Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sərmayəçilər üçün “rəqəmsal pəncərə”

Sərmayəçilər üçün “rəqəmsal pəncərə”

13.11.2025 [10:55]

“Invest in Azerbaijan” investorlara zəruri olan bütün məlumatların əlçatanlığını təmin edəcək

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən “Invest in Azerbaijan” informasiya sisteminin yaradılması nəzərdə tutulub. Yeni sistem investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında təqdim olunmasını təmin edəcək. Rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə xidmətlərin rəqəmsallaşdırılmasını həyata keçirəcək “Invest in Azerbaijan” nəticədə investorlar arasında operativliyi, səmərəliliyi və şəffaflığı möhkəmləndirəcək. Sistemdə saxlanılan məlumatların sistemliliyi və əlçatanlığı təmin olunmaqla fiziki və hüquqi şəxslər arasında əhatəli informasiya arxitekturası formalaşacaq.

“Hökumət buludu”na inteqrasiya

“Invest in Azerbaijan” investorların müvafiq dövlət orqanlarına, iqtisadi strukturlara müraciətlərini geniş elektron platformada cəmləşdirməklə, onlara investisiya fəaliyyətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatları təqdim edəcək. Sərmayəçilər həmin geniş bazada investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə informasiyaları bir mənbədən əldə edəcək ki, bu da onların işini asanlaşdıracaq. Bu, bir növ “Rəqəmsal dövlət”in investisiya bölməsi funksiyasını daşıyacaq. “Invest in Azerbaijan”ın digər bir mühüm üstünlüyü xarici ölkələrin sərmayəçiləri ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması sahəsində əlaqələndirici rol oynamasıdır.

“Invest in Azerbaijan”ın zəruri məlumatlarının “Hökumət buludu”nda yerləşdirilməsi və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulur ki, bu da sərmayəçilərlə bağlı məlumatların güclü informasiya təhlükəsizliyi infrastrukturunda mühafizəsi deməkdir. Sistemin operatoru funksiyalarını Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) həyata keçirəcək.

Texnoloji tərəqqiyə keçiddə rəqəmsal körpü

İnvestisiya sistemindəki yeniliklərin digər bir mühüm üstünlüyü rəqəmsal iqtisadiyyat və texnoloji transformasiya ilə tamamlanmasıdır. Bulud texnologiyalarının genişləndirilməsi, rəqəmsal məlumat infrastrukturunun inkişafı və innovativ həllərin iqtisadiyyatın əsas sahələrinə inteqrasiyası Azərbaycanın gələcəkdə yüksək texnologiyalar və süni intellekt sahəsində strateji mərkəz rolunu oynamaq üçün mövqelərini daha da möhkəmləndirir. Azərbaycan yaradıcı təşəbbüsləri, iş adamlarına daha mənfəətli fəaliyyət imkanları təqdim edən layihələri daim dəstəkləyir. Bu baxımdan “Invest in Azerbaijan” xarici ölkələrin iş dünyasını ölkəmizin texnoloji tərəqqisinə cəlb etməkdə təşviqedici rəqəmsal körpü rolunu oynaya bilər.

Vahid e-investisiya arxitekturasının qurulması Azərbaycan innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsi, kapital, texnologiya və yeni sərmayə ideyalarının ölkəmizdə gətirilməsi işində töhfəverici rol oynayacaq.

Sağlam və münbit investisiya iqlimi

Göründüyü kimi Azərbaycan hökumətinin xarici investorlarla əməkdaşlığa xüsusi önəm verməsinin, xarici sərmayələr üçün hərtərəfli imkanlar yaratmasının növbəti təzahürü kimi investisiya sektorunun rəqəmsallaşmasına start verilir ki, bu da sərmayə axınları üçün yeni fürsətlər hesab edilə bilər. Qeyd edək ki, ötən illərdə respublikamızda həyata keçirilən hüquqi və institisional islahatlar da e-investisiya mərhələsinə keçiddə mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı  “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunların qəbul edilməsi, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyini artırıb. Nəticədə təmin edilmiş münbit sərmayə mühiti sayəsində aparıcı beynəlxalq şirkətlərin ölkəmizdə fəaliyyəti geniş şəkildə təmin olunub, xarici investisiyalı şirkətlərin sayı 7 mini ötüb. 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard dollar həcmində sərmayə qoyulub, onun əhəmiyyətli hissəsi və ya 213,2 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Hazırda güclü sərmayə etimadı sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.

 “BBB” reytinqindən yeni hədəfə doğru

Məhz bu tədbirlər sayəsində Azərbaycanın beynəlxalq miqyasda investisiya cəlbedicliyi yüksəlib. “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.

Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbediciliyi mühiti ilə bağlı 2024-cü ilə dair hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7”qrupunda yer alıb. Yeni islahatlar isə investisiya seqmenti üzrə də irəliləyişlərə yol açacaq, reytinqimizin artmasına stimul verəcək.

Beləliklə, “Invest in Azerbaijan” investor və biznes təmsilçiləri arasında iqtisadi sahədə yeni müqavilələrin bağlanmasına, şirkətlərin bir-birini daha yaxından tanımasına, yeni imkanların, fürsətlərin yaranmasına təsir göstərəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30