Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “ING Group”un proqnozları ümidvericidir

“ING Group”un proqnozları ümidvericidir

03.04.2025 [10:20]

ÜDM artacaq, inflyasiya sabit qalacaq

Dünyanın nüfuzlu iqtisadi institutlarından olan Niderlandın “ING Group” Azərbaycanda iqtisadi artım və inflyasiya ilə bağlı yeni proqnozlarını açıqlayıb. Qurumun ehtimallarına əsasən, 2025-ci ilin yekununda ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) artımı 3 faiz, növbəti illərdə 2-3 faiz diapazonunda qalacaq. Təhlillərə görə, istehlak yönlü sektorlarda dinamika müsbət qalacaq, əhalinin real gəlir və məşğulluğunun artımı bu prosesin davam etməsinə səbəb olacaq. Həmçinin bank-kredit sektorunda canlanma, xüsusən də pərakəndə kreditlərin sürətli genişlənməsi ÜDM-in böyüməsində təsiredici rol oynayacaq.

“ING Group” analitiklərinin qənaətinə görə, Azərbaycanda ÜDM-in təxminən 50 faizini neft sektoru təşkil etsə də, son illərdə qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu amil ölkə iqtisadiyyatı üçün riskləri aradan qaldırır. Ekspertlər hesab edirlər ki, Azərbaycan iqtisadiyyatında nəzərə çarpan yeni dinamika əsas etibarilə iqtisadiyyatın şaxələndirilməsi və müasir sənayeləşməyə əsaslanır. Son illərdə dövlətin maliyyəsi ilə yanaşı, özəl sektorun və xarici sərmayədarların dayanıqlı maliyyə qoyuluşları hesabına ümumi iqtisadi artım böyüməkdədir. Ölkəmizdə sənaye istehsalı göstəriciləri neft sektorundakı azalmaya baxmayaraq, qeyri-neft mənbələri hesabına güclü nəticələr göstərməyə davam etməkdədir. Bu tendensiya qeyri-neft sənayesinə əlavə müsbət təkanlar verməklə, həmin mənbələrdən fiskal yığımlarla bağlı nikbin gözləntiləri əks etdirir.

Digər təşkilatların nikbin proqnozları

Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatında Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 4 faiz təşkil edəcəyi ehtimal olunur. Fondun, həmçinin ötən il dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,5-4 faiz olacağı fərz edilir.

Dünya Bankının (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnoz-xülasəsində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu faktorun 2025-ci ildə ÜDM-in 3,9 faizi ötməsində əsaslı rol oyanayacağı vurğulanır.

Azərbaycan hökumətinin makroiqtisadi proqnozları da yuxarıda adları çəkilən təşkilatların əksəriyyətinin gözləntilərinə uyğundur. Belə ki, İqtisadiyyat Nazirliyinin 2025-ci il üzrə artım proqnozu 3,5 faiz, Mərkəzi Bankın ehtimalları isə 3,3 faiz nisbətində müəyyənləşib. Hökumətin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o  cümlədən qeyri-neft ÜDM-nin  həcmi 92,2  milyard manat təşkil edəcək. Milli məhsulda neft sektorunun payı 28,6 faiz, qeyri-neft-qaz ÜDM-nin payı isə 71,4 faiz ehtimal edilir. 2026-cı ildə ÜDM-in həcmi 133,8 milyard manata, qeyri-neft ÜDM-nin həcmi isə 100 milyard manata çatacaq.

İnflyasiya gözləntiləri riskli deyil

“ING Group” analitik tədqiqat şirkətinin Azərbaycanda orta illik inflyasiya ilə bağlı proqnozu da müsbətdir. Belə ki, yenilənmiş proqnozlara əsasən, ölkəmizdə  istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 faiz, 2026-cı ildə isə 5,8 olacağı gözlənilir. Yeri gəlmişkən, digər beynəlxalq maliyyə institutlarının gözləntiləri Niderlandın iqtisadi təşkilatı ilə təxminən eynidir. “S&P Global” (S&P) beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4 faiz səviyyəsində olacağını proqnozlaşdırır. 2026-cı ildə isə bu rəqəm 3 faizə düşəcək.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanla bağlı inflyasiya gözləntiləri cari il üzrə 3,6 faiz, 2026-cı il üzrə isə 3,1 faizə bərabərdir. Niderlandın “ING Group”unun apardığı qiymətləndirmədə isə ölkəmizdə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 faiz, 2026-cı ildə isə 4,7 faiz olacağına dair ehtimallar yer alıb.

İqtisadiyyat Nazirliyinin proqnozlarında isə ölkəmizdə illik inflyasiyanın 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz səviyyəsində olacağı fərz edilir.

Azərbaycan Mərkəzi Bankının (MB) yenilənmiş proqnozlarına əsasən, cari ildə qiymət indeksi 4-5 faiz civarında olacaq.  Həmçinin İqtisadiyyat Nazirliyinin ssenarisinə əsasən, istehlak qiymətləri 2025-ci ildə 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz çərçivəsində müəyyənləşib.

Anti-inflyasiya tədbirləri aktuallığını qoruyur

Bütün bu amilləri ümumi təsnifləşdirdikdə, 2025-ci ildə daxili və xarici bazarlarda baş verəcək dəyişikliklərdən asılı olaraq istehlak qiymətləri dəhlizinin formalaşacağı istisna deyil. Bu baxımdan inflyasiyanın azalacağına arxayın olub prosesi nəzarətsiz buraxmaq qeyri-mümkündür. Mərkəzi Bank öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı 2025-ci ildə də əsas yol xəritəsi kimi diqqətdə saxlanılacaq. Həmin sənədə əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması və bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi tədbirləri cari il üçün də aktualdır. Ona görə də hökumət bu riskləri də nəzərə alaraq xərclərdə maksimum ehtiyatlı davranaraq izafi xərclər və pul kütləsi yaranmasının qarşısını almağa çalışacaq. Xüsusilə də monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq. Həmçinin, Mərkəzi Bankın mövcud pul siyasəti də inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

Sosial

İqtisadiyyat

MEDİA

Sosial

Aclıqla savaşmaq...

16 Oktyabr 08:59

Sosial

Ümid verən əllər...

16 Oktyabr 08:33

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31