Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regional inkişaf: Azərbaycanın uğurlu modeli  

Regional inkişaf: Azərbaycanın uğurlu modeli  

06.12.2022 [09:49]

Mübariz ABDULLAYEV

Dünyadakı kataklizmlərlə müqayisədə Azərbaycan tamam fərqli mənzərəyə malik bir məkan kimi diqqət çəkir. Sərt qapanmalarla müşayiət olunan pandemiyadan, ağır müharibədən çıxan respublikamızın sosial-iqtisadi inkişaf dinamikasında hər hansı bir geriləmə müşahidə olunmur. Əksinə, cəmiyyətdə yüksək əhvali-ruhiyyə var. İqtisadiyyat genişlənir, yeni layihələrin icrasında hər hansı ləngimələrə yol verilmir. Sosial sferada insanların rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına hesablanan islahatlar davam etdirilir.

Bütün regionlar üzrə davamlı inkişaf

Azərbaycanın uğurlu sosial-iqtisadi inkişaf strategiyasında qırmızı xətt kimi müəyyənləşdirilən bir istiqaməti xüsusi qeyd edə bilərik. Bu istiqamətin fəlsəfəsi özündə ölkənin bütün bölgələrinin inkişaf prosesinə qoşulmasını ehtiva edir. Biz bilirik ki, dünyanın ayrı-ayrı ölkələrində regional inkişafla bağlı problemlər yaşanır. Adətən, əyalətlər gözdən-könüldən uzaqda qalır, inkişaf iri şəhərlər ətrafında təmərküzləşir. Azərbaycan isə Prezident İlham Əliyevin təşəbbüsləri və səyləri sayəsində dünyaya tamam fərqli və uğurlu model təqdim edir. Bu modelin əsas özəlliyi və üstünlüyü ölkənin bütün bölgələrinin tarazlı şəkildə inkişaf etdirilməsi ilə bağlıdır. Regioal inkişafa dair təşəbbüs 19 il bundan əvvəl cənab İlham Əliyev tərəfindən irəli sürülüb. 2003-cü ildə ilk dəfə prezident seçkiləri marafonuna qatılan İlham Əliyev bəyan etdi ki, dövlət başçısı seçiləcəyi təqdirdə Azərbaycanın regionlarının hərətərəfli inkişafına nail olacaq. Son 19 ildə Prezident İlham Əliyev bu vədinə yüksək səviyyədə əməl edib. Respublikamızda Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olunub. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda yeni Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir.

Ölkənin bütün regionlarının hərtərəfli inkişafını hədəfləyən bu Dövlət proqramları dərindən əsaslandırılmış konseptual sənədlər olmaqla yanaşı, həm də geniş praktiki məzmuna malikdirlər. Onlar hazırlanarkən dünyadakı qabaqcıl təcrübə və müasir çağırışlar nəzərə alınıb. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan müasir dövlət kimi inkişaf etməlidir, dünyadakı ən qabaqcıl nümunələr respublikamızda tətbiq olunmalıdır. Eyni zamanda, bəhs olunan Dövlət proqramları hazırlanarkən bölgələrin ənənələri, əmək ehtiyatları, insanların arzu və istəkləri nəzərə alınıb. Bütün bunlar da sözügedən Dövlət proqramlarının işlək olmasını təmin edir.

Uğurları şərtləndirən digər bir mühüm amil isə ölkə üzrə sosial-iqtisadi inkişaf proseslərinə şəxsən Prezident İlham Əliyevin Özünün nəzarət etməsidir. Dövlət başçımız inkişaf hədəfləri ilə bağlı mütəmadi qaydada  təşəbbüslər irəli sürür, eyni zamanda nəzərdə tutulan layihələrin icrasına da bilavasitə nəzarət edir. Biz Prezident İlham Əliyevi birinci xanım Mehriban Əliyeva və digər ailə üzvləri ilə birlikdə tez-tez ölkənin regionlarına, o cümlədən də Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə səfər edən görürük. Belə səfərlər zamanı yerli icmalarla dövlət başçısı arasında sıx təmaslar qurulur, vətəndaşlar yeni sosial sifarişlər səsləndirirlər və bunlar Prezident İlham Əliyev tərəfindən mütləq dinlənilir və nəzərə alınır. Eyni zamanda, layihələrin icrasına qatılan podrat təşkilatlarının məsuliyyəti artır, onlar keyfiyyət amilini önə çəkirlər.

