Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qələbənin səbəbi budur!

Qələbənin səbəbi budur!

11.10.2021 [17:56]

Azərbaycan xalqı Ordumuzun arxasında dayandı, mənim arxamda dayandı

Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq

“Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq. Bu gün artıq Hadrutun və ümumiyyətlə Qarabağın yeni dövrü başlayır” – bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Qarabağın azad edilməsində Hadrut əməliyyatının xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezident : “Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.

Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”.

Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyaların yayılmasına toxunan dövlətimizin başçısı Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyinin Hadrutun ermənilərin əlində olması ilə bağlı bəyanatlarına təəccüb etdiyini deyib: “Guya ki, onlar növbəti dəfə taktiki geriləmə ediblər və indi Hadruta qayıdıblar, Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edərək, sadəcə olaraq, təəccüb edirdim. Çünki açıq-aydın idi ki, Hadrut artıq bizdədir. Mən əmr verdim Hadrutda Azərbaycan bayrağı qaldırılsın ki, ermənilərin bu yalanlarına son qoyulsun. Ancaq ondan sonra - Azərbaycan əsgər və zabitləri bizim dövlət bayrağımızı Hadrutda qaldırıb mənə raport verəndən sonra artıq Ermənistan rəsmi təbliğatı etiraf etdi ki, Hadrut Azərbaycan Ordusunun nəzarətindədir. Bu, bir daha onu göstərir ki, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub”.

Ermənistanın “yalan nazirliyi”…

Prezident qeyd edib: “Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar. Müharibə dövründə biz Ermənistan rəsmi orqanlarından nə qədər yalan eşitdik. Onların Müdafiə Nazirliyindən, - yəqin ki, onun adını gərək dəyişdirib yalan nazirliyi qoysunlar, - o qədər yalan, o qədər cəfəng informasiyalar gəlirdi ki, həm biz, həm də beynəlxalq ekspertlər, sadəcə olaraq, təəccüb edirdilər. Hadrutla bağlı bu yalanın dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Birincisi ona görə ki, onlar hesab edirdilər, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. İkincisi ona görə ki, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi, rayon mərkəzi idi. Ermənistan rəhbərliyi və Ermənistan ictimaiyyəti gördü ki, bizim üçün bütün torpaqlar bizim torpaqdır - istər Füzuli olsun, istər Cəbrayıl olsun, istər Zəngilan olsun, istər Hadrut olsun, Şuşa olsun, Suqovuşan olsun. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən yaşayış qəsəbələrini işğalçılardan azad etmək Ermənistana göstərdi ki, Ermənistan torpaqlarımızdan çıxmaq haqqında öhdəlik götürməyənə qədər biz dayanmayacağıq və dayanmadıq. Ermənistan artıq kapitulyasiya aktına imza atmağa hazır olduqdan, bizə bu haqda məlumat daxil olduqdan sonra dedik ki, bəli, dayanırıq və dayandıq, qalan rayonları siyasi yollarla geri qaytardıq”.

Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərildiyini xatırladan dövlətimizin rəhbəri onların  noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil olduqları və tərkisilah edildikləri, həbs olunduqları barədə, həmçinin bu hadicələrin cinayət olduğunu bird aha vurğüladı. Prezident İlham Əliyev Ermənistan kapitulyasiya sənədini imzaladıqdan sonr da Hadruta hücum planlaşdırdığını, amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən  lazımi addımlar atıldığını bildirdi.

Sənin şəhərindirsə, niyə bu gündədir?

