Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hərbi / 11-ci üçtərəfli görüş...

11-ci üçtərəfli görüş...

11.09.2024 [11:31]

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin və Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin görüşundə əsrlərdir xalqlarımızın mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə qarşılıqlı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi xüsusi olaraq qeyd edilib. Qarşılıqlı etimada əsaslanan əməkdaşlığın xalqlarımızın xoşbəxt gələcəyi və rifahının təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.

Üçtərəfli görüşdə müasir dövrün çağırışları, eləcə də regionumuzun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə birgə səylərin birləşdirilməsinin və bu istiqamətdə fəaliyyətlərin qarşılıqlı əlaqədə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Müdafiə nazirləri üçtərəfli və ikitərəfli birgə təlimlərin, qarşılıqlı təcrübə mübadiləsinin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Əminliklə vurğulanıb ki, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın inkişafı təkcə ölkələrimiz üçün deyil, eləcə də regionda dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına böyük töhfələr verəcək.

Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox mövzularla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

İkitərəfli görüşlərdə hansı məsələlər müzakirə olunub

Qeyd edək ki,  Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov həmkarları ilə ikitərəfli görüş də keçirib. Belə ki, sentyabrın 10-da Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında keçirilən görüşdə İrakli Çikovani iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarımızın mühüm rol oynadığını xüsusi vurğulayıb.

Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd edib. Azərbaycanın müdafiə naziri bildirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Zakir Həsənov həmçinin, Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb. Görüşdə müdafiə nazirləri Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın, strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu, eyni zamanda, dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu diqqətə çatdırıblar. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında müdafiə sahəsindəki mövcud əməkdaşlığı və perspektiv imkanları yüksək dəyərləndirdiyini xüsusi vurğulayan müdafiə nazirləri əlaqələrimizin daha da gücləndirilməsi məqsədilə belə görüşlərin zəruriliyini qeyd ediblər.

Müdafiə nazirləri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyini əminliklə bildiriblər. İkitərəfli görüşdə birgə təlimlərin, təcrübə mübadiləsinin intensivliyinin artırılması, regionda və dünyada mövcud hərbi-siyasi proseslər, bölgədə dayanıqlı sülhün və sabitliyin təmin edilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran müxtəlif məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

10-cu görüş ötən il Bakıda keçirilmişdi

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü 2023-cü il noyabrın 27-də Bakı şəhərində keçirilmişdi. Üç ölkənin müdafiə nazirlərinin həmin görüşündə  birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlər müzakirə olunmuş, sonda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa dair Protokol imzalanmışdı.

Göründüyü kimi, üç ölkənin müdafiə nazirlərinin görüşü və bu görüşün müdafiə sahəsindəki üçtərəfli əməkdaşlığa verdiyi təkan regionun təkcə hərbi deyil, siyasi, iqtisadi təhlükəsizliyi baxımından da önəmlidir. Ümumiyyətlə, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib.

Üçtərəfli platformanın əhəmiyyəti

Məlumdur ki,  üçtərəfli platforma uzun müddətdir mövcuddur. Hər üç ölkənin liderlərinin, xarici işlər və müdafiə nazirlərinin görüşləri mütəmadi olaraq keçirilir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında təməli illər öncə qoyulan uğurlu siyasi, iqtisadi əməkdaşlıq Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini xeyli artırıb. Bakı ilə Ankaranın təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə inşa etmək istəyini və niyyətini aydın ifadə edir.

Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Nəhəng enerji şirkətlərinin də iştirak etdiyi Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahələri üzrə əməkdaşlığı öz səmərəliliyinə görə dünyada nümunəvi təcrübələrdən biri hesab oluna bilər. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində əməkdaşlığı həm region dövlətlərinin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına, həm də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək siyasətinə uyğundur. Xatırladaq ki, üç ölkənin əməkdaşlığı ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilib. Bundan əlavə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçtərəfli strateji əməkdaşlığın səmərəli nəticələridir.

Regional hərbi əməkdaşlıq məsələlərinə gəldikdə isə qeyd etməliyik ki, Türkiyə NATO üzvüdür, Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıb, Azərbaycan isə heç bir hərbi blokda iştirak etmir və bütün tərəflərlə qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu yanaşmalara baxmayaraq, hər üç ölkə müxtəlif sahələr üzrə, xüsusilə hərbi sahədə birgə əməkdaşlıq imkanlarını getdikcə daha da inkişaf etdirir. Digər tərəfdən, Türkiyənin Qafqazda keçirilən hərbi təlimlərdə iştirak etməsi, onun regionda möhkəmlənməsi və nüfuzunun artması deməkdir. Bu isə istənilən halda həm Türkiyənin, həm Azərbaycanın, həm də Gürcüstanın strateji maraqlarına uyğundur.

Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı regionda sabitliyə xidmət edir

2014-cü ildən başlayaraq Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri səviyyəsində baş tutan görüşlər isə mütəmadi olaraq növbə ilə ölkələrdən birinə ötürülür. Ümumiyyətlə, Azərbaycan, Türkiyə və Gürcüstanın oxşar təhlükəsizlik problemləri, hərbi sahədə əməkdaşlığı şərtləndirən amillərdən hesab edilir. Türkiyənin Gürcüstanın NATO-ya inteqrasiyasında müsbət rol oynaya biləcək, ortaq quru sərhədlərinə malik yeganə qonşusu olduğunu da diqqətdən qaçırmaq olmaz. Təbii ki, Türkiyə strateji tərəfdaşlarına istehsal etdiyi silahları tədarük edir. Birgə təlimlərdə isə yeni silahların praktik tətbiqi ilə bağlı metodik məşğələlər və təcrübə mübadiləsi keçirilir.

Zaman keçdikcə hər üç ölkə arasında bütün istiqamətlər üzrə daha da sıx münasibətlər yaranır. Azərbaycan-Gürcüstan-Türkiyə arasında əməkdaşlıq regionda sülhün və sabitliyin qorunmasına, rifah səviyyəsinin artırılmasına xidmət edir. Xatırladaq ki, bir neçə il öncə Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Bu isə hər üç ölkə arasında hərbi əlaqələrin daha da genişlənməsi, gücləndirilməsi və keyfiyyət baxımından yeni bir səviyyəyə çatdırılması üçün çox vacib sənəd hesab edilir.

Onu da qeyd edək ki, regionda uzun müddət davam edən təhdidlərin qarşısının alınması üçün hər üç tərəfdaş ölkə səylərini birləşdirərək aktiv şəkildə müştərək təlimlərə qoşulmağa qərar verib. Birgə hərbi təlimlərin təşkili barədə razılaşma daha əvvəl keçirilən üçtərəfli görüşlər nəticəsində əldə olunub və onlar mütəmadi olaraq növbə ilə tərəfdaş ölkələrdən birinin ərazisində reallaşdırılır. Bu təlimlər ekspertlər tərəfindən də üçtərəfli əməkdaşlığın müsbət nəticəsi kimi dəyərləndirilir.

Beləliklə, üçtərəfli platforma həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarının təmin olunması, həm də regional əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, həm də yaxşı perspektivlər yaradır və gələcəkdə yeni işbirliyi nümunələrinin yaradılmasını təşviq edə bilər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31