Nəticələr, əlbəttə ki, sevindiricidir. Son 19 ildə regional inkişaf proqramları çərçivəsində ölkənin bütün bölgələrində yüzlərlə layihənin reallaşdırılması təmin olunub. Bu layihələrin icrası sayəsində Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Diqqətəlayiq haldır ki, son illərdə əmək qabiliyyətli insanların bölgələrdən paytaxt Bakıya və digər iri şəhərlərə axını dayanıb və əks proseslər başlayıb. Xüsusilə də gənclər dövlət dəstəyindən bəhrələnməklə gələcək həyatlarını doğma yerlərdə qurmağa üstünlük verirlər.

Regionlara növbəti səfər

Bu günlərdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva regionlarda növbəti dəfə səfərdə olublar. Dövlət başçısının budəfəki səfər proqramı Şəki və Oğuz rayonlarını əhatə edib. Səfər ayrı-ayrı infrastruktur obyektlərinin, yeni təsərrüfatların, istehsal müəssisələrinin açılışı ilə əlamətdar olub. Verilən məlumata görə, dekabrın 2-də Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib. Uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Buraya Oğuz və Şəki şəhərlərinə giriş yollarının, həmçinin “Şəki dairəvi yolu”nun əsaslı şəkildə təmiri də daxildir. Layihə çərçivəsində Zəyzidçay çayı üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülüb, yerində 22 metr uzunluğunda yeni körpü inşa edilib. Daşağıl, Küngüt, Kiş, Qurcanaçay çayları üzərində yerləşən və ümumi uzunluğu 630 metr olan mövcud körpülər isə təmir olunub. Qeyd edək ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşınmasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

Səfər çərçivəsində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın açılışına qatıldıqları infrastruktur obyektlərindən biri də Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası oldu. Bildirildiyi kimi, icra hakimiyyətinin yeni binası zirzəmi qatından və 4 mərtəbədən ibarətdir. Ümumi sahəsi 6080 kvadratmetr olan binada 56 yerlik konfrans zalı, 164 nəfərlik akt zalı və 70 nəfərlik yeməkxana yaradılıb. Həmçinin yeni binada hər cür şəraiti olan 90 iş otağı, kitabxana, muzey, sərgi və toplantı otaqları var. Zirzəmi qatında avtodayanacaq və texniki xidmət sahəsi fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlət başçısının regionlara son səfəri enerji infrastruktur obyektlərinin də açışışı ilə əlamətdar olub. Belə ki, Prezident İlham Əliyev Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib. Məlumat verilib ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Oğuz rayonunun Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə ümumi gücü 3,6 meqavat olan kiçik su elektrik stansiyasından ibarət hidroqovşaq yaradılıb, bu stansiyalarda ümumilikdə 8 hidroaqreqat quraşdırılıb. Baş Daşağıl kəndində hər üç stansiyanın mənbəyi olaraq suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğu inşa edilib. Bu qurğunun yaradılması “yaşıl enerji”nin istehsalı ilə yanaşı, rayonun su təchizatına da töhfəsini verib.

Qeyd edildi ki, pilləli üsulla tikilən üç kiçik su elektrik stansiyasında il ərzində 15 milyon kilovat-saatadək elektrik enerjisinin alınması mümkündür. Əhalisi 44 min nəfər olan Oğuz rayonunun enerji tələbatı 5-6 meqavat təşkil edir ki, mövsümi olaraq onun yarı hissəsini məhz bu elektrik stansiyaları qarşılaya biləcək. Ekoloji cəhətdən daha təmiz və qənaətli enerji istehsal edəcək “Oğuz” kiçik su elektrik stansiyaları silsiləsinin istismara verilməsi regionda yeni iş yerlərinin açılması ilə yanaşı, “yaşıl enerji” nisbətinin bir qədər də yüksəlməsinə səbəb olub.

Yeni təsərrüfatların istifadəyə verilməsi

Dövlət başçısı ənənəsinə sadiq qalaraq regionlara son səfəri çərçivəsində də bir sıra yeni təsərrüfatların açılışına qatılıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkinin Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olublar. Müəssisənin 100 hektar bağ sahəsi var. Həmin ərazidə Fransa, İtaliya və Türkiyədən gətirilmiş 55 mindən çox meyvə ağacından, o cümlədən şaftalı, nektarin, ərik, gavalı, xurma, gilas, alma və alça meyvələrinin bir neçə növündən ibarət bağ salınıb.

Diqqətə çatdırılıb ki, meyvə bağının suvarma suyu ilə təminatı üçün 8 artezian quyusu qazılıb, ümumi həcmi 15 min kubmetr olan su tutarları tikilib. Ərazinin fasiləsiz və səmərəli suvarılması məqsədilə 2 su nasosundan ibarət stansiya qurulub, müasir suvarma texnologiyalarının bütün texniki normalarına uyğun damcılama suvarma sistemi yaradılıb.