Azərbaycanın inzibati-ərazi bölgüsünə görə Hadrut qəsəbəsinin Xocavənd rayonunun tərkib hissəsi olduğunu deyən dövlətimizin başçısı: “ Vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olan Hadrut və Martuni rayonları birləşdirilərək, - onları biz birləşdirdik, - Xocavənd rayonu yaradıldı. Onu da bildirməliyəm ki, keçmiş Martuni rayonunun da təqribən 55-60 faizi işğalçılardan azad edilib və Azərbaycan vətəndaşları o bölgələrə də qayıdacaqlar. Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Çünki baxın, nə gündədir Hadrut. Siz Hadrutu tanıyırsınız, burada yaşamısınız, olmusunuz, yaxın kəndlərdə də yaşamışınız, burada bir neçə kəndin nümayəndələri var. Burada demək olar ki, 30 il ərzində heç nə dəyişilməyib, hərbçilər üçün iki bina tikilmişdi, bir məktəb də təmir olunmuşdu. Qalan bütün binalar necə var idi, elə də qalıb. Yəni, kütləvi səfalət hökm sürüb, bir daş daş üstünə qoyulmayıb. Görün yollar, binalar nə gündədir. Bəzi binalarda ümumiyyətlə insan necə yaşaya bilər, böyük sualdır. Sual olunur, bəs 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Onlar hər il marafon düzəldirdilər, hər il təqribən yüz milyon dollardan çox pul yığılırdı. Onu vurun 30 ilə, görün təxminən nə qədər pul edir. Mən indi bütün bu bölgələrə gedirəm - Hadrutda da, Hadrutun kəndlərinin bir çoxunda da, Xocalının Çanaqçı, Sığnax kəndlərində də olmuşam. Azıx olsun, Tuğ olsun, Susanlı olsun və başqa kəndlər - hamısı bərbad vəziyyətdədir. İndi bizim inşaatçılar bəzi kəndlərə gedirlər, təhlil aparırlar ki, binaların 95 faizi yararsız vəziyyətdədir. Bəs, yığılan bu milyardlar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər” – deyə, Ermənistanın niyə Hayastan adlandırılması ilə bağlı məsələyə də aydınlıq gətirərək bildirib ki, özü bunun səbəbini bilir. Azərbaycan tarixçilərinə bu barədə daha dolğun tədqiqatlar aparmalarını məsləhət görən dövlətimizin başçısı Amerikada yaşayan zəngin ermənilərin Hayastan fonduna yığılmış milyardların hara xərclənməsi ilə bağlı informasiyanın olmadığını söylədi: “Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi, necə deyərlər, məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur. Görün Şuşa nə gündədir. Onlar Şuşanı bütün dünyaya öz şəhəri kimi qələmə verməyə çalışırdılar, bu gün də çalışırlar. Əgər sənin şəhərindirsə, niyə bu gündədir?! Şuşada bir dənə də yeni bina yoxdur. İki yeni bina var. Biri separatçıların rəhbərlərinə məxsusdur, biri də xaricdə yaşayan başqa bir zəngin erməniyə. Özü də villalardır, öz şəxsi evləridir. Bir dənə də bina yoxdur. Şuşadakı 17 bulağın, 17-si də qurudulub. Yaxşı, bu, sənin şəhərindirsə, niyə bu gündədir?!”.

Erməni işğalının əsl siması

Prezident İlham Əliyev Tuğ kəndində də eyni vəziyyətin olduğunu bildirdi – dağıdılmış məktəb, mədəniyət evi, yararsız binalar: “İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Biz buna son qoyduq. Bir il bundan əvvəl Hadrutun azad olunması bir daha demək istəyirəm ki, tarixi hadisə sayıla bilər. Çünki bundan sonra biz artıq müxtəlif istiqamətlər üzrə Zəfər yürüşümüzü davam etdirdik. Bir istiqamət Füzuli istiqaməti idi. Hadrut azad olunandan heç 10 gün keçməmiş biz Füzulini azad etdik. Digər istiqamət Şuşa istiqaməti idi. Bax, o Zəfər yolu dediyimiz tarixi yol, o cümlədən Hadrut meşələrindən keçirdi. Beləliklə, Füzuli oktyabrın 17-də götürüləndən sonra Ermənistana daha çox zərbə oldu. Çünki artıq Cəbrayıl, Hadrut, Füzuli, yəni böyük yaşayış məntəqələri işğaldan azad edildi və müharibənin sonrakı gedişatını hər kəs bilir”.

Hadrutun bərpası üzrə baş plana iradlarının olduğunu deyən dövlətimizin başçısı yaxın 1 ay ərzində memar və inşaatçıların yeni plan üzərində işləyəcəklərini, məqbul sayılacaq halda təsdiqlənəcəyini bildirdi: “Bu gün isə artıq Hadrutun bərpası işlərinə start verildi. Avtomobil yolunun təməli qoyuldu. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək, onun təməli qoyuldu və Hadrutda məscidin tikintisinə də start verildi. Məscidin də təməlini mən qoydum və hesab edirəm ki, bu da tarixi hadisədir. Çünki sovet vaxtında Hadrut qəsəbəsində yaşayanların əksəriyyəti ermənilər idi. Onlar, əlbəttə ki, burada məscidin inşasına imkan verməzdilər və bilirik ki, bütövlükdə sovet dövründə - ateizm dövründə məscid tikmək mümkün deyildi”.

