Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq və işbirliyi formatı yaradıb

Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq və işbirliyi formatı yaradıb

15.06.2018 [08:09]

Prezident İlham Əliyev: Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir
Bu günlərdə iki dost və qardaş ölkə olan Azərbaycanla Türkiyə qarşılıqlı səylərlə və sıx əməkdaşlıq nəticəsində araya-ərsəyə gələn daha bir böyük zəfərə imza atıblar. Söhbət Xəzərin Azərbaycan sektorunda yerləşən zəngin “Şahdəniz” yatağından hasil ediləcək qazı Türkiyədən keçməklə Aralıq və Adriatik dənizlərinə, oradan isə Avropa ölkələrinə daşıyacaq Cənub Qaz Dəhlizinin mühüm seqmentlərindən biri olan TANAP qaz kəmərinin istifadəyə verilməsindən gedir. Cari il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə çıxış edən Prezident İlham Əliyev TANAP-ın istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndirib. “TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Birgə həyata keçirilən layihələrin arxasında düşünülmüş siyasət və güclü iradə dayanır
TANAP Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi birinci layihə deyil. Son illərdə iki qardaş ölkə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji, nəqliyyat və digər layihələrin əsas təşəbbüskarları və fəal iştirakçıları qismində çıxış ediblər. Azərbaycanın zəngin enerji ehtiyatları məhz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. Bunlar mükəmməl enerji infrastrukturudur və ötən illərdə hər iki ölkənin iqtisadiyyatına böyük fayda gətirib. Heç bir şübhə yoxdur ki, Azərbaycan və Türkiyə hələ uzun illər bundan sonra da bu kəmərlərdən iqtisadi fayda götürəcəklər. İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirir. Yeni nəqliyyat infrastrukturu vasitəsi ilə yüklər daha qısa müddətdə daşınır. Hazırda hər iki ölkə rəhbərliyi dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu dəmir yolu xəttinin daha da məhsuldar işləməsi üçün birgə səylər göstərirlər.
TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır
TANAP-la və bütövlükdə Cənub Qaz Dəhlizi ilə bağlı daha bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır. Texniki cəhətdən kifayət qədər mürəkkəb olan bu layihənin həyata vəsiqə almasında Azərbaycanla Türkiyənin dəstəyi və siyasi iradəsi həlledici amil olmaqla yanaşı, burada döst ölkələrin töhfəsini və ayrı-ayrı şirkətlərin rolunu da xüsusi qeyd etmək yerinə düşərdi. İki qardaş dövlətin liderliyi ilə reallaşan bu layihə yeddi ölkəni və bir neçə şirkəti birləşdirir. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı təşkil edir: “Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun”.
Qeyd edək ki, TANAP-la birgə 4 seqmentdən ibarət olan və 3500 kilometr məsafədə uzanan Cənub Qaz Dəhlizinə indiyədək Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya kimi ölkələr qoşulub. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər.
Cənub Qaz Dəhlizinin reallığa çevrilməsində Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın siyasi və maliyyə dəstəyi böyük rol oynayıb. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində də Avropa İttifaqı yaxından iştirak edib.
Layihənin icrasında Azərbaycanın beynəlxalq brendə çevrilən SOCAR şirkəti, BOTAŞ və BP kimi transmilli şirkətlər iştirak edirlər. Beləliklə, Cənub Qaz Dəhlizinin icrasına ümumi məqsədlər naminə çalışan vahid komanda cəlb olunub. Komandanın bütün üzvləri qarşılıqlı əməkdaşlıq şəraitində səylə çalışaraq bir vaxtlar əfsanə kimi görünən layihəni reallığa çevirirlər. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi mayın 29-da Bakıda keçirildi. İndiyədək ümumi məqsədlər naminə çalışan komandanın fədakarlığı sayəsində Cənub Qaz Dəhlizinin üç layihəsi - ehtiyatları 1,2 trilyon kubmetr qaza bərabər olan “Şahdəniz-2” yatağının işlənilməsi, Cənubi Qafqaz Kəməri və TANAP üzrə işlər bütünlüklə tamamlanıb. TAP layihəsində isə işlərin 72 faizi icra olunub. TAP-ın yaxın iki ildə bütünlüklə istismara hazır olacağı proqnozlaşdırılır. Beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinın icrası tamamlanacaq. Yeni dəhliz imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, eyni zamanda şaxələndirilmiş formada çatdırılsın.
Cənub Qaz Dəhlizinin istismarı onilliklər ərzində ölkəmizə, xalqımıza böyük fayda gətirəcək. Burada həm iqtisadi, həm də siyasi dividendləri qeyd etmək lazımdır. Azərbaycan Avropaya qaz nəqlindən valyuta qazanacaq və özünün maliyyə imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, istehlakçıları şaxələndirilmiş enerji mənbəyi və marşrutu ilə təmin edən Azərbaycanın Avropa ölkələri ilə əlaqələri yeni mərhələyə yüksələcək və respublikamızın siyasi nüfuzu daha da artacaq.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir
Hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Halbuki Avropa ölkələri bir neçə il bundan əvvəl soyuq qış aylarında təchizatçı dövlətlərin belə təzyiqləri ilə üzləşmişdi. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi layihəsi olduğuna diqqət çəkərək deyib: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir”.
Xatırladaq ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Cənub Qaz Dəhlizinin istismara verilməsi ilə gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Mübaliğəsiz demək mümkündür ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə olacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 817 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30