Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan xalqının sualları...

Azərbaycan xalqının sualları...

29.11.2022 [10:11]

İlham Əliyev: Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə regionda yeni siyasi reallıqlar formalaşdırmaqla yanaşı, regionda təhlükəsizliyin, davamlı sülhün bərqərar olmasına da zəmin yaradıb. Təbii ki, bu amil sürətli regional inkişaf üçün ən mühüm amillərdən sayılır. Müharibənin bitməsi ilə həm Azərbaycanın, həm də Türkiyənin yeni əməkdaşlıq platformaları ilə bağlı səsləndirdiyi fikirlər, irəli sürülən layihələr bütün region ölkələrinin maraqlarına cavab verir. Bu mənada, sülhün və təhlükəsizliyin bütün dövlətlər tərəfindən dəstəklənməsi ən məntiqli hal sayıla bilər.

Amma təəssüf ki, bəzi dövlətlər bu məsələdə “fərqli” düşüncəyə sahibdirlər.  Məsələn, bu prosesdə İranın timsalında regionda formalaşan yeni siyasi reallıqları qəbul etməyərək, sabitliyin təmininə mane olanları da görürük. Zəngəzur dəhlizi layihəsinin həyata keçməsinə mane olmağa çalışan İran, nəyin bahasına olursa-olsun, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını, sülhün əldə olunmasını istəmir. Beləliklə də, rəsmi Tehran regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasını arzulamır. Yeri gəlmişkən, Prezident İlham Əliyev noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bildirib ki, bir tərəfdən hamı məmnun olmalıdır ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurma sona çatıb: “Deməli, bu o deməkdir ki, regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq. Buna sevinməməyi və bunun geosiyasi səbəblərini başa düşmürük”.

Anti-Azərbaycan addımlara cavab veririk

İran postmüharibə dövründə atdığı addımlarla hansı mövqedə olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanı blokadadan çıxaran, hətta bütün vacib məhsullarla təmin edən, bununla da işğalçı ölkənin sülhə məcbur olmasının qarşısını alan İran hər zaman rəsmi İrəvanı özünə tərəfdaş sayıb. Halbuki özünü “İslam dövləti” sayan İranın Azərbaycanın işğal altındakı ərazilərində yerləşən məscidləri, tarixi-dini abidələri dağıdan, onları təhqir edən Ermənistanla yaxın münasibət qurması birmənalı qarşılana bilməz. Digər tərəfdən, Azərbaycanın müharibədə qalib gələrək öz torpaqlarını işğaldan azad etməsi İranı daha da aqressivləşdirib. Bu da anlaşılan deyil. Rəsmi Tehran bizimlə sərhəd bölgəsində ard-arda hərbi təlimlər keçərək öz aləmində, bizə “güc” nümayiş etdirir. Səbəb bəlli deyil. Hər bir halda İran unutmamalıdır ki, Azərbaycan nə qədər sülhpərvər ölkə olsa da, heç bir düşməndən çəkinmir. Prezident İlham Əliyev öz çıxışında bu məsələyə də toxunaraq deyib ki, işğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? “İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik”, - deyə dövlət başçısı bildirib.

Bəli, Azərbaycan hər kəsə layiq olduğu cavabı verir. İranla sərhəddə keçirdiyimiz hərbi təlim də Azərbaycanın İrana cavabı idi. Prezident İlham Əliyevin də bildirdiyi kimi, biz də onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq: “Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”.

Azərbaycan biganə qala bilməz...

Azərbaycan bütün dünya azərbaycanlılarının Vətəni, Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının dövlətidir. Bu tezis, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçiyimizin ən mühüm prioritetlərindəndir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti bu gün cənubda yaşayan çoxmilyonlu soydaşlarımızın pozulan hüquqlarını, tapdanan azadlıqlarını müdafiə edir. İran hakimiyyətinin öz ərazisində yaşayan azərbaycanlılara münasibətdə fərqli standarta yol verməsi, onlar? öz ana dilində təhsil almağa imkan verməməsi, fundamental hüquqlarını tanımaması olduqca böyük və mühüm problemlərdir. Azərbaycanın öz haqq səsini ucaltması və öz soydaşlarını müdafiə etməsi isə ən təbii haqqımızdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik: “Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”.

Bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik

Azərbaycan heç bir zaman öz qonşuları ilə problemlər yaşamaq istəməyib. Tarixən sülhpərvər, barışçı mövqedən çıxış edən ölkəmiz hətta 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistan ilə problemin sülh yolu ilə həllinə çalışıb. Heç bir zaman heç bir ölkənin torpağına göz dikməmişik. Eyni zamanda, Azərbaycan bütün addımlarında qarşı tərəfin, əsasən də qonşularının maraqlarını da əsas götürüb. Demək ki, İranla bağlı ortada olan problem Azərbaycandan qaynaqlanmır. Azərbaycan dövləti bütün hallarda qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqda və tərəfdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərib. Bunu anlamayanlar isə öz cavabını layiqli şəkildə alıb. Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu vəziyyəti yaradan biz deyilik: “Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik”.

     

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31