Xocavənd rayonunu turizm potensialının geniş olduğunu söyləyən Prezident burada tarixi körpülər, eyni zamanda  Azıx və Tağlar mağarası yerləşir: “Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin. Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. Ermənilər, sadəcə olaraq, təbliğat üçün dünyanın bir neçə ölkəsindən alimlər gətirərək burada şou yaradırdılar. Demək olar ki, mağaraya böyük ziyan vurublar. Keçən dəfə mən burada olanda o mağaranın girişinə qədər qalxdım. Tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət etmək istəyirəm. Çünki dünyada Xocavənd kimi, Hadrut qəsəbəsi kimi gözəl səfalı yerlər çox azdır. Ermənilər Kəlbəcərdəki, Laçındakı və digər yerlərdəki meşələrimizi qırıblar. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında 60 min hektara yaxın meşə sahəsi tamamilə məhv edilib, qırıblar, yandırıblar, Cəbrayılda da, həmçinin, amma burada yox. Ona görə burada təbiət demək olar ki, toxunulmaz qalıb. Bir də ki, burada faktiki olaraq əhali yox idi. Hadrutda bəlkə min nəfər yaşayırdı-yaşamırdı. Əhali yox idi. Ona görə bax, bu bölgənin saf təbiətini biz qorumalıyıq. Vətəndaşlar bura qayıtdıqdan sonra, ilk növbədə, bu təbiətin qorunmasına gərək özləri fikir versinlər və əlbəttə, dövlət də öz üzərinə düşən vəzifələri icra edəcək”.

Öldü var, döndü yoxdur!

İctimaiyyət nümayəndələrinin fikirləti ilə tanışlıqdan sonra bildirdi ki, Zəfərdən danışarkən, əlbəttə ki, biz xalqımızın həmrəyliyini qeyd etməliyik: “Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı, mənim arxamda dayandı, bizə inandı və tam əmin idi ki, biz tarixi Qələbə qazanacağıq və belə də oldu. Azərbaycan tarixi Zəfər çaldı. Bu müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, müharibə iştirakçıları öz xatirələrini bölüşəcəklər. Ancaq mən bütün bu işlərə rəhbərlik edən şəxs kimi, Ali Baş Komandan kimi bir daha gördüm Azərbaycan xalqı nə qədər böyük xalqdır. Biz təmas xəttinə yaxın olan bölgələrdə sığınacaqlar yaratmaqla bağlı tədbirlər keçirəndə vətəndaşlar özləri gəlib kömək göstərirdilər. Ordumuzun təchizatı tam təmin edilmişdi, heç bir ehtiyac yox idi. Amma vətəndaşlar özləri gəlib kömək göstərməyə can atırdılar. Səfərbərliklə bağlı hərbi komissarlıqların qabağında minlərlə gənc könüllü olaraq döyüşə getmək istəyirdi. Bəzilərinə deyilirdi ki, ehtiyac yoxdur, inciyirdilər. Mənə nə qədər məktub gəldi ki, məni qoymurlar gedim, Ali Baş Komandan, xahiş edirəm mənə icazə verin. Yaralılar yaraları sağalmadan durub döyüşə gedirdilər. Bir nəfər də olsun fərari olmamışdır, bir nəfər də. Baxın, biz 44 gün döyüş apardıq, özü də bəzi döyüşlər çox ağır idi, xüsusən də birinci mərhələdə, təmas xəttini yarmaq lazım olanda ölümə gedirdilər bizim vətəndaşlar. Məhz Qələbənin səbəbi budur”.

Məcburi köçkünlərin əzablarını, onların iztirablarını çox yaxşı anladığını deyən Prezident bidirdi ki, keçmiş məcburi köçkünlərlə Azərbaycanda bəlkə də ən çox təmasda olan insandır: “Onların ümidlərini doğrultmaq üçün, onlar qarşısında bu tarixi missiyanı icra etmək üçün, onların dədə-baba torpağına qayıtmaları üçün biz gərək necə deyərlər, bütün gücümüzü səfərbər edib “Öldü var, döndü yoxdur!” şüarı ilə qabağa gedəydik və getdik. Bu gün artıq məcburi köçkün anlayışı yoxdur. Bu gün keçmiş məcburi köçkünlər evlərinə dönməyə hazırlaşırlar. Xocavəndə birinci səfərdir, bundan sonra bu səfərlər təşkil ediləcəkdir. Biz çalışacağıq, necə ki, müharibəni qısa müddət ərzində başa vurduq, eyni zamanda, bu bərpa işlərini də maksimum qısa müddət ərzində başa vuraq ki, siz qayıdasınız, bu cənnət məkana qayıdasınız. Hər bir torpaq bizim üçün cənnətdir, əzizdir. Azad edilmiş torpaqlarda Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaqdır”.

 

Paylaş
Baxılıb: 54 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31