Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni Tərəfdaşlıq Strategiyasına başlanılır

Yeni Tərəfdaşlıq Strategiyasına başlanılır

19.11.2025 [10:53]

Asiya Bankı 2029-cu ilədək Azərbaycana 2,5 milyard dollar investisiya yönəldəcək

Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor kimi tanınan Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. Kapital portfelinin böyük bir hissəsi Çinin maliyyəsi ilə formalaşan bu institut ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı maliyyə təchizatçısı kimi tanınır. Bank növbəti mərhələdə ölkəmizdə digər layihələrdə də dayanıqlı maliyyə dəstəkçisi olacağını bəyan edib. Azərbaycanda səfərdə olan AİB-in prezidenti Masato Kanda hökumət üzvləri ilə keçirdiyi görüşlərin yekununda bildirib ki, bank 2029-cu ilədək Azərbaycana 2,5 milyard dollaradək investisiya ayıracaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kanda ilə görüşündə səmərəli əməkdaşlığa toxunulub, birgə layihələrin uğurlu icrası qeyd edilib. AİB rəhbəri Azərbaycanda dövlət sektoru ilə yanaşı, özəl sektorda yeni layihələrin maliyyələşdirilməsinidə öz dəstəyini davam etdirəcəyini vurğulayıb. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionda yeni imkanlar yaradacağına əminliyini ifadə edən AİB prezidenti  nəqliyyat-tranzit layihələrinə böyükhəcmli kapital yatırmaq imkanlarının perspektivlərinə də müsbət yanaşıb.

26 illik maliyyə etimadına söykənən əməkdaşlıq...

Asiya Bankı 26 ilə yaxındır ki, ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən yaxın tərəfdaş kimi təmsil olunmaqdadır. AİB Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin maliyyələşdirilməsinə 5,6 milyard dollar həcmində maliyyə ayrılmasını təmin edib. Onun 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları isə özəl sektora yönəldilib.

Həmin layihələr sırasında dəmir yolu infrastrukturunun müasirləşdirilməsi də xüsusi yer tutur. AİB Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ölkəmizə 150 milyon dollar kredit ayırıb, layihənin başa çatdırılması üçün əlavə tələb olunan 131,5 milyon dollar məbləğində maliyyələşməni təmin edib. Bununla yanaşı, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.

AİB “Maneəsiz Rəqəmsal Dəhliz”i maliyyələşdirir

AİB son dövrlərdə Orta Dəhlizin maliyyə donoru kimi də aktiv fəaliyyət göstərir. Bank həmin nəqliyyat ekosisteminin altmodeli olan vahid multimodal xidmət - Rəqəmsal Ticarət Koridorunun (Digital Trade Corridor) yaradılmasını maliyyələşdirib ki, bu da “Avrasiya Nəqliyyat Marşrutu”nun rəqəmsallaşmasında və “Maneəsiz Rəqəmsal Dəhliz” sisteminin qurulmasında mühüm rol oynamaqdadır. Asiya Bankının kapital portfelinin böyük bir hissəsinin Çinin maliyyə donorluğu əsasında formalaşmasını nəzərə alsaq  “Bir kəmər, bir yol”un müəllifi kimi rəsmi Pekinin Orta Dəhlizdəki rəqəmsal infrastrukturların müasirləşməsinə böyük marağını başa düşmək mümkündür. Bu baxımdan AİB-in dəhliz üzərində yerləşən ölkələrə, o cümlədən Azərbaycana dəmir yollarının rəqəmsallaşmasına dəstəyi də prioritet təşkil edir.

Bundan başqa, AİB Azərbaycanın regional enerji layihələrinin maliyyələşdirilməsində də donor kimi fəal rol oynayıb, Cənub Qaz Dəhlizi layihəsinə dəstək verən ilk beynəlxalq maliyyə qurumu olub. Avropa İttifaqının enerji təminatında xüsusi rol oynayan bu layihələri də maliyyələşdirməyi öz öhdəsinə götürərək “Şahdəniz” yatağının maliyyələşdirilməsinə 524,5 milyon dollar məbləğində tam şəkildə zəmanət verib.

Ümumilikdə, Asiya Bankı təkcə nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1,5 milyard, enerji layihələrinə isə 1,7 milyard dollar maliyyə dəstəyi göstərib.

Sahibkarların kredit təminatçısı

Həmçinin dövlət maliyyə idarəçiliyinin gücləndirilməsi, dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli strategiya sənədinin hazırlanması, dövlət müəssisələrinin idarə edilməsində şəffaflığın və effektivliliyinin artırılması, eləcə də dövlət büdcəsinin fiskal qayda və orta müddətli fiskal çərçivə əsasında hazırlanaraq təqdim olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən islahatların dəstəklənməsinə AİB tərəfindən 500 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.

Asiya Bankı koronavirus pandemiyası dövründə də Azərbaycanla sıx işləyərək COVİD-19-la bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasında hökumətin həyata keçirdiyi tədbirlərə dəstək verib, “COVİD-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit maliyyələşməsini təmin edib. Azərbaycanda sahibkarlığın inkişafı, biznesə dəstək də AİB-in diqqətində xüsusi yer tutub və sahibkarların maliyyə təminatında əsas donorlardan biri kimi çıxış edir.

2025-2029-cu illərə dair yeni prioritetlər

Qeyd edək ki, Masato Kandanın ölkəmizə səfəri çərçivəsində Azərbaycanla AİB arasında növbəti əməkdaşlıq proqramının - “2025-2029-cu illərə dair Ölkə Tərəfdaşlığı Strategiyası”nın rəsmi icrasına start verilib. Yeni strateji konsepsiya Bakı metrosunun genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi və digər infrastruktur layihələrini əhatə edir.

2025-2029-cu illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcək. Bu istiqamətdə, AİB tərəfindən növbəti illər ərzində regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında hökumətə dəstək verilməsi nəzərdə tutulur. M.Kanda vurğulayıb ki, bank Azərbaycanın Mərkəzi Asiya ilə Avropanı birləşdirən regional haba çevrilməsinə dəstək verməyə sadiqdir və nəqliyyat sahəsində rəqəmsallaşdırma və digər texnoloji innovasiyaların inkişafına əhəmiyyətli investisiyalar qoyulacaq.

Beləliklə, M. Kandanın ölkəmizə səfəri Azərbaycan və AİB arasında sıx əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni səhifənin açılması üçün yaxşı imkanlar yaradır. Qarşıda yeni hədəf və layihələrin icrası dayanır, bu Azərbaycanın təşəbbüskar olduğu regional layihələrin, o cümlədən Xəzəryanı ölkələrlə və digər region dövlətləri ilə güclü iqtisadi bağlantının yaradılması üçün müasir enerji-nəqliyyat qovşaqlarının maliyyələşdirilməsində AİB-in yenə də əsas maliyyə dayağı olacağına əsaslı zəmin yaradılması deməkdir.

E. CƏFƏRLİ

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Siyasət

Hər zaman bir yerdə!

19 Noyabr 11:17

Analitik

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30