Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Zəfər seçkisi

Zəfər seçkisi

09.12.2023 [10:03]

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 7 dekabr 2023-cü il tarixində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Müstəqil Azərbaycanın işğal faktını aradan qaldırması

Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra müstəqil Azərbaycanın ictimai-siyasi həyatında kardial dəyişikliklər baş verib. Burada ölkəmizin müstəqillik tarixinə qısa nəzər salmaq yerinə düşər.  Daim azadlıq ideyaları ilə yaşayan Azərbaycan xalqı XX yüzillikdə iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir. Ancaq AXC-nin ömrü uzun olmayıb - cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadıb və müstəqil dövlətini qurmağa can atıb. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yaranıb. Dövlət müstəqilliyinin bərpasına aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-da qəbul olunub. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul edilib. Bunun ardınca Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Bu, tarixi əhəmiyyət daşıyan bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Lakin Azərbaycan XX yüzillikdə ikinci dəfə müstəqillik qazandıqdan sonra da ölkəmiz bir sıra ciddi sınaqlarla üzləşib. Ən böyük çətinliyimiz isə heç şübhəsiz ki, müstəqilliyimizin ilk illərində ərazi bütövlüyümüzün pozulması ilə bağlı idi. Mənfur düşmən ötən əsrin doxsanıncı illərinin əvvəllərində hakimiyyətdə olan AXC-“Müsavat” cütlüyünün səriştəsizliyi ucbatından ölkəmizdə yaranan xaos və anarxiya şəraitindən istifadə etməklə ərazilərimizin 20 faizini işğal altına almağa nail oldu. Xaricdəki havadarları işğalın həyata keçirilməsində Ermənistana güclü dəstək vermişdilər. İşğalçı dövlətin havadarları Azərbaycana təzyiqləri sonrakı mərhələdə aparılan danışıqlar prosesində də davam etdirirdilər. Onlar bu mövqeləri ilə əslində Azərbaycanı işğalın nəticələri ilə barışmağa, xalqımızın iradəsini sındırmağa və ölkəmizin ərazisində ətraf 7 rayon daxil olmaqla artıq keçmişdə qalan Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər. Aparılan sülh danışıqlarında fəallıq göstərən, daim konstruktivlik ortaya qoyan İlham Əliyev isə müxtəif auditoriyalar qarşısında qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı. Sülh danışıqları ilə paralel şəkildə, dayanıqlı milli iqtisadiyyat quruldu, maliyyə imkanları artırıldı,  güclü potensial yaradıldı, müasir ordu formalaşdırıldı.

Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində məhz özünün güclü iqtisadi-hərbi potensialına və cəmiyyətin həmrəyliyinə əsaslanmaqla ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. Ərazi bütövlüyünün təmin olunması müstəqil Azərbaycanın tarixində müstəsna önəm daşıyan bir hadisədir .

Qarabağda suverenliyin təmin olunması

Müharibənin başa çatmasını bildirən üçtərəfli Bəyanatda Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri də silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaqla bağlı idi. Ancaq havadarlarına arxalanan və revanşizm mövqeyindən çıxış edən məğlub ölkə bu öhdəliyini də yerinə yetirməyərək silahlı birləşmələrinin təxminən 15 min kontingentə malik hissəsini ərazilərimizdə saxlamaqda davam edirdi. Həmin hərbi birləşmələr tez-tez mövqelərimizi atəşə tutur və digər təxribatlara əl atırdılar. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələri sentyabrın 19-da növbəti dəfə mina terroruna əl atdılar. Nəticədə polis əməkdaşları və mülki şəxslər həlak oldular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı.

Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbiçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə olundu. O cümlədən qanunsuz hərbi birləşmələrin  böyük hissəsi tamamilə məhv edildi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Antiterror tədbirlərinin uğurla yekunlaşması Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı növbəti böyük uğurudur. Bunun nəticəsində ölkənin bütün ərazilərində suverenliyimiz  tam təmin edilib.

Qarabağ ərazisində suverenliyimiz tam təmin ediləndən sonra Azərbaycan cəmiyyəti Xankəndidə və digər ərazilərimizdə bayrağımızın ucaldılmasını səbirsizliklə gözləyirdi. Nəyahət, o şərəfli və tarixi gün də gəldi. Nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasının sevincini bizlərə tarixi gündə - Onun Prezident seçilməsinin 20-ci ilinin tamam olduğu 15 oktyabr 2023-cü ildə yaşatdı.

Növbədənkənar seçkilər  - ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti

44 günlük müharibənin və 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq müstəqil Azərbaycan bütün hədəflərinə nail olub. İşğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının düz 30 il qəlbində gəzdirdiyi müqəddəs istək idi ki, buna da biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə nail olmuşuq. Bu uğurlar Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan birləşdirici amillərdir. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən yuxarıda dayanır. Yenə də Vətən müharibəsi dövrünü yada salaq. Döyüş əməliyyatlarının başladığı ilk saatlardan ölkəmizdə yüksək həmrəylik yaşandı, o cümlədən 50-dək siyasi partiyanın təmsilçiləri birgə bəyanat imzalayaraq Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etdilər. Qələbəmiz də məhz Ordumuzun gücü və cəmiyyətimizin sarsılmaz həmrəyliyi nəticəsində əldə olundu.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib. İndiki starteji mərhələdə biz inkişafımızın yeni çərçivələrini müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar seçkilərin keçirilməsinin aktuallığını artırıb.

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 349 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29