımaları həyata keçirmək mümkündür. Bütün bunlar isə Azərbaycanın tranzit cəlbediciliyini artırır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 19 milyon 622,5 min ton, yük dövriyyəsi isə 4 milyard 804,9 milyon ton-kilometr olub. Dəhliz vasitəsilə daşınmış yüklərin 26,3 faizini və ya 5 milyon 160 min tonunu tranzit yüklər təşkil edib. Bütövlükdə, cari ilin birinci yarısında ölkə ərazisində 102,6 milyon ton yük daşınıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə  11,2 faiz artım deməkdir.

İxrac coğrafiyasının genişlənməsi

Yuxarıda qeyd olunduğu kimi, ixrac coğrafiyasının genişləndirilməsi yeni milli ixrac strategiyasında əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu da tam real hədəfdir. Məlumdur ki, Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsulları keçmiş ittifaq məkanında yaxşı tanınır və burada məhsullarımıza böyük tələbat var. Prezident İlham Əliyev isə qarşıya  keyfiyyətli məhsullarımızla yeni bazarlara çıxmaq kimi mühüm vəzifə qoyub.

Son illərdə respublikamızın ixrac coğrafiyasının genişlənməsi məmnunluq doğurur. 2022-ci ilin birinci yarısında qardaş Türkiyəyə 428,4 milyon, Rusiya Federasiyasına 382 milyon, Gürcüstana 88,2 milyon, İsveçrə Konfederasiyasına 84,6 milyon və ABŞ-a  57,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsullar ixrac olunub. O cümlədən “Made in Azerbaijan” brendi ilə buraxılan sənaye məhsullarının ixrac coğrafiyası kifayət qədər genişdir. Bura Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələr daxildir. Bir qədər bundan əvvəl isə Sumqayıt Kimya Sənaye Parkında buraxılan rəqabətqabiliyyətli məhsullarımızın yeni ünvanlara ixracına start verilib. Məhsullarımız, həmçinin müxtəlif beynəlxalq sərgilərdə uğurla nümayiş olunur.

Bu arada Azexport.az portalı ixrac üçün növbəti sərbəst satış sertifikatlarını təqdim edib. Portal tərəfindən təqdim olunan növbəti sərbəst satış sertifikatları İraq Respublikasına Azərbaycan istehsalı olan daha 5 adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub. Sərbəst satış sertifikatı Azərbaycan Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur.

Sertifikatların verilməsi bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan, Okeaniya və Ərəb ölkələrinə, Cənubi Amerika, Afrika qitəsi, Qərbi Avropa və Cənub-Şərqi Asiya ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların çıxışını asanlaşdırır.

Bütün bunlar onu deməyə əsas verir ki, yeni milli strategiyada ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı müəyyənləşdirilən hədəflər tam realdır və hədəf dövrünün sonunda onlara çatılması mümkün olacaq.

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Xəbər lenti

Dünya Ürək Günüdür

29 Sentyabr 10:30

Prezident bu gün

Prezident bu gün

29 Sentyabr 10:21

Sosial

Elektron, yoxsa auksion?

29 Sentyabr 10:19

Xəbər lenti

Siyasət

Gündəm

İkinci zəng...

29 Sentyabr 09:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30