Səfər çərçivəsində Prezident İlham Əliyev Oğuz rayonunda “Aqroinkişaf 2017” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub. Şəki rayonunun ərazisində 9700 hektar və Oğuz rayonunun ərazisində 1300 hektar olmaqla, ümumilikdə 11 min hektar sahədə yaradılmış Aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınır və taxıl bitkiləri əkilir. Layihənin ümumi dəyəri 30 milyon manatdır. Zəruri infrastrukturun yaradılmasına 67,8 milyon manat dövlət əsaslı vəsaiti qoyulub.

Prezident İlham Əliyev “Şəki-Oğuz” Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə də tanış olub. Layihənin ümumi dəyəri 58 min 998 manatdır. Məlumat verilib ki, Şəki rayonu ərazisində Türyançay üzərində saniyədə 109,6 kubmetr suötürmə gücü olan baş suqəbuledici qurğu, sudurulducu hovuz və onu qidalandıran nov kanal, düzbucaqlı beton kanal, nasos stansiyasının su götürdüyü hovuz, 4 aqreqatlı stasionar nasos stansiyası, 8,142 kilometr uzunluğunda magistral basqılı boru kəməri, tutumu 700 min kubmetr olan məcradan kənar sututar, gil əsaslı dəmir-beton üzlüklü torpaq bənd, qurğularla birlikdə 25,150 kilometr uzunluğunda təzyiqli magistral və paylayıcı boru kəmərləri, səth sularının kənarlaşdırılması üçün 17,6 kilometr uzunluğunda açıq kollektor və suyığıcılar tikilib.

Perspektivdə “Şəki-Oğuz” Aqroparkının fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev dekabrın 2-də Oğuz rayonunda “Şəki-Oğuz” Aqroparkının qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlini qoyub. Burada iki istehsal xətti yaradılacaq zavodun tikintisi üçün 4 hektar ərazi ayrılıb.

Heydər Əliyev Fondunun mədəni irsə qayğısı

Regional inkişaf proqramları çərçivəsində həmçinin bölgələrin mədəni mühiti canlandırılır. Tarixi abidələrlə zəngin olan Şəki ölkəmizin cəlbedici turizm məkanlarından biridir. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva deka­brın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar. Məlumat verilib ki, qoruğun ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin (Rəsm Qalereyası və qoruğun inzibati binası) təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib.

Əlamətdar haldır ki, regionlarda mədəni irsin qorunmasına Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da özünün sanballı töhfələrini verir. Səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olublar. Şəki Xan məscidi kompleksi əsaslı bərpa işlərindən sonra istifadəyə verilib. Tarixi Şəki Xan məscidində bərpa işləri 2021-ci ilin may ayından etibarən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Heydər Əliyev Fondu bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib. Ölkə əhəmiyyətli abidə siyahısında olan məscid xanlıqlar dövrünə (1745-1750-ci illər) aid edilir. Tarixi məlumatlara və üzərində qeyd edilən kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn xan tərəfindən inşa olunub. Məscidin yanında yerləşən qəbiristanlıqdakı əsas 13 qəbir xan nəslinin nümayəndələrinə aiddir. Qəbiristanlıqda yalnız xan nəslinin nümayəndələri dəfn olunduğundan “Xan qəbiristanlığı” adı verilib.

Heydər Əliyev Fondu tərəfindən 2021-ci ildə başlanan bərpa işləri çərçivəsində əvvəl Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Xan məscidi kompleksində 3D ölçmə işləri aparılıb. Bu işlər məscid kompleksinin ilkin görüntüsünün əldə edilməsi baxımından əhəmiyyətli olub. Ərazidə yerləşən tikililər - məscidin əsas binası və minarə, yardımçı tikililər, kompleks ərazisinin hasarı və orada yerləşən məzarlıq skan edilib, məscidin 3D modeli hazırlanıb. Məscid kompleksinin əldə olunan ilkin görüntüsü əsasında aparılan bərpa işləri zamanı iqlim təsirinə görə yararsız hala düşən kərpiclər yeniləri ilə əvəzlənib, yeri bişmiş kərpiclə yenidən döşənib. Minarədə olan kərpicləri eroziyadan mühafizə etmək üçün xüsusi materiallarla izolyasiya qatı yaradılıb. Eyni zamanda, məscidin ilkin tikintisi zamanı olan pəncərələr və Məhəmmədhüseyn xanın istifadə etdiyi qapı bərpa edilib. Memarların rəyi əsasında yerli memarlıq atributlarından olan şəbəkədən istifadə edilməklə pəncərələrdən ikisinin əvvəlki görüntüsü qaytarılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan təmir-bərpa işləri məscid kompleksinin digər tikililərini də əhatə edib.

Oğuz şəhərində həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının da Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub.

Paylaş:
Baxılıb: 149 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31